Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Fransada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdə çıxışı - Paris, 15 yanvar 1997-ci il


Hörmətli həmvətənlər!

Hörmətli xanımlar və cənablar!

Fransada yaşayan soydaşlarımız bu gün buraya toplaşıblar. Mən sizinlə görşməyimdən çox məmnunam. Bilirsiniz ki, yarım saatdan sonra mən təyyarə meydanında olmalıyam. Bakıya qayıtmalıyam. Vaxt belə az olsa da, mən sizinlə görüşməyi çox vacib hesab etdim.

Bilirsiniz ki, mənim Fransaya rəsmi səfərim çox yaxşı keçdi. Burada Fransanın prezidenti Jak Şirakla, Xarici İşlər naziri ilə, Senatın, parlamentin sədrləri ilə, digər nazirlərlə çoxlu görüşlərim oldu. Mən Fransaya gəldiyim dəqiqədən indiyədək çox maraqlı görüşlər keçirdim. Fransada bir çox mətbuat orqanlarının nümayəndələri ilə də görüşdüm, jurnalistlərin suallarına da cavab verdim. Dünən Fransa televiziyasının iki kanalında müsahibə verdim. Çalışırıq ki, Azərbaycanı Fransada daha da tanıdaq.

Mən üç il əvvəl də burada rəsmi səfərdə olmuşam. Ötən bu üç ildə Fransada Azərbaycana olan münasibət dəyişibdir. İndi Azərbaycanı Fransada yaxşı tanıyırlar. Amma təəssüf ki, ondan əvvəl respublikamızı Fransada o qədər də tanımırdılar.

Deyilənə görə, Fransada çox az azərbaycanlı yaşayır. Mən müxtəlif ölkələrdə səfərə gedəndə həmişə azərbaycanlılarla görüşürəm. Soruşuram ki, niyə bəs az görüşürsünüz? Cavab verirlər ki, bir-birimizlə əlaqələrimiz o qədər də yaxşı deyil. Mən hər yerdə - Almaniyada da, Belçikada da, İngiltərədə də və başqa ölkələrdə də azərbaycanlıların bir-biri ilə əlaqəsinin zəif olduğunu gördüm. Nədənsə, millətimiz hələ bir-biri ilə sıx əlaqələr qurmağa nail ola bilməyib.

Bilirsiniz ki, ölkəmizin başına gələn ən böyük bəla Ermənistanın Azərbaycana etdiyi təcavüzdür. Artıq 8 ildən çoxdur ki, Ermənistan Azərbaycana təcavüz edib və bəzi səbəblərdən torpaqlarımızın 20 faizi işğal olunubdur. İşğal olunmuş bu torpaqlardan bir milyondan çox vətəndaşlarımız yerlərindən-yuvalarından didərgin düşmüşdür. Onların çoxu çadırlarda ağır vəziyyətdə yaşayır.

1994-cü ilin mayında müharibədə atəşi dayandırdıq. İki il səkkiz aydan çoxdur ki, atəş yoxdur, qan tökülmür. Aydındır ki, ölkə müharibə içərisində olanda orada yaşayış da çətin olur, bir çox problemləri də həll etmək çətinləşir. Biz müharibədə atəşi dayandırdıq və çalışırıq ki, bu müddətdə məsələni sülh yolu ilə həll edək. Ancaq burada da bir çox çətinliklərlə rastlaşmışıq. Çünki Ermənistan Azərbaycanın torpaqlarını işğal edəndən sonra, şübhəsiz ki, öz üstünlüyündən istifadə etməyə və istədiyinə nail olmağa çalışır. İstədiyi də ondan ibarətdir ki, Dağlıq Qarabağ müstəqil dövlət olsun. Sonra isə onu Ermənistana birləşdirsin. Biz buna razı ola bilmərik.

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı işğal ediblər, orada yaşayan azərbaycanlıları zorla qovublar, sonra isə ətraf rayonların bir çoxunu ələ keçiriblər. İndi onlar bu gücə söykənirlər, arxalanırlar. Bilirsiniz ki, Ermənistanda Rusiyanın çox böyük qoşun hissələri, hərbi bazaları var. Bu onlar üçün böyük köməkdir.

Biz Azərbaycanın müstəqilliyini qoruyuruq. Azərbaycanda Rusiyanın və başqa bir ölkənin ordusu, əsgəri yoxdur. Bilirsiniz ki, biz respublikanın müstəqilliyini qoruyub saxlayırıq. Amma bir çox çətinliklər nəzərdə tutduğumuz planın həyata keçirilməsinə mane olur.

Bilirsiniz ki, Azərbaycanın neft ehtiyatlarından istifadə olunması üçün biz dünyanın bir çox böyük neft şirkətləri ilə əlaqələr qurmuşuq, müqavilələr imzalamışıq. Yanvarın 13-də Parisdəki Yelisey sarayında prezident Jak Şirak və mənim iştirakımla yeni bir müqavilə imzalandı. Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın "Elf Akiten" və "Total" şirkətləri arasında imzalanmış bu müqavilə 25 illik bir müddəti əhatə edir. Bu, Fransa ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq, eyni zamanda Fransa kimi böyük bir dövlətin Azərbaycana münasibətini daha da yaxşılaşdıracaqdır.

Təəssüflər olsun ki, Azərbaycanla münaqişədə olan, bizə qarşı düşmənçilik edən ermənilərin dünyanın əksər ölkələrində çox böyük imkanları, diasporu, tərəfdarları var. O cümlədən, Fransada da belədir. Burada ermənilər çoxdur, onlar uzun illərdir ki, burada yaşayırlar, çox böyük imkanları var, böyük kapitala malikdirlər. Ermənilərin bir çoxu Fransada dövlət orqanlarında işləyirlər və bu ölkənin siyasətinə təsir edirlər.

Mən üç il bundan əvvəl Parisə rəsmi səfərə gələndən sonra Fransanın Xarici İşlər naziri Erve de Şarett Bakıda olarkən onunla keçirdiyim görüşdə də onlar bildiriblər ki, bəli, biz Ermənistanla qonşuyuq, uzun illər Fransada yaşayan ermənilər xalqımızın bir hissəsidir. Amma biz azərbaycanlılarla da dost olmaq istəyirik. Biz də istəyirik ki, ölkəmiz Fransa ilə dost olsun, əlaqələrimiz daha da yaxşılaşsın. Ancaq ermənilər buna mane olurlar.

Dünən mənə göstərdilər, burada yaşayan ermənilər "Mond" qəzetində böyük elan veriblər və orada Azərbaycan haqqında yaramaz, böhtan sözlər yazıblar. Onlar orada mənə müraciət etdilər ki, Dağlıq Qarabağa azadlıq verək, Azərbaycanda ermənilərə qarşı soyqırım olubdur. Bəs ermənilər keçmiş illərdə də, 1988-ci ildən indiyə qədər də nə qədər azərbaycanlıları qırıblar. Ermənistanda yaşayan azərbaycanlıların başına nə işlər gətiriblər, onları zorla çıxarıblar, bir çoxlarını öldürüblər. Dağlıq Qarabağda və ətraf rayonlarda olan müharibədə nə qədər azərbaycanlılar qırılıblar. Yaxud ermənilər Xocalı kimi böyük bir yaşayış məskənində insanların hamısını qırıblar. Soyqırımı ermənilər ediblər, günahlarını azərbaycanlıların, türklərin üzərinə atırlar.

Təəssüflər olsun ki, dünyada ədaləti əldə etmək çətindir. Ermənilərin burada mövqeləri, imkanları, kapitalları var. Ona görə də hamıya təsir edirlər. Ancaq Fransanın Prezidenti, Xarici İşlər naziri, Senatın, Parlamentin sədrləri mənimlə görüşəndə söz verdilər ki, onlar Azərbaycanla da dost olmaq, hətta Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsinə kömək etmək istəyir.

Respublikamızın ictimaiyyətində Fransaya inam vardır. Lakin Fransada ermənilərin təsiri çox olduğuna görə ictimai fikir belədir ki, onlar ermənilərin tərəfini saxlayırlar. Təəssüflər olsun ki, təkcə burada yox, Rusiyada da, Amerikada da belədir. Bax, biz belə bir çətin şəraitdə dövlətimizin müstəqilliyini möhkəmləndiririk, inkişaf etdiririk. Ancaq indi dünyada vəziyyət belədir ki, heç bir ölkə tək yaşaya bilməz. Yaşamaq, inkişaf etmək üçün dünyanın bütün ölkələri ilə gərək əlaqə olsun.

Dünya ölkələri ilə əlaqələr yaratmaq üçün respublikamızda geniş imkanlar vardır. Çünki bizim neft yataqlarımıza dünyada maraq çox böyükdür. Məsələn, son iki ildə biz beş neft müqaviləsi imzalamışıq. Bu müqavilələrə görə Azərbaycanın neft sənayesinə 25-30 il müddətində təxminən 15 milyard Amerika dolları məbləğində sərmayə qoyulacaqdır. Bunlar hamısı ölkəmiz üçün böyük imkanlar yaradacaqdır. Şübhəsiz ki, biz bunların vasitəsi ilə Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, İngiltərə və digər ölkələrlə münasibətləri daha da yaxşılaşdıracağıq. Azərbaycana olan hörmət, ehtiram artacaqdır. Azərbaycanı da sayacaqlar.

Təəssüflər olsun ki, ölkəmizi Avropada uzun illər çox az tanıyıblar. Amma, yenə də deyirəm, respublikamıza düşmənçilik edən ermənilər əsrlər boyu dünyanın hər yerinə səpələniblər. İndi bilmirəm, Fransada nə qədər erməni yaşayır.

Yerdən səs: Fransada 300 min erməni yaşayır.

Heydər Əliyev: Fransanın 60 milyon əhalisi var, onun 300 mini ermənidir. Prezident Jak Şirak mənimlə söhbətində dedi ki, Fransada 5 milyon müsəlman var. Sözsüz ki, o, müsəlman deyəndə ərəbləri, türkləri, farsları, azərbaycanlıları və sairi nəzərdə tutur. Amma həmin müsəlmanların Fransanın siyasi həyatına elə bir təsiri yoxdur. Ancaq 300 min erməni Fransaya təsir edə bilir.

Yerdən səs: Cənab Prezident, Fransada yaşayan ermənilər buradakı televiziyada, nəşr olunan bütün jurnallarda, qəzetlərdə, necə deyərlər, hakimdirlər. Ona görə də nə istəyirlər, onu da yazırlar. Nəinki mətbuatda, digər sahələrdə də çoxlu ermənilər işləyir.

Heydər Əliyev: Doğru deyirsiniz. Burada bir çox sahələrdə erməni var. Məsələn, Xarici İşlər Nazirliyində nə qədər erməni işləyir. Fransanın keçmiş Baş naziri Balladyurun da kökü ermənidir.

Yerdən səs: Ermənilər uzun illər burada təbliğat aparırlar ki, biz Qarabağda çoxdan yaşayırıq, ona görə də o torpaqlar bizim olmalıdır. Belçikada, başqa yerlərdə nə qədər fransız yaşayır, nə üçün onlar demirlər ki, bu torpaqlar bizimdir?

Heydər Əliyev: Yaxşı olardı ki, siz bu sualı mənə yox, fransızlara verəydiniz. Mən sizdən heç kəsi qınamıram. Ancaq Avropa ölkələrində çoxlu azərbaycanlı yaşayır. Mən açıq deyirəm, inciməyin, təəssüflər olsun ki, onların bir çoxunda vətənə münasibət, qayğı, Vətən hissiyatı zəifdir, bilirəm ki, vətəndən ötrü sizin ürəyiniz gedir, vətəni çox istəyirsiniz. Amma, gəlin görək, əməli işdə nə edə bilərsiniz? Baxın, vətən müharibə ilə üzləşib. Məgər bizim üçün asandır?

Mən arzu edirəm ki, həmvətənlərimiz öz azərbaycanlılıq hissini nəinki unutmasınlar, həmişə bu hissiyyatla yaşasınlar. Azərbaycan müstəqil bir dövlətdir. Bu, tarixi bir hadisədir. Respublikamız bütün beynəlxalq təşkilatların üzvüdür. İndi bizimlə bərabərhüquqlu bir dövlət kimi danışırlar. Baxın, Azərbaycanın Prezidenti ikinci dəfədir ki, Fransa Prezidentinin dəvəti ilə buraya rəsmi səfərə gəlib, görüşlər keçirir, danışıqlar aparır. Bunlar hamısı xalqımız üçün böyük nailiyyətlərdir.

Müstəqil Azərbaycan Respublikasında 8 milyona yaxın insan yaşayır. Gərək bu müstəqil dövlətimizi elə gücləndirək, möhkəmləndirək ki, bütün dünyada olan azərbaycanlılar özlərini daha da yaxşı hiss etsinlər. Amma dünyada olan azərbaycanlılar da hansı ölkələrdə yaşamaqlarından asılı olmayaraq, gərək müstəqil respublikamız haqqında düşünsünlər. Bizim qarşımızda duran ən böyük maneə, əngəl yalnız və yalnız Ermənistanın Azərbaycana etdiyi təcavüzdür. Dağlıq Qarabağ məsələsidir. Ermənilər istəyirlər ki, biz Dağlıq Qarabağı Ermənistana verək. Biz bunu edə bilmərik. Biz heç vaxt bunu etməyəcəyik. Biz heç vaxt torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalı altına qoymayacağıq.

Hazırda biz sülh danışıqları aparırıq. Mən çalışıram ki, bu danışıqlar nəticə versin, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından sülh yolu ilə çıxsınlar, Dağlıq Qarabağa da Azərbaycan dövlətinin tərkibində yüksək dərəcədə özünü idarə etmə statusu verək. Onlar buna razı olmurlar. Amma razı olmalıdırlar. Başqa yolu yoxdur. Əgər bunlar nəticə verməsə, biz nəyin bahasına olursa-olsun öz torpaqlarımızı Ermənistan işğalından azad etməliyik. Biz öz torpaqlarımızın, ərazimizin, sərhədlərimizin sahibi olmalıyıq. Biz bu fikirlə yaşayırıq, mübarizə aparırıq. Mən sizi də bu fikrə qoşulmağa dəvət edirəm.

Yerdən səs: Cənab Prezident, ermənilər "Mond" qəzetində Azərbaycan əleyhinə yazı dərc etmişdilər. Yaxşı olar ki, o yazıya cavab verilsin.

Heydər Əliyev: Tapşırmışam, o yazıya cavab veriləcək. Ancaq bu yazını ermənilər dərc elətdiriblər. Azərbaycanlılar da buradakı başqa qəzetlərdə ermənilərin təcavüzkar hərəkətləri barədə yaza bilərlər, amma yazmırlar. Eşitdiyimə görə, "Mond" qəzetində belə bir yazını pul ilə çap edirlər. Mən deyə bilmərəm ki, Fransadakı azərbaycanlıların hamısı kasıbdır. Yəqin dövlətlisi də, ortabab yaşayanı da var. Amma yazmırlar.

Yerdən səs: Cənab Prezident, düz deyirsiniz, "Mond" qəzetində yalnız pula çap edirlər, həm də ermənilərin orda adamları var.

Heydər Əliyev: Yaxşı olar ki, siz də bir hərəkət edəsiniz. Doğrudur, səfirlik vasitəsi ilə mən o yazıya cavab verəcəyəm. Ancaq siz də bir iş görün. "Mond" qəzetinə də, başqa qəzetlərə də məktublar göndərmək lazımdır. Bildirin ki, ermənilər yazdıqları yalandır, siz Azərbaycana qarşı böhtan atırsınız, həqiqəti demirsiniz, dünya ictimaiyyətini aldadırsınız, cinayət edirsiniz. Bunları yazmaq lazımdır.

Ramiz Abutalıbov (Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri): Möhtərəm Prezident, icazə verin bir məsələ haqqında Sizə məlumat verim. Fransada dörd Azərbaycan cəmiyyəti mövcuddur. Onlardan birini, "Azərbaycan evi" cəmiyyətini vaxtilə biz yaratmışdıq. O, 1989-cu ildən 1993-cü ilə qədər fəaliyyət göstərdi. Bu cəmiyyətin fəxri prezidenti Timurçin Hacıbəyli idi, mən isə icraçı sədr idim. O dövrlərdə biz Qarabağ münaqişəsinə dair hər il bir kitab, cəmi 4 kitab buraxmışıq. İcazə verin, bu kitabları sizə təqdim edim.

Möhtərəm Prezident, Sizin Fransaya hazırkı rəsmi səfəriniz zamanı biz cəmiyyətimizin toplantısını keçiririk. Səid İsmayılovu cəmiyyətimizə yeni sədr seçdik. Mən istəyirəm ki, bu cəmiyyətin idarə heyətinin üzvlərini də sizə təqdim edim. Hüseyn Azərməhd, Vəfa Mustafayev və Aytən Muradova idarə heyətinin üzvüdür. Ağsaqqallarımız Qədir Süleymanoğlu, Tofiq Tağıyev, Qüdrət Bəkirzadə cəmiyyətimizin ən fəal üzvləridir. Onların üçü də Fransada müqavimət hərəkatının üzvləri olub.

Hazırda Bakıda Azərbaycan-Fransa Dostluq Cəmiyyəti yaranıb. Biz istəyirik ki, Fransadakı Azərbaycan cəmiyyəti ilə sıx əlaqə yaransın.

Heydər Əliyev: Çox yaxşı. Heç olmasa, balaca da olsa, addımlar atmaq lazımdır. Mənə başqa sualınız, sözünüz varmı?

Yerdən səs: Cənab Prezident, bilmək istəyirəm ki, Qazax rayonunda vəziyyət necədir?

Heydər Əliyev: Qazax rayonunda vəziyyət normaldır. Qazax rayonunun bir neçə kəndi 1990-cı ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, qalan yerlərində vəziyyət normaldır.

Yerdən səs: Bəs iqtisadi vəziyyət necədir?

Heydər Əliyev: İqtisadi vəziyyət isə Azərbaycanın hər yerində olduğu kimidir. Azərbaycanda iqtisadi vəziyyət yaxşıdır. Bilirsiniz ki, biz indi özəlləşdirmə proqramını həyata keçiririk, torpağı camaata paylayırıq. Camaat torpağın sahibi olur. Yəqin ki, kənd yerlərindən xəbəriniz var. Əvvəllər mal-qaranın, heyvanların hamısı kolxozda, sovxozda idi. Mən hələ Naxçıvanda işləyərkən bunları kəndlərə payladım. Heyvanların sayı iki dəfə artdı. Ət, süd, yağ istehsalı da artdı. İndi ət, süd sarıdan problem yoxdur. Çünki respublikada mal-qaranı, heyvanları camaata paylamışıq. Kənd adamları mal-qaraya yaxşı baxırlar, özlərinə mənfəət götürürlər, əhalini də təmin edirlər.

İndi torpağı da camaata paylayırıq. Hərənin öz mülkiyyəti, torpağı olanda çox məhsul götürəcək, özü də yaxşı yaşayacaq, dövlətə də xeyir verəcəkdir. Biz bütün müəssisələri özəlləşdiririk. Siz bilirsiniz ki, özəl sektor necə böyük əhəmiyyətə malikdir. Bunlar hamısı Azərbaycanın iqtisadi vəziyyətini yaxşılaşdırır. Keçmişdə bizdə olan kollektiv işlər isə öz nəticəsini vermədi.

Mən sizə deyim ki, əgər Azərbaycanda bir milyon qaçqın olmasaydı və torpaqlarımızın 20 faizi işğal altında qalmasaydı, respublikamızın işləri daha da yaxşı olacaqdır. Biz bu çətinlikləri keçib gedəcəyik, mən əminəm ki, iki-üç ilə qədər Azərbaycanın iqtisadi vəziyyəti çox yaxşı olacaq. Bizim ən böyük məsələmiz torpaqlarımızı azad etmək, Dağlıq Qarabağ problemini aradan qaldırmaqdır. Biz bunu aradan qaldırmalıyıq. Biz bunu həll edəndən sonra, arxayın olun, narahat olmayın, hər şey yaxşı olacaq, siz də hər yerdə Azərbaycan haqqında böyük ruh yüksəkliyi ilə, qürur hissi ilə danışacaqsınız.

Yerdən səs: Cənab Prezident, yaxşı olar ki, azərbaycanlı gəncləri Avropa ölkələrinə oxumağa göndərilsinlər.

Heydər Əliyev: Bəli, biz gəncləri xaricə oxumağa göndəririk və yenə də göndərəcəyik.

Yerdən səs: Cənab Prezident, mən Fransanın Qrenobl şəhərində yaşayıram, doktorluq dissertasiyası üzərində işləyirəm, adım, soyadım Ağasəlim Rəsulovdur.

Möhtərəm Prezident, mən çox fəxr edirəm ki, elmi işimlə əlaqədar Fransada tanıdığım elm adamlarının çoxu Sizin tərcümeyi-halınızı yaxşı bilənlərdir və dünyanın ən görkəmli dövlət xadimi kimi Sizə onların çox böyük hörmət və ehtiramı var. Bu elm adamlarından bir çoxu məndən xahiş ediblər ki, onların şəxsi salamlarını və xoş arzularını Sizə çatdırım.

Mən Fransadakı Azərbaycan cəmiyyətinin işində yaxından iştirak edirəm. Qrenoblda çox az azərbaycanlı yaşayır. Onlar da cəmiyyətin işində fəallıq göstərirlər. Cənab Prezident, icazə verin, bu kitabları Sizə təqdim edim.

Heydər Əliyev: Sağ olun, salamat qalın.