YUNESKO-nun baş direktoru cənab Koiçiro Matsuuraya - Bakı şəhəri, 13 noyabr 1999-cu il


Hörmətli cənab Matsuura!

BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının (YUNESKO) baş direktor vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.

YUNESKO-nun baş direktoru vəzifəsinə məhz Yaponiya nümayəndəsinin seçilməsi xəbəri məni məmnun etdi. Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələri gündən-günə genişlənməkdədir. Mühüm beynəlxalq strateji layihələrdə ölkələrimizin birgə iştirakını, Azərbaycan iqtisadiyyatının dirçəldilməsi üçün Yaponiya hökuməti tərəfindən qoyulan investisiyaları yüksək qiymətləndirirəm.

Azərbaycan Respublikası XX əsrin sonlarında dəhşətli faciələr - hərbi təcavüz və etnik təmizləmə ilə üzləşmiş, torpaqlarımızın beşdə bir hissəsi qonşu Ermənistan tərəfindən işğal olunmuş, bir milyon vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Müharibənin təhsil, elm və mədəniyyət sahələrinə vurduğu zərbələrin aradan qaldırılması üçün ölkəmiz YUNESKO ilə fəal əməkdaşlıq edir. Əminəm ki, sizin rəhbərliyiniz altında YUNESKO özünün nəcib və son dərəcə vacib fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək, başçılıq etdiyiniz təşkilat ilə Azərbaycan Respublikası arasında qurulmuş qarşılıqlı işgüzar münasibətlər daim möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizin icrasında uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT