Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsveçrədəki Azərbaycan Cəmiyyəti İdarə Heyətinin bir qrup üzvü ilə görüşdə çıxışı - Davos, 30 yanvar 2000-ci il


Siz İsveçrədəki Azərbaycan Cəmiyyətinin nümayəndələrisiniz. Səfir sizin fəaliyyətiniz haqqında mənə danışdı. Bilirsiniz ki, Azərbaycan artıq səkkiz ildir müstəqil dövlətdir. Biz müstəqillik şəraitində yaşayırıq. Dünyanın hər yerində olan azərbaycanlılar bizim üçün əzizdir. Nəhayət, azərbaycanlıların müstəqil bir ölkəsi vardır. Əlbəttə, insan doğulandan həyatı tərk edənədək hər bir ölkədə yaşaya bilər. Ancaq hər bir insan üçün vətən, torpaq, ölkə, müstəqil dövlət onun mənəviyyatı, həyatı üçün çox yüksək anlayışlardır. Ona görə də biz bütün dünyada yaşayan Azərbaycanlılarla müstəqil Azərbaycanda yaşayan azərbaycanlıların həmrəyliyini, əlaqələrini çox yüksək qiymətləndiririk. Çünki biz birinci növbədə istəyirik dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlı hiss etsin ki, bu Dünya Birliyində onun dövləti vardır. Dövləti olmayan xalqın Dünya Birliyində yeri yoxdur.

Bilirsiniz ki, Azərbaycan xalqı böyük tarixə malikdir. Orta əsrlərdə Azərbaycanın dövləti olubdur. Xalqımızın dövlətçilik tarixi böyükdür. Sonra isə - XIX əsrin əvvəlindən Azərbaycan işğal olunubdur, iki yerə parçalanıbdır. Bizim indi yaşadığımız Azərbaycan rus imperatorluğunun tabeliyində olubdur. 1917-ci ildə Rusiyada Oktyabr inqilabı baş verəndən sonra Azərbaycanda olan mütəfəkkir, vətənpərvər insanlar, millətçi insanlar Azərbaycanın müstəqil dövlətini qurmağa çalışıblar və qurublar. Azərbaycan Xalq Cümhuriyyəti yaranıbdır. Bilirsiniz ki, onun qurucuları çoxdur. Amma ən məşhur qurucuları Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləridir. Bu cümhuriyyət az - 23 ay yaşayıbdır. Ancaq çox iş görülübdür. İşin mənası, məzmunu da ondan ibarətdir ki, bütün dünyaya bəyan etdilər ki, Azərbaycan xalqının müstəqil dövləti var və o, demokratik prinsiplər əsasında qurulan bir dövlətdir. Ancaq 1920-ci ildə xalq cümhuriyyəti süqut etdi. Oktyabr inqilabı baş verəndə, bolşeviklər hakimiyyətə gələndə, təbiidir ki, hər yeri birdən əllərinə keçirə bilmirdilər. Onlar Rusiyada öz hakimiyyətlərini möhkəmləndirəndən sonra demək olar ki, rus imperatorluğunun müstəmləkələrini də yenidən özlərinə birləşdirməyə çalışdılar və birləşdirdilər. Beləliklə, Qafqaz bölgəsində olan Azərbaycan, Gürcüstan, Ermənistan 1920-1922-ci illərdə Rusiyaya yenidən birləşdirildi. 1924-cü ildə Orta Asiya ölkələri, Qazaxıstan da Rusiyaya birləşdirildi. Beləliklə, böyük bir Sovet Sosialist Respublikaları İttifaqı yaradıldı. O, 15 müttəfiq respublikadan ibarət idi. Əvvəllər 12 müttəfiq respublika var idi, İkinci dünya müharibəsi zamanı Baltikyanı ölkələr də Sovet İttifaqı tərəfindən ələ keçirildikdən sonra 15 müttəfiq respublika oldu. Biz 70 il belə vəziyyətdə yaşamışıq. Ancaq bu əsrin sonunda Sovet İttifaqı dağılanda bizim xalqımız, təkcə bizim xalqımız yox, bir çox xalqlar imkan tapıb müstəqilliklərini əldə edib, elan etdilər. Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan, eləcə də Orta Asiya ölkələri, Baltikyanı ölkələr öz müstəqilliklərini əldə etdilər. Beləliklə, biz öz müstəqilliyimizi ikinci dəfə əldə etdik. Ancaq bu dəfə biz bu müstəqilliyi əlimizdə möhkəm saxlaya bildik. Doğrudur, onu saxlamaq asan olmayıbdır. Əgər Azərbaycandan xəbəriniz varsa, bilirsiniz ki,. 1990,1991,1992,1993-cü illərdə Azərbaycanda daxili vəziyyət həddindən artıq ağır idi. Ermənistan silahlı qüvvələri bundan istifadə edib, Dağlıq Qarabağ münaqişəsini ortaya ataraq Azərbaycan torpaqlarının bir qismini işğal etdilər. İndi bizim torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyona qədər azərbaycanlı, bizim soydaşlarımız bu torpaqlardan məcburi surətdə çıxarılıblar. İndi onların çoxu çadırlarda yaşayır. 1994-cü ildə biz müharibəni dayandırdıq. İndi müharibə yoxdur, qan tökülmür. Ancaq daimi sülh də əldə etmək mümkün olmamışdır. Bizim çalışdığımız odur ki, məsələni sülh yolu ilə həll edək.

Mən Davosda çoxlu görüşlər keçirdim. Ermənistan prezidenti ilə mənim təkbətək görüşüm oldu, biz iki saatdan artıq danışdıq. Bu, bizim birinci görüşümüz deyildi. Biz təkcə bu il bir neçə dəfə görüşmüşük. Mən Davosda bir çox dövlət başçıları ilə görüşdüm. O cümlədən, Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonla görüşüm oldu. Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Olbraytla da görüşdüm. Mən bır sıra digər ölkələrin dövlət və hökumət başçıları ilə görüşdüm. Sizin yaşadığınız ölkənin - İsveçrə Konfederasiyasının prezidenti ilə də görüşdüm. O da Ermənistan-Azərbaycan münaqişəsi ilə çox maraqlandı. Mən bu məsələ barədə ona geniş məlumat verdim. İndi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli barədə danışıqlar prosesi davam edir. Güman edirəm ki, biz bu münaqişəni sülh yolu ilə həll edəcəyik, işğal altındakı torpaqlarımız azad olunacaq, qaçqınlarımız, köçkünlərimiz öz yerlərinə qayıdacaqlar.

Ancaq gənc müstəqil ölkəmizin qarşısında çox böyük problemlər vardır. Bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan münaqişəsidir. Əgər bu olmasaydı, bizim ölkəmiz, yəni Azərbaycan indi daha da çox inkişaf etmiş olardı. Təxminən 8 milyonluq əhalinin bir milyonu, yəni səkkizdə biri qaçqındır, çadırlarda yaşayır. Təsəvvür edin, bu nə qədər ağırdır!

Amma Azərbaycanda başqa işlər də, yəni müsbət işlər də var. Biz xarici ölkələrin investisiyalarını respublikamıza cəlb edə bilmişik. Biz dünyanın bir çox neft şirkətlərini Azərbaycanın neft və qaz yataqlarının birgə işlənilməsinə cəlb edə bilmişik. Bilirsiniz ki, Azərbaycan neft ölkəsidir. Keçmişdə, 150 il bundan əvvəl bizdə neft sənaye üsulu ilə hasil edilməyə başlanıbdır. Amma indi Azərbaycan dövlətinin yeni neft strategiyası vardır. 1993-cü ildə bu strategiyanı mən ortaya atmışam. Biz 1994-cü ildə boyük bir müqavilə imzalamışıq. Həmin müqavilə əsasında xarici şirkətlərlə birgə 1997-ci ildən neft hasil edirik və ixrac edirik. Yaxın illərdə onun çox böyük gəlirini götürəcəyik. Birinci müqaviləyə "Əsrin müqaviləsi" adı verdilər. Sonra isə ötən bu beş il müddətində biz 19 müqavilə imzaladıq. Bunların hamısı birlikdə Azərbaycanda 60 milyard dollar investisiya gətirəcəkdir. Azərbaycana ildə 60,70,80 milyon ton neft hasil edilib ixrac olunacaqdır. Azərbaycanda böyük qaz yataqları da vardır. Məsələn, bizimlə əməkdaşlıq edən iki böyük neft şirkətinin prezidentləri - İngiltərənin "Britiş Petroleum" şirkətinin prezidenti Con Braun və Amerikanın "Şevron" şirkətinin prezidenti Riçard Matske gəlib Davosda mənimlə görüşdülər. Mən bu şirkətlərin Azərbaycandakı fəaliyyətini həmişə izləyirəm və bu barədə məlumatım var. Ancaq onlar Davosda fürsət tapıb mənimlə görüşdülər, yeni məlumatlar verdilər. Bildirdilər ki, görülən işlər nəticəsində əvvəl nəzərdə tutulan həcmdən də çox neft və qaz alınacaqdır. Mənim bu barədə sizə dediklərim hələ proqnozlardır. Amma neft və qaz bundan da artıq olacaqdır. Kiçik bir ölkə üçün belə böyük sərvətlərin hərəkətə gətirilməsi, təbiidir ki, Azərbaycanı zənginləşdirəcək, insanlarımızın rifah halını yaxşılaşdıracaqdır.

İndi biz ağır, çətin dövr keçiririk. Ölkəmiz sosialist iqtisadiyyatından kapitalist iqtisadiyyatına keçir. Məsələn, əvvəllər hər şey dövlətin əlində idi. İndi hər şey özəlləşir, insanlar öz mülkünün sahibi olur. Biz sosialist sistemində 70 il yaşamışdıq, amma bunların heç biri mümkün deyildi. Mən 14 il Azərbaycanın başçısı olmuşam, sonra 5 il Kremldə işləmişəm. Amma heç bir mülküm, evim, avtomobilim olmayıbdır. Biz belə bir ölkədə yaşamışıq. İndi də şəxsən mənim heç bir şeyim yoxdur. Amma müstəqil dövlətimiz vardır. Xalqımız daha da yaxşı yaşayacaqdır. Mən bunları deyərkən, istəyirəm siz biləsiniz ki, azərbaycanlıların indi müstəqil dövləti vardır. Hər bir təşkilatda ölkəmizin yeri vardır. Biz buraya gəlmişik, Azərbaycan prezidentinin hər bir yerdə yeri var. Ötən ilin noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşü oldu. Biz orada Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə böyük bir saziş imzaladıq. Biz beş il idi ki, bu layihənin üzərində işləyirdik. Çünki çıxarılan nefti ixrac etmək lazımdır. Bilirsiniz ki, Türkiyədə, Aralıq dənizində Ceyhan limanı vardır. Biz hasil olunmuş nefti oraya ixrac etmək istəyirik. Amma buna da mane olanlar var idi. Nəhayət, biz bunu etdik və həmin sazişi imzaladıq. Bu sazişi Türkiyə prezidenti Süleyman Dəmirəl, Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Amerika prezidenti Bill Klinton imzaladılar. İndi həmin sazişi həyata keçirmək lazımdır. Biz onu həyata keçirəcəyik.

Beləliklə, Azərbaycan artıq o Azərbaycan deyildir ki, onu tanımasınlar. İndi Azərbaycanı dünyanın hər yerində tanıyırlar. İndi hər bir azərbaycanlı qürur-hissi keçirə bilər ki, mən azərbaycanlıyam, mənim millətimin dövləti, mənim millətim, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da fərqi yoxdur, - mənim xalqım var, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində mənim yerim vardır. Dünya Birliyində, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın yeri vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi nailiyyət budur. Biz ölkəmizdə bu işləri apararaq, təbiidir ki, dünyada olan bütün azərbaycanlılar haqqında da düşünürük. Düşünürük ki, onlar necə yaşayırlar, nə iş görürlər, bir-biri ilə necə əlaqə saxlayırlar. Hər bir ölkədə yaşayan başqa millətlər icma, diaspor yaradırlar. Bilirsiniz ki, dünyada ən böyük diaspor Amerikada yəhudilərdir. Amerikada ikinci yerdə erməni diasporu, sonra yunan diasporu durur. Başqa ölkələrdə də belə diasporlar vardır. Fransanı götürün, orada 500 minə qədər erməni vardır. Amma onlar çox böyük birlik təşkil edirlər. İsveçrənin özündə də ermənilər vardır. Mənə dedilər ki, burada qızıl məmulatı satılan zərgərlik mağazalarında çalışanların hamısı ermənilərdir. Belədir ki, ermənilər əsrin əvvəlindən bütün dünyaya səpələniblər. Amma onlarda birlik, bir-biri ilə yaxınlıq vardır: Harada olurlarsa, öz dillərini unutmurlar, öz məktəblərini açırlar, kilsələrini qururlar. Biz istəyirik ki, harada yaşayırlar-yaşasınlar, azərbaycanlıların da birliyi olsun. Məsələn, azərbaycanlının azərbaycanlı ilə dostluğu o biri millətdən olanla dostluğundan üstündür. Hər bir xalqın öz adət-ənənəsi vardır. Bizim xalqın da toy, yas ənənələri vardır. Xalqımızın başqa ənənələri, bayramları - Qurban, Ramazan, Novruz bayramları vardır. Bunlar bizim bayramlarımızdır. Ancaq hər bir millətin də öz bayramı, öz günü vardır. İnsanlar bayram günü gəlib bir-biri ilə görüşür, bir-birinə hörmət edirlər, bir yerə yığışırlar. Amma təkcə belə bayramlara görə demirəm, icma bir yerdə olanda, hər hansı bir azərbaycanlının həyatında çətinlik yarananda hamı yığışıb ona kömək edir. Kimin vəziyyəti yaxşıdırsa, o, durumu ağır olana kömək edir, əl tutur. Bu, təbii bir şeydir. Ancaq bilirsiniz, azərbaycanlılarda bir az soyuqqanlılıq vardır. Biz bunu hiss edirik. Məsələn, İrandan çoxlu azərbaycanlı indi bu ölkələrdə - Avropa ölkələrində yaşayır. Amma görürəm ki, onların arasında da o qədər birlik yoxdur. Deyirlər ki, Amerikada İrandan gəlmiş bir milyona yaxın azərbaycanlı var. Amma onların da arasında birlik yoxdur. İstəyirik ki, biz dünyada ilk müstəqil Azərbaycan dövləti kimi, bütün dünyadakı azərbaycanlıların birliyini, həmrəyliyini təşkil edək, təmin edək. Məsələn, dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi, birliyi günüdür. Biz bunu elan etmişik. Həmin gün bizdə bayramdır. Mən hər il bütün dünya azərbaycanlılarına müraciət edirəm. Müraciətimin məzmunu əsasən ondan ibarətdir ki, daha da birgə olun, birbirinizə əl tutun, yardım edin, yaxın olun. Beləliklə, biz dünyadakı azərbaycanlıları daha da sıx birləşdirə bilərik. Əvvəl Azərbaycan dövləti olmadığına görə hər şey pərakəndə, dağınıq idi. İndi Azərbaycan dövləti olduğuma görə birliyə imkan yaranıbdır. Ölkəmizlə əlaqə saxlayın, vaxtınız olanda gəlin, görün. Görün orada həyat necə dəyişir. Həyat dəyişir, amma çətinliklər də var. Dünən Bill Klinton çıxış edirdi. Məsələn, o deyir ki, dünyada bir milyard çox kasıb yaşayan insan var. Yəni bu, dünyada qlobal bir məsələdir. İndi Azərbaycanda keçid dövrü olduğuna görə bir az təbəqələşmə yaranıb. Məsələn, kasıb, orta yaşayanlar da var. Ölkəmizdə indi biznes yaranır, həmin biznesi yaxşı aparanlar zənginləşirlər. Yəni bunlar bütün ölkələrdə olduğu kimidir. Biz sosialist iqtisadiyyatından imtina etmişik, öz dinimizə, dilimizə qayıtmışıq. Almaniyada bizim səfirimiz vardır, siz onu tanıyırsınız. Mən İsfəndiyar Vahabzadəni Cenevrədə səfir təyin etmişəm, o, Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsində Azərbaycanı təmsil edir. Siz onu tanıyırsınız. Birləşin, əl-ələ verin, bir-birinizə yardım edin və Azərbaycanla da əlaqə saxlayın. Sağ olun.

Fərhad Yıldız (İsveçrədəki Azərbaycan Cəmiyyətinin idarə heyətinin üzvü): Cənab prezident, Sizə təşəkkür edirik.

Biz 10 ildir ki, Azarbaycanı İsveçrədə yaşadan bir cəmiyyətin üzvləriyik. Biz Azərbaycanı İsveçrədə 10 ildir yaşatmışıq, bundan sonra da yaşadacağıq. Biz heç bir şey gözləməmişik. Amma istəyirik ki, doğma Azərbaycanımızı indən sonra daha möhkəm yaşadaq. Allaha and olsun ki, biz Azərbaycan təyyarəsini burada görəndə hər birimiz bir insan kimi sanki yenidən dünyaya gəldik. Arzu edərdik ki, bu təyyarə buraya hər zaman uçub gəlsin. Biz İsveçrədə yaşayan azərbaycanlılar arasında daha sıx birlik, həmrəylik yaratmağa çalışacağıq. İnşallah, buna da nail olacağıq. Allah qoysa, buradakı səfirimizin köməyi ilə biz bu işləri daha da yaxşı təşkil edəcək, doğma Azərbaycanımızın daha geniş tanınmasına nail olacağıq.

Erol Yıldız (Cəmiyyətin idarə heyətinin üzvü): Cənab prezident, Sizin "Biz bir millət, iki dövlətik" kəlamınız vətəndən uzaqda yaşayan azərbaycanlılar tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Bizim qəlbimiz Azərbaycanla döyünür. İnşallah, Azərbaycanın gələcəyi üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Biz Sizin hüzurunuzda, mətbuat nümayəndələrinin qarşısında buna söz veririk. Sağ olun.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər

DİASPOR