Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq şairi Səməd Vurğunun ev muzeyində çıxışı - 6 mart 1997-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Mən 1975-ci ilin oktyabrını xatırladım. O vaxtdan 21 il keçib. Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər. Bu sahədə müxtəlif vasitələrdən istifadə etmək lazımdır.

1970-ci illərdə biz xalqımızın böyük şəxsiyyətlərinin ev muzeylərinin yaradılması fikrini meydana atdıq. Bu gün sizə demək istəyirəm ki, bu, mənim şəxsi təşəbbüsümlə olmuşdur. Xatirimdədir, biz 1974-cü ildə ilk dəfə Üzeyir Hacıbəyovun ev muzeyini yaratdıq. Sonra isə, 1975-ci ildə Səməd Vurğunun 70 illik yubileyi ərəfəsində onun ev muzeyinin yaradılması haqqında qərar qəbul etdik.

Xatirimdədir, bu, o vaxt asan məsələ deyildi. Siz - ailə üzvləri, hamınız bu evdə yaşamısınız, bu, sizin doğma eviniz idi. Səməd Vurğun da, siz də burada yaşamışdınız. Mən təklif edəndə ki, Səməd Vurğunun ev muzeyi yaradılsın və siz başqa mənzillərə köçəsiniz, başa düşürəm, psixoloji nöqteyi-nəzərdən bu, sizin üçün nə qədər çətin bir məsələ, proses idi. Mən çox məmnunam ki, o vaxt siz bu təklifi çox şüurlu, düşüncəli olaraq qəbul etdiniz, bu cür gözəl mənzili qoydunuz, sonra tikilmiş müasir mənzillərə köçdünüz. Xatirimdədir, o vaxt siz başqa mənzillərlə təmin olundunuz. O vaxtdan 21 il keçib, görürsünüz bu, nə qədər lazım idi. Ona görə də mən birinci növbədə Səməd Vurğunun həyat yoldaşı Xavər xamıma, onun övladlarına təşəkkür edirəm. O vaxt siz burada ev muzeyi açmağa imkan yaratdınız.

Şübhəsiz ki, bu muzey sizin üçün də lazımdır. Çünki Səməd Vurğun birinci növbədə sizə, ailənizə mənsubdur. Amma eyni zamanda Səməd Vurğun bütün xalqımıza, millətimizə mənsubdur. Siz də, biz də bu addımı birlikdə atdıq və belə bir mədəniyyət ocağı, Səməd Vurğun ocağı yaratdıq. Bilirsiniz, Səməd Vurğunun xatirəsini daim yeni-yeni nəsillərə çatdırmaq üçün bu muzeyin bu gün də, gələcəkdə də böyük əhəmiyyəti vardır. Xatirimdədir, biz bu muzeyi o vaxt böyük tentənə ilə açdıq. Həmin vaxt keçmiş Sovetlər İttifaqının böyük respublikalarından bizə çox mötəbər qonaqlar gəlmişdi. O dövrün ən görkəmli şairləri, yazıçıları, ədəbiyyatçıları, mədəniyyət xadimləri respublikamıza gəlmişdilər. Biz bu tədbiri elə bir vaxtda keçirdik ki, ev muzeyini məhz belə tanınmış adamların iştirakı ilə açaq.

Ev muzeyinin açılmasından 21 il keçir. Biz Səməd Vurğunun 70 illik, 80 illik yubileylərini də keçirdik. Allah bizə imkan verdi, yaşadıq. Səməd Vurğunun 90 illik yubileyini də qeyd edirik. Hesab edirəm ki, bu muzey indi təmirdən və eksponatları dəyişiləndən sonar daha yaxşı təsir bağışlayır. Bu muzey Səməd Vurğunun yaradıcılığını bu gün də, gələcəkdə də təbliğ etmək üçün gözəl bir vasitədir.

Bilirsiniz, bu bizim milli borcumuzdur. Çünki Səməd Vurğun millətimizin başını tarixdə uca edən şəxsiyyətlərdən biridir. Onun yaradıcılığını daim yaşatmaq, yeni-yeni nəsillərə çatdırmaq bizim borcumuzdur. Biz bu ənənəni yaradaraq, bizdən sonra gələn nəsillərə də yol açırıq ki, onlar da bu yolla getsinlər.

İndi biz buradakı şəkillərə baxarkən Aybəniz xanım dedi ki, Səməd Vurğunun "Fərhad və Şirin" pyesi 50 il bundan qabaq tamaşaya qoyulmuşdur. Mən onun fikri ilə razıyam ki, indiki gənc nəsildən çoxları "Fərhad və Şirin" pyesinin tamaşasına baxmayıblar və ya bəziləri bu əsəri oxumayıblar. İndi bu əsər teatrımızda yenidən hazırlanır, onun tamaşası olacaq, bizim gənclər onu görəcəklər. Bu tamaşanı yenidən gedib görən yaşlı adamlar üçün də maraqlı olacaqdır. Bu tamaşanı mən vaxtilə çox böyük məmnuniyyətlə gedib Azərbaycan Dövlət Dram Teatrında görmüşəm. Bu əsər mənə çox böyük təsir bağışladı. Onu gedib yenidən görmək mənə də, sizə də lazımdır. Amma gənclərə xüsusən lazımdır.

Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün belə muzeylər lazımdır. Səməd Vurğun muzeyi də məhz buna xidmət edir. Mən çox məmnunam ki, siz, Səməd Vurğunun ailə üzvləri Xavər xanım, Aybəniz xanım bu muzeyi 21 ildir saxlayırsınız, qoruyursunuz. Bu muzey daim fəaliyyətdədir. O, xalqımıza, millətimizə xidmət edir. Bu muzeyi biz ölkəmizə ziyarətə gələn insanlar üçün gözəl bir nümunə kimi göstəririk ki, xalqımız nəyə malikdir, nəyə qadirdir, xalqımızın milli sərvətləri nədən ibarətdir. Gəlib həm bu muzeyi görənlər, həm buradakı bu kitabları oxuyan, onlarla tanış olanlar xalqımızı daha da dərindən tanıyacaqlar.

Mən Səməd Vurğunun 90 illik yubileyi münasibətilə sizi təbrik edirəm. Təşəkkür edirəm ki, tək sizə yox, bütün Azərbaycan xalqına mənsub olan Səməd Vurğunun irsini, adını və burada onun ruhunu yaşadırsınız.

* * *

Muzeyin fəxri qonaqlar kitabına yazılmış ürək sözləri:

"Bu gün böyük şair Səməd Vurğunun 90 illik yubileyini qeyd edərkən, 1975-ci ilin oktyabr ayını xatırlayıram. O günlər ölməz Səməd Vurğunun ev muzeyinin təntənəli açılışı oldu. Ötən illər muzey Səməd Vurğunun həyat və yaradıclığını təbliğ etmək üçün çox iş görüb, xalqımızın, mədəniyyətimizin inkişafına bövük xidmət göstərib. Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daim yaşayacaq, muzey ölkəmizin görkəmli mədəniyyət ocağı kimi o sərəfli işə bundan sonra da xidmət edəcəkdir".

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT