Azərbaycan Respublikasının xalq artisti Tamara Sinyavskayaya - Bakı şəhəri, 5 iyul 2003-cü il


Əziz Tamara İlyiniçna!

Sizi - görkəmli müğənnini və gözəl insanı əlamətdar yubileyiniz münasibətilə təbrik edir, sizə səadət, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Heyrətamiz gözəlliyə və nadir tembrə malik səsiniz, demək olar, qırx ildir teatr və konsert səhnələrindən gələrək, istedadınızın pərəstişkarlarının sayını artırır. Sənətdə ilk addımlarınız mötəbər beynəlxalq müsabiqələrin bir sıra mükafatları ilə dərhal qeyd olunmuşdur. Bütün sonrakı fəaliyyətiniz isə belə bir əbədi həqiqəti bir daha təsdiqləmişdir ki, insanların yaddaşında doğrudan da ulduzlara bürünmüş iz buraxmağa ancaq fitri istedadla olduqca böyük əməksevərliyin və yüksək sənətə fədakarcasına xidmət etmək arzusunun ahəngdar surətdə birləşdiyi mədəniyyət xadimləri qadirdirlər.

Sizin parlaq şəxsiyyətinizə Azərbaycanda xüsusi məhəbbət və hörmət bəsləyirlər. Azərbaycana hər bir gəlişiniz böyük sənət bayramı kimi qarşılanır. Sizi zəmanəmizin görkəmli müğənnisi Müslüm Maqomayevlə bağlayan ailə və yaradıcılıq telləri də buna kömək edir. Artıq neçə illərdir ki, sizin ailə duetiniz yaradıcılığınızı qiymətləndirənlərin hamısına çox böyük sevinc bəxş edir və sözsüz, Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına öz töhfəsini verir.

Sizə uzun ömür diləyirəm.

Hörmətlə, 

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 
"Azərbaycan" qəzeti, 6 iyul 2003-cü il.

Tarixi arayış

MƏDƏNİYYƏT