Azərbaycan Prezidenti Heydər Əliyevin İsrailin fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən söhbətindən - 1 iyul 2000-ci il


Heydər Əliyev: Hə, deməli, ayrılıq vaxtı çatdı?

Arkadi Milman: Təəssüf ki, çatdı.

Heydər Əliyev: Mən də təəssüflənirəm.

Arkadi Milman: Cənab prezident, mənə diqqət yetirdiyinizə və İsrail dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi mənimlə görüşməyə vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Lakin şübhə etmirəm ki, bu bizim axırıncı görüşümüz deyil və gələcəkdə Sizinlə mütləq görüşmək üçün mənə imkan veriləcəkdir.

Ölkələrimiz arasındakı münasibətlərə müəyyən yekun vurmazdan əvvəl, Sizin diplomatiyanızın böyük uğuru - Azərbaycanın Avropa Şurasına qəbul olunması münasibətilə şəxsən Sizi və bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Bu, çox mühüm addımdır və mən Sizi ürəkdən təbrik edirəm.

Heydər Əliyev: Sağ olun.

Arkadi Milman: Son illər ölkələrimiz arasında yaxşı və inkişaf edən münasibətlər yaranmışdır. Siyasi sahədə ən yüksək səviyyədə görüşlər olmuşdur. İndi mən keçirilmiş olan bütün o görüşləri, qəbul etdiyiniz bütün yüksək vəzifəli şəxsləri misal çəkmək istəmirəm. Lakin sabiq baş nazirimiz Netanyahunun Bakıya səfəri çox mühüm səfər oldu və münasibətlərimizin inkişafına çox ciddi təkan verdi. Şübhəsiz, İstanbul sammitində Sizinlə indiki baş nazir cənab Barak arasındakı görüşü də xatırlamaq lazımdır.

Əlbəttə, son illərdir. Siz əslində bizim bütün baş nazirlərlə və yüksək vəzifəli şəxslərlə, prezidentimizlə görüşmüsünüz. Bu, ölkələrimiz arasında siyasi dialoqun inkişaf etdiyini və yüksək səviyyədə olduğunu göstərir. 1999-cu ilin yanvarında xarici işlər nazirlərimiz arasında aparılmış məsləhətləşmələri xatırlamaq kifayətdir. Biz çox ümidvarıq ki, siyasi dialoqa və əlaqələrin inkişafına yönəldilmiş məsləhətləşmələrimizin yaxın vaxtlarda ikinci dövrəsi olacaqdır.

Cənab prezident, şübhə etmirəm ki, Sizin İsrailə səfəriniz münasibətlərimizin inkişafına xüsusi təkan verəcəkdir. Mən Sizə rəsmi dəvəti bir daha təsdiq etməyə və bunu bildirməyə müvəkkil olunmuşam ki, biz Sizi İsraildə gözləyirik və Sizi görməyimizə çox şad olacağıq. Şübhə yoxdur ki, Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılması vaxtı gəlib çatmışdır və ola bilsin, bu hadisə Sizin səfərinizlə bir vaxta düşəcəkdir.

İqtisadi sahədə də müəyyən irəliləyişlər nəzərə çarpır. Ümidvarıq ki, bu ilin aprelində iqtisadi nümayəndə heyətimizin, - Siz burada onu qəbul etdiniz, - səfərinin nəticəsi olaraq İsrail-Azərbaycan birgə iqtisadi komissiyası yaradılacaqdır. Bu barədə ideyanı Siz təklif etmisiniz və Sizin müsbət cavabınıza ümid bəsləyirik.

Cənab prezident, Bakı-Ceyhan neft kəməri çəkilməsi haqqında Sizin ideyanızı biz birinci gündən dəstəkləyirik - bu, Sizə məlumdur. Biz son aylar əldə edilmiş xüsusi irəliləyişlərə şadıq. Bu irəliləyişlər həmin layihəni əslində mütləq gerçəkliyə çevirir və bir daha sübut edir ki, bu məsələdə siyasətimizə şəkk-şübhə gətirənlər yanılırdılar. Onlar indi bilirlər ki, biz Bakı-Ceyhan boru kəməri ilə nəql ediləcək neftinizi, şübhəsiz, birinci alanlardan biri olacağıq. Ona görə də bu gün deyə bilərəm ki, artıq alıcılar da var.

Heydər Əliyev: Məncə, siz neftimizi Ceyhandan da əvvəl alacaqsınız.

Arkadi Milman: Bəli, biz Supsadan alırıq, əlavə tankerlər də var. Bir sözlə, çoxlarının şəkk-şübhə gətirdiklərini biz sübut etdik.

İsrailin bir çox ciddi firmaları başqa istiqamətlərdə də danışıqlar aparırlar. Biz ümidvarıq ki, yaxın gələcəkdə bir sıra layihələr barədə müəyyən razılaşmalar əldə ediləcək və bu, əlaqələrimizin dərinləşməsinə və genişlənməsinə daha bir sübut olacaqdır. Mən müxtəlif sahələrdə sizin mütəxəssislərinizin ixtisasının artırılması məsələsində göstərdiyimiz köməyə diqqətinizi xüsusi cəlb etmək istərdim. Bakıda olduğum illərdə, fəaliyyət göstərdiyim dövrdə səfirliyimiz müxtəlif sahələrin - təhsil, təbabət, kənd təsərrüfatı, kiçik və orta biznes və bir çox digər sahələrin 70-dən artıq mütəxəssisini İsrailə qısamüddətli kurslara göndərmişdir. İsrailin müxtəlif sahələrdə çalışan mütəxəssisləri Bakıya gəlmiş, seminarlarda, xüsusi kurslarda öz təcrübələrini bölüşmüşlər. Onlar 400-dək mütəxəssislə təcrübə mübadiləsi etmişlər. Bu çox böyük rəqəmdir. Mən yalnız onu deyə bilərəm ki, bir müddət əvvəl biz həkimlər üçün təxirəsalınmaz təcili yardıma dair xüsusi seminar təşkil etdik və o, çox uğurla keçdi. Seminarda 30-dək həkim iştirak edirdi. Bütün bunlar Xarici İşlər Nazirliyimizin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin köməyi və maliyyə yardımı ilə həyata keçirilir.

Mədəni, elmi sahələrdə maraqlı mübadilələr gedir. Biz Bakıda, Azərbaycanın digər şəhərlərində bir çox sərgilər təşkil etdik. Biz bununla kifayətlənmədik. Səfirliyimizin birbaşa vəzifəsinə daxil olmasa da, ötən il İsraildə Azərbaycan mədəniyyəti günlərinin təşkilinə kömək etdi və bu tədbir uğurla keçdi. Bir neçə saat üçün nəzərdə tutduğumuz tədbir çox uzun çəkdi. Bunu bilmək Sizə yəqin xoşdur ki, Azərbaycanın çox məşhur ifaçıları - tarzən Ramiz Quliyev, kamançaçı Habil Əliyev İsraildə konsertlər vermişlər. Muğam ifaçısı Alim Qasımov bu günlərdə İsraildə qastrolda olmuş tamaşaçıları həqiqətən valeh etmişdir. Deməliyəm ki, haqqında söhbət açdığım ifaçılarınızın da başqalarının da İsrailə qastrola gələcəyinə şübhəm yoxdur. Əlbəttə, tamaşaçılarımız onların yüksək ifaçılıq səviyyəsini qiymətləndirəcəklər.

Səfirliyimizin "Azərnəşr" ilə birlikdə həyata keçirdiyi mənim axırıncı layihəm mədəni sahədə əməkdaşlığımıza parlaq misallardan biridir. Biz İsrail yazıçılarının Azərbaycan dilində hekayələr toplusunu buraxdıq. Mən bu kitabı Sizə göstərə bilərəm. Bu kitab ötən həftə çapdan çıxmışdır.

Ümidvaram ki, Azərbaycan yazıçılarının da bu cür kitabı bizdə ivrit dilində buraxılacaqdır.

Heydər Əliyev: Yaxşı kitabdır. Onu kim tərcümə etmişdir?

Arkadi Milman: Sətri tərcümənin, türk və rus dillərində mətnin köməyi ilə Azərbaycan tərcüməçiləri çevirmişlər. Tərcümələr çox yaxşıdır və kitab hələ hazırlanan prosesdə onunla tanış olanlar deyirlər ki, çox uğurlu tərcümədir. Mən də bu fikirdəyəm ki, kitab çox gözəl görünür.

Əməkdaşlığımıza dair misallar çoxdur. Biz bu əməkdaşlığı bütün istiqamətlərdə dərinləşdirmək və genişləndirmək istəyirik.

İmkandan istifadə edib, şəxsi xarakterli bir neçə kəlmə demək istəyirəm. İnsanın həyatında 3,5 il o qədər də böyük müddət deyil, amma bu intensiv keçən bir müddətdirsə, intensiv və ciddi iş görülürsə, onda, zənnimcə, bu, az müddət deyildir. Mən bu üç il yarımda çox şey gördüm, sizdə aparılan ciddi islahatları müşahidə etdim və şübhəsiz, bu müddətdə baş vermiş mühüm dəyişikliklərin, Sizin təşəbbüsünüzlə həyata keçirilmiş və ölkənizin xalqı tərəfindən dəstəklənmiş dəyişikliklərin şahidi oldum.

Deməliyəm ki, Sizin müxtəlif məsələlərə dair qərarlarınızı diqqətlə izləyirdim. Sizə düzünü deyəcəyəm, bu, mənim üçün həyat məktəbi idi, mən təcrübə əldə etdim və kifayət qədər çox şey öyrəndim. Mən buna görə Sizə minnətdaram və bunu səmimiyyətlə deyirəm. Son illərdə əldə olunmuş nailiyyətləri heç kim inkar edə bilməz.

Mən maraqlı təəssüratla, görülmüş işdən məmnunluq hissi ilə gedirəm. Mən münasibətlərimizin inkişafı üçün var qüvvəmlə səy göstərməyə çalışırdım. Əməkdaşlığınıza görə, iş prosesimdə mənə verdiyiniz dəstəyə görə Sizə minnətdaram. Çox sağ olun.

Heydər Əliyev: Cənab səfir, sağ olun. Son illərdə İsrail - Azərbaycan münasibətləri barədəki şərhinizlə mən tamamilə razıyam. Sizin kimi, mən də bu fikirdəyəm ki, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın inkişafı və genişlənməsi üçün biz bu müddət ərzində xeyli iş görmüşük. Mən onu da deyə bilərəm ki, biz İsrail ilə əməkdaşlığa xarici siyasətimizdə xüsusi diqqət yetiririk və bunu mühüm istiqamət hesab edirik. Görülmüş işlər, şübhəsiz, məmnunluq hissi doğurur, bununla bərabər, istədiklərimizlə müqayisədə biz bəlkə də hər şeyi edə bilməmişik. Ancaq eyni zamanda bu, onu göstərir ki, biz hər halda irəli gedirik və gedəcəyik.

İsrailin baş nazirləri ilə, artıq dörd baş nazirlə və prezident cənab Veytsmanla mənim görüşlərim məhz münasibətlərimizin inkişafı məsələlərini müzakirə etmək, öz baxışlarımızı bildirmək və İsrail dövləti rəhbərliyinin nöqteyi-nəzərini dinləmək arzusu ilə bağlı idi. Bütün bu görüşlər zamanı biz həmişə qarşılıqlı anlaşma olduğunu görür, belə bir yekdil fikir söyləyirdik ki, münasibətlərimiz inkişaf etməli və genişlənməlidir.

Mən İsrailə gəlmək dəvətini minnətdarlıqla qəbul edirəm. Mən bu dəvəti əvvəllər də almışdım, şadam ki, siz öz hökumətinizin adından bu dəvəti yenidən edirsiniz. Mən ondan hökmən istifadə edəcəyəm.

Mənim İsraili ziyarət etməyə böyük arzum var: əvvəla, dəvətə görə öz öhdəliklərimi yerinə yetirmək, ikincisi isə, sizin ölkənizi görmək istəyirəm. İsrail çox maraqlı ölkədir. Mən bu səfəri edəcəyəm.

O ki qaldı Azərbaycanın səfirliyinə, biz onu da açacağıq. Bizim ancaq maliyyə məhdudiyyətlərimiz var. Siz bilirsiniz ki, dünyanın bir çox ölkələrində bizim səfirliklərimiz var, amma maliyyə imkanlarımız daha çox açmağa imkan vermir. Ancaq bu, müvəqqəti haldır. Siz görürsünüz - Azərbaycanda iqtisadiyyat uğurla inkişaf edir. Bu gün biz 2000-ci ilin ikinci yarısına qədəm qoyduq, birinci yarım il artıq arxada qalmışdır. Deyə bilərəm ki, təxminən bütün istiqamətlərdə artım var. Ancaq başlıcası budur ki, yarım ilin büdcəsi yerinə yetirilmişdir. Bu isə o deməkdir ki, əmək haqqı, pensiyalar vaxtında ödəniləcəkdir. Apardığımız islahatlar öz mərhələlərini keçir, lakin çox şey hələ irəlidədir. Biz özəlləşdirmə proqramının ikinci mərhələsini hazırlamışıq və düşünürəm ki, iqtisadiyyatın inkişafı üçün daha böyük imkanlara malikik. Ona görə də maliyyə vəsaiti olacaq və bundan sonra səfirliyi açmaq imkanı da olacaqdır. Bunu mənim səfərim zamanı etmək yaxşı olardı, amma, görünür, bir araya gətirmək üçün çalışmaq lazımdır.

Mən sizin buradakı fəaliyyətinizi qiymətləndirirəm. Siz Azərbaycanın dövlət orqanları, ictimaiyyəti ilə yaxşı əlaqələr yarada bildiniz. Hesab edirəm ki, siz burada öz dövlətinizin mənafelərini uğurla həyata keçirdiniz, İsrailin səfiri olaraq öz vəzifənizi uğurla yerinə yetirdiniz. İsrail ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi üçün də çox işlər gördünüz. Gətirdiyiniz faktlar, bu kitab - İsrail yazıçılarının Azərbaycan dilində əsərləri geniş ictimaiyyətimizin, oxucularımızın ölkəniz haqqında, xalqınız haqqında, xalqınızın tarixi haqqında daha çox məlumat alması üçün çox yaxşıdır.

Mən təəssüflənirəm ki, sizin möhlətiniz bitir, çünki yaxşı əlaqələr, yaxşı münasibətlər yarandıqda onların kəsilməsini istəmirsən. Amma nə etmək olar, dövlətin normaları var, mən başa düşürəm. Hesab edirəm ki, İsrailin səfiri olaraq siz burada İsrail ilə Azərbaycan arasında münasibətlərin və bizim əməkdaşlığımızın genişlənməsi, dərinləşməsi, inkişafı ilə bağlı müsbət fəaliyyətinizin kifayət qədər yaxşı izini qoyub gedirsiniz.

Mən bu işə görə sizə təşəkkür edirəm. İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün, - bu isə mənafelərimizin xeyrinədir, - belə ürəkdən çalışdığınıza, var qüvvə ilə çalışdığınız görə sizə təşəkkür edirəm. Özünüzü səmimi aparmağınızla əlaqədar təşəkkür edirəm. Səfir gərək səfir vəzifələrini yerinə yetirsin. Ancaq eyni zamanda deməliyəm ki, əgər səfir bütün bunlara əməl etməklə yanaşı, ölkəyə, xalqa xeyirxah münasibət, hörmətcil və hətta mehriban münasibət göstərirsə, o, dövlətdən də, cəmiyyətdən də, xalqdan da böyük dəstək alır. Siz bunu edə bildiniz və ona görə də belə düşünürəm ki, öz vəzifənizi uğurla yerinə yetirdiniz. Mən sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Siz öz diplomat və dövlət fəaliyyətinizi bundan sonra da davam etdirəcəksiniz. Düşünürəm ki, bizim sizinlə görüşməyə yenə də imkanlarımız olacaqdır. Ümumiyyətlə isə, siz Azərbaycana istənilən vaxt gələ bilərsiniz. Axı üç il yarım az müddət deyildir. Siz həm səfir kimi, həm də bir insan kimi cəmiyyətdə oldunuz. Bu, çox mühümdür.

Mən sizi təbrik edirəm. Xahiş edirəm, baş nazir cənab Baraka da, prezident cənab Veytsmana da, bütün hökumətinizə də mənim salamımı və ən xoş arzularımı yetirəsiniz. Həm də ürəkdən arzuladığımı çatdırasınız ki, İsrailin qarşısında hələ də duran bütün məsələlər uğurla həll olunsun.

Zənnimcə, siz səmimiyyətlə arzu edirsiniz ki, biz öz problemimizin həllinə - Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsinə, qaçqınların öz yaşayış yerlərinə qayıtmasına və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olaq. Bir sözlə, bizim talelərimizdə, vəziyyətimizdə oxşarlıq var. Ona görə də mən sizin öz dövlətçiliyinizi sözün tam mənasında təmin etmək üçün gördüyünüz bütün işlərə rəğbət hissi ilə yanaşıram. Mən sizə və xalqınıza, dövlətinizə böyük uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 2 iyul 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış