Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pekində Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsində çıxışı - 9 mart 1994-cü il


Hörmətli cənab prezident, Çin Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsinin hörmətli yüksək vəzifəli şəxsləri, xanımlar və cənablar! Sizinlə görüş üçün dəvətə və bu gün sizinlə ünsiyyətdə olmaq imkanına görə sizə hədsiz minnətdaram. Mən buna Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin çox mühüm vasitəsi kimi baxıram.

Mən və məni müşayiət edən şəxslər buraya Çin Xalq Respublikasının sədri Tszyan Tszeminin dəvəti ilə gəlmişik. Üçüncü gündür ki, ölkənizdə, onun paytaxtı - gözəl şəhər olan Pekindəyik və bu üç gündə bir çox məsələlər barəsində fikir mübadiləsi etməyə və hətta bir sıra mühüm sənədlər imzalamağa macal tapmışıq. Bu sənədlər Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin, ən əvvəl ticarət sahəsində və iqtisadiyyatın digər sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə yönəldilmişdir. Ölkənizə gəldiyimiz andan həm ali dövlət rəhbərliyi tərəfindən, həm də işlə əlaqədar bizimlə ünsiyyətdə olanların hamısı tərəfindən əhatə edildiyimiz səmimi dostluq mühitini ilk növbədə qeyd etmək istərdim. Açığını deyirəm, biz özümüzü evimizdəki kimi hiss edirik. Bu, olduqca vacibdir, çünki biz Çin Xalq Respublikası ilə dostluq münasibətləri yaratmağa çalışırıq. Odur ki, bu səfər, Azərbaycan prezidentinin Çinə ilk səfəri məhz belə münasibətlər yaradılmasının və bu münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən irəli gəlir.

Bununla əlaqədar olaraq ticarət-iqtisadi münasibətlər birinci dərəcəli əhəmiyyətə malikdir. Belə düşünürəm ki, ölkələrimizin ali rəhbərləri arasında əldə edilmiş razılaşmaları istər Azərbaycanda, istərsə də ÇXR-də müvafiq strukturlar həyata keçirməlidirlər. Bu işdə sizin, Çin sahibkarlarının və beynəlxalq ticarətin inkişafına yardım komitəsinin rolu böyükdür. Yəqin, siz məlumat kitabçalarından, ədəbiyyat və mətbuatdan bilirsiniz ki, Azərbaycan gənc, müstəqil dövlətdir, keçmişdə Sovet İttifaqının tərkibində olmuş, SSRİ-nin parçalanması ilə əlaqədar istiqlaliyyət əldə etmiş və bütün dünya birliyi tərəfindən tanınmışdır. Biz qarşımıza istiqlaliyyəti möhkəmlətməyi və dünyanın bütün ölkələri ilə bərabərhüquqlu dostluq münasibətləri yaratmağı təmin etmək məqsədi və vəzifəsi qoymuşuq.

Ölkələrimizi bir-birindən olduqca böyük məsafə ayırsa da, bizi belə bir cəhət birləşdirir ki, Çin də, Azərbaycan da Asiyada yerləşir. Digər tərəfdən, Çin dünyanın ən iri dövlətidir, olduqca böyük miqdarda əhalisi, geniş ərazisi, çox güclü iqtisadi potensialı var, Azərbaycan isə Qafqazda yerləşən gənc müstəqil dövlətdir, onun 7 milyon nəfər əhalisi, 86 min kvadrat kilometr ərazisi var, buna baxmayaraq, kifayət qədər sanballı potensiala malikdir. Dediyim kimi, biz də Asiya qitəsindəyik, lakin bununla bərabər, Avropa ilə Asiyanın qovuşuğunda yerləşirik, necə deyərlər, həm Avropaya, həm də Asiyaya mənsubuq. Bu, Azərbaycan iqtisadiyyatının inkişafı baxımından da böyük əhəmiyyətə malikdir. Azərbaycan bütün Asiya ölkələri ilə, o cümlədən də Çinlə çoxdan əlaqələrə malikdir. Asiya ilə Avropanı birləşdirən bir növ körpü, o cümlədən ticarət körpüsü olmuşdur. Biz burada olduğumuz günlərdə ipək yolunu da, hələ XII-XIII əsrlərdən başlayaraq Azərbaycanla Çin arasında mövcud olmuş digər ticarət-iqtisadi əlaqələri də təsadüfi yada salmadıq. Bir sözlə, tarix və coğrafiya Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün çox əlverişli şərait yaratmışdır.

Mən artıq qeyd etdim ki, Azərbaycan kifayət qədər sanballı iqtisadi potensiala malikdir. Bu potensial respublikanın ən Əvvəl yeraltı və yerüstü sərvətlərindən ibarətdir. Mən zəngin neft, dəmir filizi, alüminium yataqlarını, digər ehtiyatları nəzərdə tuturam. Azərbaycan həm də kifayət qədər güclü sənaye potensialına malikdir. Bu, neft, neft kimyası, kimya, maşınqayırma sənayesidir, maşınqayırma, demək olar, bütün sahələri - neft maşınqayırmasını, elektrotexnikanı, elektronikanı, cihazqayırmanı, radiotexnikanı əhatə edir. Bizdə metallurgiya sənayesi də inkişaf etmişdir. Dediyim kimi, bizdə dəmir filizi və alüminium xammalı var, buna görə də sənayemizdə həm metal prokatı, həm də alüminium istehsalı mühüm yer tutur. Bütün bunlarla yanaşı, bizdə toxuçuluq, emal sənayesi, yüngül sənaye də inkişaf etmişdir, həm də özümüzün kənd təsərrüfatı xammalı əsasında.

Respublikanın kənd təsərrüfatı da müxtəlifdir. Ərazimiz böyük olmasa da, təbii torpaq-iqlim şəraiti Azərbaycanda, məsələn, pambıq və subtropik bitkiləri - çay, tütün və tərəvəzi, taxıl və üzümü eyni zamanda əkib-becərməyə imkan verir. Bizdə şərabçılıq çox inkişaf etmişdir. Bir daha deyirəm, bütün bunlar bütövlükdə həm sənaye, həm də kənd təsərrüfatı potensialımızı təşkil edir və Azərbaycanın gələcək inkişafı üçün və təbii olaraq, digər ölkələrlə, o cümlədən də Çinlə ticarət-iqtisadi əlaqələrin inkişafı üçün yaxşı bazadır.

Azərbaycan kifayət qədər sanballı iqtisadi potensiala malik olsa da, hazırda dərin sosial-iqtisadi böhran keçirir. Əlbəttə, bu böhran keçmiş Sovet İttifaqında getmiş proseslərlə bağlıdır. Lakin o, respublikamızda bir də onunla bağlıdır ki, Azərbaycan, qonşu Ermənistan Respublikası tərəfindən hərbi təcavüzə məruz qalmışdır. Bununla bərabər biz iqtisadiyyatı daha səmərəli şəkildə idarə etmək yolları axtarır, azad sahibkarlığa, bazar münasibətlərinə üstünlük veririk. Hazırda bizdə bir sistemdən - social-iqtisadi sistemdən digərinə - azad iqtisadiyyata keçid prosesi gedir. Bu, təkcə

dövlətlər səviyyəsində deyil, həm də müxtəlif şirkət və müəssisələr səviyyəsində birbaşa ticarət-iqtisadi əlaqələr yaradılması üçün olduqca böyük perspektivlər açır. Yeri gəlmişkən, deməliyəm ki, müştərək müəssisələr açılması üçün Azərbaycanla Çin arasında əlaqələr yaradılması sahəsində müəyyən addımlar atılmışdır.

Azərbaycan iqtisadiyyatının inkişaf yollarını müəyyənləşdirərkən biz qabaqcıl, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsindən, Yer kürəsinin müxtəlif regionlarında toplanmış təcrübədən bəhrələnməyə, lakin, şübhəsiz ki, ölkəmizin və xalqımızın milli xüsusiyyətlərini əsas götürməklə bəhrələnməyə çalışırıq. Bununla əlaqədar biz burada olduğumuz günlərdə son illər Çin Xalq Respublikasının həyata keçirdiyi və kifayət qədər müsbət nəticələr vermiş iqtisadi islahatların prinsipləri, xüsusən onların praktiki səmərəsi ilə tanış oluruq və daha ətraflı tanış olmaq fikrindəyik.

Dediyim kimi, Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalır. Bu təcavüz nəticəsində erməni silahlı birləşmələri respublikamızın ərazisinin 20 faizə qədərini işğal etmişdir. Azərbaycan müharibə vəziyyətindədir, lakin bununla belə, iqtisadiyyatı müvəffəqiyyətlə inkişaf etdirmək üçün imkanlarımız var. Onu da qeyd etmək istəyirəm ki, bütün bu şəraitdə də ölkənin daxilində ictimai-siyasi vəziyyət sabit, normaldır ki, bu da iqtisadiyyatı inkişaf etdirmək üçün və təbii ki, başqa ölkələrlə, firmalarla, şirkətlərlə, assosiasiyalarla birbaşa ticarət-iqtisadi əlaqələr saxlamaq üçün yaxşı zəmin yaradır. Biz Çinlə belə əlaqələrin yaradılmasına böyük əhəmiyyət veririk.

Mən ölkəmiz, Azərbaycan haqqında, onun sosial-iqtisadi vəziyyəti, başqa ölkələrlə, o cümlədən Çinlə iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək sahəsində respublikamızın imkanları barədə verdiyim bu qısa informasiya ilə kifayətlənirəm, çünki nəzərə alıram ki, yəqin fikir mübadiləsi olacaqdır. Bu bizim ilk görüşümüz, ilk tanışlığımızdır. Hiss edirəm ki, Azərbaycanla əməkdaşlıq etmək arzusu böyükdür. Şübhəsiz ki, hər kəs öz imkanlarını götür-qoy edir, bu da təbiidir, çünki əməkdaşlıq qarşılıqlı surətdə faydalı olmalıdır. Zənnimcə, biz bu gün belə bir əməkdaşlıq üçün yaxşı bünövrə qoyuruq.

Bir daha qeyd etmək istəyirəm ki, ölkəmizlə bazar iqtisadiyyatına keçid prosesi gedir. Sizdə sosialist bazar iqtisadiyyatı, yaxud bazar sosializmi mövcuddur. Bunlar demək olar ki, eyni şeydir. Ona görə də biz bunu əsas tutacağıq ki, Çin Beynəlxalq Ticarətin İnkişafına Yardım Komitəsi ilə birbaşa əlaqə yaradılmışdır, müvafiq şirkətlərin, firmaların rəhbərləri ilə ünsiyyətlər yaradıdır. Mən sizing hamınızı Azərbaycana dəvət edirəm ki, gəlib özünüz bizim imkanlarımızla tanış ola biləsiniz. Təbii ki bu, qarşılıqlı surətdə faydalı əməkdaşlıq məsələlərini konkret surətdə həll etməyə imkan verəcəkdir.

Bugünkü görüş üçün, diqqətiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Çin iqtisadiyyatının inkişafında, islahatların həyata keçirilməsində hamınıza uğurlar arzulayıram. İnanıram ki, Çin Xalq Respublikasının gələcəyi gözəldir. Həm iqtisadiyyat, həm də sosial sahə yüksək sürətlə inkişaf edir, bu isə gələcəkdə Çinin hər bir vətəndaşı üçün daha yaxşı yaşayış şəraiti yaratmağa imkan verəcəkdir. Sizə xoşbəxtlik, firavanlıq, uğurlar diləyirəm.

Dəvətinizə və xoş sözlərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.