Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın və Azərbaycanın xalq artisti, müasir dövrün görkəmli müğənnisi Lyudmila Zikinanın konsertindən sonra səhnə arxasında onunla görüşdə təbrik sözləri - Respublika sarayı, 4 oktyabr 1997-ci il


Hörmətli Lyudmila Georgiyevna!

Mən sizə "Rusiya" Dövlət Akademik Rus Xalq Ansamblının müşayiəti ilə gözəl çıxışınıza görə təşəkkür edirəm.

Xalq sizin üçün darıxmışdı, xalq Sizi əvvəlkitək sevir. 25 il bundan öncə, buraya ilk dəfə gəldiyiniz vaxtlarda siz burada öz sənətinizə, öz şəxsiyyətinizə, öz səsinizə və mahnılarınıza, eyni zamanda Rusiyaya, rus xalqına məhəbbət və hörmət bəsləndiyini hiss etdiniz. Siz bunların hamısını 25 il əvvəl gördünüz.

İndi biz müxtəlif ölkələrdəyik, vaxtilə tərkibində yaşamış olduğumuz ölkə daha yoxdur. Rusiyanın və Azərbaycanın, keçmişdə birlikdə olduğumuz respublikaların həyatında çox böyük dəyişikliklər baş vermişdir. Lakin olduqca xoş, vacib və sevindirici haldır ki, bu hisslərin hamısı qalmışdır. Bu gün siz bunu hiss etdiniz. Bu sizə, sizin sənətinizə, səsinizə və mahnılarınıza, bütövlükdə rus mədəniyyətinə olan dərin hisslərdir, ona görə ki, siz həqiqi rus mahnısı və musiqisinin məhz ən incə hisslərinin olduqca parlaq tərcümanısınız.

Biz bir-birimizi lap çoxdan tanıyırıq, mən sizinlə Bakıda da, Moskvada da görüşlərimizi xatırlayıram. 25 il bundan öncə biz başqa respublikanın artistinə Azərbaycanın xalq artisti adı verilməsi haqqında ilk dəfə olaraq qərar qəbul etdik. Bu qərar bizi daha sıx bağlayıb doğmalaşdırdı. Bir görəydiniz, konsert zamanı tamaşaçılarla sizin və ansamblınız arasında necə bir xoş ünsiyyət və necə bir yaxınlıq vardı. Bu yaxınlığı itirməmək, qoruyub saxlamaq çox vacibdir.

İndi bizim müxtəlif dövlətlərdə olmağımız zamanın hökmüdür, taleyin hökmüdür, burada təəccüblü bir şey yoxdur. Mühüm olan bu deyil, başqa cəhətdir. Bir-birimizə olan dostluq hisslərini, qarşılıqlı rəğbəti və məhəbbəti qoruyub saxlamaq lazımdır. Bu gün bunlar həm sizin tərəfinizdən, həm də tamaşaçılar tərəfindən çox parlaq şəkildə nümayiş etdirildi.

Sizin Azərbaycana gəlişiniz, gözəl çıxışınız respublikamıza, xalqımıza, dövlətimizə çox dərin hörmətin ifadəsidir. Bununla eyni zamanda sizə göstərilmiş hörmət, salonda müxtəlif adamların, müxtəlif yaşlardan, müxtəlif millətlərdən olan adamların Sizi hərarətli alqışlara, xoş hisslərə, gül-çiçəyə qərq etməsi sizə, sizin şəxsiyyətinizə, sizin sənətinizə çox yüksək ehtiram bəsləndiyinə sübutdur. Siz gözəl müğənnisiniz, gözəl insansınız.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT