Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Azərbaycan milli televiziyası ilə xalqa müraciəti - 23 avqust 1993-cü il


Hörmətli həmvətənlər! Bacılar və qardaşlar! Bu gün mən sizə müraciət etmək məqsədilə televiziya studiyasına gəlmişəm və bəzi məsələlər haqqında mülahizələrimi, fikirlərimi sizə çatdırmaq istəyirəm. Azərbaycan xalqı, Azərbaycan Respublikasının vətəndaşları ağır günlər keçirirlər, həyatımız son dərəcə gərgin vəziyyətdədir. Bu gərginlik iyul ayının əvvəlindən başlamış proseslərlə müəyyən qədər bağlıdır və ondan sonra həmin prosesləri normal hala salmaq üçün mühüm tədbirlər görülməsinə baxmayaraq, bu proseslər hələ də tamamilə ləğv olunmayıbdır və gərginlik davam edir.

Azərbaycan Respublikası beş ildən artıqdır ki, Ermənistanın silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalıbdır. Azərbaycan xalqı öz torpağını, öz Vətənini qorumaq üçün müharibə aparır, vuruşur, döyüşür. Təəssüf ki, sizə məlum olan səbəblərdən bu döyüşlərdə bizim qələbəmiz hələ ki, yoxdur və Azərbaycan Respublikasının torpaqlarının bir qismi işğal olunubdur. Son vaxtlarda bəzi yaşayış məntəqələrimizi, qəsəbələrimizi itirmişik, yeni-yeni ailələr qaçqın düşüb, insanlar qaçqın düşüb və bu da respublikada olan gərgin ictimai-siyasi vəziyyəti daha da gərginləşdiribdir.

Mən bu çıxışımda heç də cəbhədə vəziyyət, yəni Ermənistanla Azərbaycan arasında olan müharibə vəziyyəti haqqında geniş danışmaq istəmirəm, ona təhlil vermək istəmirəm, bu barədə əvvəlki çıxışlarımızda və Milli Məclisin iclaslarında bəzi sözlər deyilibdir. Təəssüflər olsun ki, son vaxtlar bizim ordu hissələri torpağımızı layiqincə qoruya bilmirlər və cürbəcür təxribatçı qrupların xalqa, millətə, dövlətə xəyanəti nəticəsində bəzi yaşayış məntəqələrimiz əldən getmişdir. Təkrar edirəm, bu məsələni təhlil etmək istəmirəm. Sadəcə olaraq, bir-iki kəlmə ilə sizə bildirmək istəyirəm ki, son dövrdə torpaqlarımızın müdafiəsindəki məğlubiyyətlər heç də Azərbaycan xalqının acizliyindən, yaxud da ki, bizim döyüşçülərin vuruşmaq qabiliyyətinin olmamasından irəli gəlmir. Bunun daha dərin səbəbləri var. Bir neçə gün bundan öncə, Füzuli və Cəbrayıl rayonlarında təhlükəli vəziyyət yarandığı zaman, ümumiyyətlə, o bölgədə əhali arasında böyük

həyəcan hissi olduğunu bilərək biz müşavirə keçirdik. O bölgəyə Azərbaycan Respublikasının rəhbər vəzifəli şəxslərini göndərdik. Baş nazirin birinci müavini Vahid Əhmədov, baş nazirin müavini Abbas Abbasov, nazirlər, xalq deputatları, başqa məsul işçilər, inzibati orqanların işçiləri yerdə vəziyyətlə tanış olandan sonra aydın oldu ki, bizim bu məğlubiyyətlərimiz, bu bölgədə yaranan ağır vəziyyət birinci növbədə daxildəki təxribatların nəticəsidir.

Məsələn, biz dünən müşavirə keçirirdik. Elə bu gecə oradan gələn bizim vəzifəli şəxslər məlumat verdilər ki, Cəbrayıl rayonunda camaatı haya-küyə salıb qorxudub qaçırdan, təxribat edən yalnız və yalnız oranın İcra başçısı və onun ətrafında olan layiqsiz adamlardır. Onlar şəxsi məqsədlərinə nail olmaq üçün, öz şəxsi çirkin mənafelərini həyata keçirmək üçün xalqı da bədbəxt eləməyə, torpağı da, yaşadıqları dədə-baba yurdunu da dağıtmağa hazır olan adamlardır. Oradan mənə xəbər verirlər ki, bir batalyon döyüşdən çıxır, çünki bu, hansısa Əlisoyun batalyonudu. Xalq Cəhbəsinin; bir batalyon çıxır, deyirlər ki, bu, Rəhim Qazıyevin batalyonudur, müharibə eləmək istəmir; bir batalyon çıxır, deyir bu, nə bilim filankəsin batalyonudur, müharibə eləmək istəmir. Hərəsi bir tərəfə qaçır və bu əli silahsız, müharibəyə hazır olmayan sakinlər isə, əlbəttə ki, vətənindən ayrılmaq istəmir, torpağından, evindən-eşiyindən ayrılmaq istəmirlər, amma rəhbərlərin bu təxribatı nəticəsində haya-küyə düşürlər, qorxurlar, qaçırlar.

Belə hadisə Füzuli rayonunda da olmuşdur. Oranın əvvəlki İcra hakimi getmiş, sonra bu proseslər vaxtı kimin tərəfindən, hansı qüvvələr tərəfindən, guya ki, hansı hərbi hissələr tərəfindənsə gətirilib ora İcra hakimi qoyulmuş, o da çox çirkin işlər görmüş və bunlar da Füzuli və Cəbrayıl rayonlarında vəziyyəti həddindən artıq gərginləşdirmişdir. Dünən xəbər verdilər ki, guya Füzuli rayonu Ermənistan qoşunları tərəfindən işğal olunubdur. Ondan bir gün qabaq belə məlumat gəlirdi ki, Ermənistanın silahlı qüvvələri ora daxil olurlar.

Mən sizə açıq bildirmək istəyirəm ki, son vaxtlar daxilimizdə olan bu təxribatlar nəticəsində, orduda olan bəzi pozğunluqlar nəticəsində kəndlərimizin, şəhərlərimizin əldən getməsi ilə, yaxud bunun təhlükəsi ilə əlaqədar olaraq biz Ermənistanın rəhbərliyi ilə bilavasitə əlaqə saxlamışıq və ayın 23-nə qədər, yəni bax, bu günə qədər atəşin kəsilməsi və danışıqlar aparılması məsələsini irəli sürmüşük. Bəli, biz bu yola getmişik və mən hesab edirəm ki, düzgün eləmişik. Çünki insanlarımız qırılır, kəndlərimiz dağılır, içimizdə olan təxribatçılar öz çirkin niyyətlərini həyata keçirmək üçün xalqa, millətə, torpağa xəyanət edirlər. Biz danışıqlar aparıb müəyyən bir sazişə gəlməyi qərara almışıq. Ancaq bu dövrdə yenə də içimizdə təxribatlar baş verir.

Dünən mən Ermənistanın prezidenti Levon Ter-Petrosyanla telefonla daha iki dəfə danışmışam. Təəssüf ki, onun verdiyi və bizim sonra yoxlatdığımız məlumata görə, biz atəşin dayandırılması, sülh danışıqları aparılması haqqında saziş əldə etdiyimiz halda Ağcabədi tərəfdən bir batalyon - Lənkəranda peyda olmuş, özbaşına özünü hərbi komandan təyin etmiş Əlikram tərəfindən oraya göndərilmiş bir batalyon - heç kəsin göstərişi olmadan o tərəfə hücum edib, əldə olunmuş sazişi pozubdur. Hücum nəticəsində br neçə nəfər həlak olub və 50-yə qədər adam əsir düşüb və heç bir müsbət nəticə əldə olunmamışdır. Əksinə, məğlubiyyət olub, nəticədə o tərəfə əsas verilib ki, bizi günahlandırsın ki, biz əldə olunan sazişi pozmuşuq - özümüz atəşin dayandırılmasını istəmişik, özümüz də atəşi davam etdiririk.

Bax, belə özbaşınalıq bizim ən böyük bəlalarımızdan biridir. Ona görə də respublikada vəziyyət həddindən artıq gərgindir və gərginləşməkdədir. Ancaq bu gərginliyin səbəbi təkcə cəbhədə olan vəziyyət deyil. Orada böyük təxribatlar gedib və bu məsələlər şübhəsiz ki, Milli Məclisdə müzakirə olunacaq, açılacaqdır. Mən xalqa söz vermişəm və bu gün də xalqın qarşısında deyirəm ki, heç bir şey xalqdan gizlədilməyəcəkdir. Çünki indiyə qədər, bu beş ilin ərzində hər bir siyasi qüvvə, hər bir hakim öz fəaliyyətsizliyini, necə deyərlər, ört-basdır etmək üçün, öz cinayətlərini ört-basdır etmək üçün xalqdan çox şeyi gizlədiblər. Mən hər şeyi açacağam. Qoy xalq hər şeyi bilsin. Əgər xalqın mənə inamı varsa - mən minlərlə teleqramlar alıram, on minlərlə teleqramlar və məktublar alıram ki, xalq mənə ümid bəsləyir - əgər doğrudan da belə inam varsa, bu gün mən bir daha sizin qarşınızda çıxış edib deyirəm - xalq hər şeyi bilməlidir və biləcəkdir. Hamısı bilinəcəkdir.

Milli Məclisin avqust ayının 16-17-də keçirilmiş iclaslarında xalq çox şeyi bildi. Biz canlı yayım vasitəsilə xalqa bilavasitə bildirdik nə var, nə yox, fikirlərimiz nədir, nə edirik. Ancaq məni bu gün bu televiziya studiyasına gəlməyə məcbur edən təkcə bu deyil və hətta tamamilə bu deyil. Son vaxtlar Azərbaycanın Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında baş verən qanuna zidd, konstitusiyaya zidd hərəkətlərdir və onların çox ağır nəticələridir. Bu barədə geniş danışmağın əhəmiyyəti yoxdur. Çünki avqust ayının 16-da və 17-də Milli Məclisin iclaslarında bu məsələ artıq müzakirə olundu və əhali, xalq, Azərbaycanın bütün vətəndaşları bu məsələnin nədən başlandığını, bu proseslərin nə cür şişib yoğunladığını və nə üçün bu dərəcəyə gəldiyini bildilər və bunun günahkarlarını da bildilər.

Bu məsələlərə qayıtmaq, vaxtınızı almaq istəmirəm. Ancaq biz bu məsələni ətraflı müzakirə etdik. Yadınıza salmaq istəyirəm ki, Milli Məclisin iclasında və ondan bir gün qabaq Ali Sovetdə keçirilən geniş müşavirədə Lənkəran və onun ətrafındakı rayonlardan olan nümayəndələr, Azərbaycan ziyalıları, məclis üzvləri, xalq deputatları bizə və o cümlədən şəxsən mənə irad tutdular ki, nə üçün bu nalayiq hərəkətlərə, Azərbaycanı parçalamaq, dağıtmaq cəhdlərinə indiyə qədər lazımı qiymət verilməyib, laqeyd münasibət göstərilib və bunların qarşısı vaxtında alınmayıbdır. Mən o vaxt izah etdim və indi bir daha demək istəmirəm: biz sadəcə olaraq bir tərəfdən məsələyə səbrlə yanaşdıq, təmkinlə yanaşdıq, hesab etdik ki, bu rayonlarda olan hörmətli adamlarımız, ağsaqqallarımız, ziyalılarımız bu qeyri-qanuni, çirkin hallara yol verməyəcəklər, məsələləri özləri həll edəcəklər. Bizim problemlərimiz, xüsusən Qarabağ bölgəsində, Ermənistanla həmsərhəd olan yerlərdə Azərbaycanın torpaqlarını müdafiə etmək problemləri və başqa problemlərimiz onsuz da bizim üçün bəsdir. Hesab etdik ki, o problemlər yerində həll olunar. Eyni zamanda o vaxtlar baş nazir Surət Hüseynov söz verdi ki, bu məsələləri həll eləyəcək. Biz də ona ümid bəslədik və çox səbr etdik, çox təmkinlə yanaşdıq.

Ancaq bunların heç biri nəticə vermədiyindən avqust ayının 16-da və 17-də bu məsələni Milli Məclisin iclasında ətraflı, müfəssəl müzakirə etdik və müvafiq qərar qəbul etdik. Bizdə olan məlumatlara görə, bizə gələn məktublara və teleqramlara görə, ictimai rəyin öyrənilməsinə görə bu qərar xalq tərəfindən tam yüksək dərəcədə bəyənilib, müdafiə olunur, o cümlədən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonları əhalisinin demək olar ki, 99 faizi bu qərarımıza tərəfdar çıxıb, müdafiə edib və hətta bunu gecikmiş bir qərar kimi qəbul edibdir. Ancaq gecikmiş olsa da, belə bir qərarın qəbul olunması bu rayonlarda əhalidə böyük bir siyasi fəallığa səbəb olub və əhali doğrudan da görüb ki, dövlət, Azərbaycanın rəhbər dövlət orqanları belə cinayətkar, qeyri-qanuni, konstitusiyaya zidd olan hərəkətlərə yol vermək fikrində deyil və bundan sonra da yol verməyəcəklər.

Biz belə güman etdik ki, bu, qərar qəbul ediləndən sonra həyata keçirilməlidir. Sizə çatdıra bilərəm ki, o rayonlardan bizə gələn məlumatlar bunu tam aydınlığı ilə göstərir ki, bu qərar bir tərəfdən böyük ruh yüksəkliyi ilə qarşılanıb, ikinci tərəfdən o rayonların əhalisində böyük siyasi-ictimai fəallıq mövqeyi yaradıbdır. Eyni zamanda Əlikram Hümbətov və onun ətrafında olan bir qrup quldur dəstəsi bizim bu qərardan çox qorxub, çəkinib və müəyyən qədər öz fəaliyyətini dayandırıb.

Təəssüflər olsun ki, bir müddətdən sonra orada vəziyyət yenə də dəyişməyə başladı. Bu dəyişmənin də səbəbi ondan ibarət olmuşdur ki, avqust ayının 18-dən 19-na keçən gecə baş nazir Surət Hüseynov Gəncədə bir müşavirə aparmış, orada bir çox rayonların İcra hakimiyyəti başçıları, nazirlər, respublikanın başqa rəhbər şəxsləri iştirak etmiş və ora Əlikram da dəvət olunmuşdur. Milli Məclisin qərarının həyata keçirilməsi Surət Hüseynova tapşırılmışdı və özü təklif vermişdi ki, bunu mənə həvalə edin, mən həyata keçirərəm. Mən güman etdim ki, Gəncədə Surət Hüseynovla Əlikram arasında görüşlərdən sonra bu qərarın həyata keçirilməsi təmin olunacaqdır və ola bilər ki, biz bu problemlə qurtaraq və bu problem artıq bizi narahat etməsin. Təəssüflər olsun ki, Gəncədə keçirilən müşavirədən sonra Əlikram Hümbətov Lənkərana qayıdıb yenidən bu çirkin fəaliyyətini davam etdirməyə başlayıbdır. Yerli televiziya ilə Milli Məclisin qərarının əleyhinə çıxış edib, onun ləğv olunmasını tələb edib və guya Gəncənin və bir neçə başqa regionların onlarla həmrəy olduğunu, onun bu hərəkətlərinə bəraət qazandırdığını bildirib və deyib ki, biz bu işimizi davam etdirəcəyik, Talış- Muğan Respublikası yaranacaqdır. Biz Məclisi saymırıq, onun qərarlarını qəbul etmirik və Milli Məclisin qərarları ləğv olunmalıdır.

Bu, yerli əhalini hiddətə gətirir. Yerli əhali tərəfindən Milli Məclisə, Azərbaycanın rəhbərliyinə müraciətlər olmuşdur. Ona görə də srağagün gecə bu məsələni müzakirə etdik və belə fikrə gəldik ki, baş nazir Surət Hüseynova tapşırılsın, - o indi Gəncədədir, - bu işə ciddi yanaşsın və Milli Məclisin verdiyi tapşırığı yerinə yetirsin, nəhayət, Əlikramın və onun quldur dəstəsinin bu cinayətkar hərəkətlərinin qarşısını alsın. Eyni zamanda biz o bölgədən olan deputatların, vəzifəli adamların bir qrupuna göstəriş verdik ki, bu rayonlara getsinlər. Həmin rayonlarda camaat artıq ayağa qalxmışdır. Adamlar Əlikram Hümbətovun bu çirkin hərəkətlərinə dözə bilmirlər. Həmin deputatlara və vəzifəli adamlara tapşırdıq ki, oraya gedib xalqla bir yerdə olsunlar ki, iğtişaşa, toqquşmaya yol verilməsin. Eyni zamanda öz imkanlarından istifadə edib Əlikram Hümbətovu bir daha qanuna dəvət etsinlər, onun ətrafında olan adamlara bir daha başa salsınlar ki, bu qanunsuz hərəkətlərdən əl çəkmək lazımdır, xalqı parçalamasınlar.

Əlikram Hümbətovun bu qeyri-qanuni hərəkətləri təkcə həmin rayonlarda sakitliyin pozulması demək deyil. Təəssüf ki, Milli Məclisin qərarında qeyd edildiyi kimi, bir müddət bundan əvvəl keçmiş müdafiə naziri Rəhim Qazıyevin çirkin və satqın hərəkətləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin böyük bir hissəsi heç bir hərbi səlahiyyəti, hərbi hazırlığı olmayan Əlikram Hümbətovun ixtiyarına verilmişdir. O indi bu hərbi hissələrin hakimi olmuşdur.

Biz bəzi vəzifəli şəxslərlə, o cümlədən baş nazir Surət Hüseynovla da danışanda deyirlər ki, filan yerdə Hümbətovun briqadası vuruşur, filan yerə Hümbətovun briqadası getdi. Mən soruşuram, əcəba, bu Hümbətov kimdir, hansı sərkərdədir? Məgər bu hərbi hissələr Hümbətova babasından, yaxud ulu babasından qalmışdır? Müharibə getdiyi bir vaxtda Azərbaycanın hərbi hissələri parçalanmışdır, ayrı-ayrı quldur dəstələrinə, o cümlədən ən böyük bir hissəsi Əlikram kimi quldura, caniyə verilmişdir. İndi onun nazı ilə oynamaq lazımdır? Bəziləri kimi, onun o tərəfinə-bu tərəfinə keçmək lazımdır ki, Əlikram Hümbətov istəsə hissəsinin birini Ermənistanla döyüş bölgəsinə göndərəcəkdir, istəməsə göndərməyəcəkdir? Əlikram Hümbətova bir söz deyilsə, o bu hissələri saxlayacaqdır? Bu ki, dövlətçilik olmadı. Bu, qanun olmadı.

Demək, burada ayrı-ayrı quldur dəstələri hərəkət edirlər. Mən isə dövlət adamı kimi, xalq tərəfindən, Milli Məclis tərəfindən mənə verilən səlahiyyətə görə, indi Azərbaycanın dövlət başçısı vəzifəsini yerinə yetirən adam kimi, belə şeylərə, şübhəsiz, dözə bilmərəm. Ona görə də mən prinsipial mövqeyimi Milli Məclisə də bildirmişəm, sonra ayrı-ayrı müşavirələrdə də demişəm. Baş nazir Surət Hüseynovla danışıqlarımda da dəfələrlə bildirmişəm və ondan tələb etmişəm ki, Milli Məclisin qərarını yerinə yetirsin, bu məsələlərə düzgün münasibət bəsləsin.

Ona görə də biz son nəticəyə gəlib çıxdıq ki, Milli Məclisin qərarı yerinə yetirilməlidir. Ancaq yerlərdə buna imkan vermirlər. Xalq ayağa qalxmışdır, öz etirazını bildirir. Bu da təbiidir. Onlar əliyalın, silahsız, dinclik, əmin-amanlıq istəyən adamlardır. Lakin Əlikram Hümbətov dövlətə, xalqa məxsus olan silahlı dəstələri əlinə keçirmişdir, bir qrup adamı əlində oyuncağa çevirmişdir, xalqa qarşı təcavüz edir, kimi istəyir tutur, kimi istəyir atır. Onun adamları qanunsuz olaraq tutması, onlara təzyiq göstərməsi Milli Məclisin qərarında əksini tapmışdır.

Son günlər o, nə etmişdir? İki gün bundan əvvəl xəbər gəlir ki, Əlikram Hümbətov öz dəstəsi ilə İrana səfər etmək istəyir. Hansı səlahiyyətlə, nə üçün? Kim onu dəvət etmişdir? Mən dünən İran hökumətinə xəbərdarlıq etdim ki, belə bir quldurun sərhədi keçib İrana getməyə ixtiyarı yoxdur. Onlar bildirdilər ki, buna heç vaxt yol verməzlər. Ancaq Əlikram Hümbətov buna nail olmaq üçün Lənkəran rayonunun polis rəisini həbs edir ki, sərhədi keçmək üçün ona sənəd versin. Başqa adamları da həbs etmişdir. Bütün bunlar xalqın nifrətinə, etirazına səbəb odur. Dünən Lənkəran şəhərində izdihamlı mitinq olmuşdur. Lənkəran sakinləri Əlikramın bu çirkin hərəkətlərinə etirazlarını bildirmiş və tələb etmişlər ki, onlardan əl çəksin. Astarada və Cəlilabadda da mitinqlər olmuşdur. Əhali mitinqlərdə öz sözünü demək istəyir. Bəs Əlikram nə etmişdir? Bir tərəfdən silah işlətməyə çalışmış, o biri tərəfdən dünən lənkəranlıları bir daha təhqir etmiş, onları aldatmaq üçün, guya içərisində cənazə olan tabut gətirmişdir ki, camaat dəfn mərasiminə getsin. Lakin xalq bunu duymuş, onun arxasınca getməmişdir. Adamlar mitinqi davam etdirərək çıxışlarda Əlikramı satqın, xəyanətkar adlandırmışlar. Lakin Əlikram Hümbətov yenə də öz əməllərini davam etdirir.

Məni buraya, studiyaya gəlməyə Lənkərandan alınmış həyəcanlı məlumatlar vadar etmişdir. Məlumat isə belədir: xalq tələb edir ki, Əlikram Hümbətov nəinki öz çirkin hərəkətlərindən əl çəksin, hətta dövlət orqanları tərəfindən təcrid olunsun. O isə meydana toplaşmış silahsız adamlara, ali vətəndaşlara qarşı silah işlətmişdir, atəş açmışdır. Beləliklə də camaatı qorxutmaq istəmişdir.

Ancaq o, xalqın iradəsi, xalqın gücü qarşısında dura bilməmişdir, qaçıb başqa yerlərlə öz dəstəsini düzəltmişdir və yenə də xalqa hücum etmək istəyir. Lakin xalq öz iradəsini bildirmişdir və indi Lənkəran İcra hakimiyyətində xalqın nümayəndələri oturur, xalq tərəfindən irəli çəkilmiş və bizim təsdiq etdiyimiz Dilruba Camadova bu gün mənim fərmanımla Lənkəran rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir. O, iş yerində oturmuşdur, xalq onun ətrafındadır və onu müdafiə edir.

Lakin çox gərgin vəziyyət yaranmışdır. Bizə gələn məlumatlara görə, Əlikram Hümbətovun yalan vədlərinə, fırıldaqlarına, avantürasına uyan və onun dəstələrində olan adamların əksəriyyəti ondan imtina etmişdir, onun əmr verməsinə baxmayaraq, əsgərlərin və zabitlərin əksəriyyəti atəş açmaqdan boyun qaçırmış və onu tərk etmişdir. Onun Prişibdə, Lənkəranda olan hissələri onu tərk etmişlər. Mənə indi verilən məlumata görə, Əlikram Hümbətov göstəriş verib ki, Ağcabədi tərəfdə guya onun tabeliyində olan hissələr geri çəkilsinlər. Beləliklə, onlar mənə təzyiq göstərmək istəyirlər: görürsünüz, belə hallar bu işə gətirib çıxarır. Mən o adamlara dedim və bu gün xalqın qarşısında da bildirirəm: vətənimizi Əlikram Hümbətov kimi canilərin, quldurların yolu ilə müdafiə etməməliyik. Mən belə hesab edirəm ki, bölgələrdə vuruşan əsgərlərin, zabitlərin hamısı Azərbaycan xalqının mətin oğullarıdır. Onlar Azərbaycan Ordusunun əsgər və zabitləridir. Azərbaycan dövlətini müdafiə edirlər, Azərbaycan Respublikasının torpaqlarını qoruyurlar.

Ona görə də bu bəhanələri gətirib yenə də Əlikram Hümbətova bəzi şəraitlər yaratmaq istəyən adamlara bu gün xalq qarşısında cavab verirəm. Güman edirəm və tam əminəm ki, Əlikram Hümbətovun fikirlərini ola bilsin ki, ancaq onun ətrafındakı mafioz qruplar bölüşdürür. Heç kəs bu fikirlərlə həmrəy ola, onun arxasınca gedə bilməz. Heç bir ağıllı adam o cür avantürist, cani, vətəninə xəyanət edən adamın arxasınca gedə bilməz. Rəhim Qazıyev kimi adamlar və başqa havadarlar onu əllərində adət etmişlər. Mən bunu Milli Məclisdə dedim. Azərbaycanı parçalamaq istəyən xarici və daxili düşmənlərimiz Əlikram Hümbətovu alətə çevirmişlər. O, bunun İcraçısıdır. Ancaq onun ətrafında olan adamların tam əksəriyyəti sağlam adamlardır, Azərbaycan vətəndaşlarıdır. Azərbaycana sədaqətlə xidmət etməlidirlər və bu, onların borcudur.

Mən birinci növbədə hərbi hissədə qulluq edən əsgərlərə müraciət edirəm: milliyyətindən, siyasi mənsubiyyətindən, dilindən asılı olmayaraq siz, Azərbaycanın vətəndaşlarısınız. Əlikram Hümbətov Azərbaycan xalqına xəyanət etmiş adamdır. Güman edirəm ki, orduda olan bütün əsgərlərimiz, zabitlərimiz, könüllülərimiz mənim sözlərimi eşidirlər və onlar, şübhəsiz ki, belə avantüradan, bu cür fırıldaqçılardan uzaq olacaqlar. Cəbhədə komandanlıq edən, Lənkəran bölgəsindən olan general Zaur Rzayev dünən də, bu gün də telefonla zəng edib şəxsən bildirmişdir ki, o özü və tabeliyindəki bütün qoşunlar, o cümlədən Lənkəran bölgəsində olan əsgərlər Əlikram Hümbətovun bu xəyanətkar hərəkətlərini pisləyirlər, etirazlarını bildirirlər və bəyan edirlər ki, onlar cəbhədə Azərbaycan torpağını, Azərbaycanı qoruyurlar və bundan sonra da mətanətlə qoruyacaqlar. Mən həm Zaur Rzayevə, həm də cəbhədəki bütün əsgərlərimizə, zabitlərimizə minnətdarlığımı bildirirəm və əminəm ki, onlar heç vaxt Əlikram Hümbətov kimi avantüristlərin hərəkətlərinə uymayacaqlar.

Bayaq dediyim kimi, onun ətrafında olan, indi Lənkəranda, Cəlilabadda, Astaradakı hərbi hissələrlə qulluq edən adamların əksəriyyəti ondan imtina etmişdir. Mən həmin zabitlərə, əsgərlərə müraciət etmək istəyirəm. Onlara bildirmək istəyirəm ki, gözlərini açsınlar, ayılsınlar, ağı qaradan seçə bilsinlər. Bilsinlər ki, onlar üçün, birinci növbədə vətən, əziz torpaq, Azərbaycanın dövlətçiliyi, milli birliyimiz lazımdır. Əlikram Hümbətov isə bütün bu məfhumların əleyhinə çıxan adamdır. Ona havadarlıq edən, onu dəstəkləyən adamlar da təəssüf ki, bu yola düşmüşlər. Ona görə də mən həmin bölgədə olan bütün əsgərlərə və zabitlərə müraciət edirəm və elə bilirəm ki, onlar bu gün mənim səsimi eşidirlər. Onlara atalıq qayğısı ilə müraciət edirəm, Azərbaycan dövlətinin başçısı kimi müraciət edirəm ki, Əlikram Hümbətovun bu avantürist, fırıldaqçı hərəkətlərindən əl çəksinlər.

Biz onların hamısını doğma övladımız kimi qəbul edirik. Onların hamısını bağrıma basıram. Hamısı Azərbaycanın bayrağı altında, müstəqil Azərbaycan dövlətinin yaşaması və möhkəmlənməsi uğrunda çalışmalıdır, döyüşməlidir, öz cəsarətlərinin göstərməlidir.

Əlikram Hümbətov və onun ətrafındakı mafioz dəstələr öz çirkin niyyətlərini həyata keçirmək üçün bir məsələ ortaya atmışlar: guya "Talış Respublikası" yaratmaq istəyirlər. Bilirsiniz, bizim Azərbaycan vahid Azərbaycandır. Onun vətəndaşlarının hamısı eyni hüquqlara malikdir. İndiyədək Azərbaycanda heç vaxt talış-azərbaycanlı, türk və sair söhbəti olmamışdır. Bu, süni surətdə ortaya atılmış şeydir. Talış köklü olan adamların hamısı azərbaycanlı kimi, Azərbaycanın ləyaqətli vətəndaşları kimi yüz illərlə Azərbaycanın vahid ailəsində yaşamışlar, birləşmişlər, bir-birinə qovuşmuşlar. Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən savayı buna heç kəs yol verməz. Ona görə də bizim, şəxsən mənim talış köklü adamların hamısına həmişə böyük hörmətim olub, o bölgənin adamlarına şəxsən mən, nəinki mən, bütün Azərbaycan rəhbərliyi böyük hörmət və rəğbətlə, qayğı ilə yanaşmışıq və bundan sonra da bu, davam edəcəkdir.

Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz. Əlikram kimi şəxslər talış köklü adamlar üçün təhqirdir və kim onu özünə bir rəhbər kimi, yaxud lider kimi qəbul edirsə, o, özünü mənəvi cəhətdən, siyasi, milli cəhətdən təhqir edir. Belələri varsa, onlar da ayılmalıdırlar və məsələləri özləri araşdıraraq bütün bu çirkin işlərdən uzaqlaşmalıdırlar. Nəinki uzaqlaşmalı, həm də etiraz səslərini ucaltmalıdırlar, həmin adamları təcrid etməlidirlər, Azərbaycanın birliyinə kömək etməlidirlər.

İndi Lənkəranda gərgin vəziyyət yaranmışdır, həm də təkcə Lənkəranla yox, ətraf rayonlarda da. Sizə məlumat verdim ki, orada xalq ayağa qalxıb. Əlikram Hümbətov atəş açsa da, silah işlətsə də xalqın gücü qarşısında dayana bilməmişdir, qaçıb kənarda qüvvə toplayır. Yəni yenə xalqa təcavüz etmək istəyir.

Mən ən əvvəl Əlikram Hümbətovu və onun ətrafında olan adamları xəbərdar edirəm: əgər onlar belə cinayətkar hərəkətlərini bundan sonra da davam etdirsələr, gələcəkdə daha böyük cəzaya məhkum ediləcəklər. Əgər onlar bu hərəkətlərindən əl çəksələr, bizim bağışlamaq üçün böyük ürəyimiz var. Mən bunu bildirirəm.

Eyni zamanda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar rayonlarının əhalisinə müraciət edirəm: ayağa qalxın, öz insanlıq mənliyinizi göstərin, vətəndaşlıq mənliyinizi göstərin, namusunuzu, şərəfinizi qoruyun, Azərbaycanın bütövlüyünü qoruyun, Azərbaycan dövlətini qoruyun. Mən həyatım boyu çox imtahanlardan çıxmış adamam. Bu gün tam qətiyyətlə deyirəm ki, xalqın gücü qarşısında heç bir silah üstün gələ bilməz. Xalqın iradəsini heç vaxt, heç bir silahla qırmaq olmaz.

Ona görə mən də xalqa müraciət edirəm, həmin rayonların əhalisinə, onların ağsaqqallarına, ziyalılarına müraciət edirəm. Demək istəyirəm ki, ayağa qalxın, belə cinayətkarlara, belə xainlərə, xalqı, dövləti parçalamaq istəyən adamlara qarşı öz qüdrətinizi göstərin, cəsarətinizi göstərin və bölgədə əmin-amanlıq yaradın.

Eyni zamanda Azərbaycan Respublikasının bütün vətəndaşlarına müraciət edirəm: bizimlə həmrəy olduqlarını bildirsinlər, respublika rəhbərliyinin bu qanuni, ədalətli hərəkətlərinə qoşulsunlar. Şübhəsiz ki, mən heç kimi bir-biri ilə davaya, toqquşmaya, vuruşmaya dəvət etmirəm. Mən həmişə sülh tərəfdarı olmuşam. Bu gün də sülh tərəfdarıyam. Hətta Ermənistanla gedən bu ağır müharibəni də indi sülhlə qurtarmaq tərəfdarıyam. Ona görə də mən sizi vuruşmağa, toqquşmağa deyil, sadəcə olaraq vətəndaşlıq mövqeyinizi bildirməyə dəvət edirəm. İnsanlıq mənəviyyatını, insanlıq şərəfini bildirməyə dəvət edirəm. Güman edirəm ki, xalqımızın əksəriyyətində bu keyfiyyətlər itməmişdir, qalır və xalq bunu göstərəcəkdir.

Fürsətdən istifadə edib bir-iki məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar Azərbaycanda cürbəcür şayiələr yayıdır. Bu barədə öz fikrimi avqustun 16-17-də Milli Məclisin iclaslarında demişəm. Şayiə yayırlar ki, guya burada təxribatlar hazırlanır, dövlət çevrilişi olacaq. Gah deyirlər ki, Əlikram, Mütəllibovla və Mütəllibovun Bakıda olan silahlı qüvvələri ilə çevriliş edəcəklər. Gah deyirlər ki, bu yaxınlarda naməlum səbəblərə görə buraya bir çox hərbi hissələr gəlib dolmuşdur, onlar hərbi çevriliş edəcəklər. Guya Xalq Cəbhəsi yenidən çevriliş edəcək və sairə. Mən xəbərdarlıq etmək istəyirəm, xalqı agah etmək istəyirəm. Bəli, Azərbaycanın bu ağır dövründə, daxili sabitliyin pozulduğu bir dövrdə öz şəxsi məqsədlərini güdən Rəhim Qazıyev kimi və ona bənzər ayrı-ayrı adamlar, şübhəsiz ki, cürbəcür çirkin hərəkətlərə əl atmaq cəhdindədirlər və bunu edə bilərlər. Ayrı-ayrı qruplar öz şəxsi məqsədlərinə nail olmaq üçün belə hərəkətlər edə bilərlər. Ancaq mən belə hesab edirəm ki, Azərbaycan xalqı, Bakının əhalisi bütün bu hərəkətlərə qarşı öz etirazını, nifrətini bildirəcək və Azərbaycan dövlətçiliyini qoruyacaq, belə hərəkətlər baş verərsə, ona layiqli cavab verəcəkdir.

Mən bəzi adamlara demişəm. Şəxsən mənim heç bir silahım yoxdur: nə topum, nə tapançam, nə də avtomatım var. Mənim idrakım var, iradəm var və xalq mənə ümid bəsləyirsə, xalq mənə bu səlahiyyəti vermişdirsə, xalqı bu ağır vəziyyətdən çıxarmağı öz öhdəmə götürmüşəmsə, güman edirəm ki, xalq məni müdafiə edəcəkdir. Ona görə də nə çevrilişdən qorxuram, nə mənə qarşı terror aktları hazırlayan qüvvələrdən qorxuram. Heç bir şeydən qorxmuram.

Demişəm və indi də deyirəm: həyatımın bundan sonrakı hissəsini xalqa bağışlamışam. Xalq onu harada kəsərsə, orada da kəsiləcəkdir. Mən həyatımı xalqın sərəncamına vermişəm. Hər dəqiqə, hər saat, gecə-gündüz xalqa xidmət edirəm. Heç bir qüvvəyə xidmət etmirəm. Heç bir qüvvə də mənə təzyiq edə bilməz.

Həmin o "Lənkəran amilini" saxlayan adamlar açıqca deyiblər ki, bunu Heydər Əliyevö təzyiq göstərmək üçün saxlamışıq. Başqa qüvvələr açıqca deyirlər ki, bunu Heydər Əliyevə təzyiq göstərmək üçün etmişik. Nə bilim Mütəllibov haqqında şayiə yayanlar, onun orada-buradakı silahlı dəstələri, Mütəllibovu hakimiyyətö gətirmək istəyənlər Heydər Əliyevə təzyiq etmək üçün, onu devirmək üçün etmişlər. Heç kim məni devirə bilməz. Mən bunu xalqım qarşısında deyirəm. Mən xalqın iradəsini yerinə yetirirəm. Azərbaycan Respublikasının dövlətçiliyini müdafiə edirəm, onun bütövlüyünü müdafiə edirəm. Bu yolda heç kəs məni sındıra bilməz, çəkindirə bilməz, heç kəs də qorxuda bilməz.

Ancaq söhbət təkcə məndən getmir. Mən bir şəxsəm, bir insanam. Ola bilər ki, mən olmayım. İndi söhbət Azərbaycan Respublikasının dövlətçiliyindən, Azərbaycanın müqəddəratından gedir. Lakin ayrı-ayrı qruplar Azərbaycan Respublikasının müqəddəratını hərraca qoymuşlarsa, həm də bir neçə ildir ki, qoymuşlarsa və bundan sonra da qoymaq istəyirlərsə, mən buna yol verməyəcəm. Bundan ötrü imkanlarım var. Ona görə də bütün həmvətənlərə müraciət edirəm, Azərbaycanın bütün vətəndaşlarına, bütün siyasi qüvvələrinə, siyasi partiyalara müraciət edirəm. İndi Azərbaycan Respublikası üçün, Azərbaycanın dövlətçiliyi üçün birlik, milli həmrəylik, milli birlik, vətəndaş birliyi hava, su kimi lazımdır. Biz gərək torpaqlarımızı müdafiə edək, gərək işğal olunmuş torpaqlarımızı geri qaytaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edək, Azərbaycanın müstəqilliyini qoruyub saxlayaq. Ona görə də aramızda olan, ayrı-ayrı şəxsi mənafe güdən qüvvələrə xəbərdarlıq edirəm: bütün bu işlərindən əl çəksinlər, bunların heç bir nəticəsi olmayacaq, onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki xalq artıq ayılmışdır, ayağa qalxmışdır. Xalqın gücünün qarşısında heç bir qüvvə dayana bilməz. Mən də xalqın gücünə arxalanıram. Əgər xalq məni bu gün lazım bilməsə, sabah getməyə hazıram. Ancaq mənə gələn məlumatlara görə, xalq mənə ümid bəsləyir. Mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam və ona qurban verməyə hazıram.

Mən bu sözləri sizə çatdırmağı özümə borc bildim. Lənkəranın və onun ətrafında olan rayonların əhalisinə bir daha müraciət edirəm, onları mətin olmağa, cəsur olmağa, vətəndaş mövqelərini müdafiə etməyə və Əlikram kimi cinayətkarları təcrid etməyə çağırıram. Öz hakimiyyətlərini özləri qursunlar. Bayaq dediyim kimi, Lənkəranda İcra hakimiyyətinin başçısı təyin olunmuşdur. Lənkəran camaatını onu müdafiə etməyə, işləmək üçün ona şərait yaratmağa çağırıram. Bu gün bütün başqa rayonlara da İcra hakimiyyətinin başçıları təyin olunacaqdır. Onları da müdafiə etməyə, işləmək üçün şərait yaratmağa çağırıram.

Bir daha bütün xalqa müraciət edərək bu ağır günümüzdə ondan səbr, təmkin və ağıllı addımlar gözləyirəm. Azərbaycan xalqına bu ağır günlərdə səbr arzulayıram, Azərbaycan vətəndaşlarına sevgimi, məhəbbətimi bildirirəm. Bir daha demək istəyirəm ki, mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Sizinlə birlikdəyəm. Azərbaycan Respublikası yaşayacaq, müstəqil dövlət kimi inkişaf edəcək. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, onun daxilində milli həmrəylik, qardaşlıq təmin olunacaqdır.

Sağ olun, diqqətinizə görə minnətdaram.

Tarixi arayış