Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Energetika Naziri Bill Riçardsonla görüşdəki söhbətindən - Ankara, "Hilton" mehmanxanası, 29 oktyabr 1998-ci il


Bill Riçardson: Cənab prezident, Sizinlə görüşdən böyük şərəf duyduğumu bildirirəm. Bu gün çox cazibədar bir gün oldu. Siz Ankara bəyannaməsinin imzalanması mərasimində Bakı-Ceyhan xətti haqqında qısa çıxışınızla öz böyük liderliyinizi bir daha göstərə bildiniz. Bugünkü görüşdən, bəyannamənin imzalanmasından sonra Birləşmiş Ştatlar belə hesab edir ki, biz Bakı-Ceyhan xəttinin çəkilməsi məsələsində böyük tərəqqi əldə etmişik. Bunların da çoxu məhz Sizin liderliyiniz sayəsində baş veribdir.

Hər iki dostunuzdan - prezident Bill Klintondan və vitse-prezident Albert Qordan Sizə salamlar gətirmişəm. Mən elə bilirəm ki, bu gün göstərdiyiniz təşəbbüs Bakı-Ceyhan xəttinin çəkilişinin uğurla başa çatması ilə nəticələnəcəkdir. İndi elə bir vaxt gəlib çatmışdır ki, Ankara bəyannaməsini həyata keçirmək lazımdır.

Heydər Əliyev: Mən dediyiniz sözlərə görə sizə təşəkkür edirəm. Ən öncə, prezident cənab Bill Klintondan və vitse-prezident cənab Albert Qordan mənə çatdırdığınız salamlara görə də minnətdarlığımı bildirirəm.

Bir daha güman edirəm siz bu gün də gördünüz ki, mən verdiyim sözlərə və gördüyüm işlərə sadiqəm. Mən bu gün söylədiyim qısa nitqimdə Bakı-Ceyhan xəttinin tarixini, güman edirəm, izah edə bildim. Ona görə də təkrar etmək istəmirəm. Ancaq bir daha bildirmək istəyirəm ki, həqiqətən, bu gün biz dörd il apardığımız işi son bir nəticəyə gətirib çıxardıq. Bakı-Ceyhan boru xəttinin əsasını da biz qoymuşuq, yəni Azərbaycan qoyubdur və bugünkü bəyannamənin yaranmasının təşəbbüskarı da Azərbaycandır, bizik. Mən həmişə hiss etmişəm ki, Amerika Birləşmiş Ştatları, prezident cənab Bill Klinton və vitse-prezident cənab Qor Bakı-Ceyhan xəttinə böyük maraq göstəriblər. Vitse-prezident cənab Albert Qorun mənə son dəfə göndərdiyi məktubda da bu məsələ qaldırılmışdır. Biz bu gün bunların hamısını həyata keçirdik. Görürsünüz ki, Ankara bəyannaməsini təkcə Türkiyə, Azərbaycan, Gürcüstan yox, Qazaxıstan, Özbəkistan da imzaladılar. İndi biz işin ikinci mərhələsinə keçməliyik. Güman edirəm, bunu da edəcəyik. Bizim bu işi aparmağımıza olan maneələri də siz bilirsiniz. Konsorsiumun bunun əleyhinə olmasını da bilirsiniz. Amma biz bu gün özümüzün siyasi iradəmizi bildirdik. Mən bundan çox məmnunam.