Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkə kinematoqrafının 100 illiyinə və "Festivallar festivalı"nın açılışına həsr olunmuş təntənəli gecədə çıxışı - 2 may 1998-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli festival qonaqları, dostlar! Rüstəm deyir ki, mən bir söz deməliyəm. Amma bu gün siz o qədər çox dediniz ki, buna çətin ki, nə isə əlavə etmək olar. Bu gün biz bir kəşf etdik, - bu, həm Rüstəm İbrahimbəyov üçündür, hə də onun həmkarları üçün, - göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun yüz ili tamam olur. Bu, birincisi. Sizin bunu bilməməyiniz pisdir. Elə biz də 1916-cı ili başlanğıc ili hesab edirdik. (R.İbrahimbəyov yerindən: Sizin fərmanınız çıxsa, onda hamı bilər). Siz ki, artıq elan etdiniz. Əgər bunu hər hansı bir sənədlə rəsmiləşdirmək gərəkdirsə, onda, təbii olaraq, fərman da vermək mümkündür. Lakin Azərbaycan kinosunun stajını, - əgər belə demək olarsa, - on il, yaxud neçə il artırmaq ümumən heç də sadə bir məsələ deyildir.

Bu, o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi, o, Azərbaycanda da peyda olmuşdur. Axı az-az ölkə tapılar ki, Avropada kino banilərinin kino yaratdıqları həmin vaxtdan bu ölkələrdə kino həqiqətən mövcud olmağa başlasın.

Buna görə də bugünkü festival hiss etdiyimiz bütün xoş, yaxşı hallarla yanaşı, məsələn, mənim üçün məhz bu kəşflə dəyərə malikdir - onun həm sübutu ilə, həm də nümayiş etdirilməsi ilə.

İkinci isə, bu gün doğrudan da elə bir vaxtdır ki, çox adamın bir yerə toplanması çətindir. Bununla belə, toplaşmısınız. Mən iki il öncə keçirilmiş "Festivallar festivalı"nı xatırlayıram. Sizin dəvətinizlə mən də orada idim. Lakin onda qonaqlar az idi və, əgər belə demək mümkünsə, kiçik bir toplanış idi. Bu dəfə toplantı daha böyükdür. Ümid edirəm ki, gələn dəfə daha böyük olacaqdır.

Burada da müəyyən bir qanunauyğunluq var, çünki Sovet İttifaqı dağılanda bir-birindən üz çevirib uzaqlaşmaq meyli çox güclü idi. Bu, tamamilə təbii olan haldır. Lakin bir-birimizdən uzaqlaşdıqdan, özümüz özümüzü hiss etdikdən, azadlıq qazandıqdan, müstəqilliyə nail olduqdan sonra bir-birimiz üçün darıxdıq və belə qərara gəldik ki, bir-birimizə hər halda yaxınlaşmaq lazımdır. Mən təxminən belə başa düşürəm. Bax buna görə də bu dəfə buraya, Bakıya iki il əvvəlkinə nisbətən daha çox adam toplaşmışdır. Yəni bu, tamamilə qanunauyğun meyldir. Mən bu meyli alqışlayır və arzu edirəm ki, kino sənəti xadimləri bir-birinə daha da yaxınlaşsın, daha çox möhkəmlənsin və müasir dövrün ruhuna, müasir insanın zövqünə uyğun olan kino sənəti əsərləri yaratsınlar.

Əlbəttə, burada hamımıza aydındır ki, televiziya kinonu sıxışdırmışdır. Yadımdadır, - bu gün Rüstəm mənə xatırlatdı, - biz burada, elə bu salonda Azərbaycan kinosunun 70 illiyini qeyd edirdik. Bu, 76-cı ildə olmuşdur. Tədbirdə mən də iştirak edirdim, zənnimcə, hətta çıxış etdim. Xatirimdədir, o vaxt mən təkcə kinodan deyil, başqa məsələlərdən də danışdım. Lakin sonralar da kinematoqrafiya ilə ünsiyyətdə oldum, deyirdim ki, televiziya öz imkanlarını nə qədər genişləndirsə, teatr, kino öz əhəmiyyətini itirməyəcəkdir. Mən bunu indi bir daha təsdiq edirəm. Belə bir qanunauyğun hal baş verir - televiziya kinonu müəyyən dərəcədə sıxışdırır. Amma adamlar televiziyadan, necə deyərlər, doyurlar və bir daha kino salonuna qayıtmaq, kinoya qayıtmaq, böyük ekrana qayıtmaq arzusu baş qaldırır. Mən belə düşünürəm ki, bu da baş verəcəkdir.

Mən şadam ki, Azərbaycan kinosu mövcud olduğu dövr ərzində geniş inkişaf etmişdir. Bu gün, siz Azərbaycan kinosu xronikasının tarixindən bəzi kadrları göstərəndə də, açığını desəm, mən bir daha və bir daha sevindim. Baxmayaraq ki, bunların hamısını görmüşəm, bütün bunlar mənə məlumdur. Elə vaxt gəlir ki, yenidən tarixlə təmasda olursan. Bilmirəm başqalarında necədir, amma bu, şəxsən məndə çox böyük sevinc hissi, öz xalqım, öz respublikam üçün iftixar hissi deyildir.

Məsələ təkcə bunda deyildir ki, mən bu gün Azərbaycan kinosunun yüz yaşı olduğuna görə sevinirəm, ondadır ki, çoxlu, lap çox yaxşı filmlər yaradılıbdır. Xatirəmdədir, hələ uşaqkən kinoya baxmağa gedərdik, onda hələ səsli kino yox idi, səssiz kino idi, Azərbaycan filmləri, Moskva filmləri, hətta xarici filmlər də xatirimdədir. Biz Çarli Çaplini ilk dəfə səssiz kinoda görmüşdük. Yaxud belə bir film vardı - "Miss Mend", xatirinizdədirmi? Çox maraqlı film idi, səssiz olsa da, biz, hələ çox gənc olan insanlar ona necə də məmnuniyyətlə baxardıq. Yəni demək istəyirəm ki, mən o uzaq illəri xatırlayıram. O zaman mənim on yaşım vardı. Bu gün isə görün, kino nə qədər yüksəlmişdir. Müharibədən əvvəl də yaxşı filmlər var idi, mən ikinci dünya müharibəsini deyirəm, müharibə dövründə də, müharibədən sonra da yaxşı filmlər yaradılmışdı.

Ancaq bu gün Rasim Balayev, - o, buradadır? Nə üçün belə uzaqda əyləşmisən? Yer yoxdur? Sən hər şeyi qonaqlara vermisən. Düz eləmisən, azərbaycanlı həmişə ən yaxşı nə varsa, qonağa verir. Bilirsiniz, mən bir Azərbaycan adətini xatırladım. Kənd yerlərində azərbaycanlıların, bəlkə də Bakıda yaşayanlar bunu bilmirlər, amma əyalətdə yaşayanlar bilirlər, yəqin ki, sizin də xatirinizdədir, - bir otağı, iki otağı vardısa, onun biri yalnız qonaqlar üçün saxlanırdı. Bizim hələ çarpayımız olmayanda yerdə yatardıq. Yaxşı yorğan-döşək, balınc yalnız qonaq üçün idi. Özümüz isə birtəhər keçinərdik.

Xatirimdədir, uşaq vaxtı kəndə qohumumuzgilə getmişdim. Bizi qarşılayıb evin girəcəyində yedirdilər, ancaq otağa buraxmadılar. Bəs o kimin üçündür? Qonaqlar üçündür. Orada bir çarpayı, yaxşı ipəkdən üzü olan yorğan, balınclar var idi. Özlərinin isə yerə salmağa xalçaları da yox idi. Mən fikirləşdim ki, yaxşı, qonaq ildə bir və ya iki dəfə, yaxud üç dəfə gəlir, amma otaq boş qalır. İnsan özü isə bütün ili elə bir şəraitdə yaşayır. Görün, necə psixologiyadır.

Yəqin ki, xalqımızın xarakteri ilə bağlıdır: Yaxşı nə varsa, qonaq üçündür. Bəzən deyirlər ki, azərbaycanlılar qonaqları yaxşı yedirib-içirdirlər. Bu, həqiqətən belədir, Həddən artıq yedirib-içirdirlər - bir, iki, üç... xörək. Qonaq da fikirləşir ki, bu adamlar elə həmişə bu cür yeyirlər. Bu əsla belə deyildir.

Bəlkə də insan qonaq gələndəki kimi ayda bir dəfə o cür yeyə bilməsin, qalan vaxtlarda aza qane olsun. Amma qonağa hər şeyi verir. Mən bizim milli ənənələrimizi, xarakterimizi pisləmirəm. Bütün bunları ona görə xatırladım ki, Rasim Balayev kənarda oturubdur. Mən də bir beləcə oturmuşdum, məni qonaq otağına buraxmadılar.

Kino bir çox nəsillərin həyatında olduqca böyük rol oynamışdır. Məsələn, mənim nəslimin həyatında kinonun rolu çox böyük olmuşdur. Müharibəyə qədər yaradılmış kinofilmlər - hərbi-vətənpərvərlik xarakterli, Rasim Balayevin bu gün dediyi kimi, inqilabi xarakterli və başqa filmlər çox maraqlı idi, bədii cəhətdən çox dəyərli idi, onlar həm də sənət, kino sənəti əsərləri idi. Lakin, bununla bərabər onlar adamlara çox kömək edirdilər. Bu filmlər bütün sonrakı dövrdə də çox kömək etmişdi.

Buna görə də kino sənətinə, kino xadimlərinə, kino artistlərinə bizdə həmişə böyük hörmət var. Bu gün özünüz gördünüz ki, sizin hər birinizi necə qarşılayırdılar, kimsə səhnəyə dəvət edildikdə nə qədər alqışlar, nə qədər sevinc, nə qədər məmnunluq olurdu. Siz öz gəlişinizlə, öz ünsiyyətinizlə və bugünkü gecə ilə təkcə salonda olanlara deyil, salonda olmayanlara da çox böyük fərəh hissləri bəxş etdiniz, çünki hər şey birbaşa yayımlanırdı, respublikamızda birbaşa translyasiya gedirdi. Odur ki, adamlar bütün bunlara görə sizə minnətdar olacaqlar.

Mən Azərbaycanda respublikanın rəhbəri işləyərkən kino sənətinin inkişafına böyük diqqət yetirirdim. Bu, Rüstəmin də yadındadır, başqalarının da. Bu gün bir kadr göstərdilər, orada Rüstəm hələ çox gəncdir. Hətta tanıya bilmirsən ki, bu, odur ya yox. Rasim Balayevin kinoda ilk dəfə görünməsini də xatırlayıram. Rəhmətlik Həsən Seyidbəyli "Nəsimi" filmini çəkirdi. O vaxt biz böyük şairimiz Nəsiminin 600 illiyini qeyd edirdik və onun haqqında film yaratmağı qərara almışdı q. Yaxşı ənənə idi. Biz görkəmli adamların yubileylərini qeyd edirdik, onların haqqında kitablar, romanlar, tarixi oçerklər yazılırdı, kinofilmlər çəkilirdi. Yaxşı ənənə idi. Bax onda biz ilk dəfə olaraq Bakıda Nəsimiyə gözəl bir abidə ucaltdıq, - bizdə Nəsiminin adına rayon var, - film yaratdıq. Həsən Seyidbəyli bu filmin yaradılmasını öz üzərinə götürdü. Xatirimdədir, ssenari çox mürəkkəb, çox çətin idi. Çünki tarixi təhlil etmək, aydınlaşdırmaq lazım idi ki, nəyi göstərməli və nəyi göstərməməli. Xüsusən ona görə ki, - mən yenə Rasim Balayevdən sitat gətirirəm, - bu gün o dedi ki, ideologiya rol oynayırdı. Həqiqətən, rol oynayırdı. Odur ki, həmçinin nəyisə ideologiyaya uyğunlaşdırmaq lazım idi. Prinsipcə, film çox yaxşı çıxdı.

Mən hesab edirəm ki, tarixi baxımdan bu film Azərbaycan kino sənətinin əslində ilk belə çox fundamental filmi idi. Xatirimdədir, onda mən Həsən Seyidbəyli ilə görüşdüm, söhbət etdim və soruşdum ki, bəs Nəsimi rolunu kim ifa edəcək? O dedi ki, bilirsinizmi, mən bir yaxşı, perspektivli cavan tapmışam. Soruşdum ki, o, haradadır? Dedi ki, o, teatr institutunda oxuyur. Mən onu sınaqdan çıxarmışam, baxmışam və indi gəlin, görək mən düz deyirəm.

O, Nəsimi rolunu həqiqətən gözəl ifa etdi, çox gözəl ifa etdi. İndi baxın, o, artıq bir qədər yaşa dolub, fiqurası da o vaxtkına nisbətən böyüyüb. Onda çox qədd-qamətli, çox qəşəng oğlan idi. Əlbəttə, bu gün də qəşəngdir.

Mən bunları niyə xatırlayıram? Ona görə xatırlayıram ki, bütün bunları keçmişdir, o cümlədən məndən də keçmişdir, mən bu işlə məşğul olurdum, bu işə böyük diqqət yetirirdim. Babək haqqında film də bunun kimi. Eldar Quliyev əla bir film yaratmışdır. Bu gün Rüstəmlə biz ayrı-ayrı xadimlərimizin rejissorun işinə qarışdığı bəzi məqamları xatırladıq və sair. Bu da olub. Biz digər filmlərə himayədarlıq edir, onlara baxır, kömək göstərirdik. Şadam ki, Azərbaycan kinematoqrafı böyük inkişaf tapmışdır.

Burada bəlkə də kiminsə yadındadır, mən Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Kinematoqrafiya Komitəsinə kuratorluq edirdim. Yermaş yanıma tez-tez gələrdi, biz bir çox məsələləri həll edərdik. Sovet kinematoqrafiyasının inkişafına əhəmiyyətli yardım göstərmək qərara alındı. Siyasi Büroda da, Nazirlər Sovetində də bu sahəyə mən başçılıq etdiyimə görə komissiyaya başçılıq etmək, bu məsələ ilə məşğul olmaq mənə tapşırılmışdı.

Mən isə hər şeylə maraqlanan insanam, nə isə bir iş görmək, nə isə hazırlamaq üçün çox diqqətlə məsələnin kökünə varmaq lazım idi, kinematoqrafı bilməyimdən əlavə, onun vəziyyətini, imkanlarını və sairəni də öyrənməli idim. Mən kinematoqrafiyanın ən böyük xadimləri ilə çoxlu görüşlər keçirdim və hər şeyi - sənəd, qərar layihəsi hazırladıq. Yermaşa dedim ki, siz bizim kinematoqrafın ən görkəmli adamlarını yanınıza çağırın, mən də gələcəyəm. Bu, 84-cü il idi. Biz bir neçə saat söhbət etdik. Orada iştirak edən insanların bəziləri artıq həyatdan gediblər. Ancaq bəziləri indi buradadır - Rüstəm orada idi, Şengelaya var idi. Deməliyəm ki, sonra biz o dövr üçün çox sanballı sənəd, Sovetlər İttifaqı Kinematoqrafiyasının inkişaf proqramını yaratdıq.

Həmin sənəd qəbul edildikdən sonra, biz Moskvada, Oktyabr salonunda kinematoqrafçıların geniş ümumittifaq fəallar yığıncağını keçirdik və mən məruzə etdim. Birincisi, kinematoqrafiyanın inkişafı barədə danışdıq. Yəqin ki, sizin xatirinizdədir? Bizim türkmənistanlı qonağımız hanı, mənim xatirimdədir, siz orada çıxış etdiniz. Biz bütün günü bu məsələləri müzakirə etdik, kinematoqrafiyanın ən böyük xadimləri çıxış etdilər, öx təklifləri, düşüncələri barədə danışdılar. Gördüyünüz kimi, mən kinematoqrafiya ilə bilavasitə bağlıyam. Ona görə də sizi sadəcə kino tamaşaçısı kimi ekrandan yox, praktiki fəaliyyətinizdən tanıyıram və sizə böyük hörmətlə yanaşıram. Bilirəm ki, kinematoqraf əməyi çox mürəkkəb, ağırdır. Ümumiyyətlə, artistin əməyi ağır zəhmətdir.

Mən dəfələrlə demişəm və bu gün bir daha demək istəyirəm ki, tamaşaçı səhnəyə baxır, artist çıxış edir, rolu oynayır, o, tanınmış adamdır, onu alqışlayırlar və sairə. Amma insan səhnəyə çıxanadək nə qədər həyəcan keçirir, səhnənin arxasında nələr baş verir - bunları heç də hamı bilmir. Ancaq mən bilirəm. Ona görə də teatr işçilərinin əməyini, kino-aktyor, rejissor əməyini yüksək qiymətləndirirəm və bu gün də həmin hisslərlə görüşə gəlmişəm.

Mən bu gün sizin haqqında danışdıqlarınızı diqqətlə dinlədim, sizə baxdım və mənə çox xoş oldu ki, siz hamınız gözəl formanızı saxlayırsınız, əvvəllərdə olduğu kimi, indi də məşhursunuz. Bir daha vurğulamaq istəyirəm ki, yenidən Bakıya toplaşmağınızdan çox şadam və kino sənətinin inkişafında sizə uğurlar arzulayıram. Bütün ölkələrin kinematoqraflarının dostluğu var olsun və inkişaf etsin.

"Azərbaycan" qəzeti, 5 may 1998-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT