Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın "Niçimen Korporeyşn" şirkəti idarə heyətinin sədri Vatari Akiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 31 oktyabr 2000-ci il


Heydər Əliyev: - Hörmətli qonaqlar, əziz dostlar!

Mən sizi Azərbaycanda salamlayıram və dərin məmnunluq hissi ilə bildirirəm ki, son illər Yaponiya ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Mən 1998-ci ildə Yaponiyaya rəsmi səfərimi və orada keçirdiyim çoxsaylı görüşləri böyük səmimiyyətlə xatırlayıram və xüsusilə şadam ki, bundan sonra münasibətlərimiz daha müvəffəqiyyətlə inkişaf etməyə başlamışdır. Yaponiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq bizim üçün böyük əhəmiyyətə malikdir. Biz şadıq ki, Yaponiya Azərbaycanda öz daimi səfirliyini açmışdır və səfir artıq buradadır. Yeri gəlmişkən, mən şadam ki, siz 1998-ci ildə Tokioda verdiyiniz vədi yerinə yetirmisiniz. Mən həmçinin bu fikirdəyəm ki, biz Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsi yaratmaqla çox düzgün hərəkət etmişik. Bu gün biz deyə bilərik ki, bu əməkdaşlıq artıq öz bəhrələrini verir. Sizin belə böyük və mötəbər nümayəndə heyəti ilə Azərbaycana gəlməyiniz göstərir ki, Yaponiyada Azərbaycanla iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verilir. Mən bunu alqışlayır və istəyirəm biləsiniz ki, biz bu əməkdaşlığa daha böyük maraq göstəririk və Yaponiya ilə Azərbaycan arasında həyata keçirilən işləri yüksək qiymətləndiririk.

Xəzər dənizinin enerji ehtiyatlarının hasilatı sahəsində əməkdaşlığımız geniş vüsət almışdır. Yaponiyanın kreditləri əsasında indi biz kimya kompleksimizdə çox mühüm qurğunun yaradılmasını başa çatdırmaqdayıq. Məncə, bu işlərin dəyəri 90 milyon dollardır. Yeri gəlmişkən, nəzərə çarpdırmaq istəyirəm ki, hörmətli dost, siz Sumqayıtdakı həmin kompleksin inşasını maliyyələşdirən "Niçimen" şirkətinin prezidentisiniz. Mən bu tikintinin bünövrəsinin qoyulması mərasimində iştirak etmişəm və sizinlə birlikdə oraya getmək, açılışı bildirən lenti kəsmək üçün onun başa çatdırılmasını səbirsizliklə gözləyirəm.

Biz Şimal DRES-in tikintisi üçün ayrılmış güzəştli kreditlərə görə Yaponiya hökumətinə minnətdarıq, Yaponiya hökumətinin qrantlarına görə təşəkkür edirik. Bu qrantlardan bizdə səhiyyədə, kənd təsərrüfatında və başqa sahələrdə səmərəli istifadə edilir. Bütün bunlar mənə belə deməyə əsas verir ki, iqtisadi əməkdaşlığımız çox səmərəli olmuşdur. Biz bir-birimizi yaxşı tanıdıq, dostlaşdıq, bir-birimizi başa düşürük və siz işgüzar dairələr olaraq, indi Azərbaycanda müxtəlif sahələrə sərmayə qoyulması üçün çox böyük imkanlar olduğunu görürsünüz. Mən isə əvvəllər olduğu kimi, bu gün də bəyan edirəm ki, Azərbaycanda Yaponiya ilə hər hansı layihə üzrə işin uğurla həyata keçiriləcəyinə təminat verirəm. Mən sizi bir daha salamlayıram.

Vatari Akira: Çox hörmətli cənab prezident!

İlk öncə Sizə təşəkkürümü bildirmək istərdim ki, çox məşğul olmağınıza baxmayaraq, bu gün bizi qəbul etməyə vaxt tapdınız. Buna görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm. Ötən ilin martında biz Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin yaradıldığı barədə rəsmən məlumat vermək üçün Bakıya gələndə də Sizinlə görüşmək şərəfinə nail olduq. Buraya gəldiyimiz o vaxtdan il yarım ötmüşdür. Sizin səhhətiniz sarıdan bir qədər narahatlıq da keçirdik, lakin bu gün mən çox şadam ki, Siz yaxşı görünürsünüz. Əməkdaşlığımızın indiki vəziyyətini nikbinliklə izah etdiniz. Bu, bizim üçün böyük fərəhdir.

Heydər Əliyev: Mən sağ və salamatam. Yaponiyadakı kimi, hələ çox yaşayacağam. Bilirəm ki, dünyada ən yüksək orta uzunömürlülük Yaponiyadadır.

Vatari Akira: Biz də buna ümid bəsləyirik. Siz də qeyd etdiniz ki, bu ilin yanvarında Bakıda Yaponiyanın səfirliyi açıldı və cənab səfir Xirose may ayında gələrək fəaliyyətə başladı. Yaponiya biznesmenləri olaraq biz də çox şadıq ki, səfirlik açılmışdır və o, ölkələrimiz arasında iqtisadi və işgüzar münasibətlərin genişlənməsinə fəal kömək göstərir. Bu gün bizim heyətin üzvləri arasında Yaponiya hökumətinin nümayəndələri də var. Mən bilən, Yaponiya hökuməti Azərbaycanla əməkdaşlığa kömək göstərməyə və müxtəlif iqtisadi layihələr üçün iyena ilə kreditlər, habelə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının kreditlərini verməyə hazırdır. Gələn ilin iyun ayında Tokioda üç Cənubi Qafqaz ölkəsinin sərgisini keçirmək planlaşdırılır. Sərgidə Yaponiya istehlakçılarına Sizin ölkənizin - Azərbaycanın malları, xüsusən qeyri-neft sahəsinə aid mallar təqdim ediləcəkdir.

Bildiyiniz kimi, bir çox Yaponiya firmaları Bakıda Yaponiya nümayəndəliklərinə malikdir və iqtisadi əməkdaşlığa dair layihələr, Azərbaycan mallarının, xüsusən qeyri-neft sektoru mallarının ixracı üçün imkan tapmağa çalışırlar. Çünki Yaponiyanın özəl dairələri də Azərbaycan iqtisadiyyatının inkişafında Sizə kömək göstərmək niyyətindədirlər. Dünən biz Yaponiya ilə Azərbaycan nümayəndələrinin iştirakı ilə İqtisadi Komitəmizin ikinci birgə iclasını keçirdik. Hər iki tərəf iqtisadi münasibətlərimizin daha da inkişaf etdirilməsinə çox fəal kömək etmək istədiyini bildirdi. Biz Sizə sevinc hissi ilə bildirmək istəyirik ki, cənab baş nazir Artur Rasizadənin köməyi və komitənin Azərbaycan tərəfdən həmsədri olan cənab Şərifovun himayəsi ilə biz dünənki iclasımızı çox uğurla keçirdik, açıq fikir mübadiləsi oldu. Dünənki iclasda Yaponiya biznesmenləri üçün aldığımız məlumat çox dəyərli məlumat idi. Zənnimcə, biz, komitəmizin bütün üzvləri öz komitəmizin əsas məqsədini - iqtisadi münasibətlərimizin yaxşılaşmasına kömək etmək məqsədini yaxşı bilirik. Həmsədr olaraq, biz öz tərəfimizdən bu məqsədin həyata keçirilməsinə çox çalışırıq. Buna görə də Sizdən xahiş etmək istəyirik ki, işimizin daha səmərəli olması barədə bizə məsləhət verəsiniz.

Mən "Azərkimya" ilə birgə layihəmizdən bir qədər danışmaq istəyirəm. Dediyiniz kimi, bütün işlər plana uyğun olaraq çox dəqiq gedir, biz tikintini başa çatdırmışıq və hazırda, sınaq dövründə hər şeyi yoxlayırıq. Bu ayın sonunadək hər şeyi edəcəyik, məhz buna görə də bizimlə birlikdə işləmiş olan "Çioda" firmasının nümayəndələri buradadırlar. Mən də ümidvaram ki, açılış mərasimində sizinlə birlikdə iştirak edəcəyik. Əlbəttə, biz sizin çox məşğul olduğunuzu gözəl başa düşürük, amma icazə versəydiniz, biz Azərbaycan iqtisadiyyatının inkişafı işində Yaponiya firmalarının fayda verə biləcəyi sahələri Sizinlə müzakirə edərdik.

Heydər Əliyev: Söylədiyiniz bütün sözlərə görə sizə təşəkkür edirəm. Deməliyəm ki, əməkdaşlığımız haqqında rəylərimiz uyğun gəlir. Mən şadam ki, siz - Yaponiya biznesmenləri Azərbaycana getdikcə böyük maraq göstərirsiniz. Şadam ki, dünən siz birgə komitənin iclasını keçirdiniz və dediyiniz kimi, o, uğurlu və hər iki tərəf üçün faydalı oldu. Mən xüsusilə məmnunam, siz bildirdiniz ki, Yaponiya biznesi Azərbaycana, ilk növbədə qeyri-neft sahəsinə daha çox sərmayə qoymaq istəyir. Mən Cənubi Qafqaz ölkələrinin Tokioda sərgisini keçirmək qərarınızı alqışlayıram. Hesab edirəm ki, Azərbaycan orada yaxşı təmsil olunacaqdır. Nəzərə alıram ki, artıq dekabrda biz sizinlə kimya kombinatımızda kompleksi işə salacağıq. Başlıcası isə, mənim sizə arzum budur - biz bütün Azərbaycanı sizin qarşınızda açırıq. Sizin üçün hansı sahələr maraqlıdırsa, biz bu sahələrdə sizə işləməyə, onlara sərmayə qoymağa və fayda götürməyə imkan verməyə hazırıq. Mən digər ölkələrlə müqayisədə Yaponiya ilə iqtisadi münasibətlərimizin necə təşəkkül tapdığına xüsusi əhəmiyyət verirəm və çox istəyirəm ki, bu münasibətlər inkişaf etsin, genişlənsin, çünki siz də, biz də hiss etmişik ki, bunun üçün imkan da var, şərait də var. Mən Yaponiyadan Azərbaycana daha çox biznesmen dəvət edirəm və sizin işiniz üçün ən əlverişli şəraitə təminat verirəm.

Vatari Akira: Səmimi sözlərinizə görə sağ olun.

Dərin minnətdarlığımızı bildiririk. Biz də Sizinlə məhz bu cür işləməyə çalışırıq.

(Sonra cənab Vatari Akira dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edərək dedi):

- Bu hədiyyə İqtisadi əməkdaşlıq Komitəsinin adındandır. Bu, Samuray dəbilqəsidir, lakin indi bu döyüş dəbilqəsi müdriklik rəmzinə çevrilmişdir. Ona görə də biz belə hədiyyəni oğlumuza və nəvəmizə, adətən müdriklik, qüvvət arzuları ilə bəxş edirik. Bu dəbilqə Sizin səhhətinizi qoruyacaqdır. Bizə dedilər ki, balaca bir oğlan nəvəniz var, biz ona da möhkəm cansağlığı arzulayırıq.

"Azərbaycan" qəzeti, 1 noyabr 2000-ci il.