Azərbaycan - Latviya münasibətləri


                                                                              

 
 
Münasibətlərin tarixi:  Azərbaycan və Latviya SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. Sovetlər birliyi dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Latviyada təxminən 1200 nəfərlik Azərbaycan icması yaşayır. Bu icma sayca az olsa da, Azərbaycan-Latviya münasibətlərinin genişlənməsində fəallıq nümayiş etdirir.

İkitərəfli siyasi münasibətlər: Latviya Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlayıb. Bu həm də Azərbaycanın Baltikyanı ölkələrdə ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb.

Azərbaycan və Latviya dövlət başçılarının ilk görüşü 8 iyul 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı olub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Latviya Prezidenti G.Ulmanis arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

10 sentyabr 1999-cu ildə Yaltada "Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans zamanı Azərbaycan Prezidenti Heydər Əliyev Latviyanın yeni seçilmiş Prezidenti V.Vike-Frayberqa ilə görüşüb.

2001-ci il iyulun 9-12-də Latviyanın xarici işlər naziri İndulis Berzinş rəsmi səfərlə Bakıda olub. Prezident Heydər Əliyev Latviya Respublikasının xarici işlər naziri İndulis Berzinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qəbul zamanı Prezident Heydər Əliyev bildirib: "Azərbaycanın Avropa Şurasına qəbul olunması prosesində bizi həmişə dəstəklədiyinizə görə sizə və Latviya hökumətinə bir daha təşəkkür etmək istəyirəm. İş belə gətirdi ki, bizi Avropa Şurasına artıq Latviyanın sədrliyi dövründə qəbul etdilər. Vurğulamaq xoşdur ki, bizim birgə səylərimiz bu cür nəticələndi. Siz həmin vaxt Avropa Şurasında sədrlik edirdiniz və orada yaxşı nitq söylədiniz. Gördüyünüz kimi, biz bir-birimizə çox sıx yaxınlaşdıq".

Səfər zamanı iki ölkənin xarici işlər nazirləri tərəfindən əməkdaşlıq haqqında və avtomobil daşımaları barədə müqavilə imzalanıb.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Azərbaycan Respublikası və Latviya Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsində böyük rolu olub.

2004-cü il martın 17-də Latviyanın dövlət katibinin müavini Andris Teykmanis, 2004-cü il iyulun 5-də isə Latviyanın dövlət katibi Edqars Rinkeviçusun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.

2005-ci il avqustun 15-16-da Azərbaycanın Müdafiə Naziri Latviyaya səfər edib və Riqada iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəd "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində müdafiə siyasəti və strategiyası, komandanlıq və idarəetmə, hərbi islahatlar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığı nəzərdə tutub.

2005-ci il oktyabrın 3-4-də Latviya Prezidenti xanım Vayra Vike - Freyberqa Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər ölkələrarası münasibətlərdə yeni mərhələnin bünövrəsini qoyub. İki ölkə prezidentinin görüşündə dövlətlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Latviya Prezidenti ölkəsinin Azərbaycanın Avropa strukturlarına inteqrasiyasını daim dəstəkləyəcəyini bildirib. Latviyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğu vurğulanıb. Tərəflər beynəlxalq təhlükəsizlik, bölgədəki mövcud münaqişələrin aradan qaldırılması məsələləri, ölkələrimiz arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan Prezidenti İlham Əliyev iki dövlət arasındakı əlaqələrdə ikitərəfli və regional məsələlərin, xüsusilə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin böyük əhəmiyyət daşıdığını bildirib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Höküməti arasında "iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq", "sərmayələrin təşviqi və qarşılıqlı qorunması", "terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq", "gömrük məsələləri üzrə qarşılıqlı yardım", "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Latviya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq" haqqında sazişlər, "gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" və "Birgə Bəyannamə" imzalanıb. Latviyanın Prezidenti Vayra Vike-Freyberqaya Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib. 2006-cı il oktyabr ayının 3-5-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviyada rəsmi səfərdə olub. Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Latviya Respublikasının Prezidenti Vayra Vike - Freyberqanın təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq, Avroatlantik strukturlara inteqrasiya sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Görüşdən sonra iki ölkə arasında "təhsil sahəsində əməkdaşlıq", "hava əlaqələri", "informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq", "rabitə sahəsində əməkdaşlıq", "maliyyə nazirlikləri arasında əməkdaşlıq", "səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq" haqqında sazişlər və “Birgə Bəyannamə” imzalanıb.

2008-ci il aprel ayının 3-də Prezident İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün Rumıniyaya səfər edib və Buxarestdə Latviyanın 2007-ci ildə prezidenti seçilmiş Valdis Zatlerslə görüşüb. Görüşdə iki ölkənin siyasi, iqtisadi və digər sahələrdə əlaqələrinin inkişafı vurğulanıb. Dövlət başçıları Azərbaycan və Latviyanın Avropanın enerji təhlükəsizliyi sahəsində əməkdaşlığını xüsusi vurğulayıblar.

2009-cu il iyunun 26-da Prezident İlham Əliyev Latviyanın ətraf mühit naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin təkcə iqtisadi və siyasi istiqamətlərdə deyil, yeni sahələri əhatə etməklə genişləndiyinin əhəmiyyətini vurğulayıb.

 

2009-cu il avqustun 9-da Latviyanın yeni prezidenti Valdis Zatlers Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyevin Latviya prezidenti Valdis Zatlerslə təkbətək görüşü olub. Görüşdə dövlət başçıları iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə edib.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb. Daha sonra isə Azərbaycan və Latviya prezidentlərinin iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Valdis Zatlers Birgə Bəyannamə imzalayıblar.

Mərasimdə "sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumu", "gənclər və idman sahəsində əməkdaşlıq haqqında" və"turizm sahəsində əməkdaşlıq haqqında" saziş imzalanıb. Daha sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar. Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere Heydər Əliyev Fondunda olublar.

Latviya Prezidenti Valdis Zatlersin Azərbaycana rəsmi səfərinə dair dövlət başçıları mətbuat üçün bəyanat veriblər.

Latviya prezidenti Valdis Zatlers Latviya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə, "Heydər Əliyev" ordeni ilə təltif edilib.Valdis Zatlers isə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafındakı müstəsna xidmətlərinə görə prezident İlham Əliyevə "Üç ulduz" ordeninin "Böyük xaç kavaleri" dərəcəsini təqdim edib.

 

2010-cu il yanvarın 28-də İsveçrədə işgüzar səfərdə olan Prezident İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin Davosda görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafı qeyd olunub. Prezident İlham Əliyev Azərbaycan və Latviya şirkətləri arasında əməkdaşlığın daha da genişlənməsini dəstəklədiyini bildirib. Görüşdə həmçinin, regional əməkdaşlıq, ikitərəfli münasibətlər, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadi münasibətlər: Azərbaycan-Latviya arasında qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər yüksək olmasa da, bu sahədə tədricən irəliləyiş əldə olunur. Latviyada 30-a yaxın Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir. Qlobal maliyyə böhranı iki ölkə arasında əmtəə mübadiləsinə təsir etməyib. 2009-cu ilin birinci rübündə Latviya və Azərbaycan arasında əmtəə mübadiləsi üzrə artım qeydə alınıb. 2006-cı ilin oktyabr ayında Riqada Azərbaycan-Latviya biznes forumu keçirilib. Biznes forumda hər iki tərəfdən 100-ə qədər iş adamı iştirak edib. Prezident İlham Əliyev və Prezident Vayra Vike-Freyberqan biznes forumda nitq söyləyərək biznes forumun əhəmiyyətindən danışıblar.

2009-cu ilin avqust ayında Bakıda növbəti Azərbaycan-Latviya biznes forumu keçirilib. Hər iki ölkənin prezidentləri forumun işində iştirak ediblər. Biznes forumda Azərbaycandan 120-dək şirkətin nümayəndəsi və Latviyadan 75 iş adamı iştirak edib.

Mədəni münasibətlər: Azərbaycan-Latviya mədəni əlaqələri inkişaf etməkdədir. 31 yanvar 2007-ci ildə Riqada "M.F.Axundov adına Azərbaycan Milli kitabxanası ilə Latviya Milli kitabxanası arasında əməkdaşlıq haqqında Saziş" və "M.F.Axundov adına Azərbaycan Milli kitabxanası ilə Latviya Akademik kitabxanası dövlət agentliyi arasında əməkdaşlıq haqqında Saziş" imzalanıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 9 may 2007-ci ildə Riqada Azərbaycanın məşhur muğam ustası A.Qasımovun konsert proqramı təşkil olunub. 30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılıb. Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünün ərəfəsində Latviyanın ən tanınmış "Teleqraf" qəzetində Azərbaycana, onun müasir inkişafına, Azərbaycan-Latviya əlaqələrinə həsr edilən xüsusi buraxılış dərc edilib.

Latviya ilə Azərbaycan arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq, Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün vacibdir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.