İlisu kənd orta məktəbinə - Bakı şəhəri, 22 oktyabr 1999-cu il


Hörmətli müəllimlər!

Əziz şagirdlər!

Azərbaycanın milli təhsil sisteminin inkişafında xüsusi yeri və rolu olan İlisu kənd orta məktəbının 110 illik yubileyi münasibətilə sizi, habelə məktəbinizin məzunlarını və ölkəmizin bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edirəm. Dünyəvi təhsil keçən əsrin ikinci yarısında müsəlman Şərqi ölkələri arasında ilk dəfə məhz Azərbaycanda reallaşmağa başlamışdır. Azərbaycanın geosiyası vəziyyəti və burada сərəуаn edən ictimai-siyasi proseslər maarifçilik hərəkatının inkişafına güclü təkan vermiş, iqtisadi və mədəni tərəqqi üçün daha əlverişli şərait yaratmışdır. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində baş verən köklü forma və məzmun dəyişiklikləri ilə yanaşı, dünyəvi məktəb də Azərbaycan gerçəkliyinin mühüm amillərindən birinə çevrilmişdir.

Bu gün yaradılmasının 110-cu ildönümünü təntənə ilə qeyd etdiyimiz məktəbiniz də həmin dövrdə Azərbaycan maarifçilərinin böyük səylərinin, fədakarlığının və vətənpərvərliyinin canlı mücəssəməsidir. Azərbaycanın ən gözəl guşələrindən biri olan İlisu kəndində yaradılmış bu məktəb öz sələflərinin layiqli davamçıları olan neçə-neçə maarifpərvər nəslin zəhməti sayəsində uzun illərdir ki, ölkəmizin ən qabaqcıl təhsil ocaqlarının biri hesab olunur. Respublikamızın bu qocaman təhsil mərkəzinin məzunları arasında yüzdən çox elmlər doktoru və elmlər namizədi, minə yaxın ali təhsilli mütəxəssis vardır.

Bu gün müstəqil Azərbaycan Respublikasının təhsil sistemində geniş islahatlar proqramı həyata keçirilir. Əminəm ki, öz uzunmüddətli fəaliyyəti və ölkəmizin təhsil salnaməsinə unudulmaz səhifələr yazmış İIisu məktəbi islahatların uğurla həyata keçirilməsi işinə öz töhfəsini vеrəсək, Azərbaycanımızın gələcək inkişafı naminə savadlı, bilikli, vətənpərvər gənclər yetişdirilməsi vəzifəsinin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.

Bu əlamətdar gündə sizə - İlisu kənd orta məktəbinin müəllim və şagirdlərinə nəcib fəaliyyətinizdə yeni uğurlar, həyatda xoşbəxtlik və səadət arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.