Azərbaycan - Slovakiya münasibətləri


                                                                            

 
 
Münasibətlərin tarixi: Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. 31 dekabr 1992-ci ildə Çexiya və Slovakiya respublikaları bir-birindən ayrılıb və 1 yanvar 1993-cü ildə Slovakiya müstəqilliyini elan edib. Müstəqilliyin ilk illərində qarşılaşdıqları problemlər iki dövlət arasında əlaqələrin inkişaf etdirilməsini ləngidib. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir.

İkitərəfli siyasi münasibətlər: Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. 2000-ci ilin fevralında Slovakiyanın xarici işlər naziri Eduard Kukan Azərbaycana səfər edib. 1 fevral 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Eduard Kukan başda olmaqla nümayəndə heyətini qəbul edib. Görüş zamanı Eduard Kukan bildirib: "Biz buradakı bütün danışıqlarımızda Dağlıq Qarabağ problemini xatırlayırdıq. Başa düşürük ki, bu, çox böyük problemdir, ölkənizin bütün inkişafını çətinləşdirir, mürəkkəbləşdirir. Cənab prezident, biz erməni həmkarlarınızla Sizin bütün siyasi əlaqələrinizi izləyirik. Ümidvarıq ki, Siz hər halda problemin həlli yolunu tapacaqsınız". Ermənistanın münaqişənin təşəbbüsçüsü olmasını qeyd edən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev bildirib: "Müxtəlif səbəblərdən Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altındadır, oradan bir milyonadək azərbaycanlı zorla çıxarılmışdır. Onlar çadırlarda yaşayır, təbii ki, işsizdirlər və Azərbaycanda çox böyük sosial-iqtisadi çətinliklər yaşayırlar".

Səfər zamanı Birgə Bəyanat,Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş,Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Slovakiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.

20 Aprel 2002-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Slovakiya Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti dəfə əməkdaşlıq haqqında Protokol imzalanıb.

İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra beynəlxalq təşkilatların və xarici ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirib. ATƏT-in o vaxtkı sədri, Bolqarıstanın xarici işlər naziri Solomon Passi, Rumıniyanın baş naziri Adrian Nestaseni, NATO-nun baş katibi Yaap de Hoop Sxeffer, Avropa Birliyinin komissarı Günter Verhögen ilə görüşlər xüsusi qeyd olunmalıdır.

Martın 19-da Slovakiya Prezidenti Rudolf Şuster öz iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə işgüzar səhər yeməyi verib. Elə həmin gün Azərbaycanın dövlət başçısı Bratislavada "Daha geniş Avropaya doğru: yeni gündəlik" mövzusunda beynəlxalq konfransda iştirak edib. On dörd ölkənin dövlət və hökumət başçılarının iştirak etdikləri bu mötəbər tədbirdə çıxış edən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzünə, ərazilərimizin 20 faizinin işğal olunmasına toxunaraq bildirib: "...Çox təəssüf ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyəti hələ də heç bir nəticə vermir. Ona görə də Avropa Birliyi və Avropa Şurası münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini gücləndirməlidir. Regionda sülhün və təhlükəsizliyin təmin olunması Avropanın da mənafelərinə uyğundur" Prezident İlham Əliyev işgüzar səfərininsonunda verilişləri bütün dünyada 7 dildə yayımlanan nüfuzlu "Bloomberq News" telekanalının müxbirinə müsahibə verib. Dövlət başçısı müsahibəsində bildirib: "Biz özümüzü Avropanın bir hissəsi hesab edirik, üç ildən artıqdır ki, Avropa Şurasının üzvüyük, qanunvericiliyimizdə bir sıra dəyişikliklər edərək onu demək olar ki, tamamilə Avropa ölkələrinin qanunvericiliyinə uyğunlaşdırmışıq. Biz ölkəmizdə bazar iqtisadiyyatının bərqərar olması üçün islahatlar həyata keçiririk, beynəlxalq maliyyə qurumlarının, Beynəlxalq Valyuta Fondunun tövsiyələrini nəzərə alırıq. Bir sözlə, biz, bu inteqrasiyaya hazırıq".

28 aprel 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubişin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və Avropa strukturlarına inteqrasiyası kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın xarici işlər naziri ilə keçirdikləri brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Yan Kubiş bildirib ki,münaqişənin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyi prinsipindən çıxış edir.

12 may 2009-cu ildə Slovakiya Respublikası baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabin Azərbaycana səfər edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ali Məhkəmənin yeni binasının açılış mərasimində iştirak edib. Azərbaycan Respublikasının və Slovakiya Respublikasının ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. 6 oktyabr 2009-cu ildə Prezident İlham Əliyev Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycan ilə Slovakiya arasında münasibətlərin bütün istiqamətlərdə genişlənməsinin zəruri olduğunu vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin bu güno qədər də intensiv xarakter daşımadığını qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Slovakiyanın Konstitusiya Məhkəməsinin sədrinin Azərbaycana səfəri uğurlu nəticələr verəcək və əməkdaşlığımızın daha da inkişafına xidmət edəcəkdir.

15 mart 2010-cu ildə Prezident İlham Əliyev Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın ölkəmizə ilk səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirib və bu səfərin Azərbaycan ilə Slovakiya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını vurğulayıb. Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Azərbaycanın həm regional, həm siyasi, həm iqtisadi, həm də energetika baxımından aparıcı dövlətlərdən biri olduğunu vurğulayıb. Daha sonra nazir bildirdi ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin intensivləşdirilməsindən ibarətdir. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən Miroslav Layçak Slovakiya ilə Azərbaycanın dost ölkələr olduğunu deyib.

İqtisadi münasibətlər: İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf etməyib. Ancaq bu münasibətlərin intensivləşdirilməsi üçün müəyyən addımlar atılmaqdadır. Artıq Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

2009-cu ildə Azərbaycanın Slovakiya ilə ticarət əlaqələri göstərilən kimi olub: idxal 10085,5 min ABŞ dolları; ixrac 1051,5 min ABŞ dolları.

Mədəni münasibətlər: Azərbaycan-Slovakiya mədəni münasibətlərini inkişaf etdirmək məqsədilə 4 dekabr 2008-ci ildə Bakıda Azərbaycan və Slovakiya mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb. 18 fevral 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Slovakiyada səfərdə olub. Səfər zamanı Slovakiya parlamenti sədrinin müavini Anna Belousova ilə görüş olub. Görüşdə ölkələrimiz arasında iqtisadi, mədəni, turizm və digər sahələrdə əlaqələrin inkişafı, həmçinin parlamentlərarası münasibətlərin dərinləşdirilməsi imkanları müzakirə edilib.

Ümumi tarixi arayış 22 aprel 2010-cu ildə tərtib olunub.