Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türk Dövlətləri Basçılarının 2-ci Zirvə toplantısında iştirak etmək üçün İstanbula yola düşərkən Binə hava limanında jurnalistlərə müsahibəsi - 18 oktyabr 1994 - cü il


Zirvə toplantısı türkdilli, türk mənşəli respublikaların ümumi toplantısıdır. Onun əsası iki il bundan əvvəl Ankarada qoyulmuşdur. Mən belə hesab edirəm ki, bu əhəmiyyətli bir addım və təşəbbüsdür, davam və inkişaf etməlidir.

Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl Zirvə toplantısının növbəti yığıncağını bu gün İstanbulda keçirmək təşəbbüsünü qaldırmışdır. Türkdilli respublikaların prezidentləri, o cümlədən də mən bu toplantının keçirilməsinə və orada iştirak etməyə razılıq vermişik.

Şübhəsiz ki, Zirvə toplantısı bizim xalqlarımızın, müstəqil ölkələrimizin bu günü və gələcəyi üçün əhəmiyyətli yoldur. Yəni bizim türk mənşəli, türkdilli xalqlarımızın, tarixi, milli, mənəvi ənənələri eyni və yaxud bənzər olan xalqlarımızın hər birinin müstəqil dövlət kimi mövcud olması, onların həm dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, həm də bu əlaqələrdən istifadə edərək tarixi irsimizi, keçmişimizi canlandırmaq və onun əsasında xalqlarımızı daha da yaxınlaşdırmaq dünyanın indi mürəkkəb proseslər gedən bir dövründə çox mühümdür. Ona görə də mən bu görüşə böyük əhəmiyyət verirəm. Orada hansı sənədin imzalanıb-imzalanmamasından asili olmayaraq, elə bu görüşlərin özü, fikir mübadiləsi, həmin ölkələrin prezidentlərinin ünsiyyəti - bunlar hamısı respublikalarımızın həm iqtisadi, həm mədəni, elmi, həm də bütün başqa sahələrdə bundan sonra da bir-biri ilə sıx əlaqələr yaratması üçün imkanlar açacaqdır. Ona görə də mən çox böyük məmnuniyyət hissi ilə dəvəti qəbul etmişəm və bu duygularla, bu fikirlərlə oraya yola düşürəm. 

Tarixi arayış

MÜSAHİBƏLƏR