Akademik Azad Mirzəcanzadəyə - 29 sentyabr 2003-cü il


Hörmətli Azad Mirzəcanzadə!

Sizi - müasir Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan tanınmış alimi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycanın tətbiqi mexanika və neft-mədən işləri sahəsində apardığınız araşdırmalar ilə böyük nüfuz qazanmışsınız. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı məsələlər sizin tərəfinizdən fundamental elm səviyyəsində tədqiq olunmuşdur. Neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş əsərlərinizdə neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin bir sıra aktual problemləri öz konkret həllini tapmışdır ki, bu da neft yataqları istismarının səmərəliliyini xeyli artırmaq imkanı vermişdir. Elmi fəaliyyətinizdə neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirməyiniz də təqdirəlayiqdir.

Ötən əsrin ortalarından başlayaraq əldə etdiyiniz elmi nəticələr ölkə neftçilərinin əməli işində öz əksini tapmışdır. Neft sənayesinin inkişafına töhfələrlə zəngin yaradıcılığınız bu baxımdan elm və istehsalatın sıx bağlılığının gözəl nümunəsidir.

Bir çox dünya dillərində nəşr olunmuş əsərləriniz və nüfuzlu beynəlxalq forumlardakı çıxışlarınızla siz Azərbaycan elmini ləyaqətlə təmsil etmisiniz. Geniş diapazonlu pedaqoji fəaliyyətiniz də elmi yaradıcılığınızı ahəngdar bir şəkildə tamamlayır. Respublikamız, habelə xarici ölkələr üçün hazırladığınız yüksək peşəkar kadrlar məhz sizin yetirməniz olduqlarına görə fəxr edirlər.

İnanıram ki, siz Azərbaycanın inkişafı naminə zəngin elmi təcrübənizi, bilik və bacarığınızı bundan sonra da əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 30 sentyabr 2003-cü il.