Hörmətli Ziya müəllim!
Anadan olmağınızın yetmiş illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm, müdriklik yaşınızda möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
Siz uzun illər boyu tarix elmimizin inkişafı yolunla gərgin axtarışlar aparmağı ömrünüzün mənasına çevirmisiniz. Orta əsrlər Azərbaycanının açılmamış səhifələrinin araşdırılmasına, öyrənilməsinə həsr edilən onlarca kitabınızla, yüzlərcə məqalənizlə şərqşünaslıq və tarix elmimizə beynəlxalq nüfuz qazandırmağa çalışmısınız. Alim səbriniz və işgüzarlığınız sayəsində Şərq tarixinin əvəzsiz örnəkləri dilimizə tərcümə edilmişdir. Müqəddəs "Qurani-Kərim"i son yetmiş ildə yenidən tərcümə edənlərdən və nəşrə hazırlayanlardan biri kimi böyük savab iş görmüsünüz.
Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, akademik kimi siz indi də elmi fəaliyyətinizi davam etdirərək xalqımızın tarixi sınağa çəkildiyi bir zamanda əlinizdən gələni əsirgəmirsiniz.
Ümidvaram ki, müstəqil Azərbaycanımız naminə bundan sonra da yorulmadan çalışacaq, bizi elm cəbhəsindəki uğurlarınızla sevindirəcəksiniz.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.