Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın "Ekonomist" jurnalının müxbirinə müsahibəsi - London, 1 dekabr 1995-ci il


Sual: Sizcə, neft ehtiyatlarını ixrac etməyə başladıqdan sonra Azərbaycan nə qədər zənginləşəcək? Deyirlər ki, Azərbaycan dönüb Küveyt olacaqdır.

Cavab: Mən şübhə etmirəm ki, Azərbaycan öz neft yataqlarının hamısından səmərəli istifadə etsə və onların ixracını yaxşı təşkil edə bilsə zəngin olacaqdır. Küveyt Küveytdir, Azərbaycan isə Azərbaycandır. Nə üçün hamı özünü Küveytə bənzətməyə çalışmalıdır? Bəlkə gələcəkdə elə bir şərait yaranacaqdır ki, başqa ölkələr özlərini Azərbaycana bənzətməyə çalışacaqlar.

Sual: Razılaşıram ki, Azərbaycan öz neft ehtiyatlarından səmərəli istifadə edərsə və onu ixrac edərsə, doğrudan da zəngin bir dövlətə çevrilər. Amma bəs bu, indiyədək niyə baş verməyib?

Cavab: Bilirsiniz, Azərbaycan indiyə qədər də çox neft istehsal edibdir. Azərbaycan dünyada sənaye üsulu ilə neft çıxaran, istehsal edən ilk ölkədir. Siz dediniz ki, bu sahə ilə məşğul olursunuz. Güman edirəm, sizin üçün maraqlı olar ki, Azərbaycanda ilk neft fontanı 1848-ci ildə olmuşdur. O vaxt dünyanın heç bir yerində neft çıxmırdı. Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında neft 1858-ci ildə fontan vurubdur. XIX əsrin ikinci yarısında bizdə neft istehsalı o vaxtın ölçülərinə görə o qədər böyük olubdur ki, dünyanın çox böyük şirkətləri Azərbaycana gəliblər, işləyiblər. Nobel qardaşları 1870-ci illərdə Azərbaycanda öz fəaliyyətlərinə başlayıblar. Onların o vaxt tikdikləri binalar, yaratdıqları bəzi obyektlər indiyədək durur.

XX əsrin əvvəlində Azərbaycan neft istehsalını daha da çoxaldıbdır. Ancaq Sovet hakimiyyəti qurulandan sonra və Azərbaycan Sovetlər İttifaqının tərkibinə keçəndən sonra şübhəsiz ki, Azərbaycanın bütün neft sənayesi Sovetlər İttifaqının iqtisadiyyatına, onun sənayesinə xidmət edibdir. Bu fakt da sizin üçün yəqin maraqlı olar ki, İkinci dünya müharibəsində Sovetlər İttifaqı Almaniya ilə müharibə edəndə, faşist Almaniyası SSRİ-yə hücum edəndə və sonrakı dövrdə gedən müharibədə (bu müharibə isə motorlar - tanklar, təyyarələr müharibəsi idi) Sovetlər İttifaqının neftə və neft məhsullarına olan tələbatının 70-80 faizini Azərbaycan verirdi.

Çoxları belə fikirdədir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində bəlkə də Sovetlər İttifaqı alman faşizminə qalib gələ bilməzdi. Dənizdən, suyun altından da neftin çıxarılması ilk dəfə Azərbaycanda olmuşdur. 1949-cu ildə Xəzər dənizində ilk böyük neft fontanı olmuşdur. O vaxt indi Böyük Britaniyanın ətrafında dənizdən neft çıxarılan buruqların heç biri yox idi. Norveçin "Statoyl" şirkəti də indi dənizdən bu qədər ki, neft çıxarır, bunlar da o vaxt yox idi. Ancaq iş burasındadır ki, Azərbaycan SSRİ-nin tərkibində olanda bu neft bütün Sovetlər İttifaqına məxsus idi. O vaxt Azərbaycan müstəqil dövlət deyildi. Ona görə də respublikamızda istehsal olunan neft Sovetlər İttifaqının ehtiyaclarının ödənilməsinə sərf edilirdi.

İndi Azərbaycan müstəqil dövlətdir. Özü öz sərvətlərinin sahibidir. Azərbaycan yeni bir iqtisadi sistem əsasında özünün neft yataqlarında xarici neft şirkətləri ilə müştərək iş aparır, neft hasilatını artırmaq istəyir.

Sual: Cənab prezident, Qərb neft şirkətlərinin Azərbaycanda neft istehsal etməsi üçün ekoloji baxımdan texniki problemlər, çətinliklər yoxdur. Lakin Qərb şirkətlərində bir narahatlıq var. Bu narahatlıq isə siyasi risklə bağlıdır. Siyasi risk deyən zaman mən bir sıra dövlətlərin regiona, sizin bölgənizə, Azərbaycan neftinə olan marağını nəzərdə tuturam. Siz Qərb neft şirkətlərinin bu narahatlığına necə cavab verərdiniz?

Cavab: Bilirsiniz, başqa ölkədə sərmayə qoymaq istəyən hər bir şirkət müəyyən qədər riskə gedir. Ancaq bu riskin həcmi, onun böyüklüyü-kiçikliyi əsas əhəmiyyət kəsb edir. Bu siyasi riskdən heç kəs azad deyil. Bəzən bir təbii fəlakət də hər bir şeyi dağıda bilir. Doğrudur, bu, siyasi risk məsələsi ilə əlaqədar deyil. Amma hər yerdə iş görülərkən bunun özü də nəzərə alınmalıdır. O ki, qaldı xarici neft şirkətlərinin Azərbaycanda iş görməklə əlaqədar siyasi riskinə, bu, çox minimaldır.

Birincisi, siyasi risk hər bir ölkənin daxili ictimai-siyasi vəziyyəti ilə əlaqədardır. Mən bunu deyə bilərəm, Adam Smit İnstitutunun keçirdiyi konfransda da bəyan etdim ki, indi Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabitdir. Bu, bizim noyabrın 12-də ilk dəfə qəbul etdiyimiz konstitusiya ilə qorunur, qanunlarla, hüquq normaları ilə, demokratiya prinsiplərinin həyata keçirilməsi ilə qorunur. Bu ictimai-siyasi sabitlik eyni zamanda hakimiyyətin gücü, səlahiyyətləri ilə qorunur. Konfransda çıxış edərkən mən bir prezident kimi hamıya zəmanət vermişəm ki, gəlib Azərbaycanda rahat iş görmək olar. Biz bunun üçün bütün şəraiti yaradırıq.

Şübhəsiz, narahat edən cəhət bir də ondan ibarətdir ki, Ermənistan ilə Azərbaycan arasında yeddi ildir hərbi münaqişə mövcuddur. Biz bu hərbi münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Güman edirəm artıq dünya ictimaiyyəti inanır ki, biz bu münaqişəni sülh yolu ilə həll edə bilərik. Çünki yeddi il davam edən bu müharibədə bir il yarım bundan öncə, 1994-cü ilin mayın 12-də atəşin dayandırılması haqqında, yəni müvəqqəti sülh yaranması barədə saziş əldə etmişik. Bu, bilavasitə Azərbaycan ilə Ermənistan arasında bağlanmış sazişdir. Bu sazişin bağlanmasında heç bir vasitəçi qüvvənin iştirakı olmayıb. Artıq 19 aydır ki, atəş yoxdur, qan tökülmür, insanlar rahat yaşayırlar. Bu, əsas verir ki, biz bundan sonra da məsələnin sülh yolu ilə həll olunması üçün səylərimizi artıraq.

Beləliklə, bu amilə görə də siyasi risk tamamilə minimal səviyyədədir. Azərbaycanda dövlət respublikamızın bütün sahələrinə çox etibarlı nəzarət edir. Bu da Azərbaycana sərmayə qoymaq istəyən hər bir şirkət üçün, mənə elə gəlir ki, böyük zəmanətdir.

Sual: Cənab prezident, xarici şirkətləri Azərbaycanda narahat edən məsələ heç də Azərbaycanda daxili sabitlik deyil. Onlar bu sabitliyin olduğuna əmindirlər. Xarici şirkətləri daha çox Azərbaycanın xarici ölkələrlə münasibətləri narahat edir. Başqa sözlə desək, bir çox Qərb şirkətləri bilmək istəyirlər ki, Azərbaycanın inkişafı yolunda Rusiyanın niyyətləri nədən ibarətdir, bu müqavilələrin həyata keçirilməsinə Rusiya imkan verəcəkdirmi? Bəziləri deyirlər ki, Rusiya bu imkanın qarşısını almağa, ona mane olmağa çalışır. Neft müqavilələrinin həyata keçirilməsinə mane olmağa çalışır. Digərləri isə deyirlər ki, Rusiya bu müqavilələrin irəli getməsini istəyir və bu işdə Azərbaycanı ruhlandırır. Siz bunlara bir şərh verərdinizmi?

Cavab: Bilirsiniz, bu fikirlər qarmaqarışıqdır. Bunların bəzisi əsaslı, bəzisi əsassızdır. Ancaq dəqiq vəziyyət bundan ibarətdir. Şübhəsiz ki, indi ölkələr arasında rəqabət var. İqtisadi cəhətdən böyük, güclü ölkələr istəyirlər ki, başqa ölkələri öz iqtisadi, bəzən isə siyasi təsir dairəsinə salsınlar. Bu, tək Rusiyaya aid deyil. Ancaq sizin sualınıza konkret cavab olaraq onu demək istəyirəm ki, birincisi, Rusiya bizim bu neft müqaviləsində iştirak edir. Yəni keçən ilin sentyabr ayında neft müqaviləsi imzalanarkən Rusiyanın energetika nazirinin müavini bu müqaviləyə imza atıbdır. Həmin o müqavilədə nəzərdə tutulan payın on faizi Rusiyanın "LUKoyl" şirkətinə məxsusdur.

Noyabrın 10-da biz Azərbaycanda yeni bir müqavilə imzaladıq, yeni bir konsorsium yaratdıq. Həmin konsorsiuma Rusiyanın "LUKoyl" şirkəti də daxil olub. Bu konsorsiuma həmçinin Amerikanın "Pennzoyl", İtaliyanın "Acip" şirkətləri və Azərbaycan Dövlət Neft Şirkəti daxildirlər. Bu müqavilədə Rusiyanın payı daha da çoxdur. Müqavilənin imzalanmasında Rusiyanın yanacaq və energetika naziri Yuri Şafranik iştirak edib və bu müqaviləni imzalayıb.

Nəhayət, böyük neft müqaviləsi proqramını həyata keçirməkdən ötrü ilkin neftin ixracı üçün iki neft kəmərinin tikilməsi haqqında bu ilin oktyabr ayında qərar qəbul etmişik. Bu iki neft kəmərindən biri şimalda, Rusiyanın ərazisindən keçib Qara dənizə gedəcək. İkinci kəmər isə qərb istiqamətində, Gürcüstanın ərazisindən keçərək o da Qara dənizə çıxacaqdır.

Şimaldan, Rusiyanın ərazisindən keçəcək neft kəmərinin tikilməsi haqqında yaxın günlərdə Moskvada lazımi sənədlər, müqavilələr imzalanacaqdır.

Beləliklə, siz görürsünüz ki, Rusiya artıq bizim müqavilələrin üzvüdür, onların iştirakçısıdır. Biz Rusiya ilə əməkdaşlıq edirik. Ona görə də güman etmirəm ki, Rusiya bu işlərin həyata keçməsinə maneçilik törətsin.

Qərb şirkətlərinin bundan narahat olmasına və Rusiyanı təhlükə kimi qəbul etməsinə heç bir əsas yoxdur. Ona görə də burada siyasi risk heç yoxdur.

Sual: Moskvada baş verənləri diqqətlə izləyənlər indi Rusiyanın siyasətində iki elementin mövcud olduğunu bariz şəkildə görə bilərlər. Bu iki meyldən biri "LUKoyl"u dəstəkləyən qrupdur. Həmin qrupda olanlar düşünürlər ki, Azərbaycanın bağladığı neft müqavilələrinin həyata keçirilməsində, inkişaf etdirilməsində Rusiya iştirak etməli və buna yardımçı olmalıdır. Çünki bu müqavilələrdə "LUKoyl" şirkətinin də payı vardır. Digər bir siyasi qrup isə Rusiyanın xarici siyasət aləminə məxsusdur. Bu qrupu təmsil edənlər əsasən millətçilik mövqeyindən çıxış edərək Azərbaycanın neft ehtiyatlarının birgə istismar olunmasını istəmirlər və bu işə mane olmaq istəyirlər. Sizcə, Rusiyanın regiona olan marağını birinci qrup, başqa sözlə desək, Rusiyanın enerji lobbisi müəyyənləşdirir, yoxsa ikinci qrup?

Cavab: Birincisi, mənə elə gəlir ki, sizin təhliliniz ümumiyyətlə əsaslıdır. İkincisi, doğrudan da orada iki qrup, dəstə var. Mən bir daha demək istəyirəm ki, sizin təhliliniz və əldə etdiyiniz nəticələr əsaslıdır. Ancaq mən hesab edirəm ki, sağlam məntiq hər şeydən üstün olacaqdır. Rusiyanın iqtisadi mənfəətləri üstün gələcəkdir. Millətçi, imperiya əhval-ruhiyyəli qüvvələr güman edirəm ki, bizim bu işlərimizə mane ola bilməzlər. Doğrudur, onlar müəyyən bir zərər gətirə bilərlər. Ümumiyyətlə, bizim işlərimiz çətinliklərin aradan götürülməsi yolu ilə gedir. Bizim bu işlərimiz hamar yol ilə, yaxud tamamilə düz asfalt yolla getməyib. Eniş də, yoxuş da var, qarşımıza daş da, qaya da çıxır. Ancaq biz bunları yarıb keçirik. Güman edirəm ki, bu məsələdə olan maneələri də biz yarıb keçə biləcəyik.

Müxbir: Cənab prezident, etiraz etməsəydiniz, ilkin neftin ixracı ilə bağlı daha konkret suallara keçərdim. Çünki bu məsələ neft sənayesi ilə məşğul olan hər bir şəxsdə böyük maraq doğurur.

Heydər Əliyev: Buyurun, mən sizi dinləyirəm.

Sual: İlkin neftin ixracı ilə əlaqədar iki kəmər barədə çoxlu söz-söhbətləri var. Bəziləri belə bir iddia irəli sürürlər ki, neft kəmərinin Gürcüstandan keçməsi Gürcüstanın Rusiyadan müstəqilliyinə kömək edir, yardımçı olur. Digər qüvvələr isə belə hesab edirlər ki, Gürcüstandan keçən kəməri də məhz Rusiya nəzarətdə saxlayır. Siz bu fikirlərin hansına üstünlük verirsiniz?

Cavab: Bilirsiniz, ümumiyyətlə, bu tədqiqatçılar, iqtisadçılar, jurnalistlər ayrı-ayrı mülahizələr ortaya atırlar və bu mülahizələr də sonra bəzən çox böyük vətəndaşlıq hüququ alır, bunun ətrafında cürbəcür söhbətlər, müzakirələr getməyə başlayır. Belə mülahizələr ətrafında fikir mübadiləsi aparmaq istəməzdim. Şübhəsiz ki, hər bir iqtisadi addımın nəyəsə xeyri var, bu nə iləsə əlaqədardır və hansı məsələlərləsə bağlıdır. Qısaca olaraq mən o cavabı verə bilərəm ki, iki neft kəmərinin eyni zamanda çəkilməsini biz düşünülmüş surətdə etmişik. Birincisi, bu, iqtisadi prinsiplərə, əsaslara uyğundur. İkincisi, bəzi siyasi məsələləri də həll edir.

Sual: Sizcə, əsas neft kəməri haradan keçəcəkdir? Başqa sözlə desək, bir neçə ildən sonra qərar qəbul edilməli olan bu kəmərin haradan keçəcəyi barədə bir fikir varmı?

Cavab: Bir neçə fikir var. Hətta beynəlxalq iqtisadi dairələr özlərinin bu barədə layihələrini də hazırlayıblar. Bu layihələrin həm üstünlüyü, həm də çatışmazlığı var. Biz bu məsələni ölçüb-biçəcəyik və bütün prinsipləri nəzərə alaraq qərar qəbul edəcəyik. Hələ vaxtımız var, düşünməliyik. Yaşayarıq, görərik.

Sual: İlkin neftin ixracı ilə əlaqədar Türkiyənin irəli sürdüyü bir iddia var. Türkiyə bəyan edir ki, əgər Qara dənizdən çoxlu neft ixrac olunarsa, o zaman ekoloji problemlərlə əlaqədar Bosfor boğazında təhlükə yarana bilər. Bu fikirlərə siz necə baxırsınız?

Cavab: Əgər Türkiyə bunu deyirsə, demək Türkiyə doğru deyir. Bu boğazın hakimi onlardır. Mən onların fikri ilə razıyam.

Sual: Əvvəllər biz deyirdik ki, Azərbaycanın zəngin potensialı, sərvətləri vardır. Sizcə, bu zəngin sərvətlərdən istifadə etməklə Azərbaycan nə vaxt zənginləşə bilər? Beş iləmi, on iləmi, on beş iləmi, yoxsa bu proses uzun çəkər?

Cavab: Bilirsiniz, bir var istək, arzu, bir də var ki, imkanlar. Mən istəyirəm ki, gələn ildən Azərbaycan zəngin olsun. Ancaq bu məsələyə real yanaşsaq, bizə bir neçə il lazımdır ki, bu iqtisadi islahatları, özəlləşdirməni həyata keçirək və xarici investisiyaların Azərbaycana gəlməsini gücləndirək. Bunlar hamısı Azərbaycanın iqtisadiyyatını qaldıracaq, bu da özü-özlüyündə insanların yaşayış tərzini yaxşılaşdıracaq, Azərbaycanı iqtisadi cəhətdən zənginləşdirəcəkdir.

Enerji sektorunda isə bizim bu müqavilənin konkret proqramı, yəni qrafiki var. Məsələn, ilkin neft 1996-cı ilin sonunda alınmalıdır. Ancaq ilkin neftin beş milyon ton həcminə çatması üçün iki il də lazım olacaqdır. Biz böyük nefti təxminən 2000-ci ildən sonra geniş miqyasda alacağıq. Böyük neftin ixracı üçün gərək böyük neft kəməri tikilsin. Bunların həyata keçirilməsi prosesində də Azərbaycanda iqtisadi vəziyyət tədricən yaxşılaşacaqdır. Ancaq real nəticə alınandan sonra, şübhəsiz ki, Azərbaycanın siz dediyiniz o zənginlik mərhələsi olacaqdır. Mən hesab edirəm ki, biz Azərbaycanın zənginliyini nəzərdə tutduğumuzdan da əvvəl görəcəyik.

Müxbir: Hörmətli prezident, vaxtınızı çox aldım. Təşəkkür edirəm.

Söhbəti Daniel Litvin aparmışdır. 

Tarixi arayış