Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Milli Məclisində Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqi – Paris, 14 yanvar 1997-ci il


Bugünkü dostluq görüşünə görə sizə təşəkkür etmək istəyirəm. Mən artıq ikinci dəfədir ki, burada, parlamentdə bu dostluq şəraitindəyəm, Fransa-Azərbaycan dostluğu qrupu ilə birlikdəyəm. Çox xoş haldır ki, bizim Fransa parlamentində belə mətin, sarsılmaz, etibarlı dostlarımız var. Güman edirəm ki, bu gün biz bir çox məsələlərdən açıq, ürəyimizcə, səmimi və düz danışdıq. Mən bəzi sözləri çox açıq-aşkar dedim. Elə görünə bilər ki, bu sözlər kiməsə toxunar. Lakin bütün bunlar ona görədir ki, biz burada özümüzə qarŞı dostluq münasibətləri hiss edirik.

Qarşılıqlı münasibətlərdə səmimilik hiss etdikdə heç nəyi gizlətmirsən və hər şeyi açıqca bildirirsən. Buna görə də bizi burada, Fransada narahat edən məsələlərdən açıq danışdıq. Təbiidir ki, bu, erməni lobbisinin, erməni diasporunun fəaliyyətinə aiddir. Bununla yanaşı, mən hiss edirəm, siz ürəkdən istəyirsiniz ki, Ermənistan – Azərbaycan münaqişəsi mümkün qədər tez bir vaxtda aradan qaldırılsın. Buna görə sağ olun.

Sağ olun ki, siz vəziyyəti obyektiv qiymətləndirirsiniz. Bax, bu obyektivlik, ədalətlilik bizim üçün müstəsna əhəmiyyətə malik bir amildir. Biz Fransa ilə yaxşı dostluğa malik olmaq, Fransa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə inkişaf etdirmək istəyirik. Təkcə neft sənayesində deyil, başqa sahələrdə də əməkdaşlığımızın böyük perspektivləri açılır. Azərbaycanda artıq bir çox Fransa şirkətləri işləyirlər və bütün bunlar dostluğumuzu möhkəmlətmək və inkişaf etdirmək üçün yaxşı vasitədir. Əminəm ki, Azərbaycanın simasında Fransa etibarlı, səmimi və şərəfli dosta malik olacaqdır. Bu baxımdan parlament, xüsusən onun nüfuzlu üzvləri – bu stol arxasında əyləşmiş dostlarımız çox iş görə bilərlər.

Mən sizinlə söhbət edir, sizə baxıram və düşünürəm ki, sizin bir çoxunuz Fransa tarixinin bir hissəsidir, De Qoll, Pompidu və başqa prezidentlərin hökumətində nazirlər olmusunuz, bu gün isə parlamentdə işləyirsiniz. Necə böyük səadətdir! Şəxsən mən ümumiyyətlə tarixə, eləcə də öz xalqımın, başqa xalqların tarixinə böyük hörmətlə yanaşıram. Artıq tarixə çevrilən nə varsa, hamısının qədir-qiymətini bilmək və hamısını obyektiv qiymətləndirmək lazımdır. Fransa Respublikası zəngin tarixə malikdir və biz Fransa inqilabının tarixindən çox şey görüb-götürürük. Buna görə də sizinlə dostluq etmək istəyirik.

Bu səmimi qəbula görə sizə təşəkkür edirəm. Sizə cansağlığı və firavanlıq arzulamaq istəyirəm. Azərbaycana tez-tez gəlin və parlament üzvlərini bizə göndərin. Sizin sağlığınıza! Fransanın şərəfinə, Fransa Respublikasının şərəfinə! Fransa-Azərbaycan dostluğu şərəfinə!