Azərbaycan Prezidenti Heydər Əliyevin Fransanın "Ekspansion" jurnalının müxbirinə müsahibəsi - Paris, 14 yanvar 1997-ci il


Sual: Jurnalımıza müsahibə verməyə razılşadığınız üçün Sizə təşəkkür etmək istəyirəm. Vermək istədiyim ilk sual belədir: Siz ölkənizdə böyük siyasi dəyişikliklər həyata keçirmisiniz, bunlar respublikanın iqtisadi vəziyyətinə necə təsir göstərmişdir?

Cavab: Bunlar iqtisadi vəziyyətə birbaşa təsir göstəribdir. Çünki bir tərəfdən Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, digər tərəfdən isə iqtisadi islahatların həyata keçirilməsi bazar iqtisadiyyatının inkişafına, Azərbaycana xarici sərmayələr qoyulmasının həvəsləndirilməsinə yönəldilmiş bir sıra tədbirlər şübhəsiz ki, Azərbaycanda sosial-iqtisadi şəraitə birbaşa və çox müsbət təsir edibdir. Bu, özünü bir çox sahədə göstərir. İlk növbədə insanlar, deyə bilmərəm ki, yaxşı yaşayırlar, lakin əvvəlkindən yaxşı yaşamağa başlamışlar. Biz müasir maliyyə sistemi yarada bilmişik, öz milli valyutamız var. O, 1993-1994-cü illərdə inflyasiyaya məruz qalırdı. 1994-cü ildə inflyasiya təqribən 1700 faizə qalxmışdı. Keçən il aylıq inflyasiya bir faizdən az, ümumən il ərzində isə beş faizdən aşağı olubdur. Zənnimcə, bu, MDB-yə daxil olan ölkələr arasında ən yaxşı göstəricidir.

Siz yəqin ki, Moskva televiziyasına baxırsınız. Rusiyada əmək haqqı, pensiyalar və sairə vaxtında verilmir. Bizdə bu problemlər yoxdur. Milli valyutamız - manat möhkəmlənibdir, o, sabitdir. Amerika dollarına nisbətən məzənnəsi təqribən 7 faiz qalxıbdır. Əslində inflyasiya yoxdur, biz heç bir emissiyaya yol vermirik. Bu, əsas malların, xüsusən ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsinə təsir göstəribdir. Belə vəziyyətdə əhalinin gəlirlərinin artması bəlkə də azdır, lakin qiymətlərin artımını qabaqlayır. Qiymətlər isə, demək olar, artmır.

Sual: Cənab prezident, Siz iqtisadi islahatlar haqqında danışdınız. Məhz hansı iqtisadi islahatları aparmısınız?

Cavab: Birincisi, dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanıbdır, ikincisi, 1995 və 1996-cı illərdə bir neçə qanun qəbul edilib və prezidentin bir neçə fərmanı verilibdir, bunlar xarici ticarəti tamamilə sərbəstləşdirmişdir, iqtisadiyyat tamamilə sərbəstləşibdir. Aqrar bölmədə heyvandarlıq, demək olar, bütünlüklə özəlləşdirilib, torpaq islahatı haqqında qanun qəbul edilibdir. Bu qanun torpağın onu satmaq və digər şəxslərə vermək hüququ ilə xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur. Qarşıdakı iki il ərzində, - mən 1997 və 1998-ci illəri nəzərdə tuturam, - dövlət mülkiyyəti 70 faizə qədər özəlləşdiriləcəkdir. Azərbaycana sərmayə axını güclənibdir. İri neft müqavilələrinin imzalanması sizə məlumdur. Biz dünən beşinci müqaviləni - Fransanın "Elf Akiten" və "Total" şirkətləri ilə müqaviləni imzaladıq. Özü də imzalanma mərasimi Fransa prezidentinin və Azərbaycan prezidentinin iştirakı ilə Yelisey sarayında oldu. Bütövlükdə bu müqavilələr Azərbaycana 15 milyard Amerika dolları həcmində sərmayə qoyulmasını nəzərdə tutur. Şübhəsiz, bu müqavilələr bir neçə ildən sonra öz nəticələrini verəcəkdir. Hesab edirəm ki, məsələn, XX əsrin sonu - XXI əsrin əvvəli Azərbaycan üçün iqtisadi yüksəliş dövrü olacaqdır. Bir tərəfdən bu müqavilələr, digər tərəfdən isə iqtisadi islahatlarımız əməli nəticələrini verməyə başlayacaqdır.

Sual: Başqa sözlə, indi Siz deyə bilərsinizmi xarici kapitalın bir hissəsi Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir?

Cavab: Şübhəsiz, məsələn, indi bu müqavilələr həyata keçirilir və ötən il birinci müqavilə üzrə konsorsium yarım milyard dollar kapital qoyubdur. Əlbəttə ki, bunun hamısı Azərbaycan iqtisadiyyatına yönəldilməyib, lakin layihə həyata keçirilir. Bir də ki, bu işləri yerinə yetirmək üçün çoxlu infrastruktur yaradılır, bu isə yeni iş yerləri deməkdir və şübhəsiz ki, insanların bir çox kateqoriyasına gəlir gətirir. Məsələn, Norveç kimi çox da böyük olmayan bir ölkənin 50-dən çox şirkətinin Azərbaycanda ofisləri var. Bu ofislərdə işləyən insanların isə əksəriyyəti bizim vətəndaşlarımızdır. Buna görə də sıx inteqrasiya gedir.

Sual: Neft bölməsindən savayı daha hansı sahələrə diqqət yetirmək lazımdır?

Cavab: Bizim kimya, neft kimyası sektoru çox mühümdür. Bu sahədə bizdə böyük kompleks var. Yeri gəlmişkən deyim ki, Fransa şirkətlərindən biri ilə polixlorvinil istehsalı sahəsində əməkdaşlıq edilir. Kimya sənayesi sahəsində digər ölkələrlə də əlaqələrimiz var. Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə, o cümlədən sement zavodunun yenidən qurulmasında iştirak etməyə başlayırlar. Dünən "Lafarj" sement şirkətinin prezidenti mənə öz layihəsini verdi, - niyyət protokolu imzalamışlar, - sement zavodunun yenidən qurulmasını 18 aya başa çatdırmağı vəd etdi. Bu bizim üçün çox mühümdür. Yaxud başqa misal, Fransanın "Sofreqaz" şirkəti bizim əhalini qazla təchiz edən konsern ilə əməkdaşlıq edir, başqa bir şirkət Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsində iştirak edir. Hesab edirəm ki, aqrar bölmə xarici sərmayədarların diqqətini getdikcə daha çox cəlb edir. Burada da orta və kiçik müəssisələr yaratmaq üçün imkan var.

Sual: Sovet İttifaqının bərpası haqqında Rusiya Kommunist Partiyasının lideri cənab Züqanovun keçən ilin oktyabrında seçkilər ərəfəsində verdiyi bəyanat Azərbaycanda necə qarşılanmışdır?

Cavab: Bizim cəmiyyətimizdə buna münasibət ümumən mənfidir. Bizdə buna sadəcə olaraq məhəl qoymurlar. Çünki prezidentin siyasətini, xəttini bilirlər. Ona görə də insanlarımız narahat deyillər ki, Sovetlər İttifaqını bərpa etmək və Azərbaycanı ona birləşdirmək mümkün olsun. Bu baxımdan xalq sakitdir.

Sual: Hazırda Azərbaycanın Rusiya ilə, digər Qafqaz respublikaları ilə münasibətləri necədir?

Cavab: Rusiya ilə münasibət normaldır, biz bunları inkişaf etdirir və istəyirik ki, daha da yaxşı, daha da dostcasına münasibətlər olsun. Gürcüstanla çox yaxşı dostluq münasibətlərimiz var. Ermənistanla münaqişə vəziyyətindəyik. Digər qonşularımızla da yaxşı dostluq münasibətlərimiz var.

Sual: Siz Fransa biznesmenlərinin Azərbaycanın iqtisadi bazarında iştirakı haqqında bir qədər danışdınız. Əsasən biznesmenlərdən, habelə Fransanın siyasətçilərindən ibarət olan oxucularımıza nə arzu edərdiniz?

Cavab: Mən onlara arzu edirəm ki, gecikməsinlər, Azərbaycanda yerlər tutulacaqdır. Mən bunu prezident Jak Şiraka, görüşdüyüm sənaye və telekommunikasiya, xarici ticarət nazirlərinə də demişəm.

Müxbir: Çox sağ olun. İcazə verin, Sizə təşəkkür edim və uğurlar arzulayım.

"Azərbaycan" qəzeti, 17 yanvar 1997-ci il