Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Prezidenti Aparatı İnformasiya İdarəsi rəisinin müavini Marina Nekrasovaya müsahibəsi - Moskva, 18 yanvar 1996-cı il


Sual: Heydər Əliyeviç, ekspertlər yazırlar ki, hazırda Azərbaycan MDB ölkələri arasında əmin-amanlığın mövcud olduğu respublikalardan biridir. Bununla əlaqədar belə bir sual vermək istərdim: Parlaq gələcəyi olan, irəliləyən respublikanı Müstəqil Dövlətlər Birliyinə gətirib çıxaran nədir? Sizdən ötrü MDB nə deməkdir? Nəyə görə bu birlikdə iştirak etməyi qərara aldınız?

Cavab: Əvvəla, Azərbaycanı daha çox əmin-amanlığa malik respublikalardan biri adlandırmaq olmaz. Çünki Azərbaycan yeddi ildir Ermənistan tərəfindən təcavüzə məruz qalır. Bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, işğal edilmiş torpaqlardan bir milyondan artıq vətəndaşımız zorla qovulmuşdur və qaçqın kimi ağır şəraitdə, çoxları çadırlarda yaşayırlar.

Məhz bu, Azərbaycanın həyatını olduqca çətinləşdirən faktdır. Doğrudur, Ermənistanla gedən bu müharibədə il yarımdan artıqdır ki, atəşkəsə nail ola bilmişik. 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanmışdır. Yəni biz 20 aydır ki, barışıq, atəşkəs şəraitində yaşayırıq. Əgər bu baxımdan yanaşsaq, deyə bilərik ki, bəli, əmin-amanlıqdır. Keçmişlə müqayisədə daha çox əmin-amanlıqdır. Bununla belə, müharibə və digər amillər bizim bütün həyatımızı çətinləşdirir. Məsələn, respublikamızın şimal hissəsində gediş-gəlişin məhdudlaşdırılmasını götürək. Bizim Rusiya ilə sərhədimiz - həm dəmir yolu, həm də avtomobil yolu bağlıdır. Bu, işlərimizə mənfi təsir göstərir. Eyni zamanda nəzərə alsaq ki, biz daxildə bir çox siyasi prosesləri aradan qaldıra, ictimai-siyasi sabitlik yaratmağa nail ola bilmişik, sizin dediyinizlə razıyam, indi respublikada vəziyyət daha yaxşıdır. Əvvəlki illərdə belə deyildi.

Axı, xarici amillərlə yanaşı, əvvəllər Azərbaycanda daxili siyasi vəziyyət də çox ağır idi. Bu mənada biz xeyli uğurlara nail olmuşuq və respublikada həqiqətən əmin-amanlıq yaranmışdır.

Sualınıza cavab verirəm ki, Azərbaycanı MDB-yə daxil olmağa gətirib çıxaran nədir. Bəli, Azərbaycan MDB-yə daxil deyildi, siz bunu bilirsiniz. 1993-cü ildə, vətəndaş müharibəsi vəziyyətində olanda da Azərbaycan MDB-yə daxil deyildi. Mən bir neçə ay respublikada ictimai rəyi, xalqı inandırmalı oldum ki, Azərbaycanın MDB-yə daxil olması zəruridir.

Müstəqil Dövlətlər Birliyinə daxil olmağımızın səbəbi nədir? Bizim ölkələrimiz, indi birliyə daxil olan müstəqil dövlətlər bir çox onilliklər ərzində bir dövlətin tərkibində olmuşuq, elə ondan əvvəl də bir dövlətin tərkibində idik, ona görə də bütün bu illərdə, xüsusən Sovetlər İttifaqının mövcud olduğu illərdə bizi çox şey möhkəm bağlayırdı. Sovetlər İttifaqı çərçivəsində məhsuldar qüvvələrin yerləşməsi, yaxud bunların harada yerləşdirilməsinin müəyyən edilməsi respublikaların iqtisadiyyatının, sənayesinin bir-biri ilə sıx bağlanmasına səbəb olmuşdu. Bir də ki, axı, biz insanıq. Əvvəllər sərhədlər yox idi, insanlar bütün Sovetlər İttifaqını sərbəst gəzib dolaşırdılar, kim isə haradasa məskən salırdı, kim isə Azərbaycandan kənarda yaşamağa başlamışdı. Rusiyada, Moskvada belə azərbaycanlıların sayı çoxdur. Ona görə də bütün bu əlaqələri qırmaq, sərt dövlət sərhədləri ilə məhdudlaşdırmaq olmaz. Keçid dövrü ilə, bir sosial-iqtisadi sistemdən digərinə keçilməsi ilə əlaqədar iqtisadiyyatda, sosial-siyasi həyatda yaranmış çətinliklərin aradan qaldırılmasına olan ehtiyac bizim bir birlik daxilində olmağımızın zəruriliyini şərtləndirir.

Ona görə də biz Müstəqil Dövlətlər Birliyinə daxil olmuşuq və hesab edirəm ki, düz iş görmüşük. Ötən iki il ərzində biz heç nə itirməmişik, əksinə qazanmışıq.

Sual: Heydər Əliyeviç, yüksək səviyyədə görüşdən əvvəl siz Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinlə, baş nazirlə görüşdünüz. Bu görüşlərin nəticələri necədir?

Cavab: Mən bu görüşlərdən razıyam. Hesab edirəm ki, onlar çox səmərəli oldu. Nəticə də yaxşıdır. Prezident Boris Nikolayeviç Yeltsinlə biz bir neçə mühüm məsələni, ən əvvəl Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan münaqişəsinin qəti olaraq aradan qaldırılması məsələsini müzakirə etdik. Biz həmin məsələ barəsində fikir mübadiləsi apardıq, məsələnin tənzimlənməsinin bəzi mümkün variantlarını nəzərdən keçirdik. Boris Nikolayeviç indi bu problemlə fəal məşğul olmağı qərara almışdır. Mən bunu düz hesab edirəm. Biz bəzi tədbirlər barədə də razılığa gəldik. Bu tədbirlər həmin münaqişənin aradan qaldırılmasına nail olmaq üçün, hərbi əməliyyatların tez bir vaxtda tamamilə dayandırılması üçün görülməlidir. Mən bundan çox razıyam.

Biz bu məsələni Rusiya Federasiyası hökumətinin baş naziri Viktor Çernomırdin ilə də müzakirə etdik. Boris Nikolayeviçlə Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin bəzi məsələlərini də müzakirə etdik. Zənnimcə, biz bu problemlərin müzakirəsini qarşılıqlı anlaşma və razılıq şəraitində başa çatdıra bildik.

Viktor Stepanoviç Çernomırdin ilə biz ikitərəfli münasibətlərimizi, iqtisadi əməkdaşlığı, bir neçə belə mühüm məsələni müzakirə etdik. Mühüm məsələlərdən biri Azərbaycan neftinin Rusiya ərazisi ilə Qara dəniz sahilinə ixracı üçün neft kəməri çəkilməsi məsələsidir. Bu məsələ bir neçə ay ərzində işlənib hazırlanmışdır. Biz qəti qərara gəldik və saziş imzaladıq. Yeri gəlmişkən, bu, çox mühüm sazişdir. Boris Nikolayeviç də sazişi imzaladığımızı razılıq hissi ilə qarşıladı. Bundan əlavə, bizim baş nazir Fuad Quliyev və Viktor Stepanoviçin müavini Aleksey Bolşakov 2000-ci ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında saziş imzaladılar. Biz 1996-cı ildə ticarətə dair sənəd imzaladıq. Zənnimcə, çox iş gördük. Mən bu nəticələrdən razıyam.

Sual: Mən bu sualı verməyə bilmərəm. Çünki o, indi rusiyalıları çox narahat edir. Bir də ona görə ki, siz silahlı münaqişələrin aradan qaldırılması sahəsində nadir təcrübəyə maliksiniz. Hər halda hakimiyyətiniz dövründə siz ona nail oldunuz ki, respublika artıq neçə vaxtdır sülh şəraitində yaşayır. Məhz bu, mənə əsas verir ki, sizə belə bir sual verim.

Çeçenistanda münaqişə ilə əlaqədar necə bir vəziyyət yarandığını bilirsiniz. Sizcə, onun həlli yolları necədir? Öz təcrübənizə əsasən nə deyərdiniz?

Cavab: Çeçenistanda baş verən hadisələr Rusiyanı narahat edir, məncə, dünya ictimaiyyətini narahat edir, Azərbaycanı da narahat edir. Biz ondan ziyan çəkirik, ona görə ki, bu hadisələrlə əlaqədar Rusiya ilə Azərbaycan arasında sərhəd tamamilə bağlanıb, bu sərhəd Rusiya Federasiyasının Dağıstan Respublikasından keçir. Əlbəttə, buna görə biz istəyirik ki, Qafqazda, Şimali Qafqazda və Azərbaycanın bilavasitə yaxınlığında yerləşən bu bölgədə sülh olsun. Odur ki, biz bu münaqişənin aradan qaldırılmasını istəyirik. Amma mən bu məsələnin indi necə həll edilməli olduğunu söyləmək fikrində deyiləm. Bu, belə şəraitdə qeyri-mümkündür. Lakin düşünürəm ki, Rusiya rəhbərliyi tədbirlər, özü də kifayət qədər səmərəli tədbirlər görür. Mən əminəm ki, Rusiya rəhbərliyi bu problemi həll edəcəkdir.

Sual: Heydər Əliyeviç, axırıncı sual. Bizim proqramımızda siz özünüz özünüzdən nə soruşardınız və özünüzə necə cavab verərdiniz?

Cavab: Mən sizinlə birinci dəfədir görüşürəm. Görünür, bu, çox yaxşı proqramdır. "Moskva - Kreml" proqramının Rusiya üçün də, Ruisya ilə, Azərbaycan ilə yaxşı, mehriban, yaxın, qarşılıqlı münasibətləri olan ölkələr üçün də əhəmiyyəti var. Mən sizin proqramınıza uğurlar, uzun ömür arzulayıram, qoy sizin proqram həmişə var olsun. Belə düşünürəm ki, o, yaşayacaq və öz verilişləri ilə Rusiya Federasiyasının möhkəmlənməsinə, Rusiya və Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında, o cümlədən də Azərbaycanla münasibətlərin möhkəmlənməsinə kömək edəcəkdir. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, 5-ci cild, səh. 283.

Tarixi arayış