Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan müəllimlərinin I qurultayında nitqi - 26 sentyabr 1998-ci il


Əziz müəllimlər, qurultay nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, müstəqil Azərbaycanın ilk müəllimlər qurultayını, bu qurultayın nümayəndələrini və bu möhtəşəm salona toplaşanların hamısını səmimi qəlbdən salamlayıram, sizə cansağlığı, səadət arzulayıram.

Mən Azərbaycan müəllimləri qurultayına təbrik məktubu göndərmişəm. O, bu gün mətbuatda dərc olunubdur, siz bununla tanışsınız. O məktubumda mən müəllim haqqında, Azərbaycan müəlliminin tarixi barədə öz fikirlərimi ifadə etmişəm. Ancaq bu gün səhərdən sizinlə bərabər müəllimlər qurultayının iştirakçısı olduğuma və məruzələrinizi, çıxışlarınızı diqqətlə dinlədiyimə görə, buradakı ab-havanı hiss edərək mən bir neçə fikrimi, mülahizələrimi sizə çatdırmaq istəyirəm.

Hesab edirəm ki, müstəqil Azərbaycanın müəllimlər qurultayı uğurla başa çatır və qurultayın qarşısında duran vəzifələr yerinə yetirilir. Müəllimlər qurultayında sərbəst, tam demokratik şəraitdə geniş və gözəl müzakirə, fikir mübadiləsi keçirildi. Bu, məni çox sevindirir. Güman edirəm ki, siz də bu gün buradakı bütün müzakirələrdən razı olmalısınız. Çünki natiqlər istədikləri kimi danışdılar, sözlərini dedilər, fikirlərini bildirdilər və bir çox səmərəli təkliflər irəli sürdülər.

Qurultayın belə sərbəst, açıq, demokratik şəraitdə keçirilməsi müstəqil Azərbaycanda demokratiyanın mövcudluğunu, varlığını və onun inkişaf etdiyini bir daha sübut edir. Hesab edirəm ki, bu gün burada aparılan müzakirə, irəli sürülən fikirlər Azərbaycanda məktəbin, təhsil işinin təkmilləşməsi, mövcud olan nöqsanların aradan qaldırılması, Azərbaycan xalqının təhsilinin daha da yüksəklərə qaldırılması üçün çox əhəmiyyətlidir, faydalıdır.

Ümid edirəm ki, burada irəli sürülən təkliflər, bəyan edilən fikirlər Azərbaycanın hazırlanan təhsil qanunu layihəsində öz əksini tapacaqdır. Təhsil islahatları ilə əlaqədar mart ayından indiyə qədər fəaliyyətdə olan islahat komissiyası bu təklifləri nəzərə alacaqdır. Beləliklə, bugünkü qurultayda irəli sürülən fikirlərin əksəriyyəti iki dövlət sənədində öz əksini tapa biləcəkdir. Bununla bərabər, əgər ehtiyac olsa, mən bəzi məsələlərin həll edilməsi üçün xüsusi bir fərman da imzalaya bilərəm. Həmin fərmanda Azərbaycanın müvafiq nazirliklərinə, hakimiyyət orqanlarına, hökumətinə lazımi tapşırıqlar verilə bilər.

Beləliklə, mən hesab edirəm ki, müstəqil Azərbaycanın birinci müəllimlər qurultayı ölkəmizin təhsilinin gələcəyi və ümumiyyətlə, Azərbaycanın gələcəyi üçün mühüm bir mərhələdir. Bizim və sizin - hamımızın vəzifəmiz ondan ibarətdir ki, bu qurultayda irəli sürülmüş fikirlər, təkliflər həyata keçirilsin və Azərbaycanda bütün təhsil daha da yüksəlsin.

Azərbaycanda təhsilin qədim və zəngin tarixi vardır. Bu gün bu barədə məlumatlar verildi. Siz, təhsil adamları, müəllimlər bizim təhsilin tarixini yaxşı bilirsiniz. Biz tarixin bütün mərhələlərində Azərbaycanda müəllimin, təhsilin rolunu qiymətləndiririk. Ancaq bu gün burada bildirildi, bu fikirlə mən də tamamilə şərikəm ki, Azərbaycanda təhsil, xalqımızın maariflənməsi XX əsrin əvvəlindən böyük sürətlə inkişaf edibdir və XX əsrin sonunda müstəqil Azərbaycan Respublikası böyük müəllim ordusuna, geniş təhsil şəbəkəsinə və yüksək təhsilə malikdir.

XX əsrin əvvəlində Azərbaycan müəllimlərinin birinci, ikinci qurultayları keçirilibdir. Bu gün biz əsrin sonunda müstəqil Azərbaycan müəllimlərinin qurultayını keçirərkən əsrin əvvəlində, Azərbaycan Çar Rusiyasının tərkibində olduğu, təhsilin bir hissəsinin ruhanilərin, digər qisminin isə çar hakimiyyətinin əlində olduğu bir zaman xalqımızın mütəfəkkir insanlarının müəllimlər qurultayı keçirməsini yüksək qiymətləndirməliyik və bunu böyük minnətdarlıqla qeyd etməliyik.

1918-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş Xalq Cumhuriyyəti qısa bir dövr ərzində bir çox başqa məsələlərlə yanaşı, xalqımızın maariflənməsinə, Azərbaycanda təhsilin yaranmasına diqqət yetirmişdir və müəllimlər qurultayını keçirmişdir. 1919-cu ildə Azərbaycanda ilk ali məktəb - Bakı Dövlət Universiteti yaradılmışdır. Biz bu gün bu tarixi hadisələri də qiymətləndirməliyik və minnətdarlıq hissi ilə qeyd etməliyik.

Sonrakı 70 il ərzində Azərbaycan sovet hakimiyyəti dövrünü yaşamışdır. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, o dövrdə Azərbaycan xalqı kütləvi surətdə maariflənmiş, savadlanmış, respublikamızda hər bir adamın təhsilə cəlb olunması məsələsi həll edilmişdir. Azərbaycanda savadsızlıq qısa bir zamanda ləğv olunmuşdur, respublikamızda güclü, zəngin təhsil potensialı, təhsil ocaqları və bu qədər gözəl müəllimlər ordusu yaranmışdır.

Bilirsiniz, tarixi nöqteyi-nəzərdən 70-80 il göz qırpımı kimi bir şeydir. Bu, kiçik bir zamandır. Amma görün, bu illərdə nə qədər böyük işlər görülübdür. Azərbaycanın siması dəyişibdir. Ötən dövrdə Azərbaycanda iqtisadiyyat, mədəniyyət, həyatın bütün sahələrində, elm sahəsində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir.

1918-1920-ci illərdə Azərbaycanda ilk paralel proses gedirdi. Bir tərəfdən, o vaxt Azərbaycanda mövcud olan kiçik bir müəllim dəstəsi ilə məktəblər, təhsil ocaqları yaratmaq, insanların savadsızlığını ləğv etmək lazım idi. Ancaq bu böyük işi görmək üçün eyni zamanda, kadr potensialı, müəllim ordusu yaratmaq lazım idi. Böyük xoşbəxtlikdir ki, o dövrün bir çox mənfi cəhətləri ilə, Azərbaycan xalqına dəyən ziyanlarla yanaşı, bu sahədə daim inkişaf olubdur. Qısa bir zamanda, təsəvvür ecin, 1920-ci illə 1930-cu il arasında Azərbaycanda bir neçə ali məktəb yaranıbdır. Bakı Dövdət Universiteti inkişaf edibdir. Amma qısa müddətdə Bakı Dövlət Universitetinin əsasında Tusi adına Pedaqoji İnstitut - indiki Pedaqoji Universitet, Tibb İnstitutu, İqtisad İnstitutu və başqa institutlar yaranıbdır.

Ondan sonrakı dövrü götürün. 1930-cu illərdə Sənaye İnstitutu yaranıbdır. 1930, 1940, 1950, 1960, 1970-ci illəri götürün. Azərbaycanda bir çox ali məktəblər olmasına baxmayaraq, 1970-ci illərdə bir neçə yeni ali məktəb yarandı. Beləliklə, Azərbaycan öz gənclərinin hamısına ali təhsil vermək iqtidarına malik oldu. Ancaq bunların da əsasını təşkil edən yenə də məktəbdir, müəllimdir.

Azərbaycanda qısa bir zamanda məktəblərin sayı artdı və onlar inkişaf etdi, genişləndi. Hər bir ucqar kənddə məktəb yarandı. Doğrudur, bu proses davam edir. Məsələn, xatirimdədir, 1970-ci illərdə mən Azərbaycana rəhbərlik edəndə bəzi kəndlər var idi ki, orada məktəb yox idi. Biz orada yeni məktəb binaları tikirdik. Amma böyük yaşayış məntəqələrində ilbəil məktəb binaları tikilirdi və onların sayı artırdı.

Məktəblərin maddi-texniki bazası haqqında indi burada ədalətli danışıqlar getdi. Bu, həqiqətdir. Mən bu barədə sonra öz fikirlərimi bildirəcəyəm. Ancaq eyni zamanda, təsəvvür edin, məsələn, 1979, 1980, 1981-ci illərdə hər il Azərbaycanda 35 min şagirdin oxuması üçün şəraiti olan məktəb binaları tikilirdi. Bu, bir ildə təxminən 50-60 məktəb binasının tikilməsi deməkdir. Bu, o vaxt olmuşdu ki, o dövrdə məktəblərin sayı həddindən çox artmışdı.

Beləliklə, xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli bir dövr olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik. Heç bir konyukturaya, hansısa yalançı məlumatlara uyaraq öz tariximizi qaralamamalıyıq. Tariximizin qara səhifələri də, amma çox parlaq, gözəl səhifələri də vardır. Biz bu tarixi yaşamışıq.

Mən gördüm, qurultay nümayəndələrinin 400 nəfərindən çoxunun yaşı 60-dan yuxarı olanlardır. Əgər bu adamın 60-dan yuxarı yaşı varsa, demək o, 40-45 ildir ki, müəllimlik edir, o dövrü yaşayıbdır. O, bu dövrdə təhsil alıb, müəllimlik təcrübəsini artırıbdır və Azərbaycan balalarına, uşaqlarına, gənclərinə bu gün də dərs, təhsil, tərbiyə verir. Burada əyləşənlərdən heç kəs, necə deyərlər, dünən doğulmayıbdır. Burada olan, olmayan müəllimlərin yüz faiz hamısı o illərdə doğulubdur. Azərbaycan müstəqillik əldə edəndən sonra anadan olanların hələ cəmisi 6 yaşı vardır.

Bizim keçmişimizi, tariximizi bu gün ləkələmək istəyən, Azərbaycanın həyatı haqqında ədalətsiz fikirlər söyləyən adamların da hamısı o dövrdə təhsil alıbdır. Bəli, Azərbaycanın o dövrdəki məktəblərində, universitetlərində təhsil alıblar. Müftə, pulsuz təhsil alıblar, Azərbaycan Respublikasının imkanlarından istifadə edib təhsil alıblar. Bir xalq məsəli var: "Adam su içdiyi quyuya tüpürməz". Biz hamımız o quyulardan su içmişik və ora tüpürməyə heç kəsin haqqı yoxdur.

Mən hesab edirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızda təhsilin, maarifin inkişafı üçün daha da gözəl imkanlar yaranıbdır. Doğrudur, bizim maliyyə, maddi vəziyyətimiz bu imkanlardan istənilən səviyyədə istifadə etməyə imkan vermir. Amma eyni zamanda, bu, müvəqqəti bir haldır. Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək, inkişaf edəcək və Azərbaycan uşaqları, gəncləri bu inkişaf dövrümüzdə ilbəil daha da geniş, yüksək təhsil alacaqlar.

Bizim bugünkü qurultayımızın məqsədi, mənası məhz bundan ibarətdir. Bu gün mən sizinlə birlikdə müstəqil Azərbaycan Respublikasının ilk müəllimlər qurultayında olmağımı özüm üçün böyük xoşbəxtlik hesab edirəm. Buradakı çıxışlarda bildirildi, - hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.

Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz. Mən indiyə qədər heç bir sinifdə müəllimlik etməmişəm. Ancaq xatırlayıram, tərcümeyi-halımdan bilirsiniz ki, mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim.

Bilirsiniz ki, mən pedaqoji texnikumu bitirəndən sonra Bakıda ali məktəbə qəbul olundum. Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxt bir az dərs vermək təcrübəm olubdur. O günlər mənim xatirimdədir. Xatirimdədir ki, nə qədər həyəcan keçirirdim. Əvvəlcə bizi o siniflərə aparırdılar, oturub baxırdıq ki, müəllimlər necə dərs verirlər. Bir müddət belə idi. Ondan sonra isə deyirdilər ki, gedib filan gün, filan sinifdə filan dərsi verməlisən. Nə qədər hazırlaşmaq lazım idi. Nə qədər hazırlaşsaydın da 2-ci, 3-cü, 4-cü sinif uşaqları qarşısında böyük həyəcan keçirirdin. Mən həmin günləri indi də xatırlayıram.

Ancaq bununla bərabər, mən bütün həyatım boyu məktəblə, təhsil sistemi ilə bağlı olmuşam. 1969-cu ilə qədər bir çox dövlət işlərində işlədiyim zaman mən daim məktəbə, ali məktəblərə maraq göstərmişəm və onların fəaliyyətində müəyyən xidmətlərim olubdur. Ancaq mən 1969-cu ildə respublikanın rəhbəri seçiləndən sonrakı fəaliyyətimin şübhəsiz ki, bütün sahələrini qiymətləndirərək, Azərbaycanda məktəbin, orta, ali təhsilin, texniki peşə təhsilinin inkişaf etməsini öz fəaliyyətimin əsas hissəsi hesab etmişəm, bununla ciddi məşğul olmuşam. Bu gün iftixar hissi keçirə bilərəm ki, o illər mən Azərbaycana rəhbərlik etdiyim zaman saysız-hesabsız məktəblər yaranıbdır, ali məktəblərin sayı, onların fakültələri, kafedraları artıbdır, yüksək səviyyəli müəllim kadrları, universitetlərdə dərs deyən alim kadrları hazırlanıbdır və bunların hamısında mənim xidmətlərim olubdur.

Bilirsiniz ki, nəhayət, 1982-ci ilin dekabr ayında məni Moskvaya işə dəvət etdilər. Siz bilirsiniz ki, mən o vaxt Sovetlər İttifaqının ən yüksək rəhbərliyində olan adamlardan biri idim. Mən Siyasi Büronun üzvü və Sovetlər İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini idim. Mənim bir çox vəzifələrim var idi, bir çox nazirliklərə bilavasitə rəhbərlik edirdim. Onların içərisində Sovet İttifaqının Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi də var idi. Mən Sovet İttifaqında bu üç təhsilə aid olan nazirliklərə 5 il rəhbərlik etmişəm, onların işində bilavasitə iştirak etmişəm. Mən onların məsələlərini həll etmişəm, məruzələrini dinləmişəm, kollegiyalarında, böyük iclaslarında iştirak etmişəm, nitq söyləmişəm, söz demişəm və bir çox qərarlar qəbul etmişəm.

Bu gün biz dünyanın hər yerində təhsil sisteminin necə olduğunu bilirik. Sovetlər İttifaqı dövründə yaranmış təhsil sisteminin böyük üstünlükləri var. Biz bunu başqa ölkələrin təhsil sistemi ilə müqayisə edəndə gördük. Ancaq o sistem də tam təkmil sistem deyildi. Ona görə də onu təkmilləşdirmək lazım idi. Burada natiqlərin bəziləri dedilər ki, mən 1983-1984-cü illərdə Sovet İttifaqında məktəb islahatlarının keçirilməsi üzrə partiya və hökumət tərəfindən yaradılmış böyük bir komissiyanın sədri olmuşam. Bildiyiniz kimi, o vaxt məktəb islahatı hazırlandı və 1984-cü ildə bu məsələ SSRİ Ali Sovetinin sessiyasında müzakirə olundu. Mən o sessiyada məktəb islahatı haqqında məruzə etdim. Bunun əsasında qanunlar, bir çox qərarlar qəbul olundu. Beləliklə, mən bu təhsil, məktəb sistemini həm gəncliyimdən, həm Azərbaycana rəhbərlik etdiyim dövrdən bilirəm, həm də SSRİ-nin rəhbərlərindən biri kimi, o zaman bu sahə ilə bilavasitə məşğul olduğuma görə bilirəm.

Bildirmək istəyirəm ki, 1983-1984-cü illərdə Sovetlər İttifaqının rəhbərliyində həqiqətən ölkənin demokratikləşdirilməsi üçün bir çox addımlar atılırdı. Andropov Sovetlər İttifaqına rəhbərlik etdiyi, mən də o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olduğum zaman bu sahədə görülmüş işlərin hamısını bilirəm. İndi bunu geniş danışmağa vaxt yoxdur və lazım da deyildir. Ancaq atılmış həmin demokratik addımlardan biri 1983-cü ildə Sovetlər İttifaqında ilk dəfə "Əmək kollektiləri haqqında" qanunun qəbul edilməsi və 1984-cü ildə Ali Sovetin sessiyasında məktəb islahatı barədə qanunun, bir çox qərarların qəbul olunması idi. Bu, tarixdir və bu tarixi heç kəs poza bilməz.

1983-cü ildə Sovet İttifaqının tarixində ilk dəfə "Əmək kollektiləri haqqında" qanunun hazırlanması üzrə komissiyanın sədri mən olmuşam. Həmin qanunu mən hazırlamışam, 1983-cü ilin iyulunda SSRİ Ali Sovetinin sessiyasında bu qanun haqqında məruzə etmişəm və bu qanun qəbul olunmuşdur. 1984-cü ildə "Məktəb islahatı haqqında" qanun hazırlamışam, o da qəbul edilibdir.

Doğrudur, 1985-ci ildə Qorbaçov Sovetlər İttifaqının başçısı seçiləndən sonra o illərdə görülmüş işlərə görə onda böyük bir qısqanclıq əmələ gəldi. Qorbaçov həm birinci qanunun, həm də məktəb islahatının həyata keçirilməsinə imkan vermədi, şərait yaratmadı. O, özü hansısa yeni-yeni islahatlar irəli sürdü. Ancaq buna baxmayaraq, o qanunlar öz işini gördü. Məktəbin təkmilləşməsi sahəsində o illərdə bir çox işlər görülübdür.

Beləliklə, bu gün məktəb, təhsil haqqında sizinlə söhbət aparmağa və bərabərhüquqlu dialoqa girməyə mənim haqqım vardır. Ancaq bütün bunlar tarixdir, keçmişdə qalıbdır. Amma keçmişdə qalan hər bir iş də bügünkü işlərin əsasını təşkil edir.

Bu gün biz müstəqil Azərbaycanda bütün təhsilin - orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar da həm qəbul olunacaq təhsil qanununda və qərarlarda öz əksini tapacaqdır. Əmin ola bilərsiniz ki, mən indiyə qədər topladığım təcrübəmdən istifadə edərək və Azərbaycanın prezidenti kimi müstəqil ölkəmizin gələcəyi haqqında daim düşünərək bu məsələlərlə müntəzəm məşğul olacağam. Respublikamızda məktəb, təhsil bundan sonra da mənim daimi qayğılarım altında, diqqət mərkəzimdə olacaqdır.

Mənim haqqımda siz də çox sözlər demisiniz, mən də öz fikirlərimi indiyə qədər bildirmişəm. Amma bu gün müstəqil Azərbaycanın müəllimlərinin ilk qurultayıdır. Biz XX əsri sona çatdırırıq, XXI əsrə doğru gedirik. Mən bəyan edirəm ki, bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir.

Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq.

Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm. Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizəsində qalsın. Xatirimdədir, biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur. Mən tək deyiləm, hesab edirəm, Azərbaycan vətəndaşlarının əksəriyyəti mənim kimi belə düşünür. Hər kəs öz həyatında müəllimlə özünün əlaqəsi haqqında fikirlər söyləyə bilər. Ancaq mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadımda qalan, mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir.

Əziz dostlar, siz fəxr etməlisiniz ki, müəllimsiniz və müəllimlik peşəsinə sadiqsiniz. Doğrudur, müəllimin maddi vəziyyəti başqa təbəqələrə nisbətən zəif olur, elə keçmişdə də belə idi. Həqiqətən belədir. Məsələn, 70-ci illərdə mən Azərbaycana rəhbərlik etdiyim zaman, yaxud da Sovetlər İttifaqında bu məsələlərlə məşğul olduğum zaman biz daim düşünürdük ki, müəllimlərin maaşını nə təhər artıraq, onların maddi vəziyyətini necə yaxşılaşdıraq. Sizə deyə bilərəm ki, 1984-cü ildə məktəb islahatı keçirilərkən biz eyni zamanda müəllimlərin maaşının artırılması haqqında qərar qəbul etdik.

Amma bunlara baxmayaraq, hesab edirəm ki, başqa tədbirlərə nisbətən müəllimlər elə o vaxt da aztəminatlı adamlar olublar və bu gün də aztəminatlıdırlar. Bu, müəllimliyin xüsusiyyətidir. Çünki əsl müəllim pul, sərvət üçün yox, həmişə mənəviyyat üçün xidmət edibdir. Xatirimdədir, orta məktəbdə, pedaqoji texnikumda oxuyanda mənim maddi vəziyyətim, yəni ailəmin vəziyyəti çox zəif idi. Ancaq görürdüm ki, mənə dərs verən müəllimlərin maddi vəziyyəti bizim maddi vəziyyətimizdən o qədər də artıq deyildir. Amma nə qədər həvəslə, sədaqətlə və nə qədər ürəklə bizə tərbiyə, dərs verirdilər. Ona görə də müəllimlik peşəsi həmişə fədakarlıq tələb edir. Bu, belə olubdur.

Mən hesab edirəm ki, insan cəmiyyətində ən yüksək yerdə mənəviyyat durur. Maddi vəziyyət, sərvət, bu və ya başqa şeylər xeyli aşağıda durur. Bununla onu demək istəmirəm ki, müəllimlər həmişə maddi çətinlik içərisində yaşamalıdırlar. Yox, sadəcə, bu sözlərimlə mən özünü müəllimlik peşəsinə həsr edən insanın həmin peşəyə sadiqliyini sübut etmək istəyirəm. Ola bilər, o müəllimlər gedib başqa bir işlə məşğul olsaydılar, bir neçə qat artıq fayda götürə bilərdilər və maddi vəziyyətləri də yaxşı olardı. Ancaq onlar müəllimlik peşəsini seçiblər, siz müəllimlik peşəsini seçmisiniz. Buna görə də mən sizə "afərin!" deyirəm, sizin qarşınızda, müəllimin qarşısında baş əyirəm.

Eyni zamanda sizi əmin edirəm ki, müəllimin maddi vəziyyətini yaxşılaşdırmaq üçün mümkün olan tədbirləri görəcəyik, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına nail olacağıq. Müəllimlər qurultayına bir neçə gün - bir həftə, on gün qalmış Nazirlər Kabinetinə, maliyyə, iqtisadiyyat nazirliklərinə göstəriş verdim ki, qurultay keçirilənə qədər müəllimlərin maaşlarının artırılması üçün nə etmək olar? On gündür bu işlə məşğul olurlar. Bildirmək istəyirəm ki, müəllimlərin maaşının qaldırılması üçün yaxın aylarda ciddi tədbirlər görüləcəkdir.

Siz real vəziyyəti bilməlisiniz. Real vəziyyət ondan ibarətdir ki, son üç ildə biz Azərbaycanda iqtisadiyyatı müəyyən qədər sabitləşdirmişik. Bu gün burada siz Azərbaycanda yaranmış ictimai sabitlik haqqında çox gözəl sözlər dediniz. Onlara görə sizə təşəkkür edirəm. Ancaq eyni zamanda, bu ictimai-siyasi sabitliyə nail olmaq üçün, başqa tədbirlərlə yanaşı, iqtisadiyyatda da sabitliyə nail olmaq lazımdır. Biz iqtisadiyyatda, maliyyə sistemində sabitliyə, normal inkişaf yoluna nail ola bilmişik. Bu, asan məsələ deyildir.

Bilirsiniz ki, son üç ildə müəllimlərin maaşı bir neçə dəfə artırılıbdır. 1995-ci ilə nisbətən müəllimlərin maaşı 1996-cı ildə 2,6 dəfə, 1996-cı ilə nisbətən 1997-ci ildə 1,7 dəfə, 1998-ci ilin birinci yarısında 12 faiz artırılıbdır. Amma bu azdır. Siz də deyirsiniz, mən də bununla razıyam. Amma təsəvvür edin, əgər 1995-ci ilə nisbətən 1996-cı ildə 2,6 dəfə, 1996-cı ilə nisbətən 1997-ci ildə 1,7 dəfə və nəhayət, bu ilin birinci yarısında 12 faiz artırılıbsa, bunun üçün vəsait tapmaq lazımdır.

Büdcədən təhsilə ayrılan vəsait ilbəil artır. 1996-cı ildə büdcənin 17 faizi, 1997-ci ildə 20 faizi, 1998-ci ildə isə 22 faizi təhsilə ayrılıbdır. Bu dinamikanı, artımı görürsünüz. Bu da azdır. Ancaq imkanlarımız bundan ibarətdir. Respublika üzrə müəllimin orta əmək haqqı 1995-ci ildə 30 min manat, 1996-cı ildə 78 min manat olubsa, bu ilin birinci yarısında 150 min manatdır. Bu, statistikadır. Ola bilər, birində çoxdur, birində azdır, amma bu, statistikadır.

Mən dünən Suraxanı rayonunda idim. Ora Neftçilər rayonudur və orada böyük istehsal var. Suraxanı rayonunda əhalinin, işləyənlərin orta əmək haqqı 400 min manatdır. Neftçilərin orta əmək haqqı 500 min, bəzən 600 min manatdır. Amma büdcədən maliyyələşdirilən təşkilatlara lazımi vəsaiti büdcəyə gələn gəlirlərdən ayırırıq. Onu da bilməlisiniz ki, büdcədən maliyyələşdirilən təşkilatlar içərisində ən çox vəsait ayrılan təhsil sahəsidir. Bu, reallıqdır.

Onu da bilməlisiniz ki, göstərilən artımlarla yanaşı, Azərbaycanda, dediyim kimi, 1996-cı ildən iqtisadiyyatda sabitlik əmələ gəlibdir. Bu da nədən ibarətdir? Məsələn, 1994-cü ildə Azərbaycanda inflyasiya 1400 faiz, 1995-ci ildə 80 faiz, 1996-cı ildə təxminən 8-9 faiz, 1997-ci ildə 0,4 faiz olubdur. 1998-ci ildə inflyasiya yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, bu üç il müddətində Azərbaycanda qiymətlər artmır. Maaş artır, amma qiymətlər artmır.

Bu iqtisadi məsələləri, maliyyə məsələlərini bəlkə də hər kəs dərk edə bilmir. Ancaq dövləti, maliyyəni, iqtisadiyyatı idarə etmək şüarlarla ola bilməz. İndi radikal müxalifətdə olanlar hər şeyi pisləyir, tənqid edirlər. Amma onlar yalan danışırlar. Yaxud da bəzi başqaları ucuz şöhrət qazanmaq üçün "filan maaşları filan qədər artırmaq, filan malların qiymətini bu qədər azaltmaq lazımdır, filan işləri belə etmək lazımdır", - deyirlər.

Bilirsiniz, kənarda durub iqtisadiyyatla məşğul olmayan və məsuliyyət daşımayan adamlar hər cür populist söz deyə bilərlər. Əziz bacılar, qardaşlar, ancaq bilin, bu iqtisadiyyatla biz məşğul oluruq, Azərbaycanın iqtisadi sabitliyini təmin etmişik. Biz şüarların, hisslərin təsiri altında iş görə bilmərik. Nə mümkündürsə, biz onu edirik.

Rusiyada gedən proseslərə baxın. Rusiyada son dörd-beş ildə böyük bir böhtan baş veribdir. Bu, nədən ibarətdir? Maaşlar verilə bilmir. Neçə aylarla müəllimlərin maaşları, pensiyalar verilə bilmir. Büdcədən maliyyələşdirilən başqalarının maaşları verilə bilmir. Dünən bizim sosial müdafiə fondunun sədri çıxış edirdi, o bildirdi, - bildirməsə də, məndə məlumatlar var, - bizdə avqust ayının pensiyaları hamısı verilibdir. Müəllimlərin yay məvaciblərinin hamısı verilibdir. Bunu təmin etmək asan məsələ deyil, bunu bilin. Əgər büdcənin 22 faizi təhsilə və onun da əksər hissəsi maaşlara gedirsə, bu vəsaiti əldə etmək asan məsələ deyildir.

Sizə bir məsələni də demək istəyirəm. Dünyada - Şərqi və Cənub-Şərqi Asiyada baş vermiş böyük maliyyə böhranı nəticəsində neftin və neft məhsullarının qiyməti iki dəfə azalıbdır. Bizim büdcənin gəlirinin də çox hissəsini neft məhsullarından əldə olunan gəlir təşkil edir. Mən sizə açıq deyirəm, bu, iqtisadiyyatımızın indiki mərhələsində bizə çox böyük zərbə vurubdur. Buna baxmayaraq, bizdə manatın dəyəri sabitdir. Amma Rusiyaya baxın. İqtisadi böhran, maliyyə böhranı orada bir hökuməti istefaya göndərdi - Çernomırdini prezident istefaya göndərdi. Ondan sonra Kiriyenkonu təyin elədi, yeni bir hökumət yarandı. O, bu böhranın qarşısını ala bilmədi, böhran daha da dərinləşdi. Prezident onu da istefaya göndərdi. İndi on gündür ki, yeni hökumət yaranır.

Bilirsiniz, bəli, orada bir çox maaşları artırıblar, amma onu təmin edə bilmirlər. Bu, bir tərəfdən. İkinci tərəfdən, buraxılmış cürbəcür nöqsanlar nəticəsində Rusiyanın valyutasının - rublun devalvasiyası gedib, qiyməti düşübdür. Bilirsiniz ki, Rusiyada pul islahatı keçirildi. Pullar dəyişdirildi və sıfırlar götürüldü, bir milyon gəldi oldu, nə bilim, nə qədər. Son üç aya qədər 1 dollar 6 rubl idi. Sonra maliyyə böhranı ki, başladı, 1 dollar 24 rubla qalxdı. Təsəvvür edirsinizmi, Rusiyada dolların qiyməti 4 dəfə qalxdı. Bu, Rusiyanın bütün maliyyəsini, bankların vəziyyətini pozdu, maaşlar verilmir və sairə. Dünən mən dinləyirdim, indi görülən bütün tədbirlər, xaricdən alınan kreditlər nəticəsində 1 dollar 15 rubl olubdur, bir az aşağı salıblar. Ancaq bu, böyük bir fəlakətdir.

Amma bizdə isə dolların məzənnəsi sabitdir, son iki-üç ildə manat dollara nisbətdə daha da möhkəmlənibdir. Demək, üç il müddətində bizim manatın alıcılıq qabiliyyəti tamamilə sabitdir və qiymətlər də qalxmayıbdır. Bilirsiniz, maliyyənin xüsusiyyətləri, incəlikləri bəlkə də hər bir adam üçün məlum deyildir. Amma mən bunları sizə deməyə məcburam ki, siz biləsiniz: Azərbaycanı bu ağır vəziyyətdə idarə etmək, iqtisadiyyatı son üç ildə sabit saxlamaq və onun inkişafına nail olmaq asan məsələ deyildir. Yenə də deyirəm, bu, küçələrdə deyilən şüarlarla, yaxud ayrı-ayrı populist danışıqlarla, məsuliyyətsiz adamların danışıqları ilə bir araya gəlməz. Bunları etmək üçün o adamların biri gəlib məsuliyyəti üzərinə götürməlidir. Amma götürə bilməz. Çünki bu söhbətləri edən adamlar nə maliyyəni, nə də iqtisadiyyatı bilmirlər. Heç bir şey bilmirlər, ancaq şüar deməyi bilirlər.

Təsəvvür edin, əgər mən 70-ci illərdə və 80-ci illərin əvvəllərində Azərbaycanda iqtisadiyyatı bu qədər yüksəklərə qaldıra bilmişdimsə, Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman, o cümlədən maarif işləri ilə məşğul olur və birinci müavin kimi Sovetlər İttifaqının büdcəsinin formalaşdırılmasına rəhbərlik edirdimsə, bu işlərlə məşğul olan adam idimsə, böyük bir superdövlətin maliyyəsini, böyük ölkələrin maliyyəsini bilən adam kimi mən sizə məsuliyyətlə deyirəm ki, vəziyyət bundan ibarətdir.

Konkret olaraq müəllimlərin maaşının artırılması barədə. Əgər neftin qiymətinin düşməsi ilə əlaqədar son aylarda neftdən gələn gəlirlərimiz azalmasaydı, bəlkə də elə bu qurultay zamanı maaşların artırılması haqqında heç bir söz deyə bilməzdim.  Eyni zamanda sizə bəyan edirəm ki, indi 1999-cu ilin büdcəsi hazırlanır, biz onu təxminən noyabr ayında müzakirə edəcəyik və 1999-cu ilin əvvəlindən müəllimlərin maaşının artırılacağına söz verirəm.

Mən sizə hər şeyi olduğu kimi deyirəm. Yalan söz demək, xalqı aldatmaq heç bir rəhbərə, vəzifəli şəxsə heç vaxt uzunmüddətli uğur gətirməyibdir. Mən isə istəyirəm ki, Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, iqtisadi-maliyyə sabitliyi davam etsin və biz Azərbaycanın iqtisadiyyatını bu ilin sonuna qədər və 1999-cu ildə də inkişaf etdirək. Biz bunu inkişaf etdirəcəyik. Həm Azərbaycanın istehsal sahələrini hərəkətə gətirərək, həm də özəlləşdirməni apararaq, iqtisadi islahatları həyata keçirərək, torpaq islahatını həyata keçirərək istehsalı artırırıq və bu artım da öz nəticələrini verir.

Maaşı artırmaq, maliyyə əldə etmək üçün birinci növbədə ümumi daxili məhsulu artırmaq lazımdır. Mən dəfələrlə demişəm və bu gün bir də demək istəyirəm. Bilirsiniz ki, 1990-cı ildən, hətta 1989-cu ildən Azərbaycanda istehsal tənəzzülə başlayıbdır. Bu tənəzzül 1995-ci ilə qədər davam edib və istehsalın - sənaye, kənd təsərrüfatı istehsalının və ümumi daxili məhsul istehsalının həcmi hər bir təxminən 20-25 faiz aşağı düşübdür. 1996-cı ildə biz bu azalmanı dayandırmışıq. Ümumi daxili məhsul 1996-cı ildə 5,8 faiz, 1997-ci ildə 8 faiz artmışdır. Bu ilin ötən aylarında isə 9 faiz artıbdır. Bu, böyük hadisədir ki, biz tənəzzülü dayandırmışıq və artıma nail olmuşuq. Bu artım çoxaldıqca bizim maliyyə gəlirimiz də gələcək və beləliklə, əhalinin iqtisadi vəziyyətini yaxşılaşdıracağıq, o cümlədən, büdcədən maliyyələşdirilən müəllimlərin, təhsil işçilərinin maddi vəziyyətini yaxşılaşdıracağıq.

Burada bir çox təkliflər irəli sürüldü. Mən hesab edirəm ki, bu təkliflərin hamısı çox dəyərlidir və nəzərə alınmalıdır. Amma təkliflərdən bir-ikisinə öz münasibətimi bildirmək istəyirəm. Birincisi, məktəblərin, ümumiyyətlə, təhsil ocaqlarının maddi-texniki vəziyyəti haqqında. Doğrudur, indi biz əvvəllərdəki kimi məktəb binaları, ali təhsil ocaqlarına lazımi binalar tikə bilmirik. Çünki bu imkanlar yoxdur. Mən sizə dedim, 1979, 1980, 1981-ci illərdə biz orta hesabla ildə 50-60 məktəb tikib istifadəyə verirdik. Yaxud da Bakı Dövlət Universitetinin, başqa universitetlərin tədris kompleksləri nə qədər genişlənib, inkişaf edibdir. Bütün bu çətinliklərə baxmayaraq, Tibb Universitetinin də yeni tədris korpusu hazırlanıb, istifadəyə verilmək ərəfəsindədir. Mən yəqin ki, bu günlərdə gedib onunla tanış olacağam. Ancaq bunlar bizim keçmişdə olan imkanlarımız deyildir, ona görə də edə bilmirik.

Açıq demək lazımdır, əgər mən bu respublikaya rəhbərlik etdiyim zaman ildə 50-60 məktəb tikmək mümkün idisə, bu gün yenə də respublikaya rəhbərlik edirəm, niyə bunu tikə bilmirik? Ona görə yox ki, biz bunu bacarmırıq, istəmirik. Ona görə ki, bunun üçün bizim maddi və maliyyə imkanlarımız çatmır. Ancaq bildirirəm ki, maliyyə, maddi imkanlarımız ilbəil artacaq və bunun nəticəsində də biz Azərbaycanda yenidən təhsil ocaqlarının tikilməsi, istifadəyə verilməsi prosesini aparacağıq.

Eyni zamanda, burada tamamilə düzgün fikir söyləndi ki, bizim iş adamları, ayrı-ayrı şirkətlər ya məktəb binası tikə, yaxud da mövcud məktəblərin təmirini öz üzərinə götürə bilərlər. Burada doğru deyildi, bəzi iş adamları məscid tikirlər, - o da lazımdır, mən bunu çox əhəmiyyətli hesab edirəm, - ancaq bir məscid tikəndə, bir dənə də məktəb binası tikmək lazımdır. Ona görə də mən burada deyilən fikirlərə şərik çıxaraq üzümü tuturam Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, şirkətlərə və müraciət edirəm ki, onlar bu sahədə təşəbbüs göstərsinlər. Bəyan edirəm ki, kim bu sahədə təşəbbüs göstərsə, hansısa bir məktəbi yaxşı təmir edib müasir vəziyyətə salmağı öz üzərinə götürsə, şübhəsiz ki, o, dövlət tərəfindən müəyyən qayğı altında olacaqdır. Ümidvaram ki, mənim bu çağırışıma qoşulanlar olacaqdır! Hesab edirəm ki, bizim Təhsil Nazirliyi mənim bu çağırışımla əlaqədar lazımi işlər görməlidir. Beləliklə, biz şirkətləri, iş adamlarını təhsilə vəsait sərf etməyə və təhsilin inkişafına qoşulmağa cəlb edə bilərik.

Burada məktəbə altı yaşından getmək məsələsi barədə də fikir söyləndi. Mən anlamıram, nə üçün bu, indiyə qədər müzakirə olunur? 1984-cü ildə "Məktəb islahatı haqqında" qəbul olunmuş qanunda uşaqların altı yaşından məktəbə getməsi tamamilə məqbul hesab edilmişdi. Burada deyildi, doğrudan da bəzən heç altı yaşına çatmamış uşaqlar var ki, çox istedadlı, hazırlıqlıdırlar və onları məktəbə qəbul etmək lazımdır. Hesab edirəm, bu barədə də lazımi tədbirlər görülməlidir.

Mən sizə öz təcrübəmdən deyə bilərəm. Mən özüm altı yaşında məktəbə getmişəm, - o vaxt hələ nə islahat, nə də qanun var idi, - məni məktəbə qəbul ediblər və on altı yaşımda məktəbi bitirmişəm. Oğlum isə məktəbə gedəndə heç altı yaşı da tamam deyildi. Bunlar hamısı təkcə mənim yox, çox insanların övladlarının təcrübəsindən keçibdir və buna mane olmaq lazım deyildir.

Bizim hamımızın ən əsas qayğısı işğal olunmuş torpaqlardan didərgin düşmüş soydaşlarımızın, vətəndaşlarımızın vəziyyəti və onların, xüsusən çadırlarda və qeyri-münasib binalarda yaşayan ailələrin uşaqlarının təhsili məsələsidir. Mən bəzən görürəm, televiziya ilə göstərirlər ki, çadır şəhərciklərində müəllimlər uşaqlara çadır altında dərs keçirlər. Bizim dövrümüzdə bunu görmək bir tərəfdən ağırdır, çünki indi, XX əsrin sonunda bir çox vətəndaşlarımız çadırda yaşayır və uşaqlar da çadırlarda təhsil alırlar. Amma ikinci tərəfdən də, bu, məndə böyük qürur hissi doğurur ki, Azərbaycan vətəndaşları, azərbaycanlılar təhsilə nə qədər bağlıdırlar, övladlarını nə qədər təhsilləndirmək, maarifləndirmək istəyirlər, hətta çadırda, ağır şəraitdə yaşayaraq uşaqlarını məktəbə oxumağa göndərirlər. Xüsusən çadır şəhərciklərindəki məktəblərdə dərs verən müəllimlərin fəaliyyətini qiymətləndirirəm. O müəllimlər ki, çətin vəziyyətdə, bəzən qarın altında, palçığın içində, ağır vəziyyətdə, çadırda dərs verir, özünün şərəfli müəllimlik vəzifəsini yerinə yetirir, köçkün uşaqlarını tərbiyələndirir və onlara təhsil verirlər - bunlar xüsusi hörmət və ehtirama layiqdirlər.

Bilirsiniz ki, Azərbaycanın işğal olunmuş torpaqları problemi ilə biz məşğuluq. Siz də burada dediniz ki, bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarısınız.

Mən bu gün bir də bəyan edirəm ki, biz ötən dörd il müddətində, yəni atəşkəs əldə ediləndən sonra bu sahədə çox iş görmüşük və məsələnin sülh yolu ilə həll olunması üçün bir çox imkanlar yaranıbdır. Əminəm ki, biz buna nail olacağıq. Ancaq sizin qarşınızda bəyan edirəm: əgər biz bu yolla torpaqlarımızı işğalçı dəstələrdən azad edə bilməsək, işğal edilmiş torpaqların hamısının nəyin bahasına olur-olsun, hamımız birlikdə, indi yaranmış güclü ordumuzla və öz iradəmizlə azad edilməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik.

Bu gün buradakı çıxışlarda son vaxtlar Azərbaycanda yaranmış mövcud vəziyyət haqqında da öz fikirlərinizi bildirdiniz. Bizim ən böyük nailiyyətlərimizdən biri ölkəmizdə ictimai-siyasi sabitliyin yaranmasıdır. Buna da çox çətinliklə nail olmuşuq. 1993-cü ili xatırlayın, Azərbaycanın o ildəki vəziyyətini, vətəndaş müharibəsini və müxtəlif cinayətkar dəstələrin tüğyan etməsini yadınıza salın. Biz böyük çətinliklərdən keçərək və böyük fəlakətlərin qarşısını alaraq, Azərbaycanda vətəndaş müharibəsinə yol vermədik. Ondan sonra, 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinin qarşısını sizin köməyinizlə, dəstəyinizlə aldıq. 1995-ci ilin mart ayında daxildə olan düşmən qüvvələrin xarici ölkələrin xüsusi xidmət orqanları ilə birlikdə Azərbaycanı dağıtmaq, parçalamaq məqsədi ilə başladıqları dövlət çevrilişinin qarşısını aldıq.

Ondan sonra Azərbaycanın dövlətçiliyinə qarşı təxribatlar, terrorlar baş verdi. Bəli. Sabunçuda olan körpünü partlatmaq istədilər - onun qarşısını aldıq. Prezidentin təyyarəsini vurmaq istədilər - onun qarşısı alındı. Biz bir çox belə bəlalardan keçib gəlmişik. Ancaq bizim iradəmiz, apardığımız siyasət, gördüyümüz işlər sayəsində Azərbaycanda bütün bu cinayətkar dəstələr zərərsizləşdirilib, ölkədə rahatlıq yaranıbdır və siz də, bütün Azərbaycan vətəndaşları da ictimai-siyasi sabitlik şəraitində rahat, sakit yaşamaq imkanı əldə etmisiniz.

Biz bunu qoruyub saxlamalıyıq. Çünki Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunu aparmaq, siyasi, iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadiyyatı inkişaf etdirmək üçün, Azərbaycanın işğal olunmuş torpaqlarından işğalçı dəstələr çıxarmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək üçün, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək üçün daxili vəziyyət daim sabit olmalı və hər bir təxribatçı qüvvənin qarşısı alınmalıdır.

Ancaq təəssüf olsun ki, bəzi qüvvələr yenə də Azərbaycanda qarışıqlıq salmaq, yaranmış sabitliyi pozmaq, xalqımıza cürbəcür çətinliklər yaratmaq istəyirlər. Siz bunu görürsünüz və çıxışlarınızdan, qəbul etdiyiniz qətnamədən belə qənaətə gəlirəm ki, bütün bu hərəkətləri pisləyir, bunlara etiraz edirsiniz, Azərbaycanın dövlətçiliyini qoruyursunuz və qoruyacaqsınız. Mən isə sizə söz verirəm ki, biz yaranmış ictimai-siyasi sabitliyi, Azərbaycanın dövlətçiliyini bundan sonra da qoruyacağıq, buna qadirik. Azərbaycanın dövlət müstəqilliyini qoruyub inkişaf etdirəcəyik.

Azərbaycanda demokratiya bərqərar olub, demokratiya inkişaf edir. Oktyabr ayının 11-də keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratiya yolu ilə getməsini dünyaya bir daha nümayiş etdirəcəkdir və ölkəmizdə demokratiyanın təntənəsinə çevriləcəkdir. Mən çox məmnunam ki, siz oktyabr ayının 11-də keçiriləcək prezident seçkilərinin siyasi əhəmiyyətini və mahiyyətini yaxşı bilirsiniz. Bu gün öz çıxışlarınızda, qəbul etdiyiniz qətnamədə və xalqa ünvanlanmış müraciətinizdə bəyan etdiniz ki, bu seçkilərin keçirilməsi üçün vətəndaş kimi öz mövqeyinizi bundan sonra da bildirəcək və öz xidmətlərinizi göstərəcəksiniz.

Prezidentliyə altı namizəd var. Hər bir namizədin sərbəst fəaliyyət göstərməsi üçün imkanlar yaranıbdır. Seçicilər, siz isə istədiyiniz adama səs verə bilərsiniz. Bunun üçün hər kəs sərbəstdir, azaddır. Azərbaycanın prezidenti kimi mənim məqsədim ondan ibarətdir ki, respublikada prezident seçkilərinin sərbəst, azad, ədalətli keçməsi təmin olunsun. Bu, sizdən, hər bir vətəndaşdan, hamınızdan asılıdır. Bu gün burada hökm sürən əhval-ruhiyyə göstərir ki, biz sizinlə birlikdə buna nail olacağıq.

Siz burada mənim ünvanıma çox dəyərli sözlər dediniz. Bunlara görə sizə təşəkkür edirəm. Sizə bildirirəm ki, mənim həyatımın mənası və məqsədi həmişə xalqa xidmət etməkdən ibarət olubdur. Bu gün də burada bütün günü sizinlə birlikdə Azərbaycanın təhsil məsələlərinin müzakirəsində iştirak edərək, ölkəmizin bu gününə və gələcəyinə öz xidmətimi göstərmək istəyirəm. Siz hətta mənə, - belə başa düşürəm, - bir fəxri ad da verdiniz. Bu, mənim üçün gözlənilməz hadisə, sürpriz oldu. Bunu sadəcə, sizin, ictimai təşkilatın mənə göstərdiyi hörmət kimi və mənim xidmətlərimə verdiyiniz qiymət kimi qəbul edir və sizə təşəkkür edirəm.

Görürsünüz ki, mən nümayəndə olmasam da, sizin qurultayınızda fəal iştirak edirəm. Hətta Təhsil Şurası haqqında siyahı oxunanda yalnız mən təşəbbüs göstərdim. Amma gördüm ki, buraxılmış həmin səhvi siz də görmüşdünüz, ancaq nədənsə, bunu demədiniz. Bəlkə də, mən deməsəm, siz deyəcəkdiniz.

Bu barədə öz fikrimi izah etmək istəyirəm. Mən belə anladım ki, qurultayda yaradılan Təhsil Şurası ictimai təşkilatlardır, müəllimlərin, təhsil işçilərinin təşkilatıdır. Ona görə də belə bir təşkilatda yalnız müəllimlər, bilavasitə təhsil sahəsində işləyənlər, bilavasitə təhsillə məşğul olanlar olmalıdırlar. Belə bir şuraya hökumət üzvlərini və Prezident Aparatının bir çox məsul vəzifəli şəxslərini, başqa vəzifəli şəxsləri, hətta daxili işlər nazirini, müdafiə nazirini və baş prokuroru salmaqla bu şuranın tamamilə mənasını dəyişirsiniz.

Əksinə, mən hesab edirəm ki, bu şuranın müstəqil olması üçün orada dövlət nümayəndələri olmamalıdır. Gərək bu şura müstəqil olsun, ictimai təşkilat olsun, öz sözünü hökumətə, hakimiyyət orqanlarına desin və öz təkliflərini irəli sürsün. Şurada nazirlərin olması sizə lazım deyildir. Mən isə söz verirəm ki, hər bir nazirin, hökumət nümayəndəsinin sizin şuranın bütün təkliflərinə, qərarlarına baxmasını təmin edəcəyəm. Ona görə də şuranın tərkibində onların olmasına ehtiyac yoxdur. Güman edirəm ki, şuranın tərkibi sizin də, mənim də düşündüyümüz kimi olacaqdır. Əminəm ki, bu şura formal bir təşkilat yox, işlək təşkilat olacaq və təhsilin, müəllimin, məktəbin problemlərini həll etmək üçün həmişə fəal olacaqdır. Azərbaycanın prezidenti kimi mənim tərəfimdən isə bu şura həmişə dəstək ala biləcəkdir.

Əziz dostlar, siz mənim yenidən prezident seçilməyim üçün burada öz fikirlərinizi bildirdiniz. Buna görə sizə təşəkkür edirəm. Sizə açıq demək istəyirəm ki, mən Azərbaycan xalqı qarşısında öz borcumu yerinə yetirmişəm. İndiyə qədərki həyatım və gördüyüm işlər bunu hər bir insan üçün sübut edir. Ancaq mən Azərbaycanı bu müstəqillik dövründə daha da inkişaf etdirmək üçün bundan sonra da öz xidmətlərimi göstərməyi lazım bilirəm. Ona görə ki, mən hiss edirəm - sizin də, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də buna ehtiyacı var. Bu ehtiyacı hiss edərək mən yenidən prezident seçilməyimə razılıq vermişəm.

Mən bəyan edirəm ki, əgər siz, Azərbaycanın seçiciləri mənə səs verib 11 oktyabrda məni yenidən prezident seçsəniz, gələcəkdə də bu vəzifəni namusla, şərəflə yerinə yetirəcəyəm.

Əziz və hörmətli müəllimlər! Mən sizin hamınıza cansağlığı, səadət, gələcək işlərinizdə uğurlar arzu edirəm. Sizi əmin edirəm ki, mən daim sizinlə olacağam. Siz mənim ən yaxın dostlarımsınız və heç bir qüvvə məni sizdən, sizi də məndən ayıra bilməz!

Eşq olsun Azərbaycan müəlliminə!

Eşq olsun Azərbaycan məktəbinə!

Yaşasın müstəqil, demokratik Azərbaycan!

"Azərbaycan" qəzeti, 27 sentyabr 1998-ci il.