Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Respublikasının Milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqi - 24 avqust 1999-cu il


Hörmətli səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə ürəkdən təbrik edir və Ukrayna xalqına sülh, tərəqqi və firavanlıq arzulayıram.

Öz müstəqilliyinin 8 ili ərzində Ukrayna böyük və şərəfli yol keçmiş, böyük uğurlara nail olmuşdur. Ukrayna səfirinin çıxışında gətirilmiş konkret faktlar buna inandırıcı sübutdur. Biz Azərbaycanda bu uğurlara sevinirik, çünki Ukrayna Avropanın və dünyanın ən iri ölkələrindən biridir, çox böyük iqtisadi potensiala malikdir, dünyada mühüm coğrafi-strateji mövqe tutur.

Ukrayna ilə bizim aramızda sıx, çox səmimi dostluq münasibətləri yaranıb və mövcuddur. Buna görə də Ukraynanın uğurları bizi sevindirir, çünki bu uğurlar onun müstəqilliyini, beynəlxalq həyatda mövqelərini möhkəmləndirir və müstəqillik yoluna qədəm qoymuş başqa ölkələr üçün yaxşı nümunədir.

Şübhə etmirəm ki, Ukraynanın demokratik, müstəqil inkişafı yolunda qarşıya çıxan çətinlikləri aradan qaldırmaq mümkündür. Ukrayna böyük imkanlara malikdir. Burada aparılan islahatlar - həm siyasi, həm də iqtisadi islahatlar Ukraynanın malik olduğu potensialı artıq hərəkətə gətirir və təbii ki, iqtisadiyyatın daha uğurlu inkişafını və ölkə əhalisinin həyat səviyyəsinin yüksəlməsini təmin edəcəkdir.

Ölkələrimiz və xalqlarımız arasında dostluğun böyük tarixi var. Lakin Ukrayna və Azərbaycanın müstəqillik illəri bu tarixdə xüsusi əhəmiyyətə malikdir. Bu illər ərzində biz daha yaxınlaşmışıq, daha çox dostlaşmışıq, bütün sahələrdə sıx əməkdaşlığın zəruriliyini, qarşılıqlı dəstək və yardımın zəruriliyini daha çox hiss etmişik.

Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın Azərbaycana səfəri zamanı və mənim Ukraynaya səfərim zamanı Ukrayna ilə Azərbaycan arasında imzalanmış sənədlər əməkdaşlığımızın geniş, hərtərəfli və səmərəli olması üçün yaxşı bünövrə qoymuşdur. Bununla yanaşı, hələ çox ehtiyat mənbələri var və əməkdaşlığımızı getdikcə daha yüksəklərə qaldırmaq üçün Ukrayna da, Azərbaycan da bunlardan istifadə etməlidir. Əməkdaşlığımızı daha yüksəklərə qaldırmaq üçün isə imkanlar var.

Biz beynəlxalq təşkilatlarda Ukrayna ilə fəal əməkdaşlıq edirik. Bir çox beynəlxalq məsələlərdə mövqelərimiz əslində uyğun gəlir. Əslinə qalsa, bu elə bir təməldir ki, biz Birləşmiş Millətlər Təşkilatında da, ATƏT-də də, MDB-də də, GUÖAM kimi təşkilatda da müvəffəqiyyətlə əməkdaşlıq edə bilərik. Hesab edirəm ki, GUÖAM da onu bu yaxınlarda yaratmış olan beş ölkə üçün böyük əhəmiyyətə malikdir.

Ukrayna dövlətinin fəaliyyətində öz qüvvələrinə olan möhkəm inam, seçilmiş müstəqillik yoluna möhkəm inam, hər hansı digər ölkələrdən asılılığa həmişəlik son qoymağa möhkəm inam bizi xüsusilə cəlb edir. Azərbaycan bu mövqelərdə möhkəm dayanmışdır və onların Azərbaycan üçün həyati, həlledici əhəmiyyəti var. Buna görə də bu amil bizi çox birləşdirir və hərtərəfli əməkdaşlıq üçün şərait yaradır.

Ukraynanın böyük iqtisadi imkanları var və biz imkanlardan dövlətlərarası ticarətdə, əmtəə mübadiləsində və başqa sahələrdə istifadə etməliyik. Ukrayna Azərbaycanın neft və qaz ehtiyatlarına böyük maraq göstərir. Bu ilin aprelində biz Bakı-Supsa kəmərini açdıq, mərasimdə Ukrayna prezidenti Leonid Daniloviç Kuçma da iştirak edirdi və o, xahiş etdi ki, bu boru kəməri ilə nəql olunan neftin vurulduğu ilk tankerlərdən biri Ukraynaya göndərilsin.

Əlbəttə, onların Supsanı, Poti və İliçovski bərə ilə birləşdirmək barədə təklifləri var, - əslində, biz bu bərəni açdıq və o, işləyir, - onlar neft məhsullarının bu xətlə daşınmasını nəzərdə tuturlar. Neft kəməri barədə də təkliflər var və sair. Lakin bütün bunlar, şübhəsiz, perspektivə aiddir. Bununla yanaşı, həmin təkliflər sübut edir ki, Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə böyük maraq göstərir. Biz bunu dəstəkləyirik və dəstəkləyəcəyik.

Burada deyildiyi kimi, Ukraynada məhsul yığımı zamanı neft məhsulları sarıdan böyük çətinliklər yarandı və onlar kömək üçün bizə müraciət etdilər. Yeri gəlmişkən, şadam ki, bu il Ukraynada yaxşı məhsul yetişdirilmişdir, sevinirəm ki, onlar məhsulu yığa bilmişlər, bu işdə bizim də payımız var. Leonid Daniloviç mənə şəxsən müraciət etmişdi. Deməliyəm ki, bu məsələni həll etmək bizim üçün asan deyildi, lakin biz onlara hər halda yardım göstərdik. Buna görə də mənə xoşdur ki, Ukrayna üçün bu çətin vaxtda Azərbaycanın yardımı Ukraynada nəinki dövlət səviyyəsində, həm də ictimaiyyət arasında yüksək qiymətləndirilir. Məhz bu, səmimi münasibətlərimizin, qarşılıqlı yardımımızın, möhkəmlənən dostluğumuzun göstəricisidir.

Hazırda Ukraynada prezident seçkiləri üzrə seçkiqabağı kampaniya aparılır. Əlbəttə, biz onun gedişini izləyirik və istəyirik ki, bu seçkilər demokratiya, hüquq əsasında keçsin. Bununla yanaşı, hər bir insanın, hər bir ölkənin düşünmək haqqı var ki, bu və ya digər ölkənin prezidenti kim olmalıdır. Ötən illər ərzində Ukrayna ilə Azərbaycan arasında münasibətlərin inkişafında prezident Leonid Daniloviç Kuçmanın böyük xidməti var. Bizim onunla əməkdaşlığımız və Leonid Daniloviç Kuçma ilə mənim şəxsi dostluğum Ukrayna ilə Azərbaycan arasında münasibətlərdə mühüm rol oynayır və şübhəsiz, dövlətlərarası münasibətlərimizin daha da inkişaf etməsi üçün amildir. Buna görə də biz, şübhəsiz, istəyirik ki, bu seçkilər uğurla, demokratik əsasda keçsin və əlbəttə, hörmətli Leonid Daniloviç Kuçma yenidən prezident seçilsin.

Mən bu adamı Azərbaycan ilə Ukrayna arasında münasibətlərin möhkəmlənməsi və inkişafındakı xidmətlərinə görə, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri yarandığına və mövcud olduğuna görə çox qiymətləndirirəm. Bu işdə hörmətli Leonid Daniloviç Kuçmanın böyük xidməti var. Mənim fərmanımla o, Azərbaycanın ali ordeni - "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Zənnimcə, bu amil də onu göstərir ki, biz dostluğumuzu möhkəmlətmək və inkişaf etdirmək istəyirik. İnanıram ki, Ukraynada seçkilər uğurla keçəcək, inanıram ki, Ukrayna xalqı düzgün seçim edəcək, inanıram ki, Ukrayna bundan sonra da müstəqillik və azadlıq yolu ilə gedəcəkdir.

Sizi bayram münasibətilə bir daha təbrik edirəm.

"Azərbaycan" qəzeti, 25 avqust 1999-cu il.