Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin GUÖAM təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının görüşündə iştirak etmək üçün Yaltaya yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavabı - 6 iyun 2001-ci il


Sual: Cənab Prezident, Yaltaya səfəriniz barədə nə deyə bilərsiniz?

Cavab: Yaltaya səfərim məlumdur, bunu elan etmişik. GUÖAM ölkələrinin dövlət başçıları növbəti görüş keçirəcəklər. Bundan ötrü mən də oraya gedirəm. İlk görüş sabah olacaqdır. Bu gün isə ikitərəfli görüşlər olacaqdır. Bununla da qurtarıb gedəcəkdir.

Sual: Cənab Prezident, Azərbaycan Xəzərin hərbiləşdirilməsi məsələsini orada qaldıracaqmı?

Cavab: Bilirsinizmi, orada bütün Xəzəryanı ölkələr iştirak etmir axı. Biz əvvəldən Xəzərin demilitarizasiyasını qaldırmışıq. Lap əvvəldən. Biz buna həmişə tərəfdar olmuşuq. Bilirəm ki, bir neçə başqa ölkələr də, İran da bunun əleyhinədir. Ancaq hələ ki, bəzi ölkələr, deyəsən, bununla razı deyillər. Amma şəxsən mənim fikrimi bilmək istəsəniz, Xəzərdə hərbi qüvvənin saxlanılmasına heç bir ehtiyac yoxdur. Çünki Xəzəryanı ölkələr bir-birilə müharibə etmək istəmirlər və zənnimcə, etməyəcəklər. Ona görə də burada artıq qüvvə saxlamaq nəyə lazımdır?

Sual: Cənab Prezident, GUÖAM-ın genişlənməsinə necə baxırsınız?

Cavab: Artıq Rumıniya və Bolqarıstan belə təşəbbüs irəli sürüblər ki, onlar da bu birliyə daxil olmaq istəyirlər. Düzü, mən bunu dəqiq bilmirəm. Hər halda, orada fikir mübadiləsi gedəcəkdir.

Sual: Cənab Prezident, Yaltada hansısa sənədlər imzalanacaqmı?

Cavab: Bəli,Yalta xartiyası imzalanacaqdır.

Sual: Cənab Prezident, Minsk görüşlərindən sonra Qarabağ məsələsi üçün GUÖAM görüşü bir əhəmiyyət daşıyırmı? Bu məsələ orada gündəlikdə duracaqmı?

Cavab: GUÖAM görüşü Qarabağ məsələsində heç bir əhəmiyyət daşımır. Çünki Qarabağ məsələsi üçün gərək Ermənistan da orada olsun. Ermənistan orada yoxdur. Bu məsələ orada muzakirə olunmayacaqdır.

Sual: Cənab Prezident, Yalta sammitində GUÖAM-ın regional təşkilata çevriləcəyini gözləmək olarmı?

Cavab: İndi oraya gedirik. Baxaq, görək də.

Sual: Cənab Prezident, ORT kanalında Arkadi Qukasyanı qondarma «Dağlıq Qarabağ Respublikası»nın prezidenti kimi təqdim etdilər. Şamil Basayevlə müsahibə Bakıda efirə veriləndə isə Rusiya Azərbaycana nota göndərmişdi. Qukasyan bizim üçün hansı səviyyədədirsə, Şamil Basayev də Rusiya üçün o səviyyədədir. Bəs Azərbaycan nə üçün Rusiyaya nota göndərmir?

Cavab: Bunu sən belə fikirləşirsən. Qukasyan elə neçə ildir bunları deyir. Bir dəfə ORT-yə çıxıbdır, onda da, təbiidir ki, hansısa qüvvələr Azərbaycana qarşı təxribat etmək istəyirlər. Ancaq biz belə xırda şeylərə fikir verməməliyik. Bizim cəmiyyət öz fikrini deməlidir, amma dövlət səviyyəsində nə demək olar? Televiziya müstəqildir, sizin hamınız da müstəqilsiniz. Elə sözlər deyirsiniz, elə sizin özünüz də, o birisi də, bu birisi də… Deyirsiniz ki, nə bilim, bu, həqiqətdən tamam kənardır. Mən onlara cavabdehəm? Mən heç sizdən də soruşmuram, niyə bunu deyirsiniz? Amma daxilən tək mən yox, xalq da görür ki, belə uydurma şeylərlə məşğulsunuz.

Sual: Cənab Prezident, Putin və Buşun görüşündən, danışıqlarından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hər hansı irəliləyiş gözləmək olarmı?

Cavab: İrəliləyişlər olacağını bilmirəm, amma danışacaqlar. Mən bu barədə bilirəm, ABŞ-dan da məlumatım var və Putinlə danışığımızda bu məsələni biz müzakirə etmişik. İyunun 16-da onlar Lüblyanada görüşəcəklər. Bu məsələ də onların arasında müzakirə olunacaqdır.

Sual: Cənab Prezident, Türkmənistan burada öz səfirliyinin işini dayandırıb. Buna Sizin münasibətiniz necədir?

Cavab: Vallah, nə deyim. Bu, Türkmənistanın işidir. Biz Türkmənistanda indiyə qədər səfirlik aça bilməmişik. Ona görə yox ki, biz bunu istəməmişik. Maliyyə imkanlarımız buna yol verməyibdir. Hər bir ölkə öz səfirliyini aça da bilər… Onlar səfirliklərini tamam bağlamayıblar. Səfir Aşqabadda oturaraq, burada öz fəaliyyətini aparacaqdır. Bizdə belə hallar çoxdur. Bizdə səfirlər var ki, Ankarada oturublar, Moskvada oturublar, eyni zamanda öz ölkələrinin Azərbaycanda səfirləridirlər. Mən onları, etimadnamələrini qəbul edirəm. Vaxtaşırı gəlirlər, bizim təşkilatlarla görüşürlər. Burada elə bir hadisə yoxdur.

Sual: Cənab Prezident, Ermənistan Rusiya-Belarus İttifaqına qoşulmağı reallaşdırmaq istəyir. Ermənistan həmin ittifaqa qoşulsa, Azərbaycan özünü necə aparacaqdır?

Cavab: Biz özümüzü necə apara bilərik? Kim hansı ittifaqa qoşulursa,qoşulsun. Bilirsiniz, bunların hamısı müstəqil dövlətlərdir. Hər bir müstəqil dövlət öz siyasətini müəyyən edir və onu da həyata keçirir. Biz buna nə edə bilərik. Etiraz edə bilərik? Yox.

Sual: Cənab Prezident, ABƏŞ-in prezidenti Devid Vudvord dünyanın bir nömrəli informasiya agentliklərindən birinə - Assoşieyted Press Agentliyinə bildirib ki, Bakı-Ceyhan neft kəmərinin tikintisinə çəkiləcək xərclər 560 milyon dollar artacaqdır. Bu xəbər Türkiyənin NTV kanalında səsləndi. Devid Vudvord Türkiyənin həmin televiziya kanalına təkzib xarakteri daşıyan məlumatlar verir, bildirir ki, mən belə söz deməmişəm. Siz buna necə baxırsınız?

Cavab: Mənim məlumatım yoxdur. Amma sağ ol ki, sən mənə məlumat verdin.

Sual: Cənab Prezident, Təl-Əviv rəsmi şəkildə çıxış edibdir ki, Azərbaycan, nədənsə, Yaxın Şərqdə baş verənlərə münasibətini bildirmir.

Cavab: Necə yəni, mən dünən İsrailin həm prezidentinə, həm də Baş nazirinə başsağlığı göndərdim.

Sual: Cənab Prezident, Moldovanın prezidenti Voronin təşəbbüs irəli sürüb ki, GUÖAM-ın sammitində Rusiya da müşahidəçi qismində iştirak etsin. Buna Sizin münasibətiniz necədir?

Cavab: Belə bir təşəbbüs var. Biz bu barədə fikir mübadiləsi aparacağıq.

Sual: Cənab Prezident, milli bayramlarımız ərəfəsində əfv fərmanları imzalayırsınız. İyunun 15-də əfv fərmanlarının imzalanması gözlənilirmi?

Cavab: Sənin həbsxanada olan adamın var? Varsa, de görüm kimdir? Mən ona fərdi nöqteyi-nəzərdən baxım. Amma əfv fərmanını nə vaxt imzalayacağam, nə vaxt imzalamayacağam, bu mənim öz işimdir.

Sual: Cənab Prezident, “ABA” teleşirkəti ilə Vergilər Nazirliyi arasındakı münaqişədən xəbəriniz varmı?

Cavab: Eşitmişəm. İndi Vergilər Nazirliyi hər yerdə yoxlama aparır və hər yerdə də apara bilər. Vergi Məcəlləsi qəbul edilibdir. Vergilər Nazirliyi hər bir özəl təşkilatda və dövlət təşkilatında yoxlama apara bilər ki, görsün, vergilər nə qədər yığılır, nə qədər verilir. Bu onun hüququdur. Amma burada münaqişəyə əsas yoxdur. Əgər onların günahı yoxdursa, niyə münaqişə aparırlar? Əgər günahları varsa, deməli, belə çıxır ki, kütləvi informasiya orqanları xüsusi statusa malikdir? Sizin hamınızda belə əhval-ruhiyyə vardır ki, siz nə etsəniz, gərək dövlət orqanları sizə toxunmasın. O dəqiqə deyəcəksiniz ki, bunun siyasi mənası var. Məsələn, bir nəfər, iki nəfər cinayət edir, hansısa partiyaya mənsubdur, heç o partiyanın özü qeydiyyata da alınmayıbdır. Ondan sonra dərhal hamınız deyirsiniz ki, bu, siyasi məhbusdur. Bu da elə bir şeydir. Mən hesab etmirəm ki, burada bir problem var. Bu, Vergi Nazirliyinin səlahiyyətlərinə aiddir, ona verilən səlahiyyətlər çərçivəsində də işləyir.

Sual: Cənab Prezident, bir qədər əvvəl həmkarım əfv barədə sual verdi. Əfv olunacaqlar arasında ən çox adı çəkilən Ələkram Hümbətov, Rəhim Qazıyev və İsgəndər Həmidovdur. Əfv fərmanını şəxsən Sizin imzalayacağınızı nəzərə alaraq, bu məsələyə, onların əfvinə münasibətiniz necədir?

Cavab: Sən onların qohumusan?

J u r n a l i s t: Xeyr, Allah eləməsin. Ümumiyyətlə, jurnalist maraqları baxımından sual verirəm.

Heydər Əliyev: Neçə yaşın var?

Jurnalist: 20-dən yuxarıdır.

Heydər Əliyev: Onlar cinayət edəndə sən uşaq arabasında gəzirdin.

Jurnalist: Mən sualı onları müdafiə məqsədi ilə vermədim.

Heydər Əliyev: Uşaq arabasında gəzirdin, hə… Tarixi yaxşı öyrənin. Bunu mən hamınıza məsləhət görürəm. Tarixdən ibrət dərsi götürün. Başa düşürsünüzmü? Bugünkü günlə yaşamayın. Siz, burada olanlar, hamınız gənclərsiniz. 1990-cı ili xatirinizə salın. 1991-ci ili, 1992-ci ili, 1993-cü ili… İndi bizim televiziya və qəzetlər 1993-cü ilin hadisələrini verirlər. Bunları unutmayın. Çünki unutsanız, sabah sizin başınıza ondan da çox iş gələcəkdir. O vaxtlar, Rəhim Qazıyevin vaxtında sən gəlib burada belə rahat sual verə bilərdin? İsgəndər Həmidovun vaxtında sən prezidentə rahat sual verə bilərdin? Sənə elə təpik vurardılar ki, 15 dəfə aşardın.

Jurnalist: Mən sualı onları müdafiə məqsədi ilə vermədim.

Heydər Əliyev: Əgər müdafiə məqsədi ilə verməsən, onda bu, hökumətin işidir, dövlətin işidir. Dövlət hansı işi nə vaxt görəcəkdir, bu onun öz işidir.

Sual: Cənab Prezident, Azərbaycanın BMT-də, Cenevrədə nümayəndəsi var - İsfəndiyar Vahabzadə. O belə bir bəyanatla çıxış etmişdi ki, Azərbaycanın xarici ölkələrdəki səfirlərinin əksəriyyətinin anası erməni, yəhudi, rusdur… Onlar heç vaxt Azərbaycanın milli maraqlarını qoruya bilməzlər.

Cavab: Bu da demokratiyadır. Demokratiyadır, baxmayaraq ki, Xarici İşlər Nazirliyində işləyən adamlar siyasətlə məşğul olmalıdırlar. Yəni onlar xarici siyasətlə, dövlətin xarici siyasətinin həyata keçirilməsi ilə məşğul olmalıdırlar. Ancaq başqa fikirləri, dövlətin siyasətindən kənar, ya ona zidd olan fikirlər deməməlidirlər. Amma bilirəm ki, atası ondan çox narahatdır. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR