Xalq şairi Rəsul Həmzətova - Bakı şəhəri, 8 sentyabr 1998-ci il


Çox hörmətli Rəsul Həmzətov!

Bu əlamətdar gündə sizi - Dağıstanın görkəmli oğlunu, zəmanəmizin ən böyük şairlərindən birini 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Xeyirxahlığın və humanizmin nurlu ideyaları ilə aşılanmış əsərləriniz bir çox xalqların nümayəndələri tərəfindən olduqca böyük maraqla qarşılanır. Doğma diyara hədsiz məhəbbət, həyatın bədii qavranışının qeyri-adiliyi, öz xalqının əsrlər boyu təşəkkül tapmış adət və ənənələrinə qayğıkeş münasibət sizin əsərlərinizə ümumbəşəri əhəmiyyətlə yanaşı, dərin milli kolorit verir.

Sizin fəaliyyətiniz müxtəlif dövrlərdə yüksək hökumət təltiflərinə və mükafatlarına layiq görülmüşdür. Lakin ən yüksək mükafat sizin öz xalqınız arasında, istedadınızın bütün dünyadakı milyonlarla pərəstişkarı arasında qazandığınız böyük məhəbbətdir. Poeziyanın çox sevildiyi və yüksək qiymətləndirildiyi bir ölkə olan Azərbaycanda elə bir guşə yoxdur ki, sizi tanımasınlar və yaradıcılığınıza heyran olmasınlar.

Xalqlarımızın mənəvi, mədəni və dini dəyərlərinin ümumiliyi çoxəsrlik dostluq və qardaşlıq əlaqələrinin əsas təməli olmuşdur və olaraq qalır. Əcdadlarımızın nəcib işinin layiqli davamçısı kimi siz bütün çoxsahəli fəaliyyətinizlə bu əlaqələrin möhkəmlənməsi işinə qiymətli töhfə verirsiniz. Əminəm ki, sizin müdrikliyiniz, həqiqi söz ustadı kimi istedadınız, böyük həyat təcrübəniz gələcəkdə də Azərbaycan və Dağıstan xalqları arasında dostluğun və qardaşlığın möhkəmlənməsi işinə xidmət edəcəkdir.

Əziz Rəsul!

75 illik yubileyiniz günü sizə möhkəm cansağlığı, əmin-amanlıq və yeni yaradıcılıq uğurları arzulayıram. Sizi bağrıma basıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT