Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin yeni dərs ilinin başlanması münasibətilə 6 saylı orta məktəbdə təşkil olunmuş mərasimdə nitqi - 1 sentyabr 2001-ci il


Əziz uşaqlar, əziz müəllimlər!

Hörmətli valideynlər!

Xanımlar və cənablar!

Mən sizin hamınızı Azərbaycanda yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm və Azərbaycanın bütün təhsil ocaqlarına, bütün məktəblərinə, bütün müəllimlərinə, təhsil alan uşaqlara və gənclərə uğurlar arzulayıram.

Hər il sentyabr ayının 1-i böyük bayrama çevrilir. Çünki məktəblər açılır, uşaqlar istirahət etdikdən sonra yenə də siniflərinə qayıdırlar. Ancaq bununla bərabər hər məktəbin birinci sinfinə yeni uşaqlar gəlir. Bu il Azərbaycanda birinci sinifə 160 min uşaq qəbul olunmuşdur. Təsəvvür edin, hər bir uşaq nə qədər böyük sevinc hissi keçirir! Hər bir valideyn nə qədər çox sevinir ki, o, bir ata kimi, ana kimi uşağını böyütdü, məktəbə göndərdi! Çünki hər bir insan üçün həyat anadan doğulduğu gündən başlayırsa, insanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır.

Eyni zamanda məktəblərə bizim böyük müəllimlər ordusu gəlir. Onlar da yay istirahətlərini keçirəndən sonra, özlərini daha da yaxşı hiss edəndən sonra yenidən iş yerlərinə - məktəbə gəlir, sinifə daxil olur, öz şərəfli işlərini həyata keçirirlər. Ona görə də bu gün bütün xalqımız üçün, bütün ölkəmiz üçün, Azərbaycanın vətəndaşları üçün böyük bayramdır. Bayram münasibətilə də mən bu gün sizin məktəbə gəlmişəm, sizi bir daha təbrik etmək istəyirəm. Ümidvaram ki, Azərbaycanda məşhur olan 6 nömrəli məktəb indiyə qədər əldə etdiyi gözəl ənənələrini davam etdirəcək və müstəqil Azərbaycanın gələcəyi üçün yüksək təhsilli gənclər hazırlayacaqdır.

Azərbaycan dövlət müstəqilliyinin 10-cu il dönümünü qeyd edir. Bu, bizim çoxəsrlik tariximizdə ən əlamətdar, ən böyük əhəmiyyətə malik olan bir hadisədir. Azərbaycan əsrlər boyu müstəqil olmaq arzusu ilə yaşamış, xalqımız əsrlər boyu azad olmaq istəmiş, öz müstəqil dövlətinin olması arzusu ilə yaşamış, müstəqil ölkəsinin vətəndaşı olmaq istəmişdir.

Biz buna ilk dəfə 1918-ci ildə nail olduq. Ancaq bizim bu müstəqilliyimizin ömrü çox az oldu. Nəhayət, 1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədar bütün müttəfiq respublikalar, o cümlədən Azərbaycan da öz dövlət müstəqilliyini elan etdi. Bizim bu on ildə keçdiyimiz yol hamar olmayıbdır. Enişli-yoxuşlu olubdur. Çətin problemlərlə rastlaşmışıq. Müstəqillik əldə edəndə Azərbaycan bir neçə il idi ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünə qarşı mübarizə aparırdı. Müharibə getdi, qan töküldü, gənclərimiz şəhid oldu. O cümlədən sizin məktəbin məzunlarından da şəhidlər var. Eyni zamanda Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabit olmadı. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyini vaxtında, ilbəil lazımı səviyyəyə qaldırmağa maneçilik törədirdi. Nəhayət, bilirsiniz ki, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Azərbaycan parçalanmaq, dağılmaq təhlükəsi ilə üzləşdi.

Ancaq şükürlər olsun ki, xalqımız bir daha öz müdrikliyini nümayiş etdirdi, xalqla dövlətin birliyi Azərbaycanı fəlakətdən xilas etdi. Sonrakı illərdə yenə də bizim dövlətçiliyimizə, müstəqilliyimizə qarşı göstərilən, deyə bilərəm ki, çox təhlükəli cəhdlərin qarşısı alındı, Azərbaycan, nəhayət, daxili ictimai-siyasi sabitliyi təmin edib, həyatın bütün sahələrini inkişaf etdirməyə imkan qazandı. İndi artıq Azərbaycan bütün sahələrdə inkişaf edir. Biz indi Azərbaycanın müstəqilliyinin 10-cu ildönümünü qeyd edərkən iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan öz müstəqilliyinin 10-cu ildönümünə bütün sahələrdə böyük nailiyyətlərlə gəlir.

Doğrudur, biz Ermənistanın Azərbaycana etdiyi təcavüzlə əlaqədar meydana gəlmiş vəziyyəti hələ normallaşdıra bilməmişik. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. Bir milyondan artıq soydaşımız yerindən-yurdundan zorla çıxarılıbdır. Onların əksəriyyəti çadırlarda yaşayır. Biz bu məsələni həll etməyə çalışırıq. 1994-cü ildə, 7 il bundan öncə, biz atəşi dayandırdıq, müharibəni dayandırdıq. Qan tökülməsinə son qoyduq.

Məsələnin sülh yolu ilə həll olunması sahəsində ardıcıl tədbirlər görmüşük, bu gün də görürük, bundan sonra da görəcəyik. Mən inanıram ki, biz bu münaqişəyə son qoyacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, işğal edilmiş torpaqlarımız azad olunacaq, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz elinə-obasına qayıdacaqlar.

Bütün bu çətinliklər içərisində yaşayan Azərbaycan inkişaf edib. İqtisadi cəhətdən inkişaf edir, siyasi cəhətdən inkişaf edir, mənəvi cəhətdən inkişaf edir, təhsil sahəsində inkişaf edir. Təsəvvür edin, Azərbaycanda bizim əhalinin, səhv etmirəmsə, demək olar ki, beşdə bir hissəsini, yaxud dörddə bir hissəsini məktəblərdə, universitetlərdə təhsil alanlar, müəllimlər, professorlar təşkil edirlər. Görün nə qədər böyük ordudur.

Amma o illər bu sahə çox dağıdılmışdı, pozulmuşdu. Təhsil sistemi tamamilə pozulmuşdu. Ona görə də insanların çoxu uşaqlarına təhsil vermək, məktəbə aparmaq imkanına malik deyildi. Onlar ancaq yaşamağa, həyatda bir təhər özünü saxlamağa çalışırdı, çarpışırdı, yəni problemlərlə çarpışırdı. Ancaq indi Azərbaycanın təhsil sistemi artıq tamam nizamlanıbdır. Təhsil sahəsində bizim son illər apardığımız islahatlar Azərbaycan məktəbinin, təhsilinin keyfiyyətini artırır və məktəblərdə, universitetlərdə müasir tələblərə uyğun təhsil verilir. Bunlar hamısı Azərbaycan xalqının sağlam, bilikli, yüksək ixtisasa malik olan gələcək nəsillərini hazırlayır.

İndi insanlar hər yerdə oxuyurlar. Mən uşaqları, gəncləri deyirəm. Sizin məktəbiniz böyük tarixə malikdir, böyük ənənələrə malikdir. İndi yenidən təmir olunubdur. Ancaq siz yəqin bilirsiniz ki, o çadırlarda yaşayan soydaşlarımızın uşaqları çadır şəhərciklərində yaratdığımız məktəblərdə oxuyurlar. Mənə dedilər ki, bu il ali məktəblərə imtahan verənlərin içərisində çadır şəhərciklərində təhsil alan məktəblilərin bir qismi çox yüksək ballar toplamışlar. Bu, nəyi göstərir? Bu Azərbaycan xalqının, Azərbaycan gəncinin fitri istedadını göstərir. Hər şeylə təchiz olunmuş çox gözəl məktəbdə də, çadır şəhərciyində də uşaq, gənc istəyir ki, inkişaf etsin, təhsil alsın. Buna görə də xalqımızın elmi potensialı, təhsil potensialı, bütün sahələrdə yüksək mütəxəssislərlə təmin olunmaq potensialı get-gedə artır. Bu da bizim müstəqillik dövründə əldə etdiyimiz əsas nailiyyətlərdən biridir.

Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır. Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri, universitetləri, - az hissəsini nəzərə almasaq, - demək olar ki, hamısı dövlətə məxsusdur. Dövlət təhsilin maliyyələşdirilməsini, yüksək təhsil almaq üçün müasir maddi-texniki bazanın yaradılmasını, məktəblərin şəraitinin yaxşılaşdırılmasını özünün əsas vəzifələrindən biri hesab edir. Bilməlisiniz ki, bizim büdcədə ən çox payı olan təhsil sistemidir. Bu da təsadüfi deyildir. Başqa sahədə ola bilər. kəsirlər də olsun amma təhsildə yox.

Çünki təhsildə olan kəsir, çatışmazlıq bizim gələcəyimizə xətalar yaradacaqdır. Buna görə də təhsil dövlət tərəfindən maliyyələşdirilir, -az miqdarda özəl təhsil ocaqları var, - bundan sonra da biz Azərbaycanda təhsilin inkişafını özümüzün siyasətimizin öncül sahəsi hesab edəcəyik, bundan sonra da səylərimizi davam etdirəcəyik.

Mən 6 nömrəli məktəbdə keçmişdə də olmuşam. Bu gün bır neçə sinfə baxdım. O vaxt kompüter nə idi heç bilmirdilər, amma indi görün, bu gün uşaqlar kompüterlərin arxasında oturublar. İndi ayrı-ayrı ölkələrdən gətirilən kompüterlər yaxud da başqa çox müasir tələblər səviyyəsində olan təhsil ləvazimatı bütün məktəblərə verilib və veriləcəkdir. Bunlar hamısı dövlət tərəfindən təhsilə göstərilən qayğıdır. Eyni zamanda bunlar hamısı təhsil sahəsində çalışan insanlara öz vəzifələrini daha da səylə yerinə yetirmək üçün əsasdır.

Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycanda bütün məktəblərdə bütün sahələrə aid müəllimlər var. Ali məktəblərimizdə yüksək elmə malik olan professor-müəllim heyətləri var. Ancaq orta məktəbdə, ali məktəbdə hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır.

Biz son illər müəllimlərin, təhsil işçilərinin maaşlarını artırmışıq və bundan sonra da artıracağıq. Bu, onu göstərir ki, biz imkanımız daxilində bu sahəyə maksimum qayğı göstəririk. Əmin ola bilərsiniz ki, bundan sonra bu qayğı daha da artacaqdır. Azərbaycanın iqtisadi potensialı yüksəldikcə, Azərbaycan büdcəsinin imkanları genişləndikcə, məktəbə, təhsilə, müəllimə ayrılan vəsaitin miqdarı artacaq və onların böyük hissəsi də müəllimlərin. təhsil işçilərinin maaşlarının artırılmasına yönəldiləcəkdir.

Bilirəm ki, indi həyatın bu dövründə müəllimlərin aldıqları maaş onların yaşayışını biz istədiyimiz qədər təmin etmir. Amma siz də bilməlisiniz ki, biz nə mümkündür, onu edirik, bundan sonra da edəcəyik. Ancaq müəllim elə bir şəxsiyyətdir ki, o, hansı şəraitdə olur-olsun birinci növbədə şərəfli müəllim adını yüksəkdə saxlamalıdır.

Çadır şəhərciyində bizim müəllimliyini edir, - aydındır, orada nə ev var, nə yatmağa yer var, təkcə çadırdır, - bunu kim görübsə bilir, görməyən də gedib görə bilər. Orada müəllim o cür çətin şəraitdə yaşayaraq uşaqlara qayğı göstərir, müəllimlik edir və elə savad verir ki, o uşaqlar gəlib burada yüksək ballarla ali məktəbə qəbul olunurlar. Demək, həmin müəllimlər müəllim adının şərəfini anlayırlar və bu adı uca tuturlar.

Mən inanıram ki, müəllimlərin əksəriyyəti bu yüksək mənəvi dəyərlərlə yaşayırlar. Kimsə əgər hələ bu səviyyəyə çatmayıbsa, arzu edərdim ki, onlar da öz vəzifələrini yerinə yetirərək bilsinlər ki, Azərbaycan xalqının yüksək mənəviyyatı hər şeydən ucadır, hər şeydən yüksəkdir. Bu, həm xalq üçün, millət üçün, hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçündür.

6 nömrəli məktəb, dedim ki, mənim uçun yaxşı tanışdır. Çünki mənim iki övladım - qızım da, oğlum da birinci sinifdən onuncu sinfə qədər burada təhsil alıblar. Mən 10 il uşaqlarımla buradan o tərəfdə olan evdə yaşamışam. Doğrudur, o vaxt bizim problemimiz olmayıbdır ki, uşaqlan məktəbə aparaq. Uşaq özü çıxıb gəlirdi Anası da eyvandan onları müşayiət edirdi. Eyni zamanda əgər belə olmasaydı, heç başqa imkanımız da yox idi. Avtomobil, filan - bunlar yox idi. Ancaq biz o vaxtlar uşaqlarımızın məktəbə getməsi üçün şəhər nəqliyyatından istifadə etmədik. Məktəb ilə evimizin yaxınlığı bizim üçün çox asanlıq yaratdı.

Uşaqlar çox yaxşı təhsil aldılar. Mən bunu ona görə dedim ki, təkcə mənim övladlarım bura-da yaxşı təhsil alıblar. Bilirsiniz ki, mən 1969-cu ildən 14 il Azərbaycanın rəhbəri olmuşam. O vaxtlar da mən təhsil işləri ilə çox ciddi məşğul olmuşam. Ona görə də bilirəm ki, Azərbaycanda, Bakıda çox nümunəvi məktəblər olub, indi də var. Onlar qazandıqları yerləri heç vaxt əldən verməyiblər. Təkcə Bakıda yox, Yevlax rayonunun Xaldan kəndində də bir nümunəvi məktəb var idi. Bilirsinizmi kənd yeridir, amma nə qədər yüksək səviyyəli məktəb idi. Mən orada bir-iki dəfə olmuşam və oranın direktoru Zahid Şöyübovla söhbətlər etmişdim. Həm də o vaxtlar çox şərəfli ad olan "SSRİ xalq müəllimi" adını ilk dəfə Şöyübova verdik.

Məktəbin şəhərdə və kənddə. şəhərin mərkəzində və ya kənarında yerləşməsi onun təhsil səviyyəsinin dəyişilməsinə təsir göstərə bilməz. 6 nömrəli məktəb həmişə nümunəvi məktəb olub, onun böyük tarixi var. Çox məmnunam ki. o bu adı indiyə qədər, bütün çətin dövrü yaşayaraq qoruyub saxlayıb və ümidvaram ki, bundan sonra da şərəflə qoruyacaqdır.

Bu gün xatırlayıram ki, 1977-ci ildə mənim oğlum İlham məktəbi qurtararkən mən gəlib başqa valideynlərlə birlikdə buraxılışda iştirak etdim. Onların bir çoxları təəccüb edirdilər ki, necə ola bilər ki, ölkənin başçısı gəlib burada, məktəbdə bütün başqa valideynlərlə birlikdə mərasimdə iştirak edir Mən hesab edirəm ki, o təəccüb edənlər səhv edirdilər. Çünki bizim özümüz də məktəbdən çıxmışıq. Bizim özümüz də məktəbin yetirmələri idik. Mənim oğlum 10 il burada təhsil almışdır. Əgər yaxşı təhsil alıbsa, təbiidir ki, mən onun buraxılış tədbirinə getməli idim, öz təşəkkürümü bildirməli idim. Keçmişi yada salaraq demək istəyirəm ki, İlhamın, Sevilin anası, mənim mərhum həyat yoldaşım Zərifə xanım valideynlərin bütün iclaslarına gedirdi və iştirak edirdi. Bu da hər bir valideynin borcudur. Valideynlər gərək məktəblə həmişə sıx əlaqə saxlasınlar. Gəlsinlər, uşaqların dediyi ilə yox, müəllimlə haradasa görüşməklə yox məktəbdə uşağının necə oxumasını, məktəbdə olan şəraiti görsünlər. Beləliklə, onlar öz uşaqlarının yaxşı oxuması uçun yaxşı fəaliyyət göstərə bilərlər, eyni zamanda, məktəblə əlaqə insanı daha da cavan saxlayır. Bunun da böyük əhəmiyyəti var.

Mən bu məktəbə çox təşəkkür edirəm ki, iki övladımın orta təhsil almasında mənə bir valideyn kimi böyük töhfələr veribdir. Təsadüfi deyil ki, bu məktəbdə aldıqları orta təhsil əsasında oğlum Moskvada ən mötəbər universitetlərdən birini bitirdi. Qızım buradakı universiteti - Bakı Dövlət Universitetini bitirdi. Sonra aspiranturanı Moskvada Şərqşünaslıq İnstitutunda oxudu. Oğlum sonra həmin o Beynəlxalq Əlaqələr İnstitutunda elmlər namizədi kimi dərs verirdi. Bunların hamısının kökü, başlanğıcı məktəbdir Təbiidir ki, hər bir uşaq eyni istedada malik ola bilməz. Amma eyni zamanda məktəbdə hər bir uşağın yüksək təhsil alması üçün göstərilən səylər, o istedad fərqini müəyyən qədər azatdır.

Sizə bir daha təşəkkür edirəm.

O vaxt bu məktəb rus dilində təhsil verirdi. İndi deyirlər ki, burada həm Azərbaycan sektoru var, həm rus sektoru var. Bu da tamamilə təbiidir. Ancaq o vaxt bizim Bakıda rus dilində olan məktəblər Azərbaycan dilində olan məktəblərdən çox idi. Bunda da heç kəsi günahlandırmaq olmaz.

Çünki biz SSRİ kimi bir dövlətdə yaşayırdıq. Rus dili hakim dil idi. Rus dilini təmiz bilməyən adam Sovetlər İttifaqının başqa şəhərlərinə gedib təhsil ala bilməzdi. Yaxud da ki, dövlət orqanlarında da əsasən rus dili istifadə olunurdu. Ona görə də valideynlər öz övladlarını rusdilli məktəblərə verirdilər. Yəni mən o vaxt belə olmasını təbii hesab edirəm. Ancaq o vaxt bu məktəblərdə böyük bir qüsur var idi. Bu da ondan ibarət idi ki, birincisi, rus dilində təhsil verərək azərbaycanlı uşaqlara, balalara Azərbaycan dilini yaxşı öyrədə bilmirdilər. İkincisi, o vaxtın nöqsanlarını yada salmaq lazımdır ki, bu gün, sabah bu nöqsanlara yol verilməsin.

O vaxt rus dillində olan məktəblərdə bütün dərsliklər Moskvadan gəlirdi. Riyaziyyatın, kimyanın, fizikanın, biologiyanın - bunların hansı dildə olub - olmamasının fərqi yoxdur. Heyvanın adı rus dilində də, Azərbaycan dilində də var. Yaxud bitkinin də adı var. Riyaziyyatı hansı dildə oxuyursan oxu, əgər sən riyaziyyatı mənimsəmisənsə, bunun fərqi yoxdur. Amma həm millət üçün, həm xalq üçün bütün dilləri yaxşı bilməklə yanaşı, Azərbaycan dilini səlist, yaxşı bilmək əsas şərtlərdən biri idi. O vaxt da belə idi. Biz o vaxt da çalışırdıq ki buna nail olaq. Amma təəssüf ki, o vaxt bu mümkün deyildi.

Məsələn, o vaxt bu məktəbdə Azərbaycan dili başqa bir dil kimi tədris olunurdu. Çünki bütün dərslər rus dilində idi. İndi bu gün mən Emma xanımı burada gördüm. Emma xanım buradadır, yoxsa getdi, ola bilər gedibdir. O, mənim xatirimə bir şey saldı, mənim yadımdan çıxıbdır. Oğlumun buraxılışı vaxtı bu məktəbdə olarkən Emma xanıma demişəm ki, burada hər şey yaxşıdır, ancaq mənim oğluma Azərbaycan dilini öyrədə bilməmisiniz. Bu heç kəsin qüsuru deyil. Çünki rus dili hakim dil olduğuna görə, Azərbaycan dilinə o qədər fikir vermirdilər. Müəllim çalışırdı, amma şagird fikir vermirdi. Məhz bunun nəticəsi idi. 10 ildir bu müstəqil dövlətdir. Bizim Konstitusiyamızda yazılıbdır ki, dövlət dili Azərbaycan dilidir. Amma onun ətrafında işləyən adamlar var, Azərbaycan dilini yaxşı bilmirlər. Çünki rus dilində təhsil alıb, rus dilində işləyib, indi Azərbaycan dilini başdansovdu öyrənir, amma tamam yaxşı bilmir. Bu, bizim keçmişimizin təbii qüsurlarıdır. Ancaq bundan nəticə çıxarmaq lazımdır.

Məsələn, o vaxt təkcə Azərbaycan dilinin yox tarix dərslərinin öyrənilməsində də vəziyyət belə idi. Orta məktəblərdə "SSRİ tarixi" var idi. "SSRİ tarixi"nin də 90 faizi Rusiyanın tarixini əks etdirirdi. Yaxud ədəbiyyat rus ədəbiyyatı idi.

Emma xanım, - mənim oğluma dərs deyibdir, - mən səni yada saldım, ona görə soruşdum. Emma xanım, bilirsən, oğlum indi Azərbaycan dilini necə yaxşı bilir. Sən yəqin onun çıxışlarını televiziyadan eşidirsən. O, Azərbaycan dilində rus dilindən yaxşı danışır. Bunda da sənin zəhmətin var. "Azərbaycan tarixi" çox cüzi əks olunurdu. Moskvadan gələn dərsliklər hamısı rus ədəbiyyatı idi. Bəs Azərbaycan ədəbiyyatı? Bəzən həmin bu rus məktəblərində təhsil almış, Azərbaycan dilinə meyl göstərməmiş gənclərdən Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, yaxud da bizim müasirlərimiz olan şair və yazıçıların şerlərini soruşanda görürdün ki, onlardan xəbərləri yoxdur. Onlar, məsələn, Nizaminin rus dilinə tərcümə olunmuş poemalarını, şerlərini oxuyurdular. Amma sən onu nə qədər oxusan da, Nizami sənin qəlbinə yatmayacaq. Oxusalar da, bunlar Azərbaycan dilində olan şerlər deyildi. Ona görə də rus dilində təhsil alan adamların təəssüf ki, Azərbaycanın tarixi, onun zəngin mədəniyyəti, zəngin ədəbi irsi haqqında məlumatlan çox az idi.

Xatırlayıram, 1970-ci illərin axırlarında mən işlədiyim yerdə Partiyanın Mərkəzi Komitəsində mənim yanımda işləyən yüksək vəzifəli şəxsə göstəriş verdim ki, get Azərbaycan Milli Teatrına, orada bir əsər var, təzə tamaşaya qoyublar, ona bax, gəl mənə o barədə danış. Çünki həmin əsər bir az mübahisəli idi. Gördüm, baxır mənə, dedim, sən əvvəllər Azərbaycan Dram Teatrında olmusan? Dedi ki, yox, olmamışam. Təsəvvür edin, rus dilində təhsil alıb. Rus Dram Teatrına gedib, amma bizim böyük tarixə malik olan Azərbaycan Dövlət Dram Teatrında bu, bir dəfə də olmayıbdır.

Təbiidir ki, o, Azərbaycan dramaturqlarının, yazıçılarının, şairlərinin əsərlərini bilməyəcək. Çünki nə oxuyub, nə də tamaşa edib. Əgər gedib teatrda tamaşa etsəydi, onda heç olmasa bilərdi. Bax, bu, bizim yaxın keçmişimizin əziyyətləridir.

İndi biz müstəqil dövlətik. Bizim dövlət dilimiz, ana dilimiz Azərbaycan dilidir. Tədris hər yerdə Azərbaycan dilində getməlidir. Ancaq o yerlərdə ki, rus əhalisi üçün, yaxud bəzi rusdilli insanlar üçün tədris rus dilində gedir, orada mütləq Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı tədris edilməlidir. Ona görə də bizim nazirliyə bir neçə il bundan öncə göstərişlər verilibdir ki, bizim tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə aid olan fənlər üzrə rus dilində də kitablar, dərsliklər buraxılsın ki, həmin o rus sektorunda təhsil alan gəclər onları rus dilində oxusunlar. Amma yenə də deyirəm. Yaxşı olar ki, onlar Səməd Vurğunun şerini Azərbaycan dilində oxusunlar. Çünki onun rus dilində tərcüməsi o dadı, o hissiyyatı vermir. Bax, bu, əsas məsələlərdən biridir.

Latın qrafikasının tətbiq olunması əsas məsələlərdən biridir. İndi mən burada XI sinfin şagirdləri ilə tanış olarkən məktəb direktoru mənə bildirdi ki, bunlar artıq II sinifdən latın qrafikası ilə oxuyurlar. Demək, bunlar artıq bizim cəmiyyətdə hər şeyə hazırdırlar. Amma mən bu yaxınlarda fərman verəndə ki, avqust ayının 1-dən bütün nəşriyyat, qəzetlər, kitablar latın qrafikasına keçməlidir, bəziləri narazı oldular, etiraz etdilər ki, bu, mümkün deyil. Nə üçün mümkün deyil? Mümkün oldu. İndi hər şey mümkündür. Bu da məktəbin əsas vəzifələrindən biridir.

Mən inanıram ki, 6 nömrəli məktəb özünün gözəl ənənələrini davam etdirəcək. Bugünkü tanışlığım məndə müsbət təəssürat yaratdı. Mən təsdiq edirəm ki, bu ənənələr davam edir, ümid edirəm ki, bundan sonra da davam edəcək. İnanıram ki, 6 nömrəli məktəb Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olacaqdır.

Məktəbin müəllimlərinə, bütün kollektivə, Azərbaycanın bütün təhsil işçilərinə, bütün müəllimlərinə, Azərbaycanın təhsil alan uşaqlarına, ali məktəblərdə təhsil alan gənclərə, hamıya bu yolda uğurlar arzulayıram. Sizin hamınıza cansağlığı, səadət arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 2 sentyabr 2001-ci il.