Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti - Bakı, 25 dekabr 1997-ci il


Hörmətli həmvətənlər!

Əziz soydaşlarımız!

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu ümummilli bayram münasibətilə hamınızı ürəkdən salamlayır, ən səmimi arzularımı yetirirəm.

Azərbaycan xalqı dünya mədəniyyətində öz dəsti-xətti ilə seçilən xalqlardandır. Onun əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri, həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır. Azərbaycanda "Kitabi Dədə Qorqud", "Koroğlu" dastanları kimi möhtəşəm sənət abidələri dünya sivilizasiya tarixində silinməz iz qoymuş, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, İmadəddin Nəsimi, Qətran Təbrizi, Məhəmməd Füzuli kimi korifeylərin yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist ideyaların bərqərar olmasına xidmət etmişdir. Səfiəddin Urməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur.

Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Mirzə Fətəli Axundovun, Abbasqulu Ağa Bakıxanovun və digər mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı tanışdır.

Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın Vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir.

Keçən əsrdə milli maarifçilik ideyalarının gerçəkləşməsi sayəsində Azərbaycanda demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq, milli şüurun formalaşmasına güclü təkan verdi.

Bakının qısa bir müddət ərzində dünyanın neft paytaxtına çevrilməsi, iqtisadiyyatla yanaşı, ictimai-siyasi və mədəni həyatda köklü dəyişikliklər üçün möhkəm zəmin yaratdı.

Azərbaycanın görkəmli şəxsiyyətləri müstəqillik ideyası ətrafında birləşərək, 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına nail oldular. Lakin Azərbaycan Demokratik Cümhuriyyəti çox yaşaya bilmədi, xarici müdaxilə nəticəsində süqut etdi.

Bundan sonra Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdur. 1922-ci ildə isə respublikamız SSRİ-nin tərkibinə daxil edilmişdir. Tariximizin Sovet dövründə ölkəmiz müstəqil yaşamasa da, Azərbaycanın dövlət rəmzləri - bayrağı, himni, gerbi və s. dövlətçilik atributları mövcud olmuş, xalqımız öz milli-ənənəvi dəyərlərini, dilini, dinini, adət-ənənələrini qoruyub saxlamış, iqtisadiyyatını, elmini, mədəniyyətini daha da inkişaf etdirmişdir. Nəhayət, 6 il bundan öncə xalqımız öz istiqlaliyyətini əldə etmiş və Azərbaycan Respublikasını yaratmışdır.

Müstəqil Azərbaycan dövlətinin qurulması bizim həyatımızda mühüm tarixi hadisədir. Doğrudur, müstəqillik yolu bizim üçün hamar olmayıb və biz ağır sınaqlara məruz qalmışıq. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni qəsbkarlarının ərazimizin 20 faizini işğal etməsi 1 milyondan çox həmvətənlərimizi doğma yurd-yuvasından didərgin salaraq, qaçqın və köçkünə çevirmişdir. Müstəqil dövlətçiliyimizə mane olmağa çalışan daxili və xarici qüvvələrin təxribatı, keçmiş iqtisadi əlaqələrin pozulması, keçid dövrünün sosial-iqtisadi çətinlikləri və sair problemlər də bizim müstəqillik yolumuzu xeyli çətinləşdirmişdir. Lakin bütün bunlar xalqımızın öz müstəqil dövlətçiliyinə inamını, mübarizə əzmini və qətiyyətini nəinki sarsıtmamış, əksinə, daha da möhkəmlətmişdir.

Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində ölkənin həyatında əldə edilmiş nailiyyətlər göz qabağındadır. Ermənistanla 1988-ci ildən bəri davam edən müharibə 3 il yarımdan artıqdır ki, dayanldırılmış, atəşkəsə nail olunmuşdur. Ölkə daxilində qeyri-qanuni silahlı dəstələrin fəaliyyətinə birdəfəlik son qoyulmuş, siyasi hərc-mərcliyin qarşısı alınmışdır. Qətiyyətlə deyə bilərəm ki, hal-hazırda Azərbaycan Respublikası tam siyasi sabitlik şəraitində yaşayır. Bu da ölkənin həyatının müxtəlif sahələrində köklü dəyişikliklərin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Azərbaycan Respublikası müstəqil bir ölkə kimi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə gedir. Cəmiyyətimiz dünyada sınaqdan çıxmış və xalqımızın milli xüsusiyyətlərinə uyğun gələn demokratik prinsiplər əsasında formalaşır. Xalqımızın tarixi arzusu olan müstəqil dövlətimizin ilk Konstitusiyası ümumxalq referendumu nəticəsində qəbul edilmişdir. Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, vətəndaş cəmiyyətinin bərqərar edilməsini qanuni şəkildə təsbit edir. Konstitusiyanın müddəaları əsasında çoxpartiyalı, demokratik seçkilər yolu ilə parlament yaradılmış, siyasi plüralizmə nail olmaq, cəmiyyətimizdə demokratik prinsipləri inkişaf etdirmək üçün qanunlar qəbul edilmişdir.

Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli yer tutması üçün daha geniş perspektivlər açılmışdır.

İndi Azərbaycanda fikir müxtəlifliyi, söz, mətbuat, vicdan azadlığı, insan hüquqlarının qorunması cəmiyyətimizin əsas və dönməz prinsiplərini təşkil edir. Xalqımız öz həyatını qanunların aliliyi, tarixi, milli-mənəvi dəyərlərin qorunması və inkişafı şəraitində qurur və bundan sonra da bu yolla gedəcəkdir.

Azərbaycan iqtisadiyyatı böyuk dəyişikliklər və islahatlar dövrünü yaşayır. Bazar münasibətlərinə keçid və dünya iqtisadi sisteminə inteqrasiya olunmaq siyasətimizin əsas istiqamətlərini təşkil edir. Ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, 80-ci illərin sonundan iqtisadiyyatda baş verən geriləmə hallarının qarşısı alınmış, bəzi sahələrdə isə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Bu gün ölkədə aparılan iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İqtisadiyyatın strukturunda köklü dəyişikliklər baş verir, yeni təsərrüfat sisteminin tələblərinə uyğun təsisatlar və iqtisadi münasibətlər formalaşır. Hazırda sənayenin, ticarətin, nəqliyyatın, məişət xidməti sahələrinin özəlləşdirilməsi, bank-maliyyə sisteminin, istehsalın yenidən qurulması, dünyanın ən böyük dövlət və özəl qurumları ilə müştərək layihələrin həyata keçirilməsi və s. Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi uğurlardandır.

Dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə neft müqavilələrinin bağlanması, bu müqavilələrin işə başlaması, ilkin neftin artıq Qərb bazarlarına nəql edilməsi ölkə iqtisadiyyatında böyük dəyişikliklərə zəmin yaratmışdır.

İslahatlar iqtisadiyyatın digər sahələrinə nisbətən aqrar sahədə daha sürətlə gedir. Kənd təsərrüfatında aparılan radikal islahatlar - ictimai və dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi, torpaqların xüsusi mülkiyyətə verilməsi, mülkiyyət formalarının dəyişdirilməsi, kəndlidə həqiqi sahibkarlıq hisslərinin yaradılması öz müsbət nəticələrini vermiş və Azərbaycanda ərzaq problemi birdəfəlik aradan qalxmışdır. Ölkə iqtisadiyyatında həyata keçirilən dəyişikliklər və bunun nəticəsində nail olduğumuz inkişaf dövlətə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, elmə, mədəniyyətə, təhsilə daha çox vəsait cəlb etmək imkanı yaradır.

Azərbaycan bu gün müstəqil bir dövlət kimi bütün dünyada tanınır və özünəməxsus nüfuza malikdir. İstiqlaliyyət əldə etdikdən sonra dövlətimiz qısa müddətdə Birləşmiş Millətlər Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, Türk Dövlətləri Birliyinin, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Bərpa və İnkişaf Bankının, İslam İnkişaf Bankının üzvü olmuş, Parlamentlərarası İttifaq, Avropa Şurası, Avropa parlamenti, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yaratmışdır.

Azərbaycan diplomatiyası dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, bütün ölkələrlə hərtərəfli, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq sahəsində mühüm uğurlar qazanmışdır.

Bu gün dövlətimizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın haqq səsi dünya dövlətləri, beynəlxalq və regional qurumlar tərəfindən dəstəklənir. İnanırıq ki, yaxın zamanlarda bu problem sülh yolu ilə özünün ədalətli həllini tapacaqdır və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Biz dəfələrlə bəyan etmişik ki, Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla həll olunmalıdır. Biz müharibə istəmirik. Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir.

Qoy Azərbaycanın müstəqilliyinə qəsd etmək niyyətində olan bütün xarici və daxili qüvvələr bilsinlər ki, öz suverenliyi və ərazi bütövlüyü uğrunda minlərlə qurban vermiş Azərbaycan xalqı hər bir təcavüzkara, hər bir qara qüvvəyə, hər bir təxribatçıya və onların əlində alətə çevrilən şəxslərə layiqincə cavab verəcəkdir.

Əziz soydaşlarımız!

Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba yurdudur. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, dünyanın bütün ölkələrində yaşayan və qəlbi doğma Azərbaycanla bir döyünən həmvətənlərimizin də xalqımızın milli-azadlıq mübarizəsində, ölkəmizin tərəqqisi və inkişafı yolunda önəmli xidmətləri vardır.

Bu gün harada yaşamasından asılı olmayaraq Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ideyaları ətrafında sıx birləşməli, sarsılmaz həmrəylik nümayiş etdirməlidir. Vətənini, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin dönməz olması üçün səy göstərməlidir. Bütün azərbaycanlılarda, bu və ya digər tellərlə bağlı olan hər bir şəxsdə azərbaycançılıq, vətənpərvərlik hissləri, tarixi torpağımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamaq hamımızın ümdə vəzifəsidir. Vətənimizin, respublikamızın taleyi hər bir azərbaycanlının taleyi olmalıdır.

Müstəqil Azərbaycanın dövlət rəmzləri - bayrağı, gerbi, himni ilə bütün dünya azərbaycanlıları fəxr edə bilər. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, təhlükəsizliyi, bu günü və gələcəyi hər bir soydaşımızı, milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, hər bir həmvətənimizi düşündürməlidir. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqı müstəqillik əzmi və iradəsi ilə qarşılaşdığımız hər bir çətinliyə qadir gələcəkdir. Xalqımızın müdrikliyi, yenilməzliyi və qəhrəmanlığı müstəqil dövlətimizin yaşamasının və inkişafının əsasını təşkil edir.

Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur.

İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar. Qətiyyətlə bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir və heç bir qüvvə bizi bu yoldan döndərə bilməyəcəkdir.

Hamınızı azad, müstəqil, demokratik Azərbaycan dövlətinin daha da möhkəmlənməsi naminə həmrəyliyə və milli birliyə çağırıram.

Ulu Tanrıdan bütün dünya azərbaycanlılarına səadət və əmin-amanlıq diləyirəm.

"Azərbaycan" qəzeti, 26 oktyabr 1996-cı il.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər