Beynəlxalq Mühəndislik Akademiyasının hörmətli üzvləri!
Sizi əlamətdar hadisə - akademiyanın əsasının qoyulmasının 10 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Bu illər ərzində Mühəndislik Akademiyası böyük uğurlar qazanmışdır. Akademiya üzvlərinin beynəlxalq əlaqələrinin postsovet məkanı üçün kifayət qədər yüksək olan səviyyəsi də yaxşı təsir bağışlayır. Qarşılıqlı əlaqə və əməkdaşlığın ənənəvi olaraq yaranmış formalarının dağılmasına gətirib çıxarmış çox mürəkkəb ictimai-siyasi və iqtisadi proseslər dövründə sizin nailiyyətlərinizin xüsusi əhəmiyyəti var.
XX əsrdə Azərbaycan qəti şəkildə Neft Akademiyası statusunu qazanmışdır. Müstəqillik illərində dünyanın aparıcı şirkətləri ilə imzalanmış müqavilələr bizim neft strategiyamızın mahiyyətini irəlicədən müəyyənləşdirmiş və mühəndis elmi qarşısında bir sıra konkret vəzifələr qoymuşdur. Azərbaycan Respublikasının çoxsaylı mühəndis korpusunun nümayəndələri bu vəzifələri həll etmək üçün müxtəlif ölkələrin alimləri, o cümlədən də Beynəlxalq Mühəndislik Akademiyası ilə sıx əməkdaşlıq edirlər.
Çox əlamətdar haldır ki, Müstəqil Dövlətlər Birliyi ölkələrinin və dünyanın bir sıra digər dövlətlərinin mühəndis elminin əlaqələndiricisi olan akademiya tətbiqi araşdırmaların müxtəlif sahələrinə aid çox mühüm elmi potensialı öz tərkibində cəmləşdirə və mühəndis fikrinin aparıcı mərkəzlərindən birinə çevrilə bilmişdir. Sizin bu yolda əldə etdiyiniz uğurlar qarşıdakı əsrdə də bizim səmərəli əməkdaşlığımız üçün zəmin yaradır.
İndi dünyada bütün siyasi qüvvələr elmi, xüsusilə onun tətbiqi sahələrini təkcə mədəniyyətin olduqca vacib tərkib hissəsi kimi deyil, həm də davamlı inkişafın əsası kimi qiymətləndirirlər. Məhz bu baxımdan sizin akademiyanın rolu əvəzsizdir. Əminəm ki, akademiya bir çox görkəmli alimlərin səylərini birləşdirərək mühəndis elminin inkişafına, yeni texnologiyaların yaradılmasına və tətbiqinə kömək edəcəkdir.
İndi Beynəlxalq Mühəndislik Akademiyası həm də başa çatmaqda olan əsrdə formalaşmış ümumi elmi-texniki məkanımızın saxlanması və inkişafının etibarlı təminatçılarından biri kimi çıxış edir. Biz Azərbaycanda bunu son dərəcə yüksək qiymətləndiririk.
Əlamətdar yubiley günündə akademiyaya elmi siyasətin reallaşdırılmasında gələcək uğurlar, yeni nailiyyətlər və Azərbaycan alimləri ilə səmərəli əməkdaşlıq arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 9 noyabr 2000-ci il.