ABŞ-dakı Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı Təşkilatı adından Azərbaycan Respublikası Prezidentinin şərəfinə rəsmi qəbulda Heydər Əliyevin çıxışı - Nyu-York, "Qrand hyyat" oteli, 28 iyul 1997-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Mən sizi səmimi qəlbdən salamlayıram. Bu, çox əhəmiyyətli görüş üçün sizə təşəkkür edirəm.

Sizə məlumdur ki, mən Amerika Birləşmiş Ştatlarına prezident cənab Bill Klintonun dəvəti ilə rəsmi səfərə gəlmişəm. Bu səfər zamanı mənim çox əhəmiyyətli görüşlərim olacaqdır. Birinci növbədə, cənab Bill Klintonla, Amerika hökumətinin digər rəhbər vəzifəli şəxsləri ilə Konqresdə və başqa yerlərdə çox əhəmiyyətli görüşlər keçirəcəyəm.

Bu gün bütün günü mən Birləşmiş Millətlər Təşkilatında olmuşam. Mən orada BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin daimi nümayəndələri ilə görüşmüşəm. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Kofi Annan ilə görüşüb söhbətlər aparmışam. Kütləvi informasiya orqanlarının nümayəndələri ilə görüşmüşəm.

Qarşıda çox maraqlı görüşlərim vardır. Ancaq bütün bu görüşlər içərisində bu gün, bu axşam Nyu-Yorkda sizinlə, Amerika Birləşmiş Ştatlarında yaşayan Yəhudi İcmalarının Prezidentləri Konfransı Təşkilatının nümayəndələri ilə görüşmək mənim üçün çox xoşdur və əhəmiyyətlidir.

Siz mənə böyük diqqət göstərmisiniz və bu gün buraya toplaşmısınız. Belə anladım ki, sizin bəziləriniz Nyu-Yorkda yaşamırsınız, Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı şəhərlərində yaşayırsınız və zəhmət çəkib buraya gəlmisiniz. Bu mənim üçün çox böyük diqqət və hörmətdir. Buna, bu görüşə, ziyafətə görə sizə təşəkkür edirəm. Sizin hamınızı, ayrılıqda hər birinizi Azərbaycana dəvət edirəm.

Burada deyildiyi kimi, Azərbaycan kiçik bir ölkədir, onun əhalisi Nyu-Yorkun əhalisinə bərabərdir. Ancaq Azərbaycan müstəqil ölkədir. Azərbaycan xalqı böyük və zəngin tarixə və çox qədim mədəniyyətə, ənənələrə malik bir xalqdır, ölkədir.

Ölkəmizdə azərbaycanlılarla yanaşı, bir çox digər millətlərin nümayəndələri də yaşayırlar. Azərbaycan həmişə çoxmillətli bir ölkə olubdur, bu gün də çoxmillətli bir ölkədir. Biz bunu ölkəmizin üstünlüyü hesab edirik. Biz Azərbaycanı heç vaxt təkmillətli bir dövlətə çevirmək fikrində olmamışıq. Ona görə də Azərbaycanda yaşayan insanlar milliyətindən asılı olmayaraq həmişə bərabərhüquqlu olmuşlar. Azərbaycanda bu gün də bütün başqa millətlərə məxsus olan, yaşayan insanlar da respublikamızın vətəndaşlarıdır və ölkəmizdə eyni hüquqlara malikdirlər.

Azərbaycanda yəhudilər də çox qədim dövrdən indiyədək yaşamışlar və yaşayırlar. Onlar Azərbaycanın vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Yəhudilər respublikamızın ictimai-siyasi, iqtisadi həyatında daim iştirak etmişlər və bu gün sizə bildirmək istəyirəm ki, xalqımızın, Azərbaycanın milli mədəniyyətinin, iqtisadiyyatının, səhiyyəsinin inkişafında yəhudi millətinə mənsub Azərbaycan vətəndaşlarının xidməti çox olmuşdur. XIX əsrin ikinci yarısında, XX əsrin əvvəlindən indiyədək Azərbaycanın elmində, mədəniyyətində, iqtisadiyyatında, ali təhsilində xidmət göstərən insanların fəaliyyətini biz xüsusi qeyd edirik. Onlar Azərbaycan xalqının həyatında çox böyük faydalar vermişlər. Onlar bizim üçün həmişə əzizdirlər.

Yəhudi millətindən olan böyük alimlər, mədəniyyət, musiqi xadimləri, həkimlər, səhiyyə sahəsində çalışan böyük insanlar Azərbaycanda çox olmuşlar, onlar həmişə xalqımızın hörmət və ehtiramını qazanmışlar. Son illər sərhədlər açılandan, insanlara sərbəstlik veriləndən sonra yəhudi millətindən olan Azərbaycan vətəndaşlarının bir qismi başqa ölkələrə, o cümlədən İsrailə, Amerika Birləşmiş Ştatlarına və digər yerlərə getmişlər. Ancaq biz bilirik ki, onlar Azərbaycanı heç vaxt unutmamışlar, vaxtaşırı respublikamıza gəlirlər, xalqımızın ənənələrini o ölkələrdə yayırlar, təbliğ edirlər. Hiss edirik ki, onlar çox zaman Azərbaycan üçün darıxırlar.

Mən bilirəm ki, İsraildə respublikamızdan getmiş Azərbaycan vətəndaşları - yəhudilər böyük bir Azərbaycan icması təşkil ediblər. Hətta orada Bakı adını daşıyan küçələr, restoranlar və Bakının, Azərbaycanın adını daşıyan çox gözəl müəssisələr vardır.

Bildirmək istəyirəm ki, Azərbaycanın çox böyük, maraqlı sərvətləri vardır. Onlardan biri də dadlı yeməkləridir. Azərbaycandan getmiş yəhudilər bu yeməkləri başqa ölkələrdə, xüsusən İsraildə çox geniş təbliğ edirlər. İş belə getsə, bir müddətdən sonra israillilərin əksəriyyəti Azərbaycan xörəkləri yeməyə başlayacaqdır.

Azərbaycanda yaşayan yəhudilərdən bir nəfər nümayəndə heyətinin tərkibində mənimlə buraya gəlibdir. Ancaq o, indi Amerikanın vətəndaşıdır, Kaliforniyada yaşayır. O, Azərbaycanda doğulub, təhsil alıb, orada yaşayıbdır. Azərbaycanda mədəniyyət sahəsində xidmətlər göstərib, bizim dilimizi təmiz, ədəbiyyatımızı yaxşı bilir. O, bu yaxınlarda Bakıya gəlmişdi, mənimlə görüşdü. Mən onu nümayəndə heyətinin tərkibində buraya, Amerika Birləşmiş Ştatlarına gətirmişəm. Onun adı Aleksandr Qriçdir, burada oturubdur.

Azərbaycan ilə İsrail arasında əlaqələr dostluq əlaqələridir. Biz bu əlaqələri gündən-günə inkişaf etdiririk. Mən bu son illərdə, qısa müddətdə İsrailin keçmiş baş naziri mərhum İshak Rabinlə, keçmiş baş naziri Şimon Pereslə görüşlər keçirmişəm, danışıqlar aparmışam. Keçən ilin dekabr ayında mən Lissabonda olarkən İsrailin indiki baş naziri cənab Netanyahu ilə görüşmüşəm. Biz onunla məktublaşırıq. Mən ona məktub göndərmişdim. Mən buraya gəlməmişdən bir neçə gün əvvəl o mənə məktub göndəribdir. Bu ölkənin həm prezidenti, həm də baş naziri məni İsrailə dəvət ediblər. Mən bu dəvəti məmnuniyyətlə qəbul etmişəm və yaxın vaxtlarda həyata keçirəcəyəm.

Hesab edirəm ki, İsrailin Azərbaycandakı səfirliyi çox yaxşı fəaliyyət göstərir. Onların Azərbaycanda işləmələri üçün hər cür şərait yaradılıbdır. Mən İsrailin respublikamızdakı səfiri ilə dəfələrlə görüşmüşəm, lazım olan vaxtlarda onu qəbul edirəm. Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qərar qəbul olunacaqdır. Yaxın vaxtlarda Azərbaycanın İsraildə səfiri təyin ediləcəkdir.

Amerika Birləşmiş Ştatlarında Yəhudi Təşkilatları Prezidentləri Konfransı Təşkilatını mən çox əhəmiyyətli bir təşkilat kimi yüksək qiymətləndirirəm. Bilirəm ki, bu konfrans, icmalar Amerikada böyük nüfuza malikdir. Onlar çox gərəkli işlər görürlər, böyük imkanlara malikdirlər. Hesab edirəm ki, Azərbaycan ilə Amerikadakı Yəhudi İcmaları Prezidentləri Konfransı Təşkilatı arasında əlaqələr yaranır. Mən bu əlaqələrin bundan sonra da davam etməsinin tərəfdarıyam. Güman edirəm ki, biz yaxşı əməkdaşlıq edə bilərik.

Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi gündən-günə inkişaf etdirmək istəyirik. Amerika Birləşmiş Ştatlarını Azərbaycana dost bir ölkə kimi qəbul edirik. Mənim buraya rəsmi səfərim zamanı bu əlaqələrin inkişaf etdirilməsi üçün danışıqlar aparılacaq və hökumətlərarası bəzi sənədlər imzalanacaqdır.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı əməkdaşlıqda Amerikanın neft şirkətlərinin respublikamızda müştərək iş görməsi xüsusi yer tutur. Bu şirkətlər - "AMOKO", Pennzoyl", "Eksson", "Yunokal", "Makdermott" şirkətləri Azərbaycanda mövcud olan müqavilələrdə iştirak edirlər. "Şevron" və "Mobil" şirkətlərinin də Azərbaycanda müştərək iş görməsi üçün bu günlərdə müqavilələr imzalanması nəzərdə tutulur. Ancaq Azərbaycanda bu şirkətlərlə yanaşı, bir çox digər şirkətlər də fəaliyyət göstərirlər. Amerikanın bu şirkətlərinin hamısı Azərbaycanın Xəzər dənizində olan neft yataqlarının müştərək işlənməsində iştirak edir.

İndiyədək imzaladığımız müqavilələrə görə Azərbaycana qoyulacaq 30 milyard dollarlıq sərmayədən 8 milyard dolları Amerika Birləşmiş Ştatları şirkətlərinin üzərinə düşür. Bu işin başlanğıcıdır. İmzalanması nəzərdə tutulan müqavilələr bu işləri genişləndirəcək və ölkəmizə qoyulan sərmayələrin miqdarını xeyli artıracaqdır.

Bizim imzaladığımız müqavilələrin müddəti təxminən 30 ildir. Hesab edirəm ki, bu 30 il birinci mərhələdir, biz 30 ildən də sonra bir neçə onilliklər ərzində əməkdaşlıq edəcəyik. Beləliklə, Amerika Birləşmiş Ştatları Azərbaycanda çox böyük iqtisadi maraqlar əldə edir. Biz bu iqtisadi marağı təmin etməyə çalışırıq.

Bir faktı da qeyd etmək istəyirəm. Azərbaycanda dünya standartına uyğun olan bir otel var. Biz keçmiş oteli bu otelin sahibi olan "Hyyatt Recensi" şirkətinə vermişik. Bu şirkət həmin oteli Azərbaycanda işlədir. Beləliklə, bu şirkət də Azərbaycana gəlibdir. Bu faktı ona görə xatırlatdım ki, mən buraya gələndə dedilər ki, bu, "Hyyatt Recensi" şirkətinin otelidir. Mən sizə demək istəyirəm ki, Bakıda, Azərbaycanda da belə bir otel var. Respublikamıza gəlsəniz, onu görəcəksiniz.

Azərbaycanın qarşısında bir çox böyük problemlər vardır. Bu problemlərdən biri də Ermənistan-Azərbaycan münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan silahlı qüvvələri Azərbaycana hərbi təcavüz edibdir. Ermənistan Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini öz əlinə keçirib, onu Ermənistana birləşdirmək niyyəti güdərək bu hərbi təcavüzü edibdir. Həmin münaqişə 1988-ci ildə başlanıbdır. Bu hərbi təcavüzün nəticəsində çox qan tökülüb, çoxlu insan tələf olubdur. Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı didərgin düşübdür. Onlar öz yerlərindən-yurdlarından qovulublar, indi əksəriyyəti çadırlarda ağır vəziyyətdə yaşayır.

Biz bu münaqişəyə son qoymaq istəyirik. Atəşin dayandırılması haqqında üç il bundan əvvəl saziş imzalanıbdır. Üç ildir ki, sülh, yəni atəşkəs var. Biz daimi sülh əldə etmək üçün danışıqlar aparırıq. Mən ümid edirəm ki, biz məsələnin sülh yolu ilə həllinə nail olacağıq.

Münaqişənin sülh yolu ilə həll edilməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədrləri indi üç böyük ölkədir - ABŞ, Rusiya və Fransadır. Təəssüflər olsun ki, bu münaqişə haqqında dünyada, o cümlədən Amerika Birləşmiş Ştatlarında doğru-düzgün məlumat azdır. Amerika Birləşmiş Ştatlarında olan çoxsaylı erməni diasporu bu məsələni ictimaiyyətə tamamilə təhrif edilmiş şəkildə çatdırır. Ona görə də mən bu günlər burada bu münaqişə barədə geniş danışıqlar aparacağam. Mən xüsusən Konqresdə bu barədə geniş danışıqlar aparmaq fikrindəyəm. Çünki erməni diasporunun təklifi və təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi Azərbaycana qarşı ədalətsiz bir qanun qəbul edibdir. Amerika Birləşmiş Ştatlarından Azərbaycana yardım göstərilməsinə embarqo qoyulubdur. Bizim qonşularımız - Ermənistan, Gürcüstan, Orta Asiya ölkələri və keçmiş SSRİ-yə mənsub olan başqa ölkələr hər il Amerikadan külli miqdarda maliyyə və maddi yardım alırlar. Ancaq biz bu yardımdan məhrumuq.

Qəribə bir paradoks yaranıbdır: biz Azərbaycanda Amerika Birləşmiş Ştatlarının iqtisadi marağını geniş təşkil edirik, amma Amerika Birləşmiş Ştatları hökumətinin Azərbaycana yardım göstərməyə ixtiyarı yoxdur. Bu ədalətsizlik aradan götürülməlidir. Mən məmnuniyyətlə bildirirəm ki, Nyu-Yorkdan Konqresdə nümayəndə olan konqresmen cənab Kinq 907-ci maddənin ləğv olunması üçün bu günlərdə bir qərar layihəsi təqdim edibdir. Mən cənab Kinqi görmək, ona təşəkkür etmək istəyirəm. Mən onunla tanış olmaq istəyirəm. Amerika Birləşmiş Ştatlarında belə ədalətli insanlar çoxdur. Bizim belə dostlarımız artdıqca Amerika Birləşmiş Ştatlarında Azərbaycana qarşı ədalətsizlik edən erməni diasporunun da qarşısını ala bilərik.

Bizim Amerikada lobbimiz yoxdur. Amma ermənilərin çox güclü lobbisi vardır. Mən Amerika Birləşmiş Ştatlarının dövlət adamları ilə danışarkən onlar bəzən deyirlər ki, burada ermənilərin güclü lobbisi var, onlar səsvermədə iştirak edirlər, ona görə də biz onlarla hesablaşmalıyıq. Mən isə deyirəm ki, bizim günahımız nədir ki, burada lobbimiz yoxdur? Amma bizim burada lobbimiz olacaqdır. Bizim lobbimiz dostlarımız olacaq, o cümlədən Amerika Birləşmiş Ştatlarındakı yəhudi icmaları, sizlər bizim lobbimiz olacaqsınız. Mən buna çox ümid bəsləyirəm. Güman edirəm ki, siz mənim bu fikirlərimlə razı olarsınız.

Mən sizin vaxtınızı çox aldım. Ancaq siz məni düzgün başa düşün. Birincisi, mən çox sevinirəm və sizə daha çox məlumat vermək istəyirəm. İkincisi də dərdim çoxdur. İnsan öz dərdini kiməsə deməlidir. İnsanlar, adətən, öz dərdlərini inandıqları adamlara, öz dostlarına deyirlər. Mən sizi Amerika Birləşmiş Ştatlarında Azərbaycanın və şəxsən özümün dostlarım hesab edirəm. Ona görə də sizə öz dərdimi açıqca deyirəm. Amma ümidvaram ki, biz bu dərdlərdən xilas olacağıq.

Azərbaycan xalqı sülhsevər xalqdır. Azərbaycanın bölgəmizdə, Qafqazda çox mühüm yeri və əhəmiyyəti vardır. Bunu bilmək və onunla hesablaşmaq, ondan istifadə etmək lazımdır. Güman edirəm ki, Azərbaycan bir sülhsevər dövlət, xalq kimi bütün regionumuzda sülhün bərqərar edilməsi üçün çox işlər görəcəkdir. Ümid edirəm ki, bu işlərdə siz bizə yardım göstərəcəksiniz.

Mən sizə, bütün dünyada yaşayan yəhudilərə sülh, əmin-amanlıq, səadət arzulayıram. Amerika Birləşmiş Ştatlarının bütün vətəndaşlarına səadət, əmin-amanlıq arzulayıram. Badələri bizim dostluğumuzun şərəfinə qaldırmağı təklif edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 30 iyul 1997-ci il