Puşkin adına Tovuz şəhər orta məktəbinə - Bakı şəhəri, 15 oktyabr 1999-cu il


Hörmətli müəllimlər!

Əziz şagirdlər!

Milli təhsil sistemimizin inkişafında xüsusi rolu olan Puşkin adına Tovuz şəhər orta məktəbinin yaradılmasının 100 illiyi münasibətilə sizi və respublikamızın bütün maarif işçilərini səmimi qəlbdən təbrik edirəm.

Keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycanda geniş vüsət almış maarifçilik hərəkatı ölkəmizdə ənənəvi tədris müəssisələri ilə yanaşı yeni, Avropa tipli məktəblərin yaranması prosesinin əsasını qoydu. Azərbaycanın bir çox guşələrində bu işin uğurla həyata keçirilməsində görkəmli maarifçi və mütəfəkkirlərin, Qori və Qazax müəllimlər seminariyaları məzunlarının əvəzsiz xidmətləri olmuşdur.

Bir əsr bundan əvvəl Azərbaycanın qədim Tovuz elində bir qrup maarifpərvər ziyalının təşəbbüsü ilə yaradılmış məktəbiniz də bu dünyəvi təhsil hərəkatının parlaq nailiyyətidir. Məktəb Azərbaycanın XX əsrdə keçdiyi bütün tarixi mərhələlərdə öz əsas vəzifəsinə - xalqın maariflənməsi işinə həmişə sadiq qalmış və bu yolda fədakarlıqla çalışmışdır.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dövlət məktəbi statusunu almış Tovuz şəhər orta məktəbi sonralar sürətlə inkişaf edərək ölkəmizin Qərb zonasının ən iri tədris mərkəzlərindən birinə çevrilmişdir. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra məktəbiniz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etmək yolunda uğurla fəaliyyət göstərir.

Biz Azərbaycan məktəbi ilə, təhsili ilə, müəllimləri ilə həmişə fəxr etmişik. Əminəm ki, maarif tariximizdə öz yeri və zəngin ənənələri olan Tovuz məktəbi gənc nəslin savadlanmasında, şəxsiyyət kimi formalaşmasında, ona vətənpərvərlik hisslərinin aşılanmasında öz yeni nailiyyətləri ilə bizi bundan sonra da sevindirəcək, müstəqil Azərbaycanın tərəqqisi yolunda var gücünü sərf edəcəkdir.

Bu əlamətdar gündə yüz yaşlı Tovuz şəhər orta məktəbinin müəllim və şagirdlərinə, keçmiş məzunlarına, respublikamızın bütün təhsil işçilərinə böyük uğurlar, xoşbəxtlik və səadət arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 16 oktyabr 1999-cu il.