Almaniyanın Federal Prezidenti Roman Hersoqun adından Azərbaycan Prezidentinin şərəfinə verilmiş rəsmi ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Bonn, 2 iyul 1996-cı il


Hörmətli cənab prezident, hörmətli xanımlar və cənablar! Mən sizi Azərbaycan xalqı adından, müstəqil Azərbaycan dövləti adından səmimi qəlbdən salamlayıram.

Azərbaycan gənc müstəqil dövlətdir və dövlət müstəqilliyinin beşinci ilini yaşayır. Məhz bu mərhələdə Azərbaycan ilə Almaniya arasında yaranmış əməkdaşlıq əlaqələri həm bizim üçün, həm də sizin üçün çox əhəmiyyətlidir. Bu əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq ilk dəfədir ki, Azərbaycan Respublikasının dövlət başçısı Almaniyaya rəsmi səfərə gəlibdir. Dünən alman torpağına qədəm qoyduğumuz vaxtdan bizi böyük qonaqpərvərliklə qarşılayıblar və dünəndən bəri Almaniyada, Bonn şəhərində görüşlərimiz dostluq və mehribanlıq şəraitində keçibdir. Bu dostluq və mehribanlıq münasibətinə, qonaqpərvərliyə görə mən bütün Azərbaycan nümayəndə heyəti adından Almaniya dövlətinə, Almaniya hökumətinə, Almaniyanın prezidenti cənab Roman Hersoqa, Almaniyanın federal kansleri cənab Helmut Kola təşəkkür və minnətdarlığımı bildirirəm.

Bu gün səhərdən Almaniyanın prezidenti cənab Roman Hersoq, Almaniyanın federal kansleri cənab Helmut Kol və ölkənin digər rəsmi şəxsləri ilə çox səmərəli, məzmunlu və bizim üçün çox əhəmiyyətli danışıqlarımız və görüşlərimiz olubdur. Bu görüşlər və danışıqlar zamanı Almaniya - Azərbaycan əlaqələri çox ətraflı təhlil olundu və bizim indiyədək etdiyimiz əməkdaşlığı hər iki tərəf yüksək qiymətləndirdi. Biz Almaniya ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da genişlənməsi və inkişaf etməsi üçün tədbirlər haqqında öz fikirlərimizi söylədik və müəyyən qərara gəldik. Bu görüşləri və danışıqları, əldə olunan razılaşmaları mən yüksək qiymətləndirirəm və əmin olduğumu bildirmək istəyirəm ki, onların əsasında Almaniya-Azərbaycan əlaqələri bundan sonra sürətlə inkişaf edəcəkdir.

Almaniya ilə Azərbaycan arasında, alman xalqı ilə Azərbaycan xalqı arasında əlaqələrin böyük tarixi var. Hörmətli prezident məndən öncə çıxış edərkən bu barədə çox dəyərli sözlər dedi. Keçən əsrin əvvəllərində almanlar Azərbaycana ilk dəfə gəliblər. Mən bu gün məmnuniyyət hissi ilə deyə bilərəm ki, Azərbaycana yaşamağa gəlmiş almanları Azərbaycan xalqı öz torpağında, öz vətənində çox mehribanlıqla qəbul edibdir və sonrakı dövrdə Azərbaycanla, azərbaycanlılarla almanlar birgə yaşayıb-yaratmışlar.

İkinci dünya müharibəsi illərində almanların Azərbaycandan uzaqlaşdırılmasına baxmayaraq, onların ölkəmizdə yaşadıqları dövrdə qoyduqları iz və onlardan sonra gələn nəsillərin nümayəndələrinin Azərbaycanda gördükləri işlər Azərbaycan üçün çox qiymətlidir. Keçən əsrin axırlarında və cari əsrin əvvəllərində alman iş adamları, alman kapitalı Azərbaycana gələrək, bir çox işlər görüblər. Onların da gördükləri işlərin izləri indiyədək qalmaqdadır. Almaniyanın "Simens" firması bu son vaxtlarda Azərbaycanda müəyyən araşdırmalar apararkən Bakı şəhərində "Simens"in 1905-ci ildə çəkdirdiyi elektrik xəttinin bir hissəsini tapıb, bir muzey eksponatı kimi Almaniyaya gətiribdir.

Bunlar Almaniya-Azərbaycan əlaqələrinin böyük tarixi olduğunu nümayiş etdirir, xalqlarımız arasında dostluq, əməkdaşlıq əlaqələrinin həm alman xalqına, həm də Azərbaycan xalqına çox fayda gətirdiyini göstərir.

Alman xalqının böyük və zəngin tarixi Azərbaycanda daim maraq və rəğbət hissi oyadıbdır. Alman xalqı bəşər tarixinə, bəşər sivilizasiyasına böyük töhfələr veribdir. Dünyanın hər yerində bunlar yüksək qiymətləndirilir. Azərbaycan xalqı da alman xalqının dünyaya, bəşər tarixinə verdiyi töhfələri yaxşı bilir və onları yüksək qiymətləndirir. Alman xalqının dahiləri, alman ədəbiyyatını yüksək zirvələrə qaldırmış Heynenin, Götenin, Şillerin və başqa yazıçıların, ədəbiyyatçıların əsərləri Azərbaycan dilinə tərcümə olunubdur və azərbaycanlılar onları öz dilində sevə-sevə oxuyurlar.

Dünyada öz sənəti ilə məşhur olan alman bəstəkarları Bethovenin, Vaqnerin, Ştrausun və başqalarının əsərləri Azərbaycanda geniş yayılıbdır, azərbaycanlılar onları çox sevir və onların musiqisinin təsiri altında Azərbaycanda klassik musiqinin inkişafı sahəsində nailiyyətlər qazanılıbdır.

Bunlar Almaiyanın və alman xalqının böyük tarixidir. Ancaq bizim yaşadığımız əsrdə, son illərdə alman xalqının əldə etdiyi nailiyyətlər də çox yüksək qiymətə layiqdir. İkinci dünya müharibəsindən sonra alman xalqı böyük və çətin bir tarix yaşayıbdır. Alman xalqı öz istedadı, fədakarlığı, zəkası ilə böyük nailiyyətlər əldə edib və Almaniyanı dünyanın iqtisadi və mədəni cəhətdən ən inkişaf etmiş dövlətlərindən birinə çeviribdir. Alman xalqının ən böyük nailiyyəti beş il bundan öncə Almaniyanın birləşməsidir. Mən bildirmək istəyirəm ki, Almaniyanın birləşməsi Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılandı və ədalətin bərpa olunması, alman xalqının vahid bir dövlət çərçivəsində yaşaması dünyada gedən proseslərin ədalətli bir nəticəsi kimi qəbul edilmişdir.

Almaniya birləşəndən sonra öz imkanlarından daha geniş istifadə etməyə başlamışdır. Almaniyanın bugünkü nailiyyətləri dünyada çox böyük rol oynayır və böyük nüfuza malikdir. Elm və texnikanın, iqtisadiyyatın və mədəniyyətin inkişafında, demokratiyanın və sərbəst iqtisadiyyatın inkişafında Almaniyanın əldə etdiyi nailiyyətlər bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün böyük təcrübədir. Mən sizi bu nailiyyətlər münasibətilə təbrik edirəm və bildirmək istəyirəm ki, sizin əldə etdiyiniz nailiyyətlərdən və təcrübədən biz müstəqil Azərbaycanda dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, iqtisadiyyatda islahatlar aparılmasında səmərəli istifadə edirik.

Bütün bunların əsasında Azərbaycanla Almaniya arasındakı əlaqələrə biz xüsusi əhəmiyyət veririk və bunu dostluq əlaqələri kimi Azərbaycan üçün strateji əhəmiyyəti olan əlaqələr hesab edirik. Mən çox məmnunam ki, müstəqil Azərbaycan Respublikasının Dünya Birliyində rolunu və yerini Almaniya layiqincə qiymətləndirir. Cənab prezident Hersoqun indicə söylədiyi nitqdə Azərbaycan haqqında, onun coğrafi-strateji əhəmiyyəti haqqında dediyi sözlər bizdə məmnunluq hissi doğurur.

Mən əminəm ki, Almaniya-Azərbaycan əlaqələrinin çox böyük gələcəyi var. Sizi əmin etmək istəyirəm ki, biz bu əlaqələrin genişlənməsi, inkişaf etməsi üçün öz tərəfimizdən var qüvvə ilə səy göstərəcəyik. Azərbaycanda qarşımızda duran vəzifələr Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməkdən və onu əbədi etməkdən ibarətdir. Biz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qururuq və bu yolla axıradək gedəcəyik. Dünyada demokratiya sahəsində əldə olunan nailiyyətlərdən və təcrübədən Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün istifadə edilir və biz bu demokratiya yolu ilə axıradək gedəcəyik.

Bütün sahələrdə - iqtisadiyyatda, bazar iqtisadiyyatında bu islahatları və xüsusən mülkiyyətin özəlləşdirilməsini həyata keçirmək bizim əsas məqsədimizdir. Mən çox məmnunam ki, Almaniya prezidenti cənab Roman Hersoqun bugünkü nitqində Azərbaycanda həm demokratiya sahəsində, həm də iqtisadiyyatda dəyişikliklər aparılması sahəsində əldə edilən nailiyyətlər qiymətləndirilir. Keçən ilin noyabr ayında Azərbaycanda ümumxalq səsverməsi yolu ilə ilk demokratik konstitusiya qəbul olundu və demokratik seçkilər nəticəsində ilk parlament seçildi. Bunların hamısı Azərbaycanın bir demokratik dövlət kimi simasını dünyaya nümayiş etdirir.

Aprel ayında Avropa Birliyi ilə imzaladığımız saziş və bu yaxınlarda Avropa Şurasının Parlament Məclisinə Azərbaycanın xüsusi qonaq statusu ilə qəbul edilməsi Azərbaycanın Avropa mənsubiyyətini göstərir və eyni zamanda ölkəmizdə demokratiya sahəsində qazanılan nailiyyətlərə qiymət verilməsi kimi qarşılanır. Biz bütün bu nailiyyətlərimizin, istəklərimizin həyata keçirilməsində və Azərbaycanda gedən bu proseslərlə, eləcə də Azərbaycanın ətrafında gedən proseslərlə əlaqədar olaraq Almaniya ilə əməkdaşlıq edirik və bu əməkdaşlığı səmərəli sayırıq.

Ölkəmizin həyatında ən çətin və ağır problem Azərbaycana qarşı Ermənistan tərəfindən edilmiş təcavüzün aradan qaldırılması, işğal olunmuş torpaqların azad edilməsi, bu torpaqlardan didərgin düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşının öz yerlərinə-yurdlarına qaytarılması problemidir. Mən bu gün bir daha bəyan edirəm ki, biz Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək istəyirik və bu yolla da gedəcəyik. Bu sahədə Dünya Birliyinin, Avropa Birliyinin, o cümlədən Almaniyanın yardımına ehtiyacımız var.

Beləliklə, Almaniya ilə Azərbaycan arasında əlaqələrin, əməkdaşlığın çox geniş perspektivləri və imkanları var. Biz çalışacağıq ki, bu imkanlardan səmərəli istifadə edək. Bugünkü danışıqlarımız və görüşlərimiz bizi əmin edir ki, bu yolla müvəffəqiyyətlə gedə bilərik. Almaniyanın əldə etdiyi nailiyyətlər münasibətilə alman xalqını və Almaniya hökumətini bir daha ürəkdən təbrik edirəm. Alman xalqına, bütün Avropaya sülh və əmin-amanlıq arzulayıram. Alman xalqına səadət və xoşbəxtlik diləyirəm.

Rica edirəm, badələri Almaniya Federativ Respublikasının şərəfinə, alman xalqının şərəfinə, Almaniya prezidenti cənab Roman Hersoqun şərəfinə, Almaniyanın federal kansleri cənab Helmut Kolun şərəfinə, Almaniya-Azərbaycan dostluğunun şərəfinə qaldırasınız!

"Azərbaycan" qəzeti, 3 iyul 1996-cı il