Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri (1-4 iyul 1996-cı il)


Azərbaycan dövlətinin xarici siyasətində Avropa dövlətləri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan öz siyasi-iqtisadi və strateji mövqeyinə görə daim Avropa dövlətlərinin diqqətini cəlb edir.

Siyasi və iqtisadi cəhətdən Avropanın ən qüdrətli dövlətlərindən biri olan Almaniya ilə əlaqələrin inkişafına Azərbaycan diqqətlə yanaşır. Bu ölkə ilə tarixi ənənələri və yaxınlığı əsas götürərək Azərbaycan dövləti Avropada ilk səfirliyini bu ölkədə açıb. Azərbaycan strateji baxımdan üç məsələdə Almaniya üçün önəm daşıyır. Bunlar - Azərbaycanın Qərbə inteqrasiyası, Cənubi Qafqazda sabitliyin təmin olunması və Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında oynadığı mühüm roldan ibarətdir.

İyulun 1-də Bonnda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Almaniya-Azərbaycan Forumu İdarə Heyətinin və Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə çıxış edən Heydər Əliyev yeni müstəqillik qazanan Azərbaycan Respublikasının həyata keçirilən islahatlar barəsində məlumat verib, Almaniya ilə əlaqələrin zəruriliyini vurğulayıb: «Almaniyanın, alman xalqının bəşər tarixindəki xidmətlərinə, əldə etdiyi nailiyyətlərə Azərbaycan xalqı çox böyük hörmət və ehtiramla yanaşır. Alman xalqmın böylik nailiyyətləri var, inkişaf etmiş dövlət kimi Almaniyanın çox böyük təcrübəsi var. Mlistəqil Azərbaycan Respublikası bu ölkə ilə sıx əlaqə saxlamaq və bunu gündən-günə möhkəmləndirmək üçün bütün səylərini göstərir».

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev AFR-in Prezidenti Roman Hersoq, federal-kansler Helmut Koll ilə görüşüb. Görüşlərdə Almaniya-Azərbaycan əlaqələrinin müasir vəziyyəti təhlil edilib, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün fikir mübadiləsi aparılıb.

Həmin gün AFR Prezidenti Roman Hersoq adından Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi ziyafət verilib. Rəsmi ziyafətdə çıxış edən Heydər Əliyev Almaniya-Azərbaycan münasibətlərinin tarixinə toxunub, Almaniyanın birləşmədən sonrakı təcrübəsinin ölkəsi üçün faydalı olduğunu bildirib.

Səfər dövründə «Azərbaycan Respublikası və Almaniya Respublikası arasında münasibətlərin əsasları haqqında Birgə Bəyanat», eləcə də iqtisadi sahələri əhatə edən bir neçə müqavilə imzalanıb.

İyulun 2-də Azərbaycan Prezidenti Heydər Əliyev Bundestaqın Almaniya-Qafqaz parlament qrupunun sədri Villi Vimmer və həmin qrupun digər üzvləri ilə görüşüb. Heydər Əliyev Almaniya-Qafqaz qrupunun Azərbaycana mehriban münasibətini razılıqla qarşılayıb və bu obyektiv, sağlam, xoş münasibətə, mövqeyə görə təşəkkürünü bildirib.

İyulun 3-də Azərbaycan Prezidenti Heydər Əliyev Almaniyaya rəsmi səfərinə həsr olunmuş mətbuat konfransında bəyanatla çıxış edib. Çıxışında Azərbaycan-Almaniya münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemlərinə toxunan Heydər Əliyev, beynəlxalq birliyi maraqlandıran bir sıra məsələlərlə bağlı jurnalistlərin suallarını cavablayıb.

İyulun 3-də Prezident Heydər Əliyev Düsseldorfda «Döyçe Bank» İdarə Heyətinin rəhbərləri ilə görüşüb, onların Azərbaycan Prezidentinin şərəfinə verdikləri rəsmi ziyafətdə çıxış edib. Görüşün nəticəsi olaraq Almaniyanın "Döyçe Bank"ı ilə Azərbaycanın Milli Bankı və Beynəlxalq Bankı arasında çox əhəmiyyətli sazişlər imzalanıb. «Döyçe Bank»ın rəhbərliyi həmçinin, Azərbaycanın iqtisadiyyatını tanıtmaq üçün nəşr etdirdikləri kitabları Heydər Əliyevə təqdim edib.

Həmin gün Azərbaycan Prezidentin Almaniyaya səfəri çərçivəsində keçirdiyi mühüm görüşlərdən biri Köln şəhərində Almaniyanın iş adamları ilə olub. Görüşdə çıxış edən Prezident Heydər Əliyev bildirib: «Belə düşünürəm ki, Azərbaycanda alman şirkətləri daha çox olmalıdır. Bundan ötrü şərait və imkan var. Ən başlıca şərait bundan ibarətdir ki, Azərbaycan açıq ölkədir, onun iqtisadiyyat sahəsində demokratik prinsipləri var. Bu şərait və hüquqi normalar, artıq yaradılmış olan və indi yaradılan qanunvericilik zəmini xarici şirkətlərə Azərbaycanla fəal əməkdaşlıq etməyə imkan verir.Əmin ola bilərsiniz ki, bir prezident kimi mən hər bir xarici şirkətin Azərbaycanda səmərəli işləməsi üçün əlverişli şərait yaradılması sahəsində bütün tədbirləri görəcəyəm».

İyulun 4-də Almaniyaya səfərinin son günündə Prezident Heydər Əliyev Baden-Vürtemberqdə «Mersedes-Bents» firması idarə heyəti adından Azərbaycan Prezidentinin şərəfinə verilən ziyafətdə çıxış edib. Prezident bu dünya şöhrətli avtomobil firmasının Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Avropanın bu nüfuzlu dövləti ilə münasibətlərin yeni müstəvidə qurulmasında mühüm addım olub. Bu gün Almaniya Azərbaycanı demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğu və Avropaya inteqrasiya yolunda dəstəkləyir.