Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya dövlət səfərinə yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibəsi - 24 yanvar 2002-ci il


Heydər Əliyev: Mənim səfərim haqqında sizin məlumatınız var. Son günlər mətbuat, o cümlədən bizim özəl televiziya kanalları bu səfər barədə həddindən artıq məlumatlar verirlər ki, hansı məsələlər müzakirə olunacaqdır. Ona görə bu barədə yeni məlumat verməyə ehtiyac yoxdur. Mənim mətbuat xidmətimin məlumatı verilibdir. Bu, Rusiyanın prezidenti cənab Putinin dəvətidir və Azərbaycan Prezidentinin Rusiyaya dövlət səfəridir.

Mən hesab edirəm ki, bu, Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi, genişlənməsi üçün çox mühüm bir hadisədir. Mən Moskvaya bu hissiyyatlarla gedirəm.

Sual: Cənab Prezident, səfər zamanı Moskvada yaşayan Azərbaycanlıların statusu məsələsi ayrıca müzakirə ediləcəkmi?

Cavab: Bilirsiniz, mən heç bir şey demirəm, nə həll olacaq, nə olmayacaqdır. Bunları sabah görəcəksiniz. Mən hələ getməmişəm, amma televiziyanın biri deyir filan məsələ həll olunacaq, başa deyir yox, filan məsələ həll ediləcəkdir. Ona görə də siz artıq hamısını demisiniz. Mən heç bir şey demirəm. Orada gedib nə həll edəcəyəm, məlum olacaqdır.

Sual: Cənab Prezident, son vaxtlar Rusiyada Azərbaycanlıların qətlə yetirilməsi və həbs edilməsi müntəzəm hal alıbdır. Bu məsələ müzakirə olunacaqmı?

Cavab: Bilirsiniz, bunlar böyük xarakter daşımır. Hər ölkədə hər cür cinayət var, cinayət edən də, xəsarət alan da, olan da var. Rusiya böyük bir ölkədir, orada yüz minlərlə Azərbaycanlı yaşayır. Onların əksəriyyəti Rusiyanın vətəndaşıdır, yaxud Rusiyanın vətəndaşı deyildir. Gedib birini vururlar, təkcə Azərbaycanl. deyil ki? Bunları şişirtməyin, bilirsiniz, problemə çevirməyin nə əhəmiyyəti var? ANS kanalı hər gün, nə bilim, Moskvada hansısa xırda məhkəmə prosesini də verir. Yaxşı, bu, ANS kanalına layiqdirmi? O adamın şəxsiyyəti buna layiqdirmi? Onu narkotik maddələr üstündə həbs ediblər. İndi bu nədir ki, onu gündə çıxarıb göstərirsiniz? Ona görə mən sizdən, jurnalistlərdən xahiş edirəm, bir az diqqətli olun. Xırdaxırda şeyləri götürüb göyə qaldırırsınız.

Sual: Cənab Prezident, təkbətək görüşünüzdə Ermənistanla-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcəkmi?

Cavab: Bəli, bu daim gündəlikdə olan məsələdir.

Sual: Siz konkret olaraq nə gözləyirsiniz?

Cavab: Sabah görərsən.

Sual: Cənab Prezident, Moskva danışıqları Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə hansı təsiri göstərə bilər?

Cavab: Onu bu qız soruşdu, sən də soruşursan. Bunların hamısını siz yanvarın 26-da, mən buraya qayıdanda biləcəksiniz.

Sual: Cənab Prezident, Avropa Şurasının Azərbaycana qarşı tutduğu qərəzli mövqeni necə izah edə bilərsiniz?

Cavab: Necə hesab edirəm, biz bunların hamısın. demişik.

Sual: Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti bildirmişdir ki, Avropa dövlətləri bu məsələdən öz məqsədləri üçün istifadə etmək istəyir. Ona görə də buna siyasi don geyindirilir. Sizin buna münasibətiniz necədir?

Cavab: Ay qızım, məgər sizin işiniz yoxdur, nədir? Yenə də deyəcəyəm. Bu Avropa Şurası məsələsi nədir ki, bütün mətbuat orqanları, özəl televiziyalar, xüsusən ANS televiziyası bunu müzakirə edirlər. ANS televiziyasını açırsan, Avropa Şurasını, cinayətkarları göstərirlər ki, bunları buraxacaqlar, buraxmayacaqlar. Bunu bir gün etmək olar, iki gün etmək olar, üç gün etmək olar. Deməli, məqsəd nədir? Məqsəd odur ki, Avropa Şurası Azərbaycana qarşı mənfi xarakterli bir qərar qəbul etsin? Yoxsa məqsəd odur ki, Azərbaycan öz moöqelərini müdafiə etsin? Mən bunu anlamıram. Amma bu zamanda, bu dövrd. bu cinayətkarları gündə televiziyada göstərmək, onları populyarlaşdırmaq, məşhurlaşdırmaq kimə lazımd.r? Bu bizim milli mənafelərimiz üçün lazımdırmı?! Lazım deyildir. İndi hamının ağzına düşüb - Avropa Şurası, Avropa Şurası. Biz Avropa Şurasının üzvüyük. Bizim münasibətlərimiz var. Onların bəzi tövsiyələri var. Biz onların bəzisini yerinə yetirmişik, bəzisi yerinə yetirilməyibdir. Bunlar müzakirə olunub qurtaracaqdır. Bunu bir aydır mətbuat səhifələrinə çıxarmısınız, özəl telekanallar bundan başqa bir şey vermirlər. Yaxşı, Azərbaycanda başqa bir problem yoxdurmu?

Sual: Cənab Prezident, İrana səfərinizin vaxtı məlumdurmu?

Cavab: Hələ müəyyən olunmayıbdır.

Sual: Danışıqlar zamanı Xəzərin hüquqi statusu ilə bağlı bir yenilik olacaqmı?

Cavab: İndi mən sizə nə deyim. Deyim, olacaq, ya olmayacaq? Görərsiniz.

Sual: Cənab Prezident, İran tərəfi dəfələrlə viza rejiminin dondurulmasını istəyibdir. Sizin İrana səfəriniz zamanı bu məsələ müzakirə olunacaqmı?

Cavab: Mən İrana səfər edəndə lazım olan məsələləri müzakirə edəcəyik.

Sual: Cənab Prezident, son vaxtlar dini şuarlar altında bir sıra piket və nümayişlər keçirirlər. Sizcə bu, sosial tələblərlə bağlıdır, yoxsa siyasi məqsəd daşıyır?

Cavab: Siz onları görürsünüz, eşidirsiniz?! Mənə belə gəlir ki, bunların heç biri sosial məsələlərlə bağlı deyildir. Həmin o şuarlar - ya din pərdəsi altındakı şuarlar, yaxud müxalifət qüvvələrinin başqa şuarları, sosial problemlər, Dağlıq Qarabağ problemi adı altındakı şuarlar - bunlar onların pərdəsidir. Bunların arxasında onların öz şəxsi məqsədləri, hakimiyyət uğrunda mübarizə durur. Dediyiniz o dini şuarlardan özlərinin hansısa məqsədlərinə nail olmaq üçün istifadə edirlər.

Sual: Cənab Prezident, 2002-ci ilin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar ili olacağı bildirilir. Fransanın prezidenti Jak Şirakın bu məsələnin həllinin Paris prinsipləri əsasında olacağı fikrinə münasibətiniz necədir?

Cavab: Danışıqlar olacaqdır.

Sual: Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü nə vaxt olacaqdır?

Cavab: Bilirsiniz, olacaqdır. Amma görürəm sözünüz yoxdur.

Sual: Cənab Prezident, piketlərin, nümayişlərin keçirilməsində xarici qüvvələr maraqlı ola bilərmi?

Cavab: Sən onların içində olursan? Görürsən, yoxsa yox? Sizin, jurnalistlərin məqsədi respublikada müəyyən məsələlərin ədalətli araşdırılmasına kömək etmək olmalıdır. Sizin imkanlarınız çoxdur. Mən sizə müraciət edirəm. Sağ olun.