Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqi - Respublika Sarayı, 26 noyabr 1994-cü il


Hörmətli xanımlar və cənablar, əziz müəllimlər, tələbələr, hörmətli qonaqlar! Sizi, bütün Azərbaycan xalqını Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin yaradılmasının 75-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı, dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir, maarifçilik Azərbaycanın mütəfəkkir adamlarının əsas vəzifəsi olmuş və xalqımızın görkəmli simaları bu sahədə tarix boyu böyük xidmətlər göstərmişlər. Ancaq Azərbaycan xalqının geniş miqyasda, kütləvi surətdə maariflənməsi, təhsillənməsi, savadlanması prosesi XX əsrin əvvəlindən başlanmışdır. Bu prosesdə Azərbaycanın ilk ali məktəbinin - Bakı Dövlət Universitetinin yaranması tarixi, əlamətdar bir hadisədir. Bakı Dövlət Universiteti 75 illik tarixi ərzində Azərbaycan xalqı qarşısında, Azərbaycan Respublikası qarşısında böyük xidmətlər göstərmiş və Azərbaycanın indi bu yüksək səviyyəyə gəlib çatmasında böyük işlər görmüşdür.

Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır və onun 75 illik yubileyi bütün Azərbaycan xalqının böyük bayramıdır.

Bakı Dövlət Universitetinin yaranmasında ilk Azərbaycan Demokratik Respublikasının böyük xidmətləri olmuşdur. Eyni zamanda əsrin əvvəlində Azərbaycanda ilk ali təhsil ocağının yaranması o dövrdə gedən tarixi proseslərin zərurətindən doğan bir hadisədir. 75 il ərzində universitet Azərbaycanın həyatının bütün sahələrinə həm təsir göstərmiş, həm də bütün hadisələrin inkişafında iştirak etmişdir. 80 min nəfər adam, azərbaycanlı, gənc bu universitetdə ali təhsil almış, öz xalqına, torpağına, öz millətinə xidmət etmiş və edir.

Bakı Dövlət Universitetinin xidmətləri haqqında geniş danışıldı. Mən onu qeyd etmək istəyirəm ki, Azərbaycanda ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında Bakı Dövlət Universitetinin xidmətləri əvəzsizdir. Universitetin 75 illik tarixi Azərbaycan Respublikasının elminin, mədəniyyətinin, təhsilinin inkişaf tarixidir. Bakı Dövlət Universitetinin Azərbaycanda ali təhsilin inkişafı sahəsindəki xidmətlərini xüsusi qeyd etmək lazımdır. İndi Azərbaycan böyük ali təhsil ölkəsidir. Xalqımızın hamısı savadlıdır. Bu 75 il müddətində xalqımızın savadlanmasında, eyni zamanda təhsilin yaranmasında, inkişafında böyük işlər görülmüşdür. Yeni-yeni təhsil ocaqlarının - ali məktəblərin, universitetlərin yaranması indi müstəqil Azərbaycan Respublikasının böyük ali təhsil potensialına malik olmasının əsasını qoymuşdur. Əgər bu 75 il ərzində həmin işlər görülməsəydi, indi müstəqil Azərbaycan Respublikası özünün böyük elmi, mədəni, intellektual potensialı ilə fəxr edə bilməzdi.

Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi inkişaf etdirən mərkəzə çevrilmişdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür. Təsadüfi deyil ki, 1945-ci ildə Azərbaycanda ilk Dövlət Milli Akademiyasının yaranması da Bakı Dövlət Universitetinin və onun əsasında, onun şaxələri olaraq yaranmış başqa ali məktəblərin yetişdirdiyi alimlərin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ona görə də biz Bakı Dövlət Universiteti haqqında danışanda Azərbaycanın həm elmini, həm təhsilini, həm mədəniyyətini, həm də bütün xalqımızın savadlanmasını düşünürük.

75 il ərzində Bakı Dövlət Universitetində bir çox müəllim, professor nəsilləri fəaliyyət göstərmiş, bizim ali məktəbimizi, ali təhsilimizi, elmimizi inkişaf etdirmiş, böyük xidmətlər göstərmişlər. Ona görə bu gün - bu bayram, yubiley günü həm Bakı Dövlət Universitetinin əsasını qoyanları, həm də 75 il ərzində universitetin inkişaf etməsində xidmət göstərənləri böyük hörmət hissi ilə yad edirik. Mən Bakı Dövlət Universitetində fəaliyyət göstərmiş, xidməti olan şəxslərin hamısına Azərbaycan dövləti adından təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Bakı Dövlət Universiteti yarananda Azərbaycanın milli kadrları az idi, demək olar ki, yox idi. Ona görə də təsadüfi deyil ki, ilk milli Azərbaycan Demokratik Respublikası Bakıda dövlət universitetinin təşkili üçün Rusiya alimlərini dəvət etmiş və onların xidmətləri ilə Bakıda dövlət universiteti yaranmışdır. Dövlət universitetinin ilk rektoru Razumovski, ondan sonra Devidenko, daha sonra Qulyayev olmuşdur. Ancaq 1926-cı ildə Bakı Dövlət Universitetinin rektoru bizim həmvətənimiz, məşhur şəxsiyyət Tağı Şahbazi təyin edilmişdir.

Bakı Dövlət Universiteti yaranan vaxt qəbul olunan tələbələrin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı dövrlərdə azərbaycanlı gənclər savadlanmış, universitet təhsili almışlar. Bu gün burada qeyd edildi ki, hazırda universitetin tələbələrinin 90 faizi azərbaycanlılardır. Yəni Bakı Dövlət Universiteti mürəkkəb tarixi bir yol keçmişdir. Onu yaradanlar da Azərbaycan xalqına böyük xidmətlər göstərmiş və sonrakı mərhələlərdə universiteti inkişaf etdirənlər də, fəaliyyət göstərənlər də Azərbaycan Respublikasına çox xidmətlər etmişlər. Ona görə də biz 75 il ərzində universitetin həyatında fəaliyyət göstərən adamların hamısının işlərini yüksək qiymətləndirməliyik.

Siz, yəni universitetin müəllimləri, tələbələri elmi konfranslar keçirmisiniz, universitetin tarixini təhlil etmisiniz. Ancaq mən bir-iki nöqtəyə toxunmaq istəyirəm. Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görmüşdür. Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu baxımdan Bakı Dövlət Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Bakı Dövlət Universitetinin əsas fakültələri - tarix fakültəsi, filologiya fakültəsi, fəlsəfə fakültəsi, yəni bütün bu humanitar fakültələr Azərbaycan dilinin, Azərbaycan elminin inkişafında müstəsna yer tutur. Şübhəsiz ki, bütün başqa elmlər də Azərbaycanın həm elmi, həm intellektual potensialının, həm də iqtisadi potensialının inkişafı üçün xidmətlər göstərmişlər. Ancaq bu elmlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir və bu sahədə Bakı Dövlət Universitetində 75 il ərzində görülən işlər yüksək qiymətə layiqdir.

Bakı Dövlət Universitetinin auditoriyalarında, dərs otaqlarında, kafedralarında Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi üçün də çox işlər görülmüşdür. Mən bu gün bunu xüsusi qeyd edirəm. Çünki öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim - onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəliyə getməsinə xidmət göstərir. Azərbaycanda milli azadlıq hərəkatının yaranması, meydana çıxması, inkişaf etməsi, tariximizin səhifələrinin təxribatdan, təhrifdən qorunması, əsrlərdən-əsrlərə xalqımızın böyük tarixə, böyük mədəniyyətə malik olması, böyük mənəviyyat sahibi olması - bunlar hamısı XX əsrdə alimlərimizin, müəllimlərimizin, ali təhsil ocaqlarında çalışanların fəaliyyəti nəticəsində olmuşdur. Bu sahədə Bakı Dövlət Universitetinin xidmətləri çox böyükdür və mən bu gün onu xüsusi qeyd etməyi lüzumlu hesab edirəm.

Biz bu il dahi şairimiz Məhəmməd Füzulinin 500 illik yubileyini qeyd edirik. Fəxr edirik ki, 500 il bundan öncə Məhəmməd Füzuli öz ana dilində əsərlərini yazmışdır. Eyni zamanda onu da unutmayaq ki, elə bu əsrin əvvəlində də, ortasında da ana dilimizdə yazanlarımız çox olmuşdur. Ancaq ana dilini, Azərbaycan dilini yüksəklərə qaldırmaq istəyənlər, zənginləşdirməyə çalışanlar fədakar adamlar olublar. Onların əksəriyyəti Azərbaycan Dövlət Universitetində olublar.

Burada Bakı Dövlət Universitetinin yubileylərini xatırladılar. Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam. Eyni zamanda xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin 50 illik yubileyinin də, 60 illik yubileyinin də iştirakçısı olmuşam. İndi universitetin 75 illik yubileyinin iştirakçısıyam. Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu, - nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir.

O illəri xatırlayıram. O vaxt, 1968-ci ildə mən respublikada Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim. Universitetdə bir neçə alim Azərbaycanın tarixini araşdırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə girmişdir, yaxud elə-belə girmişdir, ya da məcburi girmişdir. Bunu o vaxtlar şişirtdilər. Şübhəsiz ki, elm adamları elmi axtarışlar zamanı gərək həmişə bütün versiyaları yoxlasınlar. O vaxt isə ümumi qərar belə idi ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü daxil olmuş, özü bunu xahiş etmişdir. Şübhəsiz ki, bu, tarixi həqiqətdən uzaqdır. Ancaq belə olmuşdu və bu hadisə də bayram kimi qeyd edilmişdi. Amma bir neçə alim o vaxt bunu şübhə altına alaraq öz fikirlərini söyləmişdi. Bu, böyük bir iğtişaş yaratdı. Başladılar araşdırmağa ki, bunlar millətçidirlər, yaxud başqa fikirləri var, dövlət mövqeyindən kənar fikirlə yanaşırlar və s. Düzdür, bundan ötrü o vaxtlar bəzi adamları xırdaca cəzalandırdılar. Ancaq mən bilirəm ki, o adamların hamısı indi də fəaliyyətdədir, işləyir və ondan sonra da yaxşı fəaliyyətdə olmuşlar.

Bunu nə üçün xatırlayıram? Xatırlatmaq istəyirəm ki, universitet həqiqəti axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, mənbə olmuşdur. Təsadüfi deyildir ki, bir də deyirəm, Azərbaycanın müstəqilliyi, milli azadlığı uğrunda mübarizə aparan insanların da çoxu burada təhsil almış, universitet divarları arasında işləmiş, fəaliyyət göstərmişlər və bu gün də göstərirlər. Ona görə də Bakı Dövlət Universitetinin Azərbaycan dilinin inkişafında, milli ruhun, milli süurun inkişafında, vətənpərvərlik ruhunun inkişafında olan xidmətlərini bir daha xüsusi qeyd edirəm və bu gün müstəqil Azərbaycan dövlətində belə insanlara, belə axtarışlara öz hörmət və ehtiramımı bildirirəm.

75 illik tarix cürbəcür mərhələlərdən keçmişdir. Bu 75 ilin hər biri bizim üçün əzizdir. Keçmişdə tariximizi yazarkən bəzən y o tərəfə, ya da bu tərəfə əyilirdik. İndi isə müstəqil Azərbaycan Respublikasında öz məmləkətimizin, öz taleyimizin sahibi olduğumuz halda, müstəqil siyasət apardığımız halda gərək tariximiz doğru, düzgün, ədalətli, obyektiv yazılsın. Universitetin 50 illiyi, 60 illiyi qeyd olunmuşdur. Amma təəssüf ki, 70 illiyi nədənsə qeyd edilməmişdir. Bunu yaddan çıxarmışlar. İndi 75 illiyi qeyd olunur. Bu 75 illik tarixi ədalətli, düzgün yazmaq üçün indi ən gözəl şərait yaranmışdır. Amma bu, təkcə universitetin tarixi deyil, bu, Azərbaycan xalqının tarixidir, Azərbaycan Respublikasının tarixidir, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tarixidir. Ona görə bunu təhrif etmək olmaz.

Keçən vaxtlarda da təhrif olmuşdur, ancaq bu yaxın keçmişdə də təhrif olmuşdur. Keçən vaxtlar - Sovet hakimiyyəti vaxtı bütün tarixçilər ümumi tarixi yazarkən, o cümlədən də universitetin tarixini yazarkən hər bir şeyi marksist-leninçi ideologiya əsasında və bir də o tarix ki, qurulmuşdu, onun əsasında yazmağa çalışırdılar, ona görə də təhriflərə yol verirdilər, amma iki-üç il bundan qabaq, respublikamızda yeni bir dövr yarananda bəziləri hesab etdilər ki, 1920-ci ildən 1992-ci ilədək Azərbaycanda nə olmuşdursa, bunlar heç bir şey deyil. Tarix indidən başlayır. Belə münasibət yaramaz! Xalqın hər bir günü tarixdə öz yerini tapmalıdır. Tariximizin hər bir nöqtəsi, hər bir günü bizim üçün əzizdir, - nə cür olur-olsun.

İki-üç il bundan qabaq mən eşitdim: bəzi yeni siyasətçilər deyəndə ki, Nəriman Nərimanovdan başlayan və indiyə qədər, bizə qədər olan dövr tarix deyildir, mən dəhşətə gəldim. Belə ədalətsizliyə yol vermək olmaz. Əgər Bakı Dövlət Universiteti 1919-cu ildə ilk, demokratik respublika vaxtında yaranmışsa, sonrakı inkişafı Nəriman Nərimanov və onun böyük şəxsiyyətlərin fəaliyyəti nəticəsində indiki səviyyəyə gəlib çatmışdır. Təsəvvür edin, əgər bu dövr olmasaydı, bu gün burada professor Murtuz Ələsgərovun və başqa natiqlərin 75 il ərzində universitetin əldə etdiyi nailiyyətlər barədə gətirdikləri çox heyranedici rəqəmlər, məlumatlar olardımı? Olmazdı! Yenə də deyirəm, bütün başqa şeyləri kənara qoyaq, Azərbaycanın maariflənməsində, Azərbaycan xalqının savadlanmasında, elmimizin inkişafında Azərbaycan dilinin bugünkü yüksək səviyyəyə gəlib çatmasında bu dövrün nə qədər böyük mənası, nə qədər böyük xidməti var. Bunu nə pozmaq olar, nə də unutmaq olar. Bunu etmək istəyənlər tarixinə xor baxan, tarixinə düşmən çıxan adamlardır.

Universitet 50 illik yubileyində o vaxtkı Sovetlər İttifaqının yüksək mükafatı - Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdu. Bu, tarixdir və bu tarixi dəyişdirmək olmaz. Azərbaycan Dövlət Universiteti o dövrün ən yüksək mükafatlarından birini aldı, 50 illik fəaliyyətinə görə aldı. Ondan sonrakı dövrlərdə Bakı Dövlət Universiteti yeni yüksək adlara, mükafatlara layiq görüldü. Bunlar da hamısı tarixdir, heç birisini dəyişdirmək olmaz. Hamısına hörmətlə, ehtiramla yanaşmaq lazımdır. Ona görə bütün Azərbaycan xalqının, Azərbaycan Respublikasının, o cümlədən onun elminin, təhsilinin XX əsrdəki tarixi böyük hörmət və ehtirama layiq tarixdir. Biz bu tarixin hər səhifəsini, hər vərəqini hörmət və ehtiramla yad etməliyik, bu tarixin qarşısında, Azərbaycan Respublikasını yaradıb, yaşadıb, Azərbaycan elmini, təhsilini bu səviyyəyə gətirən insanların hamısının qarşısında baş əyməliyik.

Keçmişdə, ölkəmiz xarici dövlətlərlə çox əlaqədə olmadığı vaxtda bəzən belə düşünürdük ki, başqa ölkələrdə elm, ali təhsil bizimkindən çox yüksəkdir. Şübhəsiz ki, dünyanın 800-900 illik tarixi olan məşhur universitetləri var, Avropa universitetlərini, Şərq universitetlərini, Rusiya universitetlərini götürün, 100 illik tarixi olan universitetlər var. Şübhəsiz ki, onların yüksək səviyyəsi var. Ancaq indi biz dünyaya açıldıq, bizim alimlərimiz, universitetin müəllimləri, professorları dünyanın bir çox ölkələrinə getdilər. İndi onlar bir çox ölkələrdə dərs deyirlər, elmi iş aparırlar. Aydın oldu ki, bu müddətdə Azərbaycanın elmində, təhsilində əldə edilən nailiyyətlər başqa dövlətlərinkindən aşağı deyildir, bəzi hallarda yüksəkdir. Əgər belə olmasaydı, indi Bakı Dövlət Universitetinin, yaxud da ki, digər universitetlərimizin, elmi tədqiqat institutlarımızın alimləri, elmi işçiləri gedib başqa ölkələrdə yüksək səviyyədə fəaliyyət göstərə bilərdilərmi? Bunlar hamısı bu 75 illik tarixin bəhrələridir. Ona görə də biz bunu qiymətləndirməliyik.

Bir sözlə, 75 illik yol şanlı yoldur, şərəfli yoldur. Mən bir daha sizi təbrik edirəm. Universitetin 75 illik yubileyi Azərbaycan xalqının böyük bayramıdır.

Ancaq hər bir yubiley, ildönümü bizi geriyə yox, irəliyə baxmağa, qarşıdakı vəzifələr haqqında düşünməyə dəvət edir. Vəzifələr böyükdür. Respublikamız keçid dövründə yaşayır. Bütün sahələrdə, o cümlədən tədris, təhsil sahəsində islahatlar keçirilir. Bunlar zəruridir, ancaq eyni zamanda bu islahatlar, xüsusən təhsil, elm sahəsində islahatlar çox ağıllı, düşünülmüş şəkildə keçirilməlidir. İslahat naminə, dəb naminə aparılmamalıdır. Adını dəyişdirməklə, bir qədər formasını dəyişdirməklə ki, yeni bir qiyafəyə girsin, dəbə düşsün - bunun naminə yox, yalnız və yalnız əldə etdiyimiz səviyyədən daha yuxarı qalxmaq üçün, təhsilin səmərəliliyini, elmin səmərəliliyini artırmaq üçün aparılmalıdır. Bütün bu islahatlar ancaq bu yolla, bu istiqamətdə getməlidir, bu məqsədi daşımalıdır və biz bu məqsədə nail olmalıyıq. Mən bu arzularımı sizə bildirirəm və güman edirəm ki, siz də belə düşünürsünüz, siz də məhz bu yolla gedəcək və səhvlərə yol verməyəcəksiniz.

Universitet, ali məktəb gənclərə məxsusdur. Bakı Dövlət Universitetində 1200 nəfərlik professor-müəllim heyəti, 12 min tələbə var. Müəllimlər tələbələr üçündür, onlara təhsil vermək, onları həyata hazırlamaq, yaxşı tərbiyə vermək müəllimlərin şərəfli borcudur. 75 il ərzində bütün çətinliklərə baxmayaraq, həyatımızda olan bəzi mənfi hallara baxmayaraq, universitet bu şərəfli vəzifəsini yerinə yetirmişdir. Bakı Dövlət Universitetini bitirmiş adamların tam əksəriyyəti həqiqətən Azərbaycanın bugünkü həyatını inkişaf etdirənlərdir. Ancaq gənclərə diqqət, qayğı bu gün daha çox lazımdır. Ona görə də mən bu bayram günü gənclərə müraciət edirəm, həm də təkcə Bakı Universitetinin tələbələrinə yox, bütün Azərbaycan gənclərinə müraciət edirəm.

Müstəqil Azərbaycan üç ildir ki, yaşayır. Qarşımızda böyük yol var. Biz bu ağır, çətin yoldan keçməliyik. Ona görə də mən bu gün, universitetin 75 illik yubileyi qeyd edilərkən ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın gəncləri atalarının, babalarının adət-ənənələrinə, onların keçdiyi yola sadiq qalacaqlar, özlərini universitetlərdə, digər təhsil ocaqlarında, iş yerlərində müstəqil Azərbaycana xidmət etmək üçün hazırlayacaqlar və Azərbaycanın üçrəngli bayrağını uğurla irəli aparacaqlar.

Gənclərimizin bir qismi ordu sıralarındadır. Sizin universiteti, bütün ali məktəblərimizi bitirənlərin bir qismi vuruşmuş, döyüşmüş, torpaqlarımızın qorunması yolunda şəhid olmuşdur. Bir qismi hazırda ordu sıralarında, torpaqlarımızın keşiyində dayanmışdır, müstəqilliyimizi, Azərbaycanın ərazi bütövlüyünü qoruyurlar, Azərbaycanı erməni işğalçılarından qoruyurlar. Onlar cəbhədə, hərbi hissələrdədirlər, hərbi geyimdə, silah altındadırlar. Azərbaycan xalqı onlara, yəni ordumuza, Milli Ordu sıralarında olan gənclərə ümid bəsləyir. Xalqımız bu ümidlə yaşayır ki, Azərbaycan Milli Ordusunda olan gənclər bundan sonra torpaqlarımızı tam qətiyyətlə qoruyacaqlar, Azərbaycanın sərhədlərinin keşiyində möhkəm dayanacaqlar, ölkəmizin suverenliyini müdafiə edəcəklər. Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşaması üçün öz xidmətlərini göstərəcəklər. Mən sizi əmin edə bilərəm ki, Milli Ordumuzun sıralarında olan gənclərin tam əksəriyyəti belə əhval-ruhiyyə ilə vətənpərvərlik ruhu ilə, cəsarət, qəhrəmanlıq ruhu ilə yaşayır və xidmət edir. Ona görə də bu gün, bu gənclik günü - universitetin bayramı gənclik bayramıdır, - ordu sıralarında olan universitet məzunlarını, bütün ali məktəblərin məzunlarını sizin adınızdan, öz adımdan xüsusi olaraq ürəkdən təbrik edirəm, ordu sıralarında olan bütün gənclərimizə salamımızı göndərirəm, onlara hörmət və ehtiramımı bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün keşiyində bundan sonra da cəsarətlə, mətanətlə dayanacaqlar.

Qarşımızda duran vəzifələr gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir. Professorlar, müəllimlər bu vəzifələrini bundan sonra da indiyə qədər olduğu kimi ləyaqətlə yerinə yetirməlidirlər. Məlumdur, hamımız bu dərdin içində yaşayırıq, respublikamız ağır vəziyyətdədir. Torpaqların bir qismi işğal olunmuşdur, bir milyondan artıq qaçqın var, respublikanın sosial-iqtisadi vəziyyəti çətinləşir, böhran içindəyik, böhran dərinləşir, insanların həyat tərzi ağırlaşır. Bunlar hamısı dövrümüzün xarakterik cəhətləridir, obyektiv səbəblərdən doğan cəhətlərdir. Belə bir şəraitdə müəllimlər də, professorlar da, ali məktəblərdə çalışan digər ziyalılarımız da çətin dövr keçirirlər. Yaşayış çətinləşmişdir. Yaxşı işləmək üçün bəzən istənilən şərait yoxdur. Bunlar hamısı həyatımızın gerçəkliyidir.

Ancaq eyni zamanda belə düşünürəm ki, xalqımız dözümlü olduğu kimi, ziyalılarımız da, alimlərimiz də, müəllimlərimiz də ən dözümlülərdəndir, ən mətanətlilərdəndir. Mən bütün bu çətinlikləri bilərək və bu çətinliklərə görə qəlbən narahat olaraq ziyalılarımıza, müəllimlərimizə müraciət edirəm: gənclərimizin təlim-tərbiyəsi işinə, təhsil, tədris işinə diqqətinizi azaltmayın. Əksinə, belə bir şəraitdə diqqət, qayğı daha da artmalıdır. Mən əminəm ki, müəllimlərimizin, ziyalılarımızın, alimlərimizin əksəriyyəti belə düşünür, belə yaşayır və bütün bu çətinliklərə baxmayaraq, öz vəzifələrini şərəflə yerinə yetirir və bundan sonra da yerinə yetirəcəkdir.

Bu gün universitetin 75 illiyini bayram edərkən bütün bu çətin problemlərlə rastlaşdığımız halda, eyni zamanda hamımız nikbin əhval-ruhiyyə ilə yaşamalıyıq. Biz bu çətinlikləri görərək, eyni zamanda onu dərk etməliyik ki, milli azadlığımıza nail olmuşuq, müstəqilliyimizi əldə etmişik. Azərbaycan xalqı artıq öz taleyinin sahibidir. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan Respublikası müstəqil dövlət kimi Dünya Birliyində görkəmli yer tutmuşdur. Dünya Birliyində öz sözünü deməyə qadirdir, öz taleyini özü həll edir. Bunlar xalqımızın, zəmanəmizin böyük nailiyyətləridir və bu nailiyyətlərə görə bütün çətinliklərə dözməli, gələcəyə nikbinliklə baxmalıyıq. Çalışmalıyıq ki, bu çətinlikləri tezliklə aradan qaldıraq, müstəqil Azərbaycan Respublikası bütün ərazisinin sahibi olaraq qarşısına qoyulmuş məqsədlərə nail olsun və biz gələcək nəsillər üçün yeni-yeni töhfələr hazırlayaq.

Əminəm ki, biz bunlara nail olacağıq. İnanıram ki, bizim ziyalılar da, alimlər də, müəllimlər də bu duyğularla yaşayırlar və əminəm ki, bu duyğular bizi daha da möhkəmləndirəcək, sıralarımızı daha da sıxlaşdıracaq və biz müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə birlikdə nail olacağıq.

Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, Azərbaycan xalqını onun elminin, mədəniyyətinin bayramı münasibətilə bir daha təbrik edirəm. Hamınıza, bütün ziyalılara, bütün müəllimlərə, Azərbaycanın çoxmilyonlu gənclərinə səadət və xoşbəxtlik arzulayıram.

Yaşasın Bakı Dövlət Universiteti!

Yaşasın elm, yaşasın mədəniyyət, yaşasın təhsil!

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Sağ olun.

"Azərbaycan" qəzeti, 27 noyabr 1994-cü il.