Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya işgüzar səfərə yola düşərkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 17 noyar 1994-cü il


Sual:  - Möhtərəm prezident, Moskvaya səfərinizin əsas məqsədi nədir?

Cavab: - Bu, mənim Moskvaya qısamüddətli işgüzar səfərimdir. Rusiyanın prezidenti Boris Yeltsin ilə mənim danışıqlarım olub, biz razılığa gəlmişik ki, görüşüb söhbət edək.

Oktyabrın 21-də Moskvada MDB ölkələri dövlət başçılarının görüşündə Boris Yeltsin ilə danışıqlarımız olmuşdu, biz belə qərara gəlmişdik ki, müəyyən bir vaxtdan sonra xüsusi görüşüb Azərbaycan-Rusiya münasibətləri haqqında, şübhəsiz ki, o cümlədən Dağlıq Qarabağ məsələsi, yəni Ermənistanın Azərbaycana təcavüzü, müharibəyə son qoyulması barədə müəyyən fikir mübadiləsi, müzakirələr aparaq. Altı aydır ki, atəşkəs davam edir. Biz bu fürsətdən istifadə edib Böyük Sazişin əldə olunması haqqında danışıqlar aparacağıq.

Bilirsiniz ki, bu danışıqları bir necə istiqamətdə aparırıq. Burada Rusiya fəal iştirak edir, onun vasitəçiliyi daim mövcuddur. Ona görə də Rusiya ilə, xüsusən Rusiyanın prezidenti Boris Yeltsin ilə bu barədə danışıqlar çox əhəmiyyətlidir. Mənim səfərimin əsas məqsədi bundan ibarətdir. Eyni zamanda bu səfərim böyük şairimiz Məhəmməd Füzulinin 500 illiyinin Moskvada qeyd olunduğu vaxta təsadüf edir. Bu səbəblər bir-biri ilə bağlı deyil, ancaq eyni vaxta düşübdür. Ona görə də mən həm Rusiyanın rəhbərləri ilə görüşəcəyəm, həm də fürsət tapsam, Məhəmməd Füzulinin 500 illik yubileyində iştirak edəcəyəm. Oraya böyük nümayəndə heyətimiz gedib, Moskvada Füzulinin yubileyi böyük təntənə ilə qeyd olunacaqdır. Yenə də deyirəm, imkanım olsa, orada iştirak edəcəyəm. Məqsədim bundan ibarətdir.

Bu gün Azərbaycanda Milli Dirçəliş günüdür. Bununla əlaqədar mən xalqımıza təbrik müraciəti göndərmişəm. Bu fürsətdən istifadə edib, Azərbaycan xalqını Milli Dirçəliş günü münasibətilə bir daha təbrik edirəm. Bu gün əlamətdar bir gündür. Ola bilər ki, bu gün haqqında, ona hazırlıq barədə müxtəlif təbəqələrin ayrı-ayrı fikirləri olsun. Şübhəsiz ki, buna birmənalı qiymət də vermək olmaz. Gələcəkdə tarix hər şeyə lazımi qiymət verəcəkdir. Ancaq indi bu günün mənasını həqiqi, eyni zamanda obyektiv qiymətləndirmək lazımdır.

Bunun mənası ondan ibarətdir ki, həmin gün Azərbaycan xalqının milli azadlıq duyğularını, hisslərini əks etdirir. Bu, Dağlıq Qarabağ məsələsinin həll olunması ilə əlaqədar o vaxtkı Sovet hökumətinin rəhbərliyi, Sovet hakimiyyəti Azərbaycana qarşı ədalətsiz münasibət bəslədiyinə görə, eyni zamanda o dövrdə, Azərbaycanda ictimai-siyasi vəziyyətin gərgin bir dövründə respublikanın kommunist rəhbərliyi, kommunist rejimi xalqımızın bu milli azadlıq duyğularını, milli azadlıq arzularını başa düşmədiyinə görə xalqın içindən, daxilindən doğan və bir gün ərzində yox, üzün illər boyu milli azadlıq ruhunu yaşadan duyğuların məhz həmin gün meydana çıxmasıdır.

Şübhəsiz ki, bu, ümumi, dərin bir prosesin təzahürü günüdür. Ona görə də biz bu günü qiymətləndirməliyik. Yəni o gün və bundan sonra gedən proseslər onu göstərir ki, Azərbaycan xalqı öz milli mənliyini nümayiş etdirə bilər. Xalq milli azadlıq ruhunu artıq gizli yox, açıq bəyan edə bilər. Bunun da çox böyük əhəmiyyəti oldu. Bu, ümumiyyətlə, Azərbaycanın ictimai-siyasi həyatının dəyişilməsinə gətirib çıxardı. O dövrdə Azərbaycanın ictimai-siyasi həyatında həmin proseslərin o gündə aşkara çıxması, şübhəsiz ki, böyük dəyişikliklər əmələ gətirdi. Bu dəyişikliklər də o vaxt Sovetlər İttifaqında, ümumiyyətlə, dünyada gedən obyektiv ictimai-siyasi, tarixi proseslərin bir hissəsi idi. Bu lokal bir hal deyildi. Bu, dünya prosesi ilə bağlı idi.

Xalqımızın bu coşqunluğunun, hissiyyatlarının, ağrılarının, milli azadlıq arzularının aşkara çıxması, bəyan edilməsi və xalqın buna dərhal qoşulması onu göstərdi ki, bu hisslər əksəriyyətin qəlbində yaşayırmış. Bunun aşkara çıxması üçün sadəcə bir qığılcım lazım imiş. Ona görə də bu hadisəni qiymətləndirmək lazımdır. Mən bunu qiymətləndirirəm və bu bayram münasibətilə xalqımızı, millətimizi bir daha təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, milli azadlıq, müstəqillik hissi bundan sonra daha heç vaxt boğula bilməyəcəkdir.

Sual: - Danışıqlarla iqtisadi sahədə çətinliklərlə əlaqədar Rusiyanın imkanlarından istifadə edilməsi məsələsinə toxunulacaqmı?

Cavab: - Bu barədə söhbət aparmaq çətindir. Hər halda biz qarşılıqlı əlaqələr vasitəsilə Rusiyanın müəyyən imkanlarından istifadə etməyə çalışırıq. Məsələn, indi taxıl çatışmazlığı var. Biz bir çox mənbələrə müraciət etmişik. Bizə lap dost olan mənbələrdən də indiyədək lazımi köməklər ala bilməmişik. Biz bu və başqa məsələləri də müzakirə edəcəyik. Ola bilər, orada çox məsələlər olsun. Əvvəldən nə deyim, səfər başa çatandan sonra danışarıq.

Tarixi arayış