Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Vaşinqton Tayms” qəzetinə müsahibəsi - 29 noyabr 2001-ci il


Sual: Cənab Prezident, bildirildiyi kimi, sentyabrın 11-də Nyu-Yorka və Vaşinqtona terror hücumu nəticəsində Buş hökuməti və Konqres “Azadlığa Dəstək Aktı” nın 907-ci maddəsinə və ABŞ-ın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə təsir göstərən qanunvericilik aktlarına yenidən baxırlar. “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin ləğvinin Azərbaycanın Birləşmiş Ştatlara münasibətlərinə təsiri necə olardı?

Cavab: Mən ilk öncə demək istərdim ki, 11 sentyabr hadisələri bizi hiddətləndirmişdir. Bu tarixdə görünməmiş hadisə idi. Biz bu hadisəni təkcə Birləşmiş Ştatlara qarşı deyil, həm də bütün müasir bəşəriyyətə qarşı, sülhə qarşı, demokratiyaya qarşı, sabitliyə qarşı yönəldilmiş epizod hesab edirik.

Mən artıq Prezident Buşa dərin hüznlə başsağlığı vermişəm. Birləşmiş Ştatlar hökuməti terrorçulara qarşı mübarizə aparmaq əzmində olduğunu bəyan etdikdə, öz ölkəmin lideri kimi mən də Birləşmiş Ştatları dəstəkləməyə və əməliyyatlarda iştirak etməyə hazır olduğumuzu bildirdim. Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlər strateji tərəfdaşlıq münasibətləridir. Deməli, biz Birləşmiş Ştatların yaratdığı antiterror alyansının bir hissəsiyik. Biz terrorçuların axtarılması, tapılması və ədalət mühakiməsinə verilməsi üçün özümüzdən asılı olan hər şeyi imkanlarımız daxilində etməyə hazırıq.

Siz 907-ci maddəni xatırlatdınız. Tamamilə aydındır ki, bu Azırbaycana qarşı qəbul edilmiş ədalətsiz bir qərardır. Ancaq indi, dünyanın terrorizmə qarşı mübarizəyə cəlb olunduğu bir vaxtda biz 907-c maddə barəsində məsələ qaldırmayacağıq. Hazırda diqqəti bunun üzərində cəmləşdirmək bizim üçün bir nömrəli vacib məsələ deyildir. Biz ABŞ prezidentlərinə və Konqresə dəfələrlə müraciət edərək demişik ki, 907-ci maddə ədalətsizdir. Lakin indi, Birləşmiş Ştatlar belə problemlərlə və çətinliklərlə üzləşdiyi bir vaxtda biz öz dediyimizdə israr etməyəcəyik. Zənnimcə antiterror əməliyyatlarına qatılmağımız Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətləri möhkəmləndirəcəkdir.

Sual: Ermənistanın təcavüzü və Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğalı kimi bir problemin dincliklə nizama salınması, habelə yüz minlərlə köçkünün  yurd-yuvasına qaytarılması perspektivlərinə necə baxırsınız?

Cavab: Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlamışdır. Bundan sonra o çox ağır müharibəyə çevrilmiş və çox qanlar tökülmüşdür. Çoxlu adam həlak olmuş və yaralanmışdır. Ermənistan silahlı qüvvələri ərazimizin 20%-ni işğal altında saxlayırlar. Bir milyondana artıq vətəndaşımız etnik təmizləmənin qurbanı olmuşdur və onlar hələ də düşərgələrdə, çadırlarda yaşayırlar. Ermənistan təcavüzkardır və ermənilər elə şeylər törətmişlər ki, hamının düşündüyü kimi, insan olan kəs bunları edə bilməz.

Buna baxmayaraq, indi biz çıxış yolu tapmalıyıq. Bizim üçün yeganə çıxış yolu dinc nizamasalmadan keçir. Bu məsələni dinc yolla nizama salmaq üçün ATƏT(Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) 1992-ci ildə Minsk qrupu yaratmışdır. On iki ölkə Minsk qrupunun üzvüdür. Hazırda Rusiya, Birləşmiş Ştatlar və Fransa onun həmsədrləridir. Biz onlarla daim danışıqlar aparırıq. Eyni zamanda, son iki il ərzində Ermənistan Prezidenti ilə Azərbaycan Prezidenti arasında birbaşa danışıqlar aparılır. Bu görüşlərdə və birbaşa danışıqlarda məqsəd həmin məsələnin dincliklə nizama salınması yollarını tapmaqdır. Təbii ki, yeni müharibə başlana bilər. Lakin, mən hesab edirəm ki, tökülmüş qan kifayətdir. Zənnimcə bu məsələni dinc yolla nizama salmaq lazımdır. Əgər dinc yolla ədalətli əsasda nizama salınsa, onda Ermənistanın və Azərbaycanın öz aralarında xoş münasibətlər yaratması tamamilə təbii olardı.

Ermənistan və Azərbaycanda insanlar əsrlər boyu qonşu olmuşlar. Bizlərdən heç kim – nə ermənilər, nə də azərbaycanlılar bu diyarlardan gedəsi deyildir. Ona görə də sülhü bərqərar etmək gərəkdir. Bu sülhün qorunub saxlanılması üçün təhlükəsizliyə təminat olmalıdır.

Beləliklə, zaman bizim qarşımızda böyük tələblər qoyur. Hər şeydən öncə işğal olunmuş əraziləri azad etməli və bu ərazilərdən qovulmuş insanları – azərbaycanlıları oraya, daimi yaşayış yerlərinə qaytarmalıyıq.İkincisi, biz onlara yaşamaq və işləmək üçün yeni binalar tikməliyik.

Sual: Siz Azərbaycanın Rusiya, İran və Türkiyə ilə indiki münasibətlərini necə səciyyələndirirsiniz?

Cavab: Biz kiçik ölkəyik və yalnız bu yaxınlarda müstəqillik qazanmışıq. Bu müstəqilliyimizin 10-cu ildönümünü bayram edirik. Biz sülhsevər dövlətik və bütün qonşularımızla sülh, dostluq şəraitində yaşamaq istəyirik. Amma bu təkcə bizdən asılı deyildir. Bu qarşılıqlı prosesdir.

Sual: Siz nələri Azərbaycanın müstəqilliyinin ilk 10 ilinin ən böyük nailiyyətləri hesab edirsiziniz?

Cavab: 1991-ci ildə SSRİ-nin süqutu və bu süqut nəticəsində Azərbaycanın əldə etdiyi müstəqillik bizim üçün, sözün əsl mənasında tarixi hadisə olmuşdur. Lakin, müstəqilliyimizi qoruyub saxlamaq və  yeni iqtisadi, siyasi və ictimai münasibətləri inkişaf etdirmək son dərəcə çətin idi.

Azərbaycan SSRİ-nin 15 respublikasından biri idi. Bütün qalanları ilə müqayisədə Azərbaycanın fəqri bundan ibarət idi ki, biz öz müstəqilliyimizi elan edərkən Ermənistanla müharibə vəziyyətində idik və Azərbaycan ərazisinin bir hissəsini Ermənistan işğal etmişdi. Amma o vaxt Azərbaycanın başlıca məqsədi, indi də qarşımızda duran məqsəd Azərbaycanı qanunu aliliyi prinsiplərinə əsaslanan demokratik, dünyəvi dövlət kimi formalaşdırmaq olmuşdur. Biz ölkəmizi bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək istəyirik. Bu vəzifələr özlüyüdə ağır məsuliyyət doğurur, amma müharibə onları daha da çətinləşdirirdi. O vaxt Azərbaycanda daxili sabitlik xeyli zərər çəkdi. Bizdə bir neçə çevriliş oldu. Ümumiyyətlə, bu problemlər bizdə hələ 1993-cü ildə də vardı. Bir il əvvəl hakimiyyətə gəlmiş xalq cəbhəsi xalqın  inamını, etimadını itirmişdi. O vaxt Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq həddində idi. O il bizim üçün ən çətin il oldu. Mən Azərbaycana rəhbərliyə o il gəldim. Bir il sonra, oktyabrın 4-də hərbi çevriliş cəhdi oldu. Mən dövlətçiliyin qorunub saxlanması üçün nə etdim – həmin gün televiziya ilə çıxış etdim. Elə həmin gün, gecədən xeyli keçmiş yarım milyonadək adam Prezident sarayı qarşısındakı meydana toplaşdı. Ertəsi gün meydana bir milyon adam gəldi. Biz dövləti qoruyub saxlamağa müvəffəq olduq, lakin 6 ay sonra çox böyük bir silahlı qruplaşma daha bir dövlət çevrilişi təşkil etməyə cəhd etdi.  1995-ci ilin martında biz onların qarşısını aldıq. Azərbaycan Prezidentinə də bir neçə sui-qəsd cəhdi oldu. Ancaq, biz onların da qarşısını aldıq. 1995-ci və 1996-cı illərdən sonra biz Azərbaycanda daxili sabitlik yarada bildik. Ölkənin iqtisadi inkişafı da, bax, onda başlandı. İndi biz müstəqillimizin onilliyini bayram edərkən  o hadisələri unutmuruq. Lakin biz nəyə nail olmuşuqsa, onu bayram edirik, çünki bu nailiyyətlər az deyildir.

Yəqin ki, siz burada insanların rahat və xoşbəxt yaşadığını görürsünüz. İndi burada vəziyyət əladır. Restoranlar və diskotekalar açılır. Əhalinin gündəlik güzəranı da yaxşılaşmışdır. Axşamlar heç nədən çəkinmədən küçələrdə gəzmək olar. Beləliklə, ötən bu on illə fəxr etmək olar. Amma eyni zamanda, hələ problemlərimiz də vardır.

Sual: İndi, siz öz vəzifənizə yenidən seçilməyə nail olmağa çalışdığınız vaxtda Azərbaycanın qarşısında duran ən vacib problemlər hansılardır?

Cavab: Birincisi, Ermənistanla Azərbaycan arasında mövcud olan problemi sülh yolu ilə nizama salmaqdır. İkincisi, biz Azərbaycanın çox böyük iqdisadi potensiala malik olduğunu dərk etməl və xalqın gündəlik həyatını yaxşılaşdırmalıyıq. Üçüncüsü, biz Azərbaycanı daha güclü etməliyik. Dördüncüsü, biz Birləşmiş Ştatların və digər ölkələrin neft şirkətləri ilə əməkdaşlığı genişləndirməliyik.

Mən bu vəzifəyə öz namizədliyimi yenidən irəli sürməyə hazırlaşıram. Sizə də deyirəm ki, 2003-cü ildə mən prezident vəzifəsinə yenidən seçiləcəyəm.

Sual: Siz Azərbaycanın gələcəyini necə görürsünüz? Siz ölkənin nadir simasını saxlamaq şərtilə onun modernləşdirilməsini necə görmək istərdiniz?

Cavab: Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunub-saxlanması mənim strategiyamın bir hissəsidir. Bu dəyərlərin bir hissəsi islamla bağlıdır.  Biz islamdan imtina etmirik. O bizim dinimizdir.

Eyni zamanda, mən Azərbaycanın milli-mənəvi dəyərlərini Avropa dəyərləri ilə, bütün dünyaya məlum olan dəyərlərlə birləşdirməyə çalışıram. Mən ölkəmi dünyəvi, amma öz milli köklərinə bağlı olan bir dövlət kimi görmək istəyirəm. Hər bir ölkənin öz xüsusiyyətləri var. Mən öz köklərimizlə çox fəxr edirəm.

 Sual: Yaşlı nəsildən olan bir çox adamlar demokratiyaya və bazar iqtisadiyyatına keçiddən bir qədər məyusdurlar. Digər tərəfdən, bəzi cavanlar dəyişikliklərin, deyəsən, çox ləng getməsi ilə əlaqədar səbirsizlik göstərirlər. Ona görə də bəziləri daha yaxşı iş tapmaq üçün Rusiyaya və ya Qərbə gedirlər. Siz öz xalqınıza bu barədə nə deyirsiniz? Azərbaycan öz xalqının ümidini doğrultmaq üçün nə etməlidir.

Cavab: Bilirsiniz, mən burada qeyri-adi bir şey görmürəm. Təxminən yüz il ərzində insanlar sovet ideologiyası ilə yaşamışlar. Odur ki, yaşlı nəsillər bu ideologiya ilə bağlıdırlar və bizim üçün ən çətini daimi ideologiyada demokratiyaya keçməkdir. Bilirsiniz, Birləşmiş Ştatlarda, Qərb ölkələrində belə düşünürlər ki, demokratiyaya bir ildə, iki ildə keçmək mümükündür. Bu, mümükün deyildir.

Demokratiya özlüyündə daimi prosesdir. Onun başlanğıcı var, amma sonu yoxdur. Birləşmiş Ştatlar demokratiyanın ən yüksək səviyyəsinə çatmışdır, amma bununla belə, onun zirvəsinə heç zaman çata bilməyəcəkdir. Azərbaycan demokratiyaya doğru gedən yolda ilk kövrək addımlarını atır. Əlbəttə, yaşlı nəsil buna bir qədər mühafiizəkarlıqla yanaşır. Bu məsələlərin həllində vaxt gərəkdir.

Tarixi arayış

MÜSAHİBƏLƏR