Hörmətli təhsil işçiləri!
Əziz müəllimlər!
Sizi - ölkənin bütün təhsil işçilərini Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun 60 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan maarifinin, təhsilinin inkişafında, xüsusən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması işinin təşkilində institut əhəmiyyətli rol oynamışdır. Onun 60 illik yubileyi isə ölkəmizdə təhsil sahəsində islahatların aparıldığı bir dövrə təsadüf edir. Təhsil sahəsində əsaslı yeniləşmənin gerçəkləşməsində pedaqoji kadr amili böyük əhəmiyyətə malikdir. İslahatın uğurla həyata keçirilməsi də ilk növbədə rəhbər pedaqoji işçilərin, müəllim və tərbiyəçilərin yaradıcı işindən, müasir təlim texnologiyalarına daha dərindən yiyələnmək bacarığından çox asılıdır.
Azərbaycan maarifinin XX əsrdə əldə etdiyi nailiyyətlərin bir çoxu pedaqoji kadrların hazırlıq səviyyəsi və bilavasitə institutun fəaliyyəti ilə qırılmaz surətdə bağlı olmuşdur. İnstitut 60 illik fəaliyyəti dövründə Azərbaycan müəllimlərinin, pedaqoji işçilərin müntəzəm olaraq ixtisasının artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması sahəsində mühüm işlər görmüşdür. Bu 60 il ərzində institut Azərbaycan məktəbi üçün on minlərlə müəllimin professional ustalığının, ixtisasının artırılması və yenidən hazırlanması üzrə elmi-metodiki mərkəzlərdən birinə çevrilmişdir. İnstitut pedaqoji kadrların ixtisas artırılması və yenidən hazırlanması işi ilə yanaşı, elmi-pedaqoji tədqiqatların aparılması sahəsində də uğurlar əldə etmişdir.
Respublikanın ümumtəhsil məktəblərində müasir dövrün tələblərinə cavab verən yeni ixtisasların tətbiqi sahəsində də institutun nailiyyətləri vardır. İnstitut XX əsrdə təhsilimizdə bərqərar olmuş ənənələri bu gün də davam etdirir, pedaqoji kadrların yetişdirilməsi naminə var qüvvəsini sərf edərək ölkəmizdə təhsil islahatının həyata keçirilməsinə öz töhfəsini verir. Əminəm ki, siz müstəqil Azərbaycanın milli və ümumbəşəri dəyərlər əsasında beynəlxalq standartlara, demokratik prinsiplərə əsaslanan milli təhsil sisteminin qurulması işinə, dövlətçiliyimizin inkişafına bundan sonra da sədaqətlə xidmət göstərəcəksiniz.
Bu əlamətdar gündə sizə - institutun kollektivinə, məzunlarına, respublikamızın bütün təhsil işçilərinə böyük uğurlar diləyir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.