Əziz gənclər!
Hörmətli xanımlar və cənablar!
Biz yeni dərs ili ərəfəsindəyik. Sentyabr ayının 1-dən Azərbaycanın bütün orta və ali məktəblərində, eləcə də bütün digər təhsil ocaqlarında gənclərimiz yeni dərs ilinə başlayacaq, təhsil alacaqlar. Bu, ölkəmizin həyatında çox əlamətdar hadisədir. Gənc nəslin daim yüksək təhsil alması bizim qarşımızda duran əsas vəzifələrdən biridir. Ona görə də mən bu gün sizinlə görüşə gəlmişəm. Sizi, bütün Azərbaycan gənclərini, müəllimləri, respublikamızda təhsil sahəsində çalışanların hamısını yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm. Sizin hamınıza Azərbaycanda təhsilin inkişaf etdirilməsi sahəsində uğurlar arzulayıram.
Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik nəticəsində məktəblərimizin, universitetlərimizin və digər təhsil ocaqlarımızın işi normal vəziyyətə düşmüş və onlar münasib şəraitdə fəaliyyət göstərirlər. Bu, bizim ümumi işimizə çox böyük kömək edir. Bunların hamısı xalqımızın günü-gündən təhsilinin artırılmasına, gənc nəslin, yeniyetmələrin hamısının təhsil almasına xidmət edir. Çox sevindirici haldır ki, Azərbaycanda olan universitetlərdə, digər ali təhsil müəssisələrində oxuyan gənclərlə yanaşı, respublikamızda kənarda - xarici ölkələrdəki ali məktəblərə də daxil olanlar var. Onlar o ölkələrə gedəcəklər və orada təhsil alacaqlar. Ancaq harada təhsil alacağından asılı olmayaraq, hər bir gənc üçün universitetlərdə oxumağa başlamaq böyük səadətdir və onun gələcəyinə açılan böyük yoldur. Bu gün buraya toplaşanların əksəriyyəti xarici ölkələrdə təhsil almağa getmək üçün hazırlaşan gənclərimizdır.
Yekun nitqi
Çox sevindirici haldır ki, buraya toplaşanların tam əksəriyyəti, bəlkə də hamısı sözlərini demək istəyirlər. Səciyyəvi hal ondan ibarətdir ki, gənclər sərbəstdirlər, öz fikirlərini sərbəst ifadə edə bilirlər və heç bir şeydən çəkinməyərək, utanmayaraq öz sözlərini demək üçün müraciət edirlər. Bu da bizim həyatımızın bugünkü gerçəkliyidir və həyatımız üçün yenilikdir. Bu məni çox sevindirir. Ancaq eyni zamanda güman edirəm ki, burada çıxış edənlər bu salona toplaşanların hamısının fikirlərini ifadə etdilər. Əgər mən imkan versəm, onda hər birinız danışacaqsınız. Ancaq onda biz bir neçə saat burada oturmalı olarıq. Güman edirəm ki, çıxışlarınızı yekunlaşdırmaq olar.
Əziz gənclər, tələbələr! Mən sizin hamınızı ali məktəblərə qəbul olunduğunuza, təhsil ilinə başladığınıza görə ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı arzu edirəm və gələcək həyatınızda, xüsusilə ali məktəblərdə təhsil dövründə uğurlar arzulayıram. Hər bir gənc üçün istədiyi, arzu etdiyi sənət üzrə, ixtisas üzrə ali təhsil almaq böyük hadisədir və bu təhsili başa çatdırmaq bir xoşbəxtlikdir. Müasir həyat və dünyanın gələcəyi insanlardan daha da çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır. Ona görə də gənclərin ali təhsil almağa maraq göstərməsi, can atması, müsabiqələrdən keçərək ali məktəblərdə təhsil almaq hüququna malik olması çox sevindirici haldır. Arzu edirəm ki, bu il ağır müsabiqələrdən, imtahanlardan keçib həm respublikamızın, həm də xarici ölkələrin ali məktəblərində təhsil almaq hüququ əldə etmiş hər bir gənc bunun mahiyyətini, qiymətini heç vaxt unutmasın və çalışsın ki, yüksək təhsil alsın, yaxşı mütəxəssis olsun, özünü gələcək üçün hazırlasın.
Mən bugünkü görüşümüzdən məmnunam və sevinirəm. Çünki gənclərimizlə görüşürəm. Gənclər xalqımızın, millətimizin, ölkəmizin gələcəyidirlər. Mən Azərbaycan dövlətinin başçısı, prezidenti kimi hazırki işlərlə, problemlərlə yanaşı, daim respublikamızın gələcəyi haqqında düşünürəm, ona qayğı göstərirəm və bunun üçün bu gün imkanını daxilində olan bütün tədbirləri həyata keçirirəm. Bu tədbirlərdən biri də Azərbaycan gənclərinin ali təhsil almasının təkmilləşdirilməsidir. Respublikamızda ali təhsil uzun müddətdir ki, özünə layiq yer tutubdur. Biz həmişə, keçmiş zamanlarda da iftixar hissi demişik ki, ölkəmizin istənilən qədər, lazım olan qədər ali məktəbləri, universitetləri, digər təhsil ocaqları var. Siz gəncsiniz. Keçmişimizi ancaq kitablardan oxumusunuz, valideynlərinizin sizə söylədiyi xatirələrdən bilirsiniz. Bunun özü yaxşı haldır.
Mən isə sizə çatdırmaq istəyirəm ki, biz fəxr edə bilərik ki, respublikamız XX əsrdə çox yüksək təhsil ocaqları yaratmağa nail olmuşdur. Bu təhsil ocaqlarında on minlərlə, yüz minlərlə azərbaycanlı təhsil alıb, ölkəmizin həyatının, mühitinin irəliyə doğru dəyişdirilməsində iştirak edibdir. Biz müstəqil respublika olduqdan sonra başqa ölkələrin vəziyyətini daha dəqiq öyrənə bildik və bizim üçün çox şeylər aşkar oldu. Aşkar oldu ki, bizim ətrafımızda, qonşuluğumuzda olan ölkələrdə xeyli miqdarda savadsızlar da var. Misal üçün, bizim qonşu, dost Türkiyə Cümhuriyyətində indi səkkizillik icbari təhsil haqqında mübahisələr, mübarizələr gedir. Türkiyə Böyük Millət Məclisi bu məsələni müzakirə edir. Bəziləri hesab edir ki, səkkizillik icbari təhsil lazımdır, bəziləri isə hesab edir ki, lazım deyil və gəncləri məcbur etmək lazım deyil ki, onlar 8 ilə qədər oxusunlar. Onların bəzilərinin fikrincə, gənclər oxumasa da olar və yaxud iki-üç il oxuyandan sonra qoy özləri bildikləri kimi yaşasınlar. Bu, şübhəsiz ki, Türkiyənin daxili problemidir. Biz bu isə qarışmırıq. Ancaq Türkiyəni yaxşı bilən adam kimi bu, mənim üçün yeni bir təəccüblü hadisə oldu ki, əcəba, indiyə qədər Türkiyədə gənclərin 8 il təhsil alması icbari xarakter daşımamışdımı?
Bilirsiniz, bu heç də insanları nəyəsə məcbur etmək deyil. Bizim ölkəmizdə neçə illərlə onillik icbari təhsil olubdur. Gənclər mütləq 10 il oxumalı, icbari orta təhsil almalıdırlar. İndi biz bunun gözəl nəticələrini görürük. Respublikamızda savadsızlıq yoxdur. Biz bunu adi bir hal hesab edirdik. Ancaq yenə də deyirəm ki, indi biz başqa ölkələrin vəziyyətini dərindən görəndən sonra mən bunu adi hal hesab etmirəm. Bu bizim böyük nailiyyətimizdir və bununla biz fəxr edə bilərik. Təkcə bu deyil. Ali məktəblərimizdə hər il xeyli miqdarda yüksək dərəcəli mütəxəssislər hazırlanmışdır. Vaxtilə hətta bizə deyirdilər ki, Azərbaycanda ali məktəblərə qəbulu bir az ixtisar etrnək lazımdır, məhdudlaşdırmaq lazımdır. Çünki bu qədər ali təhsilli mütəxəssisə ehtiyac yoxdur, yəni tələbadan artıqdır. Ancaq indi zaman göstərdi ki, bu bizə o vaxt da lazımmış, bu gün də lazımdır və gələcəkdə də lazım olacaqdır.
Keçmişdə biz Sovetlər İttifaqının tərkibində idik. Bu İttifaqın tərkibində 15 respublika var idi. O vaxt gənclərimiz təkcə Azərbaycanın deyil, həmin müttəfiq respublikaların da ali məktəblərində təhsil alırdılar. Siz hələ gəncsiniz, ola bilər bu barədə kitablardan oxuyasınız. Amma biz 1970-ci ildən başlayaraq Azərbaycandan gənclərin keçmiş Sovetlər İttifaqının ən böyük universitetlərinə, ali məktəblərinə oxumağa göndərilməsinə nail olduq. Onların sayı hər il artırılırdı. Mənim xatirimdədir, 70-ci illərin sonunda ildə 800-900 nəfər və 80-ci illərin əvvəlində ildə 1000-1400 nəfərə qədər gənclərimiz respublikamızdan kənardakı ali məktəblərə göndərilirdi. Bunun böyük əhəmiyyəti var idi. İndi biz bunun müsbət nəticələrini görürük. Mən bunu dəfələrlə demişəm, - biz respublikamızdan kənarda yeni bir ali məktəb miqyasında mütəxəssislər hazırlanmasına nail olduq. Çünki hər bir ali məktəbə orta hesabla ildə 700-800 nəfər qəbul olunurdu. Əgər biz respublikamızdan kənarda ildə 800-1000 və bundan da çox tələbə qəbul etdirirdiksə və onların ali təhsil almasına nail ola bilirdiksə, hesab etmək olardı ki, ölkəmizdəki ali məktəblərdən başqa, daha bir böyük ali məktəbimiz var idi və bu da Azərbaycan üçün böyük töhfə idi. Bunun da əhəmiyyəti ondan ibarət idi ki, o vaxtlar respublikamızdan kənarda təhsil alan gənclər Sovetlər İttifaqı tərkibində ən yüksək təhsil verən, təcrübəyə malik olan universitetlərdə oxuyurdular.
İndi biz qapımızı dünyaya açmışıq və dünyanın da qapısı bizim üçün açıq olduğuna görə bir həqiqəti də demək istəyirəm ki, həm vaxtilə öz ali təhsil müəssisələrimizin, həm də keçmiş Sovetlər İttifaqının bir çox ali məktəblərinin, xüsusən Moskvanın, Leninqradın ali məktəblərinin təhsil səviyyəsini lazımınca qiymətləndirə bilməmişik. Amma indi bir çox xarici ölkələrin ali məktəbləri ilə müqayisə edərkən belə qənaətə gəlmişəm ki, bəli, Bakıda, Moskvada, Leninqradda və başqa səhərlərdə olan yüksək səviyyəli universitetlər insanlara dünyanın ən görkəmli təhsil müəssisələrindən heç də geri qalmayan təhsil veriblər. Bu bir həqiqətdir. Bu həqiqəti inkar etmək lazım deyil. Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu isə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təsəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm. Həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm.
Əziz gənclər! XXI əsr sizin əsriniz, sizin dövrünüz olacaqdır. Siz və sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək təhsilli insanları həmin əsrdə müstəqil, azad respublikamızı yaşadacaqsınız, inkişaf etdirəcəksiniz. Biz bu işləri sizin öhdənizə buraxacağıq. Ona görə də mən bunu çox əhəmiyyətli hesab edirəm. Son illər yeni tədris ili ərəfəsində tələbələrlə görüşmək ənənəmiz olmuşdur. Bu görüşləri mən həmişə yüksək qiymətləndirirəm. Adətən mən hər il avqustun sonlarında ali məktəblərə daxil olan gənclərin nümayəndələri ilə Respublika sarayında görüşürdüm, onlara öz tövsiyələrimi verirdim və sözlərimi deyirdim. Hətta həmin illərdə ölkəmizdən xarici dövlətlərə göndərilən tələbələrin, gənclərin sonralar siyahılarını tələb edirdim, saxlayırdım. İndi sizə bildirmək istəyirəm ki, bu siyahıların hamısı mənim şəxsi arxivimdədir. Bəlkə də həmin gənclərin özləri bilmirlər ki, onların adları, familiyaları, daxil olduqları institutların, universitetlərin adları jurnallarda, dəftərlər də yazılıb və indiyədək bunları əziz bir sənəd kimi özümdə saxlamışam. Çünki bu işlərə çox böyük əhəmiyyət vermişəm. 1980-ci illərin ikinci yarısında - 90-ci illərin əvvəllərində bu ənənələr pozuldu. Bunun müəyyən obyektiv səbəbləri də olmuşdur. Ancaq respublikamzın bu sahə ilə məşğul olan bəzi şəxsləri belə göruşlərə, belə ənənəyə nədənsə ya qiymət verə bilməmişlər, ya da sadəcə olaraq subyektiv səbəblərə görə bunu inkar etməyə çalışmışlar.
Mən çox məmnunam ki, bu gün bu ənənələr yaşayır və bərpa olunub. Bu gün biz tamamilə başqa bir şəraitdə, müstəqil Azərbaycanın adi altında yeni bir ənənə yaradırıq. Mən sizə söz verirəm ki, hər il yeni dərs ili ərəfəsində ali məktəblərə qəbul olunan gənclərlə görüşməyi özüm üçün bir vəzifə hesab edirəm və bundan sonra da bunu davam etdirəcəyəm. Bu gün sizin qarşınızda xoşbəxt bir yol açılıbdır. Eyni zamanda sizin üzərinizə böyük məsuliyyət düşür. Bu sizin şəxsi vətəndaşlıq məsuliyyətinizdir. Həmçinin valideynlərinizin, müəllimlərinizin, doğma vətəninizin qarşısında məsuliyyət daşıyırsınız. Arzu edərdim ki, siz bütün bunların hamısını layiqincə yerinə yetirəsiniz, Azərbaycanın layiqli övladları olasınız, respublikamızın gələcəkdə layiqli, yüksək ixtisaslı mütəxəssisləri, vətənpərvər vətəndaşları olasınız. Bunun üçün siz gərək universitetlərdə, başqa ali məktəblərdə təhsil dövründən səmərəli istifadə edəsiniz. Bu, çox əhəmiyyətlidir. Gənclər bəzən gələcəklərini o qədər də dərk edə bilmirlər. Ancaq mən, bütün çətin dövrləri yaşamış bir şəxs kimi, sizə öz həyat təcrübəmdən və gördüklərimə əsasən tövsiyə edirəm ki, həyatınızda heç bir günü itirməyin. Ali məktəblərdə hər bir gün sizin üçün vacib və əhəmiyyətlidir. Ancaq itirilən günü siz heç vaxt geri qaytara bilməyəcəksiniz. Çalışın heç bir gün itirməyin.
Gələcəkdə sizin çox böyük imkanlarınız olacaqdır. Siz müxtəlif arzularınızı, istəklərinizi yerinə yetirmək üçün cəmiyyətdə layiqli yer tutmaq üçün, ölkəyə, vətənə, millətə faydalı olmaq üçün oxuduğunuz dövrlərdə ali məktəblərin bütün imkanlarından istifadə edib gərək yüksək bilik toplayasınız özünüzü gələcəyə hazırlayasınız. Əgər siz bunları edə bilsəniz, buna nail ola bilsəniz gələcək həyatınız çox rahat və uğurlu olacaqdır. Mənim isə arzum budur ki, həyatınız məhz belə də olsun. Bunların hamısı birinci növbədə sizin özünüzə lazımdır. Çünki siz təkcə özünüz üçün yox, valideynləriniz üçün də lazımsınız. Gələcəkdə ailə də quracaqsınız, övladlarınız da olacaqdır. Ailəniz, övladlarınız üçün sizin indi bu dövrdən səmərəli istifadə etməyiniz lazımdır. Güman edirəm ki, siz belə də edəcəksiniz. Burada çıxış edən gənclərin hamısı eyni fikri söylədilər. Bu məni çox sevindirdi, məmnun etdi. Diqqət yetirirdim, bizim gənclərimiz öz fikirlərini sərbəst ifadə edirlər, yəni kiminsə tərəfindən hazırlanmış sözləri demirlər. Bu sözlər gənclərin qəlbindən gələn təbii sözlərdir, fikirlərdirə sizin öz dediyınız fikirlərlə yaşamağınız fərəhləndirici haldır.
Məlumdur ki, respublikamızın bugünkü gəncləri çətin bir dövr yaşayır, - eyni zamanda çox şərəfli bir dövr yaşayırlar. İnsanın həyatında heç bir çətinlik daimi olmur. Sadəcə olaraq insan bu çətinliyə dözməlidir və buna qarşı mübarizə aparmalıdır. Amma indiki dövr ona görə şərəflidir ki, Azərbaycan müstəqil dövlət olubdur. Ölkəmizdə müstəqil dövlət quruculuğu prosesi gedir, böyük ictimai-siyasi tədbirlər həyata keçirilir, demokratik, hüquqi, dünyəvi dövlət qurulur. İqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulur və inkişaf etdirilir. Azərbaycan həm iqtisadi cəhətdən, həm də bütün digər sahələrdə qapılarını dünyaya açıbdır. Artıq insanlarımız sərbəstlik, azadlıq əldə ediblər. Müstəqillik ümumi bir məfhumdur. Amma müstəqillik təkcə dövlətin, millətin müstəqilliyi deyil, həm də hər bir insanın, vətəndaşın sərbəstliyidir azadlığıdır və müstəqilliyidir. Bütün bunların hamısı bizə verilibdir. Respublikamızda demokratiya, siyasi plüralizm bərqərar olunubdur, insanın bütün azadlıqları təmin edilibdir. Hesab edirəm ki, bunların hamısı, xüsusən gənclər üçün böyük nemətdir.
Keçmiş zamanlarda bizim nəsil də çox ağır bir dövr yaşayıbdır. O vaxt biz çox məhdudiyyətlər içərisində yaşamışıq, çətin dövrlərdən keçmişik. Amma bugünkü nəslin çətinlikləri respublikanın sosial-iqtisadi vəziyyəti ilə, Ermənistan tərəfindən ölkəmizə edilmiş təcavüzlə və bunun nəticəsində ərazilərimizin 20 faizinin işğal edilməsi, işğal olunmuş yerlərdən bir milyondan artıq vətəndaşımızın didərgin düşməsi, qaçqın, köçkün vəziyyətində, çadırlarda yaşaması ilə bağlıdır. Bizim çətinliklərimiz ınıldəyən yaralarımızdır. Biz vətənimizin, müstəqilliyimizin, xalqımızın, torpaqlarımızın müdafiəsi yolunda şəhidlər vermişik, gənclər itirmişik. Bax, ürəyimizi ağrıdan bunlardır. Ancaq bilmək lazımdır ki, bütün bunlarla yanaşı, respublikamızda tam ictimai-siyasi sabitlik vəziyyəti bərqərar olubdur, insanlar sakit, rahat, sərbəst yaşayırlar. İndi siz 3-4 il bundan əvvəlki dövrü xatırlayın. Bakıda, başqa səhərlərdə, ümumiyyətlə heç bir yerdə yaşamaq mümkün deyildi. Valideynlər uşaqlarını küçəyə buraxa bilmirdilər. Çünki bir tərəfdən Ermənistanın təcavüzü və gedən döyüşlər, tökülən qanlar, ikinci tərəfdən də Azərbaycanın daxilində, o cümlədən Bakıda hökm sürən özbaşınalıq, qanunsuzluq, ayrı-ayrı silahlı, cinayətkar dəstələrin ardıcıl olaraq cinayətlər törətməsi insanlara təcavüz, təzyiq etməsi, onların öldürülməsi, mülkünün, varının zorla əlindən alınması bizim həyatımızı narahat edən hallar idi.
İndi görürsünüz, biz artıq bunları ötüb keçdik. Yəni onlar özbaşına qalmadılar. Biz respublikamızı həmin daxili bəlalardan xilas etdik, xalqımıza əziyyət, zillət verən cinayətkar ünsürlərdən təmizlədik, qanunu möhkəmləndirdik, qanunun aliliyini təmin və tətbiq etdik, insanları qanunlara tabe etməyə nail olduq. Əlbəttə, bu gün də qanunları pozanlar, cinayət edənlər var, ancaq bunlar bir neçə il bundan öncə olduğu kimi kütləvi və təhlükəli xarakter daşımır. Onlara qarşı da mübarizə aparılır. İndi, Azərbaycan müstəqil bir dövlət kimi inkişaf etdiyi bir zamanda siz gənclər ali təhsil almağa başlayırsınız. Ona görə mən deyirəm ki, siz ölkəmizin şərəfli bir dövründə yaşayırsınız. Əmin ola bilərsiniz ki, respublikamızda sərbəstlik, sabitlik, əmin-amanlıq, sülh bundan sonra da təmin ediləcəkdir. Yəqin televiziyaya baxırsınız, radioda eşidirsiniz, qəzetlərdən oxuyursunuz ki, biz bu barədə nə qədər çalışırıq, səylər göstəririk. Çalışırıq ki, bir daha müharibə olmasın, qan tökülməsin, gənclərimiz həlak olmasınlar.
Mən dünən axşam televiziyada bir verilişə baxırdım. Hansısa rayondan olan şəhid analarının görüşünü verirdilər. Ağbirçək bir şəhid anası o qədər təsirli danışırdı ki, mən böyük heyranlıqla ona qulaq asırdım. Onun oglu vətən yolunda həlak olubdur. Amma o, böyük nikbinlik hissi ilə danışaraq deyirdi ki, çox böyük xoşbəxtlikdir ki, indi bizim gənclər həlak olmur, qan tökülmür, şəhidlər vermirik. Mən sizi əmin edərək bildirirəm ki, bu, gələcəkdə də belə olacaqdır. Bu yolda çalışırıq və bundan sonra da çalışacağıq ki, Ermənistan - Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək və sülh yolu ilə respublikamızın ərazi bütövlüyünü təmin edək, işğal olunmuş torpaqlarımızı azad edək və oradan didərgin düşmüş vətəndaşlarımız öz yerinə-yurduna qayıtsın. Yalnız bu şərtlərlə sülh danışıqları aparırıq. Başqa şərt ola bilməz. Biz torpaqlarımızın bir qarışını da, bir metrini də heç vaxt heç kəsə verməyə razı ola bilmərik. Bu, heç vaxt ola bilməz.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və qorunub saxlanılması bizim müqəddəs vəzifəmizdir. Biz hamımız birlikdə, siz gənclərlə, bütün Azərbaycan xalqının iradəsi ilə bu vəzifəni yerinə yetiririk və yetirəcəyik. Ancaq bunların hamısını sülh yolu ilə həll etmək istəyirik. Görülən işlər, aparılan danışıqlar, beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş bəzi təkliflər buna ümid verir. Bunların hamısı indi həyata atılan gənclərimizin ömrünün daha da xoşbəxt olmasını təmin etmək üçün lazımdır. Qoy gənclər bundan sonra bir də qanla, müharibə ilə, döyüşlə rastlaşmasınlar.
Beləliklə, sizin təhsil almağınız üçün indi yaxşı imkan, şərait yaranıbdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu imkanlardan səmərəli istifadə edəcəksiniz. Mən sizin buradakı çıxışlarınızı diqqətlə dinlədim. Güman edirəm ki, bu çıxışlar nəinki salonda olan gənclərin hamısının fikrini ifadə edir, ümumiyyətlə, Azərbaycanın ali məktəblərə daxil olmuş bütün gənclərinin fikrini ifadə edir. Mən bunu belə qəbul edirəm ki, siz hamınız söz verirsiniz ki, yaxşı oxuyacaqsınız, yaxşı təhsil alacaqsınız, respublikamızın dəyərli, layiqli vətəndaşları olacaqsınız və ölkənizə, millətinizə, xalqımıza sədaqətlə xidmət edəcəksiniz. Əminəm ki, belə də olacaqdır. Mən sizin sözlərinizi bir and kimi qəbul edirəm.
Azərbaycandan kənara - başqa ölkələrə təhsil almağa gedən gənclərə xüsusi tövsiyəm ondan ibarətdir ki, siz hansı ölkədə olursunuzsa-olun, birinci vəzifəniz yüksək təhsil almaqdan, o təhsil ocağının bütün imkanlarından istifadə edib hərtərəfli hazırlıqlı bir vətəndaş olmaqdan ibarətdir. Eyni zamanda siz respublikamızı xarici ölkələrdə təmsil edən insanlar, gənclər olacaqsınız. Siz sadəcə olaraq təhsil almaqla kifayətlənməməlisiniz, Azərbaycanı ləyaqətlə təmsil etməlisiniz, ölkəmiz həqiqətlərini təhsil alacağınız universitetlərdə, ali təhsil müəssisələrində yaymalısınız, təbliğ etməlisiniz. Buna çox böyük ehtiyac var.
Təəssüflər olsun ki, Azərbaycan hələ müstəqillik əldə etməmişdən əvvəl - 1988-ci ildə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra demək olar ki, dünyanın əksər ölkələrində, bəlkə də hamısında Ermənistanın təbliğatı çox güclü olubdur. Amma Azərbaycanın təbliğatı ya zəif olub, ya da heç olmayıbdır. Təcavüz bizim respublikamıza qarşı olubdur, bu münaqişə Ermənistanın təsəbbüsü ilə başlayıbdır, onlar hərbi təcavüz ediblər, Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Vilayətini ələ keçirmək məqsədi ilə bu çirkin isə əl atıblar. Nəhayət, onlar cürbəcür səbəblər üzündən respublikamızın ərazisinin bir hissəsini işğal ediblər, ölkəmizə zərbələr vurublar, işğal etdikləri yerlərdə Azərbaycanın varidatını dağıdıblar. Belə olan halda Ermənistanın təbliğatı o dərəcədə güclü olubdur ki, xarici ölkələrin əksəriyyətində belə fikir yaranıb ki, guya burada Azərbaycan günahkardır, guya azərbaycanlılar ermənilərin hüquqlarını tapdalayıblar, guya azərbaycanlılar ermənilərə imkan vermirlər ki, onlar respublikamızda, o cümlədən Dağlıq Qarabağda rahat yaşasınlar.
Son illər bizim apardığımız əməli işlər, xarici siyasətimiz, təbliğat tədbirlərimiz həmin fikri dəyişdirir. Bu, həqiqətən də çox dəyişib. Ancaq biz bu sahədə hələ çox iş görməliyik. Siz hələ gəncsiniz. Ola bilsin ki, televiziyaya baxırsınız və bu barədə son vaxtlar televiziya çoxlu məlumatlar verir. Bilirsiniz ki, 1992-ci ildə ABŞ Konqresi Azərbaycana qarşı ədalətsiz, ölkəmiz barəsində ayrı-seçkilik edən bir qərar qəbul edibdir. Bu da ondan ibarətdir ki, guya Azərbaycan Ermənistanı blokadaya aldığına görə Amerika Birləşmiş Ştatlarının respublikamıza hər cür yardım göstərməsinə qadağan, embarqo qoyulubdur. Sovetlər İttifaqı dağıldıqdan sonra ABŞ keçmişdə Sovetlər İttifaqına daxil olmuş respublikaların hamısına maddi və maliyyə yardımı göstərir. Məsələn, Ermənistan, Gürcüstan ildə ola bilsin ki, 100-200 milyon dollar dəyərində yardım alırlar. Başqa ölkələr də alırlar. Amma Azərbaycan 1992-ci ilin oktyabr ayından bu yardımlardan məhrum edilibdir. Çünki bizim xarici siyasətimiz zəif olubdur, təbliğatımız olmayıbdır. Ona görə də ABŞ Konqresində ermənilər belə bir qərar qəbul etdiriblər.
Mən dörd ildir Azərbaycana rəhbərlik edirəm. Bu illər ərzində biz çalışırıq ki, həmin 907-ci əlavəni, bu ədalətsiz qərarı ləğv etdirməyə nail olaq. Baxmayaraq ki, Amerikanın prezidenti cənab Bill Klinton hələ 1994-cü ildə ilk dəfə görüşərkən mənə bildirdi ki, o da həmin 907-ci əlavənin əleyhinədir və onun ləğv olunmasının tərəfdarıdır, eləcə də ABŞ-in başqa hökumət, dövlət adamları da bunu bəyan ediblər, ancaq Konqres bunu etmir. Mən bu yaxınlarda ABŞ-da rəsmi səfərdə olarkən Konqresdə həddindən artıq görüşlər keçırdım, danışıqlar apardım. Demək olar ki, bir günün içərisində Konqresdə 40-dan çox konqresmenlə, senatorla görüşdüm. Bu, onların təcrübəsində görünməmiş bir hadisə idi. Hər birisini inandırmağa, başa salmağa, anlatmağa çalışırdım ki, bu qərar ədalətsizdir, bunu ləğv etmək lazımdır. Həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycana təcavüz edibdir, Ermənistanın silahlı qüvvələri ərazimizin 20 faizini
işğal edibdir və işğal olunmuş ərazilərdən bir milyon Azərbaycan vətəndaşı qovulub, onların hüquqları tapdalanıbdır. Bildirdim ki, əgər siz insan hüquqlarının pozulduğuna, tapdalandığına görə bu cür qərar qəbul etmisinizsə, gəlin görün kim kimin hüquqlarını tapdalayıb, pozub. Siz bunu araşdırın.
Görürsünüz, indi bilinir ki, biz bu məsələnin həllinə nail olacağıq. Amma bu, nə qədər çətin bir işdir. Çox iş görülməlidir. Səbəb də ondan ibarətdir ki, Azərbaycanın həqiqətləri, Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlər dünyaya hələ istənilən qədər çatdırılmayıbdır. Mən dünən Polşa Respublikasından vətənə dönmüşəm. Orada Polşa prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə rəsmi səfərdə idim. Bizim çox uğurlu danışıqlarımız keçdi çox əhəmiyyətli səfər oldu və Polşa ilə Azərbaycan arasında çox böyük əhəmiyyətə malik sənədlər imzaladıq. Dünən günün sonunda Bakıya qayıtdım və bu gecə səhərə qədər İsrailin baş naziri cənab Netanyahu ilə görüş keçirdim. O, Uzaq Şərq ölkələrinə - Yaponiyaya, Çinə və Cənubi Koreyaya səfərə çıxmışdı. O, xəbər vermişdi ki, yolüstü Bakını bir neçə saat ziyarət etmək istəyir. Ancaq elə oldu ki, onun proqramına görə görüş gecə saat 4-də alındı. Nəhayət, saat 4-dən səhər saat 9-a kimi mən onunla görüşdüm. Biz birlikdə Zağulbada günəşin çıxmasını müşahidə etmişik və bir neçə saat bir yerdə danışıqlar aparmışıq. Məqsədimiz də ölkələrimiz arasında əlaqələri inkişaf etdirmək olub. Amma əsas məqsədimiz həmişə Azərbaycanın həqiqətlərini, Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərini, bunun ölkəmizə vurduğu zərbələri və bizim bu sahədə mövqeyimizi anlatmaqdan, çatdırmaqdan ibarətdir. Sizə deyə bilərəm ki, söhbətlərimizin 70 faizi məhz bu məsələyə həsr olunmuşdu.
Bilirsiniz ki, mən iyul ayının sonundan avqustun əvvəllərinədək ABŞ-da rəsmi səfərdə oldum. Bu səfər 12 gün davam etdi. Vaşinqton, Nyu-York, Hyüston, Çikaqo səhərlərində 150- yə qədər görüş keçirdim. Bütün danışıqlar, dövlət xadimləri ilə görüşlər, ayrı-ayrı şirkətlərin rəhbərləri və nümayəndələri ilə, konqresmenlərlə görüşlər, ictimaiyyətin nümayəndələri ilə böyük salonlarda keçirilən görüşlər, hətta Hyüstonda tibb mərkəzində çalışan məşhur cərrah, tanınmış tibb alimi Debeyki ilə və mərkəzdə işləyən başqa insanlarla görüşlər – bunların hamısı Azərbaycanı tanıtmaq, respublikamızın həqiqətlərini çatdırmaq məqsədi daşıyırdı. Mən hər dəfə bu görüşləri keçirəndən sonra yenə də təhlil edirəm ki, biz hələ bu sahədə nə qədər geri qalırıq, nə qədər iş görülməlidir. Məsələn, baxmayaraq ki, İsrailin baş naziri Netanyahu ilə mən keçən ilin dekabrında Lissabonda görüşmüşdüm, orada ətraflı danışıqlar aparmışdıq, ancaq bu gecə mən ona Azərbaycan haqqında, ölkəmizin xarici və daxili siyasəti haqqında, Ermənistan - Azərbaycan münaqişəsi barədə məlumatlar verəndə gördüm ki, bu məlumatların çoxu onun üçün yenidir. Yəni bu məsələlər, işlər bir dəfə yox, iki dəfə yox, üç dəfə yox, xeyli davam etməlidir. Bunları sizə ona görə deyirəm ki, siz harada olmağınıza baxmayaraq, respublikamız haqqında həqiqətləri təbliğ edəsiniz.
Bizim xarici ölkələrdə olan ayrı-ayrı vətəndaşlarımız, gənclərimiz bəzən müxtəlif subyektiv səbəblərdən, bəzən anlamadan, bəzən qərəzli olaraq ölkəmizin bu günü haqqında təhrifedici, yalan məlumatlar verirlər. Mən xarici dövlətlərdə olarkən belələri ilə rastlaşıram. Mən Polşada olanda yanıma bir-iki azərbaycanlı gəldi. Onlarla görüşdüm və gördüm ki, guya onlar orada Azərbaycanı təmsil edirlər. Ancaq orada yaşayırlar, Azərbaycanda baş verən hadisələrdən isə nə qədər uzaqdırlar. Onlardan soruşdum ki, Azərbaycanda nə vaxt olubsunuz? Dedilər ki, 1993-cü ildən Bakıda olmamışıq. Məlumatları haradan aldıqları ilə maraqlandım. Gördüm ki, oradan-buradan yalan məlumatlardan bəhrələnirlər. Bəlkə də onların günahı deyil, - onlar sadə adamlardır, sadəcə olaraq, onları bəzən aldadırlar və həmin adamlar Polşada ölkəmiz haqqında həqiqətləri çatdırmaq əvəzinə respublikamızın vəziyyəti barədə təhrifedici məlumatlar yayırlar. Ona görə də sizə, - xarici ölkələrə təhsil almağa gedən gənclərimizə mənim tövsiyəm ondan ibarətdir ki, siz Azərbaycanın səlahiyyətli nümayəndələrisiniz, hər yerdə respublikamız haqqında həqiqətləri çatdırmalısınız, təbliğ etməlisiniz. Bunların hamısı siz təhsil alarkən, oxuyarkən ölkənizə, xalqınıza, millətinizə göstərdiyiniz xidmət olacaqdır.
Hər bir xarici dövlətin özünəməxsus qanunları, adət ənənələri var. Hər bir ölkənin siyasətini onun daxili işi hesab edirik. Heç bir ölkənin daxili işinə qarışmırıq və bundan sonra da qarışmayacağıq. Hesab edirik ki, hər bir ölkənin xarici və daxili siyasəti o ölkənin özünün işidir və başqa ölkələr onun işinə qarışmamalıdır. Bunun özü müstəqillik üçün lazım olan bir şərtdir. Ancaq dediyim kimi, hər bir ölkənin qanununu, adət-ənənəsini bilmək lazımdır. Çünki bizim Azərbaycan gənclərinin nə qədər çox biliyi, savadı olsa bu, bir o qədər yaxşı olar. Eyni zamanda respublikamızın, xalqımızın milli xüsusiyyətlərini, milli ənənələrini, milliliyini heç vaxt unutmaq lazım deyil və bunu heç bir şeyə dəyişmək olmaz. Əgər biz azərbaycanlı kimi öz müstəqilliyimizi, milli azadlığımızı yüksək qiymətləndiririksə, xalqımızın tarixini, adət-ənənələrini, xalqımıza məxsus milliliyi həmişə yaşatmalıyıq və onları hər yerdə təbliğ etməliyik. Mən bunu ona görə deyirəm ki, bizim bəzi adamlar - gənclər, hətta gənc olmayanlar da başqa ölkəyə gedən kimi, dərhal cürbəcür təsir altına düşürlər. Bu da o nəticəyə gətirib çıxarır ki, həmin adamlar öz milliliyini itirir, öz adət-ənənələrini itirirlər. Bu təhlükəlidir. Ona görə də mən Sizi xəbərdar edirəm. Şübhəsiz ki, siz xarici ölkələrdə dil öyrənməlisiniz. Mən keçmişdə də demişəm və bu gün də deyirəm,- şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu həqiqətdir. Ona görə də bunu heç bir şey dəyişmək olmaz. Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. Mən bir daha arzu edirəm ki, vətəndaşlarımız ingilis dilini də, rus dilini də, fransız dilini də, alman dilini də, türk dilini də, ərəb dilini də, fars dilini də, hətta Çin dilini də bilsinlər. Gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatısmazlığı varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən, eyni zamanda başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməzə Hətta öz dilimizdə danışmağı başqalarına da öyrədin.
Ümumiyyətlə, mən fikir verirəm, - respublikamıza başqa ölkələrdən gəlib işləyənlər, dövlət nümayəndələri, səfirliklərdə çalışanlar Azərbaycan dilini öyrənməyə çalışırlar. Bu, çox sevindirici haldır. Bunun özü də yenilikdir. Mənim xatirimdədir, keçmiş zamanda ədəbiyyat tarixini öyrənərkən fəxr edirdik ki, vaxtilə Lermontov bir müddət Azərbaycanda olmuş, Quba zonasında yaşamışdır. O öz dostuna yazmışdı ki, mən burada Azərbaycan dilini öyrənirəm. Avropada fransız dili kimi, Qafqazda da Azərbaycan dili çox məşhur və mötəbər bir dildir. Hətta Lermontovun belə bir yazısı da var. Biz bunu böyük iftixar hissi ilə qeyd edirdik ki, görün, Lermontov burada yaşayıb, dilimizə belə böyük hörmət edib və bizim dilimizi öyrənməyə çalışıb. Bunun özü tarixdə nadir bir hadisədir. İndinin özündə də bizim dili öyrənməyə çalışırlar. Bəziləri artıq bizim dildə danışırlar. Bu, çox gözəldir. Çünki biz öz dilimizin hörmətini qaldırmalıyıq. Ona görə ki, bizim dilə hörmət edilsin, dilimizi öyrənsinlər, mənimsəsinlər. Mən əminəm ki, başqa ölkələrdə də bizim dilimiz nə qədər geniş yayılsa, öyrənilsə Azərbaycanın ədəbiyyatını, mədəniyyətini ana dilimizdə oxuyanlar, öyrənənlər respublikamızın necə zəngin mənəviyyata, ədəbiyyata, mədəniyyətə malik olduğunu dərk edəcəklər. Mən bu məsələ ilə əlaqədar öz fikirlərimi sizə çatdırıram və güman edirəm ki, bu tövsiyələrimi unutmayacaqsınız.
Harada olursunuzsa, - istər daxildə, istərsə də xaricdə, - hər bir azərbaycanlı gəncin şərəfli borcu Azərbaycan Respublikasının dövlət müstəqilliyini qoruyub saxlamaqdan, inkişaf etdirməkdən ibarətdir. Bu, bizim çoxəsrlik tariximizdə böyük şərəfli və tarixi nailiyyətdir. Mən bunu dəfələrlə demişəm. Hansı xarici ölkədə oluramsa, orada deyirəm ki, keçmişdə bizim xalqımız hər bir çətinliyə dözübdür, bu gün də, sabah da dözə bilər. Ancaq bundan sonra heç bir vaxt xalqımız öz dövlət müstəqilliyini əldən verməyəcəkdir. Bu, heç vaxt ola bilməz. Bu mənim fikrimdir, iradəmdir, mənəviyyatımdır. Amma mənim istədiyim odur ki, bu, hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının fikri olsun və onun iradəsinə çevrilsin.
Son illər Azərbaycanda təhsil sahəsində bir sıra dəyişikliklər gedir. Bunların bəziləri müsbət xarakter daşıyır. Təəssüflər olsun ki, bəziləri də pərakəndə getdiyinə görə respublikamızın təhsil sisteminə, o cümlədən ali təhsilinə müəyyən zərərlər gətirir. Artıq indi vaxt gəlib çatıbdır və başlıca vəzifəmiz ölkəmizin təhsilını qəbul etdiyimiz “Təhsil haqqında qanun” əsasında bundan sonra daha da möhkəm qurmaq, inkişaf etdirməkdir. Hesab edirəm ki, bizim müvafiq orqanlar bu işlərlə məşğul olacaqlar.
Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən bunu öz həyatımda da, işlədiyim dövrlərdə müəllimlərlə görüşlərdə, danışıqlarda da hiss etmişəm, ki, Azərbaycanın müəllimləri bu şərəfli adi ləyaqətlə daşıyıblar və bu gün də daşıyırlar. Baxmayaraq ki, son illər onların hayatında, o cümlədən maddi vəziyyətlərində çətinliklər baş veribdir, ancaq əminəm ki, onlar bu çətinliklərə dözürlər və dözəcəklər. 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövrü mənim xatirimdədir. Mənim o vaxt müəllimlərim var idi. Onlar mənə müharibədən əvvəl dərs demişdilər. Həmin vaxtlar mən onların bir çoxunun maddi vəziyyətini, yaşayış tərzini görürdüm. Həddən artıq ağır vəziyyətdə yaşayırdılar. Amma buna baxmayaraq, öz müəllimlik namusunu, şərəfini, müəllim adını həmişə uca saxlamışdılar. Mən orta məktəbdə aldığım təhsilə görə, sonrakı dövrlərdə Azərbaycan müəllimlərinin fəaliyyətini daim müşahidə etdiyimə görə və onların işi ilə yaxından tanış olduğuma görə Azərbaycan müəlliminin nə qədər böyük şərəfə layiq olduğunu həmişə demişəm və yüksək qiymətləndirmişəm. Mən bu gün də Azərbaycan müəllimlərinə öz adımdan və bütün xalqımız adından təşəkkürümü, minnətdarlığımı bildirirəmə. Çünki bizim hamımız - mən də, siz də Azərbaycan məktəbinə, Azərbaycan müəlliminə borcluyuq.
Güman edirəm ki, mövcud çətinliklər, problemlər aradan qaldırılacaq, orta təhsil sistemində də, ali təhsil sistemində də müasir dövrün tələblərinə uyğun, müstəqilliyimizə, Konstitusiyamıza, qanunlarımıza uyğun şərait yaranacaq və müəyyən işlər görüləcəkdir. Burada çıxış edənlərdən kimsə dedi ki, xarici ölkələrdə olan tələbələrimizə qayğı, maddi yardım göstərilməsinə ehtiyac var. Mən Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə və Prezidentin İcra Aparatının Humanitar Siyasət söbəsinə göstəriş verirəm ki, bu məsələni araşdirib mənə təklif versinlər. Hesab edim ki, xaricdə təhsil alan tələbələrimizə il müddətində vaxta müəyyən maliyyə yardımları etmək olar. Maliyyə çətinliyimiz nə qədər ağır olsa da biz vəsait tapıb bunu edə bilərik. Sadəcə olaraq, mənə bu barədə təkliflər vermək lazımdır. Elə etmək lazımdır ki, bu, bir sistem halına düşsün. Mütləq bunu etmək lazımdır. Sizi əmin edirəm ki, biz bunu edəcəyik.
Sizin gələcəkdə hansısa probleminız, çətinliyiniz olsa çəkinmədən müraciət edə bilərsiniz. Əgər biz sizi xarici ölkələrə təhsil almağa göndəririksə, sizə qayğı da göstərməliyik. Arxayın olun və bilin, təkcə xarici ölkələrə gedən tələbələrə yox, bütün Azərbaycan gənclərinə, tələbələrinə, respublikamızın ali məktəblərinin tələbələrinə qayğı göstərmək mənim və Azərbaycan dövlətinin borcudur və biz bu borcumuzu yerinə yetirəcəyik.
Sizi bir daha təbrik edirəm. Hamınıza cansağlığı arzu edirəm. Sizə gələcək həyatınızda və işlərinizdə uğurlar arzulayıram. Azərbaycandan uzaqlara gedən gənclərimizə yaxşı yol arzu edirəm. Sağ olun.