Miçiqan gölündə gəmi ilə gəzinti zamanı "AMOKO" korporasiyasının, İllinoys ştatının və Çikaqo şəhərinin nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 5 avqust 1997-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Bu gün mənim Amerika Birləşmiş Ştatlarına rəsmi səfərimin son günüdür. Sabah erkən, səhər saat 9-da Sizin ölkənizi tərk edəcəyəm. Çox şadam ki, bu son günlərdə, son saatlarda yenə də amerikalı dostlarımızla bir yerdəyik və Amerika Birləşmiş Ştatlarının ən gözəl guşələrindən biri olan Çikaqoda və onun ətrafındakı Miçiqan gölündəyik. Bildirmək istəyirəm ki, mən və məni müşayiət edən Azərbaycan nümayəndə heyəti səfərimizdən çox razıyıq və çox böyük iftixar hissi ilə öz ölkəmizə dönürük.

Biz hesab edirik ki, bu səfər çox uğurludur, yaxşı nəticələrlə sona çatır və ən önəmlisi odur ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələri yeni mərhələyə qaldırdıq. Bu, bizim üçün həqiqətən tarixi səfərdir və Amerika-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar hadisədir. Bu, bizim fikrimizdir. Ancaq bu günlərdə ABŞ-ın bir çox qəzetlərində verilən yazıları oxuyarkən mən görürəm ki, bu, təkcə bizim fikrimiz deyil, eyni zamanda Amerikanın dövlət dairələrinin, ictimaiyyətinin fikridir. Amerika Birləşmiş Ştatlarının prezidenti hörmətli cənab Bill Klinton və hökumət üzvləri də bu səfəri, aparılan danışıqları, əldə olunan nəticələri, imzalanmış sənədləri məhz belə yüksək qiymətləndiriblər. Biz bu səfərlə Amerika-Azərbaycan əlaqələrində XXI əsrə böyük bir qapı açmışıq. Çünki ABŞ-da, Ağ evdə imzalanmış sənədlər uzunmüddətli, etibarlı əməkdaşlığımızın çox gözəl əsasını qoydu.

Bizi sevindirən cəhət bir də ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarının ictimaiyyətində və bir çox rəsmi dairələrində son illər Azərbaycan haqqında yaranmış səhv fikirlər, təəssüratlar, Azərbaycana mənfi münasibət aradan götürülməkdədir.

Prezident Bill Klintonun və Azərbaycan prezidentinin imzaladığı birgə bəyanatda bizim əlaqələrimizin partnyorluq xarakteri daşıması əks edilibdir. Biz bunu yüksək qiymətləndiririk. Hamınız əmin ola bilərsiniz ki, biz həqiqətən çox etibarlı partnyor olacağıq.

Amerikanın prezidenti Bill Klinton imzaladığımız Birgə bəyanatda Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiyini bəyan edibdir. Amerika Birləşmiş Ştatlarının prezidenti Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib, ölkəmizin iqtisadi islahatlar keçirməsini və bazar iqtisadiyyatı yolu ilə getməsini bəyənibdir. ABŞ prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bundan sonra da ciddi səylər göstərəcəyini bəyan edibdir. Amerika prezidenti Azərbaycana qarşı ayrı-seçkilik aktı olan 907-ci düzəlişin aradan götürülməsinin zəruriliyini bildirib və bu sahədə öz səylərini göstərəcəyini bəyan edibdir. Amerika Birləşmiş Ştatlarının prezidenti Azərbaycan Respublikasının təhlükəsizliyi ilə əlaqədar meydana gələn prosesləri qeyd edib və bu sahədə Azərbaycanla ABŞ arasında əməkdaşlığın zəruri olduğunu bildiribdir. Bizim imzaladığımız bəyanatda göstərilir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və bütün başqa sahələrdə sıx əməkdaşlıq edəcəklər. Biz bunları yüksək qiymətləndiririk. Bütün bunlara görə mən bir daha təşəkkür edirəm.

Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri ilə Azərbaycan arasında Ağ evdə, ABŞ hökuməti rəhbərlərinin iştirakı ilə imzalanan neft müqavilələri də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çox böyük amildir.

Nyu-Yorkun Kennedi adına hava limanına ayaq basandan indiyədək, bu qayıqda Miçiqan gölündə səyahət edənə qədər biz sizin ölkədə yüksək qonaqpərvərlik, böyük diqqət və qayğı hiss edirik və daim belə qonaqpərvərliklə əhatə olunmuşuq. Bunların hamısına görə təşəkkür edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, bizim əlaqələrimizin əsasını qoyan şirkətlərdən birincisi "AMOKO"dur. Mən bunu daim yüksək qiymətləndirmişəm və bu gün də yüksək qiymət verirəm. Güman edirəm ki, "AMOKO" şirkəti bununla öz xalqına, ölkəsinə, Amerika Birləşmiş Ştatlarına çox böyük xidmətlər göstərir. Çünki Azərbaycan-Amerika Birləşmiş Ştatları əlaqələrinin yaranması və inkişafı, genişlənməsi həm Azərbaycanın, həm də Amerikanın milli mənafelərinə uyğundur və bu mənafelər üçün lazımdır.

Biz bu günlər Amerikada olarkən "AMOKO" şirkətinin diqqətini, qayğısını daim hiss etmişik. Bu gün burada, bu gəmidə də sizin qonağınızıq. Siz ilk dəqiqələrdən son saatlara qədər bizimləsiniz. Buna görə də çox təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, biz heç vaxt borclu qalmayacağıq. Azərbaycanlıların xasiyyəti belədir ki, hörmətə qarşı ikiqat hörmət edirlər, qonaqpərvərliyə qarşı ikiqat qonaqpərvərlik göstərirlər. Güman edirəm ki, indiyə qədər bunu hiss etmisiniz. Əmin ola bilərsiniz ki, bundan sonra da belə olacaqdır.

Mən bu gün, bu saatlarda gəmidə olarkən iyirmi beş il bundan əvvəlki bir hadisəni xatırlayıram. O vaxt, 1972-ci ildə Rusiyanın mədəniyyət xadimləri - böyük bəstəkarlar, müğənnilər, musiqiçilər, böyük yazıçılar, şairlər Azərbaycana gəlmişdilər. Azərbaycanın dəniz mərkəzində olan neft yatağı - Neft Daşları o vaxt əfsanəvi bir yer kimi bütün dünyada hər kəsin nəzər-diqqətini cəlb edirdi. O vaxt biz, - ola bilər, 500-600 adam, böyük bir gəmidə Bakıdan Neft Daşlarına üzürdük. Yolumuz dörd saat çəkdi. Çox gözəl bir gün idi. Neft Daşlarını hər bir qonağa göstərmək mənim üçün çox böyük fəxr idi, çünki Azərbaycan neftçiləri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa nail olmuşdular. Biz bununla fəxr edirdik.

Amma iyirmi beş il müddətində nə qədər böyük dəyişikliklər baş veribdir. İndi biz Xəzər dənizini dünyaya açmışıq. İyirmi beş il bundan öncə Xəzər dənizində bu qədər böyük sərvətlərin olduğunu heç özümüz də dəqiq bilmirdik. Bilsəydik də, onlardan istədiyimiz qədər istifadə edə bilməzdik. Çünki onların sahibi deyildik, mənsub olduğumuz böyük ölkə onun sahibi idi. O vaxt mən çox çalışırdım ki, Neft Daşlarını genişləndirəm, ancaq Moskva buna imkan vermirdi. Çünki onlar üçün Sibirdəki neft yataqlarından daha ucuz neft əldə etmək əlverişli idi. Biz hasil etdiyimiz neftin də sahibi deyildik.

Amma bunlara baxmayaraq, biz çalışırdıq. Məhz azərbaycanlıların səyləri nəticəsində Xəzər dənizinin neft yataqları kəşf olunubdur. Xəzər dənizində bütün neft yataqları məhz Azərbaycan neftçilərinin, alimlərinin səyləri nəticəsində kəşf edilibdir. Hesab edirəm müstəqil Azərbaycan Respublikasının dünya qarşısında ən böyük xidməti ondan ibarətdir ki, Xəzər dənizinin zəngin neft-qaz yataqlarını dünyaya təqdim edibdir.

Mən çox şadam ki, biz bu sahədə Amerika Birləşmiş Ştatları, onun böyük neft şirkətləri ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığımızın böyük gələcəyi, böyük ömrü var, məhz ona görə mən dedim ki, biz bu günlərdə XXI əsrə böyük bir qapı açdıq. İnanıram ki, qarşıda qoyduğumuz bütün məqsədlərə nail olacağıq, gələcək nəsillər bizim bu xidmətlərimizi unutmayacaqlar, qiymətləndirəcəklər. Biz ölkələrimiz, xalqlarımız üçün, Amerika Birləşmiş Ştatları, müstəqil Azərbaycan Respublikası üçün çox dəyərli işlər görürük. Bununla fəxr edə bilərik. Gün o gün olacaq ki, həmin neft yataqlarında böyük platformalar qurulacaq və biz hamımız bir gün yığışıb böyük gəmi ilə Neft Daşlarına, ondan uzaqda olan "Azəri", "Günəşli", "Çıraq" və başqa neft yataqlarına bir yerdə üzəcəyik. Bu günlər uzaqda deyil, biz bunları da görəcəyik.

Mən çox məmnunam ki, biz bu gün Çikaqonun gözəl mənzərəsi ilə tanış oluruq. Bu gölün ətrafında olan park mənə Bakının dənizkənarı bulvarını xatırladır. Ancaq sizin burada səmaya qalxmış binalarınız məni heyran edir. Siz doğru dediniz, mənim memarlığa çox böyük həvəsim var. Burada, Çikaqoda indiyə qədər, yəni əsrlərdən-əsrlərə memarlıq tarixində görünməmiş nümunələri görürəm. Bu şəhərin özünəməxsus gözəlliyi vardır. Bu gözəlliyi də burada səmayadək qalxmış gözəl binalar tamamlayır. Siz öz məskəninizin, öz yerinizin təbii gözəlliyinə quruculuğunuzla daha çox gözəllik gətirmisiniz. Mən heyranam, sizi təbrik edirəm.

Əziz dostlar, mən "AMOKO" şirkətinə bir daha təşəkkürümü bildirirəm. Bu gün bizimlə bu gəmidə, bu masa arxasında oturan şəxslər artıq yaxın dostlarımızdır. Hər birinizlə Azərbaycanda dəfələrlə görüşmüşəm. Mən şadam ki, nəhayət, Vətəninizdə də sizinlə görüşürəm. Çox sağ olun.

Mən Amerika Birləşmiş Ştatları xalqının şərəfinə badə qaldırır, ölkənizə, xalqınıza sülh, əmin-amanlıq, səadət arzulayıram. "AMOKO" şirkətinin, onun rəhbərlərinin şərəfinə, Azərbaycan-Amerika əlaqələrinin şərəfinə, bizim dostluğumuzun, tərəfdaşlığımızın şərəfinə, Amerika Birləşmiş Ştatlarının prezidenti, mənim dostum cənab Bill Klintonun şərəfinə badə qaldırıram.
 
Sağ olun.