Azərbaycan Prezidenti Heydər Əliyevin Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 27 yanvar 2000-ci il


S u a l: Cənab prezident, səfərinizin məqsədi haqqında məlumat verməyinizi xahiş edirik.

C a v a b: Səfərimin məqsədi Davos forumunda iştirak etməkdir. Bilirsiniz ki, bu beynəlxalq forumdur, əsasən iqtisadi məsələlərə həsr olunur. Amma, proqram almışıq, indi orada 90-dan artıq məsələ qoyulur. Bu, təkcə iqtisadi forum deyil, çox qlobal dünya məsələlərinə həsr olunan forumdur.

Mən bir dəfə, 1995-ci ildə bu forumda olmuşam. Hər il dəvət edilirəm, amma getməyə imkan, bəzən də ehtiyac olmayıbdır. Bu dəfə isə mən foruma getmək barədə qərar qəbul etmişəm, oraya gedirəm. Orada bölmələr var ki, Azərbaycan bilavasitə iştirak etməlidir. Məsələn, Böyük İpək yolu haqqında, Xəzər hövzəsi, dənizi haqqında, enerji resursları haqqında bölmələrdə Azərbaycanın bilavəsitə iştirakı lazımdır. Ancaq, vaxta baxacağıq. Orada çoxlu başqa da maraqlı mövzular var. Yəqin ki, imkan dairəsində onlarda iştirak edəcəyəm. Davosda ikitərəfli görüşlər çox ola bilər. Çünki oraya çox dövlətlərin başçıları gəlirlər. Artıq bir neçəsi ilə danışıqlarımız var ki, görüşəcəyik. Bir neçəsi ilə də danışıqlar aparılır. Bu forum respublikamız üçün çox faydalıdır, mənfəətlidir və buna görə də oraya gedirəm.

S u a l: Cənab prezident, Siz Bakı - Ceyhan layihəsi ilə bağlı sərmayələr cəlb olunması barədə danışıqlar aparacaqsınızmı?

C a v a b: Bilirsiniz, bu sərmayəni biz cəlb etmirik, onu Türkiyə, konsorsium cəlb edir. Onlar da bunu artıq cəlb ediblər. Sərmayə məsələsində problem yoxdur. Mən keçən dəfə Rusiyadan, Moskvadan gələndə dedim ki, bir-iki məsələ qalıb, onlar da həll olunacaqdır.

S u a l: Cənab prezident, Klintonla görüş, yaxud da Koçaryanla görüşünüzdə onun iştirakı gözlənilirmi?

C a v a b: Mən orada Koçaryanla mütləq görüşəcəyəm, biz bu barədə Moskvada danışmışıq. Klinton oraya gələcək, güman edirəm ki, onunla da görüş olacaqdır. Olbrayt orada olacaq, güman edirəm, onunla da görüş olacaqdır. Başqa dövlət başçıları ilə də görüşlər olacaqdır.

S u a l: Dediniz ki, orada Xəzər hövzəsi ilə əlaqədər danışıqlar olacaqdır.

C a v a b: Danışıqlar yox, müzakirələr gedir, müxtəlif ekspertlər hərə öz fikrini deyir. Əlbəttə ki, orada bizim fikrimiz çox əhəmiyyətlidir. Orada elə bir konkret sual yoxdur ki, buna cavab verəsən. Ümumi fikir mübadiləsi gedir.

S u a l: Hazırda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının FİFA-dan çıxmaq ehtimalı yaranıbdır. Bu, Azərbaycan idmanına necə təsir göstərə bilər?

C a v a b: Bilirsən, mən idmanla o qədər məşğul olmuram. Amma hesab etmirəm ki, Azərbaycan FİFA-dan çıxacaqdır. Mən gələn kimi dedilər ki, səlahiyyətli regional futbol federasiyalarının hamısı toplaşıb və bizim çox yaxşı futbolçumuz, məşhur bir şəxs olan Ələkbər Məmmədovu sədr seçiblər: Hesab edirəm ki, bu, ən düz qərardır. Çünki, bilirsən, çəkməçi çəkmə tikməlidir, aşpaz aş bişirməlidir, dərzi paltar tikməlidir, başqaları da hərə öz işini görməlidir. Futbol elə şeydir ki, gərək burada futbol mütəxəssisi olsun. İndiyə qədər Musayev özünü oraya təyin etmişdi. Doğrudur, deyirlər ki, gənc vaxtlarında futbol oynamışdır. Bilirsiniz ki, sonra biz onu Mərkəzi Komitəyə işə götürmüşdük, hətta Kommunist Partiyasının katibi təyin olunmuşdu. Amma o, nəyisə edə bilməyəndə bəzi adamlar zarafatla mənə deyirdilər ki, ondan narahat olmayın, çünki futbolçudur, futbol oyununu başa düşür.

Amma, ola bilər, yarım futbolçu, yarım belə, - bu, yaxşı deyildir. Hər dövrün bir tələbi var. Müəyyən bir dövr olubdur. İndi futbolumuz güclənir. Gorürsünüz, hər şeydə qayda-qanun yaranır. Ölkədə qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik olanda hərə öz əlinə bir şey keçirmişdi. 1990-cı ildən başlayaraq siz bunları görmüsünüz. İndi hər şeydə qanun-qayda yaranır, hər şey qanun çərçivəsində gedir. Burada da futbolçular özləri bunu ediblər. Sən isə mənə sual verirsən ki, biz FİFA-dan çıxacağıq? Çıxmayacağıq!

S u a l: Cənab prezident, "Yevromani" fondunun məlumatına əsasən, Azərbaycan korrupsiyasının səviyyəsinə görə dünyada üçüncü yerə çıxıbdır.

C a v a b: Bilirsiniz, mən bu fondu tanımıram. Sən də bir fond yarada bilərsən, sorğu keçirib gəlib deyərsən ki, nə bilim, filan olubdur. Mən bu fondu tanımıram. Korrupsiya dünyada hər yerdə var, hər ölkədə var. Həmin o fondun sorğu keçirdiyi ölkədə də var. Azərbaycanda da var. Əgər eşitmisinizsə, mən bunu dünən keçirdiyim müşavirədə demişəm. Bundan sui-istifadə etmək lazım deyil, anlayırsınızmı? Burada min dənə iş görülür. Ancaq müxalifət, o cümlədən siz elə korrupsiyanın quyruğundan tutmusunuz. Sən cavan qızsan, heç bilirsən korrupsiya nədir? Mən korrupsiya ilə mübarizə aparanda sən hələ anadan olmamışdın. Daha kimin sualı var?

S u a l: Cənab prezident, Siz həmişə öz çıxışlarınızda 20Yanvar şəhidlərinin xatirəsinə böyuk qiymət vermisiniz. Şəhidlər xiyabanının 1 nömrəli posta çevrilməsi barədə nə fikirdəsiniz?

C a v ab: Bəli, çevriləcəkdir. O da bizim fikrimizdir. Yəqin sən haradansa eşitmisən, mənə sual verirsən. O, bizim fikrimizdir.

S u a l: Cənab prezident, şəhərin elektrik enerjisi ilə tam təmin edilməsi nə vaxt mümkün olacaqdır?

C a v a b: Dünən axşam eşitdiniz, televiziyaya qulaq asdınız? Bütün göstərişləri vermişəm. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR