Qrem Eliason: Biz indi günün əsas hadisəsinə yaxınlaşırıq. Mən Azərbaycan Prezidenti Heydər Əliyevi böyük şərəf hissi ilə sizə təqdim edirəm.
Prezident Heydər Əliyevin dövlət strukturlarında uzun illər ərzində görkəmli xidmətləri olmuşdur. O, ölkəsinin əslində yeni doğum tarixində və ilkin inkişaf mərhələsində xalqının həqiqi lideri kimi Azərbaycanı irəli aparmış, SSRİ-dən müstəqilliyə keçid, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində sülh axtarışı, Qərblə və Birləşmiş Ştatlarla beynəlxlaq müstəqil əlaqələr yaratmaq dövründə ölkəsini idarə etmişdir. Prezident Heydər Əliyev özünün əsl dövlət xadimi olduğunu nümayiş etdirmiş və bölgənin iqtisadi inkişafı və təhlükəsizliyi, sabitliyi yollarının axtarışında regionun digər liderləri ilə birgə çalışmış, yalnız Azərbaycanın deyil, bütünlükdə regionun gələcəyinin təminatçısı olacaq müxtəlif boru kəmərlərinin inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Mən Bakı-Ceyhan boru xəttini xüsusi qeyd edirəm. Biz amerikalılar üçün bu, xüsusilə əhəmiyyətlidir. Cənab Bjezinski bu haqda öz fikirlərini artıq söylədi.
Azərbaycan Amerika Birləşmiş Ştatları ilə möhkəm əlaqələr yaratmışdır. Bu əlaqələr hökumətin hökumətlə, biznesmenlərin biznesmenlərlə, xalqın xalqla əməkdaşlığıdır.
Prezident Heydər Əliyevi burada görmək bizim üçün böyük şərəfdir və onun şərhlərini səbirsizliklə gözləyirik.
Heydər Əliyev: Hörmətli konqresmen xanım Makkafi!
Hörmətli xanımlar və cənablar!
Hörmətli dostlar!
Mən bu gün, bu axşam sizinlə bərabər olmağımdan çox şadam və sizin hamınızı səmimi-qəlbdən salamlayıram. Sizə, hər birinizə, Amerika- Azərbaycan Ticarət Palatasına yeni-yeni uğurlar arzulayıram.
Məndən öncə burada bizim çox hörmətli dostlarımız çox dəyərli nitqlər söylədilər. Hörmətli cənab Bjezinski, hörmətli səfir Eliason, hörmətli cənab Kalitski burada çox dəyərli, əhəmiyyətli sözlər dedilər. Hesab edirəm ki, bu çıxışlar artıq sizdə Azərbaycan haqqında, bizim bölgəmiz haqqında və problemlərimiz haqqında müəyyən təsəvvürlər yaradıbdır. Ancaq mən, təbiidir ki, Azərbaycanın prezidenti kimi, çalışıram Azərbaycanı daha da yaxşı tanıdım. Əgər həqiqətən, səfir Eliasonun burada dediyi kimi, bəzi konqresmenlər Xəzəryanı ölkələrin xəritəsində hansı ölkənin harada olduğunu göstərə bilmirsə, demək, biz hələ çox iş görməliyik. Təbiidir ki, bu, burada oturanlara aid deyildir. Siz Azərbaycanı yaxşı tanıyırsınız. Ancaq mən Harvard Universitetində Xəzər hövzəsi ilə əlaqədar, Azərbaycan ilə əlaqədar yeni bir kafedranın açılmasını alqışlayıram, buna Amerika-Azərbaycan Ticarət Palatasının göstərdiyi xidmətlərə görə təşəkkür edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, Harvard Universitetindəki bu kafedra yaşayacaq, inkişaf edəcək və Azərbaycanı, Qafqazı, Xəzər hövzəsini Amerikaya, təkcə Amerikaya yox, dünyaya daha da çox tanıdacaqdır.
Mən bu dəfə Amerika Birləşmiş ştatlarına işgüzar səfərə gəlmişəm və üçüncü gündür ki, Vaşinqtondayam. Bu gün Ağ evdə cənab Bill Klintonla görüşüb çox əhəmiyyətli danışıqlar aparmışıq. Bizim bu görüşümüzdə və danışıqlarımızda Ağ evdə xanım Olbrayt, Sendi Berger və Ağ evin başqa məsul şəxsləri də iştirak edirdilər. Mən sizə bildirmək istəyirəm ki, Prezident Klinton ilə mənim görüşüm və apardığımız danışıqlar mənim üçün, Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir.
Təbiidir ki, bizim müzakirə etmək üçün məsələlərimiz çoxdur. Amma biz əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələlərini müzakirə etdik. Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunması, neft hasilatının təmin edilməsi, qaz hasilatının təmin edilməsi və onların dünya bazarlarına çıxarılması, xüsusən Bakı-Ceyhan neft kəmərinin tikilməsi ilə əlaqədar müzakirələr apardıq.
Azərbaycana qarşı 1992-ci ildə Konqres tərəfindən qəbul edilmiş ədalətsiz 907-ci maddənin ləğv olunması məsələsini də yenidən müzakirə etdik. Biz Amerika-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinə aid bir çox məsələlərə də toxunduq. Bir daha qeyd edirəm ki, mən bu görüşə çox əhəmiyyət verirəm və çox böyük ümidlər bəsləyirəm. Prezident Klinton da, mən də bu gün bəyan etdik ki, Azərbaycan ilə Amerika Birləşmiş ştatları arasında səmimi dostluq əlaqələri var. Biz Azərbaycan olaraq Amerika Birləşmiş ştatları ilə əlaqələrimizi genişləndirmək, inkişaf etdirmək istəyirik və Amerika Birləşmiş ştatlarına çox böyük ümidlər bəsləyirik. Son illər Qafqaz regionu və Xəzər dənizi hövzəsi dünyanın bir çox ölkələrinin nəzər-diqqətini cəlb edibdir. Orada bir-birinə bənzəməyən iki proses gedir. Birincisi, Qafqazda hərbi münaqişələr mövcuddur və onlar insanları narahat edir – qan tökülür, müharibələr gedir, döyüşlər gedir, çox mürəkkəb region olan Qafqazda sabitlik pozulur. Təbiidir ki, bunlar Qafqazın böyük imkanlarından insanların həyatı üçün istifadə olunmasına maneçilik törədir. Ikinci proses – Xəzər dənizinin enerji ehtiyatlarından istifadə edilməsi və dünyanın böyük ölkələrinin, böyük dövlətlərinin neft şirkətlərinin Xəzər dənizi hövzəsində neft və qaz hasilatı işləri ilə məşğul olması və hasil olunan neftin və qazın gələcəkdə dünya bazarlarına çıxarılması prosesidir.
Sizə məlumdur ki, Azərbaycan çox qədim tarixə malik olan bir ölkədir, xalqdır. 1991-ci ildə Sovetlər Ittifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan edibdir. Son əsrlərdə ilk dəfədir ki, biz səkkiz il müddətində müstəqil, azad bir dövlət, xalq kimi yaşayırıq. Xalqımızın çoxəsrlik tarixində biz bunu ən böyük nailiyyət hesab edirik. Təbii ki, biz bu nailiyyəti, yəni dövlət müstəqilliyimizi qorumaq, möhkəmləndirmək və əlimizdə möhkəm saxlamaq istəyirik. Ancaq bu səkkiz il Azərbaycanın həyatı üçün çox mürəkkəb olubdur. Bizim həyatımızı mürəkkəbləşdirən hələ 1988-ci ildə, Sovetlər Ittifaqı mövcud olduğu halda, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ vilayəti ilə əlaqədar münaqişənin başlanması və onun indiyə qədər davam etməsindən ibarətdir.
Mən qeyd etdim ki, son illər Qafqazda gedən proseslərin biri bütün Qafqazı əhatə edən münaqişələrdir. Qafqazda ilk münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsi olubdur. Bu, çox ağır və çox faciəli nəticələr gətirmiş münaqişədir. Qafqazda olan sonrakı münaqişələr, demək olar ki, bəlkə də bunun təsiri altında başqa bölgələrdə meydana çıxmış münaqişələrdir. Mən bu münaqişənin tarixi haqqında çox danışa bilərəm, amma sizin vaxtınızı almaq istəmirəm. Güman edirəm ki, siz bilirsiniz. Qısaca onu deyə bilərəm ki, 1988-ci ildən 1994-cü ilə qədər Ermənistanla Azərbaycan arasında müharibə gedibdir.
O illər Ermənistana bir çox ölkələrin yardımı nəticəsində və bəzi obyektiv, subyektiv səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycanın torpağı olan Dağlıq Qarabağı və onun ətrafında böyük bir bölgəni işğal ediblər. Işğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla sürgün edilibdir, Azərbaycanın başqa bölgələrində ağır vəziyyətdə çadırlarda yaşayırlar. İndi Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Mənim hörmətli dostum cənab Bjezinski Azərbaycanda olarkən qaçqınlar yaşayan düşərgələrin birini ziyarət etdi. Ondan sonra mən onunla görüşəndə dediyi sözlər xatirimdədir. O dedi ki, mən dünyanın bir çox yerlərində olan qaçqınları görmüşəm – Əfqanıstanda görmüşəm, Yaxın şərqdə görmüşəm, Afrikada görmüşəm. Bjezinski dedi ki, ancaq mən bu qədər ağır şəraitdə yaşayan qaçqınları indiyə qədər görməmişəm. Beləliklə, indi siz təsəvvür edə bilərsiniz ki, bizim xalqımızın böyük bir hissəsi nə qədər ağır şəraitdə yaşayır.
1994-cü ilin may ayında biz Ermənistanla atəşin dayandırılması haqqında saziş imzalamışıq. İndi atəş yoxdur, qan tökülmür. Amma sülh də yoxdur. Biz beş ildən artıqdır ki, məsələnin sülh yolu ilə həll olunması üçün çalışırıq. Bu məsələ ilə ATƏT və onun təşkil etdiyi Minsk qrupu məşğul olur. Minsk qrupuna dünyanın üç böyük ölkəsi – Rusiya, Amerika Birləşmiş ştatları, Fransa rəhbərlik edir. Amma bu işlər hələ ki, münaqişənin aradan götürülməsini təmin etməyibdir.
1999-cu ildə Vaşinqtonda NATO-nun 50 illiyində olduğum zaman mən belə qərara gəldim və bunu Amerika Birləşmiş ştatlarının Dövlət Departamenti çox arzu etdi və bu məsələdə xanım Olbrayt yardım etdi ki, Ermənistan Prezidenti Koçaryanla mənim aramda bilavasitə görüşlər olsun. Görüşlər başladı. Ondan sonra biz bu görüşləri Ce-nevrədə davam etdirdik, Yaltada görüşdük, sonra Ermənistan-Azərbaycan sərhədində bir neçə görüş keçirdik. Prezident Koçaryan və mən eyni fikri ifadə etdik ki, məsələni sülh yolu ilə həll etmək lazımdır. Bunun üçün biz belə fikrə gəldik ki, qarşılıqlı kompromislər olunmalıdır. Biz bu kompromisləri də müəyyən qədər müzakirə etdik. Amma indiyə qədər hələ son nəticəyə gələ bilməmişik və bu münaqişə ləğv edilməyibdir. Ancaq mən nikbinəm və ümid edirəm ki, biz məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq.
Azərbaycanın işğal edilmiş torpaqlarında yerin üstündə nə varsa, demək olar ki, hamısı dağıdılıbdır. Insanların yaşaması və əmək fəaliyyəti ilə məşğul olması üçün çox işlər görmək lazımdır və böyük vəsait lazımdır. Dəmir yollarını, avtomobil yollarını təmir etmək lazımdır və ümid edirik ki, sülh əldə edəndən sonra Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi, dünyanın başqa maliyyə mərkəzləri bu məsələlərin həll olunması üçün lazımi vəsait ayıracaqlar.
Mən bəyan edirəm ki, əgər biz Ermənistanla Azərbaycan arasında sülh yarada bilsək, Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad edilsə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa və bir milyondan artıq insan öz yerlərinə-yurdlarına qayıtsa Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün böyük əsas yaranacaqdır.
İkinci proses, - mən dedim, - Xəzər dənizi hövzəsində gedən proseslərdir. Birincidən fərqli olaraq bu, pozitiv xarakter daşıyır və bu işlərin əsasını 1994-cü ildə məhz Azərbaycan qoyubdur. Azərbaycan Xəzər dənizindəki öz sektorunda olan zəngin neft və qaz yataqlarının istifadə edilməsi üçün dünyanın böyük neft şirkətləri ilə əlaqələr yaradıbdır, müqavilələr imzalayıbdır.
1994-cü ildə biz ilk müqaviləni imzaladıq. Amerika şirkətləri, Avropa şirkətləri, yeddi ölkəni təmsil edən 11 neft şirkəti, onların içərisində amerika şirkətləri «AMOKO», «Pennzoyl», «Yunokal», «Eksson» və başqaları, eləcə də «Bi-Pi», «Statoyl», Rusiya şirkəti «LUKoyl» – bu şirkətlər toplaşıb bir konsorsium yaratdılar və Azərbaycan Dövlət Neft şirkəti ilə müqavilə imzaladılar. Amma o müqaviləni imzalamaq asan deyildi, buna çox güclü maneçiliklər var idi. Müqavilə imzalanandan sonra da onun əleyhinə çox işlər aparılırdı. Ancaq biz birlikdə bunların qarşısını ala bildik.
Burada cənab Bjezinski dedi, neftin ixracı üçün bir neft kəməri - Bakı-Novorossiysk kəməri, yəni Rusiyanın Qara dənizdə olan limanına çatan neft kəməri tikdik və təbiidir ki, özümüzü tamamilə təmin etmək üçün Bakı-Supsa, Gürcüstanın Qara dənizdəki Supsa limanına ikinci neft kəmərini tikdik.
1997-ci ilin noyabr ayında həmin birinci konsorsium neftin hasilatına başladı, onun ixracına başladı. İndiyə qədər səkkiz milyon tondan çox neft hasil olunub və ixrac edilibdir.
Bundan sonra Xəzər dənizinə maraq artdı. Amerika şirkətləri, Avropa və başqa ölkələrin şirkətləri Azərbaycana gəlib birgə işləməyə başladılar. Ötən beş ildə yeni müqavilələr imzalandı. İndi artıq 19 müqavilə imzalanıbdır. Bu müqavilələrdə 30 böyük neft şirkəti iştirak edir. Həmin şirkətlər 15 ölkəni təmsil edirlər. Bu müqavilələr əsasında qoyulacaq investisiyanın məbləği təxminən 60 milyard dollardır. Bunlar 30 illiyə bağlanıbdır və ilkin hesablamalara görə 4,5 milyard ton neft hasil edilməlidir. Ancaq bizim iş təcrübəmiz göstərir ki, bundan xeyli çox olacaqdır.
Amerika Birləşmiş ştatlarının 10 böyük neft şirkəti Azərbaycanda çalışır. Sonuncu «Konoko» şirkəti də bu yaxınlarda Azərbaycanda böyük bir yataqda «Eksson» ilə bərabər yer aldı. Bu müqavilələrin icrası üçün təxminən üç milyard dollar sərmayə qoyulubdur. Bunun 50 faizindən çoxu Amerika Birləşmiş ştatlarının şirkətlərinə məxsusdur. Ümumən, indi Azərbaycanda Amerika Birləşmiş ştatlarının yüzdən yuxarı müxtəlif şirkətləri fəaliyyət göstərir.
Beləliklə, Azərbaycan Xəzər dənizini dünyaya açdı, Xəzər dənizinin zəngin yataqlarından istifadə edilməsi üçün əməli işlər gördü. Indi Xəzər dənizinin başqa sektorlarında da - Qazaxıstan sektorunda da, Türkmənistan sektorunda da, Rusiya sektorunda da artıq bu işlər görülür. Təbiidir ki, bu qədər miqdarda nefti ixrac etmək üçün iki neft kəməri yetərli deyil. Ona görə də biz beş ildir ki, Bakı-Ceyhan neft kəmərini çəkmək üçün səylər –göstəririk və nəticədə keçən ilin noyabr ayında Istanbulda ATƏT-in zirvə görüşü zamanı biz Bakı-Ceyhan neft kəmərinin tikilməsi haqqında saziş imzaladıq. Bu sazişi Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan imzaladılar. Qazaxıstan da öz ərazisində hasil olunacaq neftin bir hissəsini Bakı–Ceyhan neft kəməri ilə ixrac etmək istəyir. Həmin sazişi Amerikanın Prezidenti cənab Bill Klinton da imzaladı.
Bu, beş il müddətində görülən işlərdir. Amma Xəzər dənizinin imkanları böyükdür. Xəzər dənizinin Azərbaycan sektorunda müəyyən olunmuş təxminən 120–130 neft və qaz yatağı vardır.
Mən bu gün deməliyəm ki, əgər Amerika Birləşmiş ştatlarının və şəxsən Prezident Bill Klintonun 1994-cü ildən indiyə qədər dəstəyi və yardımı olmasaydı, biz bu müqavilələri nə imzalaya bilərdik, nə həyata keçirə bilərdik, nə də Bakı-Ceyhan neft kəməri haqqında sazişi imzalaya bilərdik.
Bəlkə də bir on-on beş il bundan öncə Amerika Birləşmiş ştatlarında heç kəs təsəvvür edə bilməzdi ki, Xəzər dənizində bu qədər imkanlar var və Amerika Birləşmiş ştatlarının böyük neft şirkətləri böyük həvəslə gedib orada işə başlayacaqlar. Amma bu gün bu reallıqdır və böyük gələcəyi olan reallıqdır. Beləliklə, biz Amerika Birləşmiş ştatlarını Xəzər dənizi regionuna gətirdik, Qafqaza gətirdik. Bunlarla bərabər, çoxsaylı Avropa ölkələrinin Ģirkətlərini də Xəzər dənizinə, Qafqaza gətirdik. Hesab edirəm ki, bu, bizim üçün də çox əhəmiyyətlidir, qiymətlidir və Amerika Birləşmiş ştatları üçün də Qafqaz, Asiya bölgəsində fəaliyyət göstərmək və burada olmaq çox əhəmiyyətlidir. Ancaq biz Xəzər dənizində neftlə bərabər, böyük qaz hasilatı imkanı da əldə edirik.
1996-cı ildə biz «ġahdəniz» neft yatağına dair bir müqavilə imzaladıq. O konsorsiuma «Bi-Pi» başçılıq edir. Son bir il içərisində aparılan qazma işləri nəticəsində onlar artıq bu gün bəyan ediblər ki, orada bir trilyon kubmetrdən artıq qaz ehtiyatı vardır. Bir trilyon kubmetr qaz! Amma hesab edirəm, bundan da çoxdur.
Bu gün burada «Bi-Pi»nin nümayəndəsi mənə yanaşdı və bildirdi ki, bu, «Bi-Pi»nin tarixində – onlar birinci dəfə böyük qaz yatağını Alyaskada kəşf ediblər – ondan sonra dünyada ikinci böyük qaz yatağıdır. Amma Amerikanın «Şevron» şirkəti də geri qalmır. «Şahdəniz» yatağının yanında «Abşeron» yatağı var. Biz 1997-ci ildə burada, Ağ evdə «Şevron» və başqa şirkətlərin «Abşeron» yatağında müştərək işləməsi haqqında müqavilə imzaladıq.
Mən Davosda olarkən «Şevron»un prezidenti cənab Maks ilə görüşdüm, onun nümayəndəsini də burada görürəm. O mənə dedi ki, bu yaxınlarda biz sizi sevindirəcəyik. Aparılan geofiziki kəşfiyyat işləri göstərir ki, «Abşeron» yatağında üç trilyon kubmetrdən artıq qaz gözlənilir. Güman edirəm, bu da işin sonu deyil. Biz hələ gələcəkdə belə çox böyük möcüzələrin şahidi olacağıq.
Beləliklə, Azərbaycan müstəqillik əldə edəndən sonra zəngin təbii sərvətlərindən dünyanın böyük neft şirkətləri ilə birgə istifadə olunmasına başlayıbdır. Bunlar hamısı Azərbaycanı Amerika Birləşmiş ştatları ilə, Qərb ilə, Avropa ölkələri ilə sıx əməkdaşlıq etməyə sövq edir və daim belə olacaqdır. Əgər biz dövlət müstəqilliyi əldə etməsəydik, indi bunların heç birini edə bilməzdik. Buna görə də dövlət müstəqilliyi bizim üçün, dediyim kimi, ən böyük nailiyyətdir.
Azərbaycanda səkkiz milyon əhali yaşayır. Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi həyata keçiririk. Biz çoxsaylı iqtisadi, sosial, siyasi islahatlar həyata keçiririk. Özəlləşdirmə proqramını həyata keçiririk, torpaq islahatı həyata keçiririk və torpağın hamısını kəndlilərə şəxsi mülkiyyətə vermişik. Ölkəyə xarici investisiyanın gəlməsi üçün şərait yaratmışıq. Azərbaycana beş ildə 5 milyard dollar miqdarında xarici investisiya gəlibdir. Əgər əvvəlki illərdə bu investisiyanın çox hissəsi neft və qaz sektoruna gəlirdisə, 1999-cu ildə təxminən 60 faiz qeyri-neft sektoruna, 40 faiz neft sektoruna gəlibdir.
Biz Azərbaycanda bazar iqtisadiyyatı yolu ilə gedirik və bunlar hamısı böyük makroiqtisadi dəyişikliklərlə nəticələnibdir. Biz bunların nəticəsində 1995-ci ildə iqtisadiyyatda sabitlik yaratdıq. O vaxta qədər bizdə iqtisadiyyat inkişaf etmirdi, ilbəil təxminən 20 faiz tənəzzül edirdi. 1996-cı ildə biz inkişafa başladıq və indi hər il bizdə iqtisadiyyat inkişaf edir. 1999-cu ildə ümumi daxili məhsul yeddi faiz, sənaye istehsalı üç faiz, kənd təsər-rüfatı istehsalı yeddi faiz artıbdır. Bütün başqa sahələrdə də inkişaf vardır.
1994-1995-ci illərdə bizdə inflyasiya ildə 1400–1600 faiz idi. 1997-ci ildən bizdə inflyasiya yoxdur. Bu gün o, sıfır dərəcəsindədir. Açıq iqtisadi siyasət aparırıq. Azərbaycanın milli valyutası bütün valyutalara dəyişilə bilir. Beynəlxalq Valyuta Fondu ilə, Dünya Bankı ilə bu məsələlər üzrə çox sıx əməkdaşlıq edirik və onlardan çox yardımlar alırıq. Bunlar hamısı bizim nailiyyətlərimizdir. Amma nöqsanlarımız da çoxdur, çatışmazlıqlarımız da çoxdur.
Nailiyyətləri əldə etmək üçün ölkədə ictimai-siyasi sabitlik yaratmaq lazım idi. Bu, bizim üçün asan deyildi. Çünki Ermənistan–Azərbaycan münaqişəsi başlayandan Azərbaycanın daxilində də ictimai-siyasi sabitlik pozulmuşdu. Müxtəlif qanunsuz silahlı dəstələr bir-biri ilə hakimiyyət uğrunda mübarizə aparırdılar.
1993-cü ildə Azərbaycanda Vətəndaş müharibəsi başlamışdı. Biz 1995-ci ildən başlayaraq Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edə bildik. Hər bir ölkəyə xarici investisiyanın gəlməsi üçün birinci növbədə ictimai-siyasi sabitlik lazımdır. Bu, Azərbaycanda təmin olunubdur. Deyə bilərəm ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr içərisində ən möhkəm daxili sabitlik Azərbaycandadır. Ancaq xarici investisiyanın gəlməsi üçün, təbiidir ki, zəruri qanunlar da lazımdır. Biz bu qanunları qəbul etmişik.
Biz son vaxtlarda çox mütərəqqi vergi qanunu qəbul etmişik. Ölkəmizdə gömrük rüsumları çox aşağıdır. Ancaq xarici investisiyanın Azərbaycana gəlməsi üçün maneçilik törədənlər də vardır. Icra orqanlarında bürokratizm, yaxud da ki, ayrı-ayrı şəxslərin vəzifəsindən sui-istifadə etməsi və başqa qanun pozuntuları mövcuddur. Başqa ölkələrdə olduğu kimi, bizdə də korrupsiya var. Amma əsas odur ki, biz bunların hamısı ilə kəskin mübarizə aparırıq. Bir çox vacib qanunlar qəbul etmişik. Mən prezident kimi, bu barədə bir çox fərmanlar vermişəm. Əsas odur ki, biz əməli iş görürük.
Bu günlərdə Azərbaycanda xarici şirkətlərin lisenziya alması üçün və investisiyaların hansı sahəyə yönəldilməsi üçün mərkəzləşmiş bir agentlik yaranacaqdır. Böyük neft şirkətlərinin Azərbaycanda normal işləməsi üçün heç bir maneçilik yoxdur. Biz burada rahatıq. Amma müxtəlif kiçik, orta şirkətlərin gəlib Azərbaycanda işləməsi üçün bəzi maneçiliklər var və biz də bunu bilirik. Amma onların aradan qaldırılması üçün çox ciddi tədbirlər görürük. Beləliklə, mən Amerika Birləşmiş ştatlarının həm orta, həm kiçik şirkətlərini də Azərbaycana dəvət edirəm və əmin edirəm ki, onların gəlib səmərəli işləməsi üçün, gəlir götürməsi üçün lazımi imkanlar yaradılacaqdır.
Sizə deyəsi sözüm çoxdur, ancaq vaxt gecdir. Buna görə də hesab edirəm ki, verdiyim bu məlumatlar sizdə Azərbaycan haqqında geniş təsəvvür yaranmasına imkan verəcəkdir. Mənim dediyim bütün bu sözlər onu göstərir ki, Azərbaycan Amerika Birləşmiş ştatları ilə bütün sahələrdə əməkdaşlıq edir və bundan sonra daha da geniş əməkdaşlıq etmək istəyir. Amerika Birləşmiş ştatları bizim dostumuzdur və biz bu dostluq əlaqələrini inkişaf etdirəcəyik.
Burada cənab Bjezinski Qafqazda ölkələrin müstəqilliyi haqqında çox dəyərli sözlər dedi. Bu həqiqətdir ki, bizim kimi ölkələrin müstəqilliyini saxlamaq üçün hələ çox işlər görmək lazımdır. Amma mən sizi əmin edirəm ki, müxtəlif tərəflərdən bizə edilən təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan prezidenti dövlət müstəqilliyini qoruyub saxlamaq əzmindədir və biz bu müstəqilliyimizi heç vaxt əldən vermərik. Inanıram ki, Amerika Birləşmiş ştatları Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edərək bizə bütün sahələrdə bundan sonra da yardım edəcəkdir.
Sizin ölkəniz dünyanın ən böyük və eyni zamanda iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsidir. Sizin ölkəniz demokratik ölkədir və demokratik dəyərləri, insan haqları dəyərlərini siz çox üstün tutursunuz. Biz də öz ölkəmizdə bu yol ilə gedirik. Amma sizin səviyyənizə çatmaq üçün bizə zaman lazımdır. Əsas ondan ibarətdir ki, biz bu yolu tutmuşuq və bu yoldan da dönməyəcəyik. Siz bu səviyyəyə 200 il ərzində çatmısınız. Amma biz 200 il gözləyə bilmərik. Biz gərək daha qısa bir zamanda yüksək demokratik dövlət səviyyəsinə qalxaq, iqtisadi cəhətdən inkişaf etmiş dövlət səviyyəsinə qalxaq, bütün vətəndaşlarımız üçün lazımi həyat tərzi yaradaq. Biz bu məqsədlərə nail olacağıq.
Mən Amerika–Azərbaycan dostluğunu çox yüksək qiymətləndirirəm. Bu gün bizim burada toplaşmağımız Amerika-Azərbaycan dostluğunun çox gözəl təzahürüdür. Mən arzu edirəm ki, bu dostluq daim inkişaf etsin.
Mən də bir sağlıq demək istəyirəm. Çünki məndən qabaq çıxış edənlər deyiblər. Mən Amerika xalqının şərəfinə, Amerika Birləşmiş ştatlarının şərəfinə, Amerika dövlətinin şərəfinə, Amerika–Azərbaycan dostluğunun və etibarlı tərəfdaşlığının şərəfinə, Amerika Birləşmiş ştatlarının Prezidenti Bill Klintonun şərəfinə, əziz dostlar, sizin şərəfinizə, gələcək işlərimizin şərəfinə bu badəni qaldırmağı rica edirəm.
Çox sağ olun.