Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsrail Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə baş direktorunun müavini Viktor Harel başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 12 aprel 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mənə məlumat veriblər ki, siz burada bir çox görüşlər keçirmisiniz və güman edirəm, bunlar sizi maraqlandırıbdır. Sizin bu səfərinizi və keçirdiyiniz görüşləri bəyənir, müsbət qiymətləndirirəm. Çünki İsrail ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirməli, genişləndirməliyik. Bu, mənim qəti fikrimdir və xarici siyasətimin bir hissəsidir. Ona görə də hesab edirəm ki, sizin bu təşəbbüsünüz bu baxımdan çox əhəmiyyətlidir.

Viktor Harel: Cənab prezident, Sizinlə görüşmək bizim üçün çox böyük şərəfdir, eyni zamanda xoşdur. Mən İsrailin yüksək səviyyəli rəsmi şəxslərinin, eləcə də İsrail prezidentinin səmimi salamlarını Sizə yetirmək istəyirəm. Bakıya səfərimiz xoş məramlı səfərdir. Eyni zamanda biz bir sıra iqtisadi məsələlər barədə təkliflər gətirmişik və bunları müzakirə etmək fikrindəyik.

Cənab prezident, Siz doğru buyurdunuz ki, bizim görüşlərimiz olmuşdur. Bəli, dünəndən başlayaraq çox gözəl görüşlərimiz olub və bunların nəticəsində Sizin ölkəni daha yaxşı anlamağa, buradakı vəziyyəti daha yaxşı başa düşməyə, üzləşdiyiniz iqtisadi, milli problemləri daha yaxşı hiss etməyə başladıq. Ona görə də başladığınız bu böyük yolda Sizə uğurlar diləmək istəyirəm.

Cənab prezident, bu, əslində, İsraildən Azərbaycana gəlmiş ilk iqtisadi missiyadır. Elə bilirəm ki, iqtisadi əlaqələr sahəsində böyük potensial var, biz bu əlaqələri genişləndirməli, yüksək səviyyəyə qaldırmalıyıq. Burada olduğumuz müddətdə əməkdaşlığın mümkün yollarını Sizin ekspertlərlə birlikdə müzakirə etmiş və müəyyən fikirlərə gəlmişik.

Zənnimcə, bir qədər sonra konkret məsələlər haqqında müzakirələr apara bilərik. Amma nə qədər ki, mətbuat nümayəndələri buradadırlar, demək istəyirəm ki, Sizin nəzərdə tutduğunuz Bakı-Ceyhan xəttini dəstəklədiyimizi bildiririk. İsrail hökuməti Bakı-Ceyhan layihəsini böyük maraqla izləyir. İkincisi də onu deyim ki, artıq biz Azərbaycandan neft almağa başlamışıq. Azərbaycan neftinin keyfiyyəti bizi tamamilə qane edir.

Cənab prezident, mən bilirəm ki, bizim baş nazirlərimizlə Sizin görüşləriniz olmuşdur. Bundan əvvəlki baş nazir Netanyahu ilə bir neçə dəfə görüşmüsünüz. Bu yaxınlarda isə İstanbulda indiki baş nazir Barakla görüşmüsünüz. Onların hər ikisi Sizi İsrailə səfərə dəvət etmişdir. Bu dəvət qüvvədədir və İsrail hökuməti Sizi ölkəmizə səfərə bir daha dəvət edir. Bilirsiniz ki, bu yaxınlarda yəhudilərin böyük bayramı - milli bayramı olacaqdır. Biz bu bayramda görüşərkən həmişə bir-birimizə bir arzumuzu bildiririk: gələn il Yerusəlimdə görüşərik. Lakin mən bu dəfə demək istəmirəm ki, gələn il görüşərik. Biz deyirik ki, Siz bu il Yerusəlimə gələcəksiniz.

Bir neçə gün bundan əvvəl Qazaxıstanın prezidenti Bakıda olmuşdur. O, İsrailə rəsmi səfərdən birbaşa Bakıya gəlmişdi. Yəqin ki, o öz təəssüratını Sizinlə bölüşmüşdür. Bilirsiniz ki, Türkiyə prezidenti Süleyman Dəmirəl də İsrailə gəlmişdi. Sabah biz Çinin rəhbərini İsraildə gözləyirik. Elə bilirəm ki, Azərbaycan prezidentinin də İsrailə gəlmək vaxtı yetişmişdir.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Bəli, mən bir neçə dəfə dəvətlər almışam. Siz dediniz, cənab Netanyahu da, cənab Barak da məni dəvət etmişlər, əvvəlki baş nazir cənab Şimon Peres də dəvət etmişdi. Son 7 ildə mən sizin rəhbərlərinizin hamısı ilə dəfələrlə görüşmüşəm, danışmışam və bizim çox mehriban əlaqələrimiz var.

Mən bu dəvəti mütləq həyata keçirəcəyəm. İsrailə mütləq səfərə gələcəyəm, görüşlər keçirəcək, danışıqlar aparacağıq. Bir də ki, sizin ölkəni görməmişəm, tanış olacağıq. Xahiş edirəm, baş nazir cənab Baraka çatdırın ki, - mən İstanbulda olanda da ona söz vermişdim, sizə də deyirəm, - bu il mütləq sizin ölkəyə gələcəyəm.

Sizin ölkənizdə Azərbaycandan, Bakıdan getmiş çoxlu keçmiş vətəndaşlarımız var. Onlar orada "Bakı" cəmiyyəti yaradıblar, bəziləri buraya gələndə mən onlarla görüşürəm. Çoxu burada elmi idarələrdə, musiqi sahəsində, ticarətdə, başqa sahələrdə işləyiblər və mən keçmişdən onlarla tanışam. Mənə deyirdilər ki, Təl-Əvivdə hətta onların "Bakı" restoranı var. Bakını, Azərbaycanı unuda bilmirlər, bəziləri də darıxırlar. Bu, təbiidir, çünki burada doğulublar, böyüyüblər, yaşayıblar. Ona görə gəlib həmyerlilərimlə də görüşəcəyəm. Mütləq bunu edəcəyəm.

Bir də bəyan etmək istəyirəm ki, mənim buna prinsipial münasibətim aydındır. İsrail-Azərbaycan əlaqələrini bütün sahələrdə - təbiidir ki, iqtisadi sahələr birinci yer tutur - genişləndirməliyik. Mən çox məmnunam ki, siz Bakı-Ceyhan neft kəmərini dəstəkləyirsiniz. Təbiidir ki, bunun sizə çox xeyri var, çünki Ceyhandan neft alıb sizin ölkəyə aparmaq daha da asandır. Mən bilirəm ki, indi siz bizim nefti Supsadan alırsınız. Mənə dünən xəbər veriblər ki, "Eksson" şirkəti bizim neftdən bir tankerini sizə satıbdır. Ona görə də siz onun keyfiyyətini bilirsiniz. Azərbaycanda hasil olunan neft həqiqətən çox yüksək keyfiyyətlidir.

Bizim neft şirkətində belə fikir var ki, sizə bilavasitə Azərbaycanın öz neftini - bir var ki, Supsa limanına neftin hamısını bir yerdə göndəririk, bunda, təbiidir ki, hər bir şirkətin payı var - satmaq istəyirik. Dünən bunu mənə dedilər və mən bu təklifi bəyəndim.

Viktor Harel: Çox sağ olun, cənab prezident, hər şeydən əvvəl, ölkəm haqqında dediyiniz gözəl sözlərə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. İsraildə həqiqətən də Azərbaycan yəhudilərinin icması vardır. Buna görə və elə digər səbəblərə görə də, elə bilirəm ki, Sizin İsrailə gəlməyiniz yerinə düşər.

Cənab prezident, biz gün yarımdır ki, buradayıq, Sizin şəhərlə, ölkənizlə tanış oluruq. Müəyyən etdik ki, bizim ümumi maraqlarımız, oxşar cəhətlərimiz çoxdur. Eyni zamanda biz bir fərqi də müəyyən etdik. Bu da İsrail ilə Azərbaycan arasında olan böyük fərqdir. Yəni, Azərbaycan neft ölkəsidir, bizim ölkədə isə neft yoxdur. Biz "İncil" ölkəsiyik, bizim ölkə süd və bal ilə məşhurdur, lakin nefti yoxdur.

O ki qaldı Sizin təklifinizə, cənab prezident, mən buna, yəni Azərbaycan Dövlət Neft Şirkətinin İsrailə birbaşa neft satmasına tamamilə tərəfdaram. Mən elə bilirəm ki, dostlar arasında elə bu cür, birbaşa münasibətlər olmalıdır. Ona görə də biz birbaşa alqı-satqının tam tərəfdarıyıq.

Heydər Əliyev: Çox gözəl.

Viktor Harel: Cənab prezident, Siz mətbuat nümayəndələrinin iştirakı olmadan bizə bir neçə dəqiqə vaxt ayıra bilsəydiniz, fikirlərimizi daha da konkretləşdirə bilərdik. Sizin baş nazirlə, nazirlərlə apardığımız söhbətləri nəzərinizə çatdırardıq.

"Azərbaycan" qəzeti, 13 aprel 2000-ci il.