Xalq artisti Vera Şiryeyə - Bakı şəhər, 30 yanvar 2000-ci il


Hörmətli Vera Karlovna!

Sizi - Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 85 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir və sizə ən xoş arzularımı bildirirəm.

Siz yaratdığınız rəngarəng və dolğun obrazlarla Azərbaycan teatrının inkişafında mühüm rol oynamış sənətkarlardansınız. Ömrünün 70 ilə yaxın bir dövrünü səhnə sənətinə həsr etmiş bir aktrisa kimi siz teatrımızın görkəmli nümayəndələri sırasında layiqli yer tutursunuz. Dünya klassiklərinin dram əsərlərində ifa etdiyiniz müxtəlif taleli surətlər həmişə öz təbiiliyi ilə seçilmiş, tamaşaçıların dərin rəğbətini qazanmışdır.

Respublikamızda zəngin ənənələri olan rus teatrının əldə etdiyi nailiyyətlərdə sizin böyük xidmətləriniz vardır. Siz bu teatrın səhnəsində hətta müxtəlif qütblərdə duran və bir-birindən kəskin surətdə fərqlənən teatr cərəyanlarını öz yaradıcılığınızda məharətlə birləşdirə bilmisiniz. Məhz buna görə də sizə ifa üslubuna və orijinallığına görə teatr tariximizə həmişəlik daxil olmuş klassik obrazlar yaratmaq müyəssər olmuşdur. Azərbaycan-rus mədəni əlaqələrinin ardıcıl surətdə inkişaf etdirilməsində də sizin əməyiniz təqdirə layiqdir.

Milli dramaturgiyamızın ən yaxşı nümunələrinin rusdilli tamaşaçılara çatdırılması işində zəhmətiniz xüsusi qeyd edilməlidir. Azərbaycan ədiblərinin dövlət rus dram teatrında səhnəyə qoyulmuş əsərlərində böyük məharətlə oynadığınız rollar sizin yüksək fitri istedadınıza, mədəniyyətimizin incəliklərinə və xalqımızın milli-mənəvi dəyərlərinə yaxından bələd olmağınıza dəlalət edir.

1941-1945-ci illər müharibəsi dövründə cəbhə bölgələrindəki çıxışlarınız zamanı böyük şairimiz Süleyman Rüstəmin "Ana və poçtalyon" poemasını yüksək emosionallıq və dərin daxili dramatizmlə ifa etməyiniz bütöv bir tamaşa təsiri bağışlayaraq ürəklərdə unudulmaz iz buraxmış, sizə böyük şöhrət gətirmiş və bu günə qədər yaradıcılığınızın rəmzi olaraq qalır.

Sənət yollarında göstərdiyiniz fədakarlıq, aktyorluq işinə hədsiz sədaqət, teatr sənətimizin inkişafına göstərdiyiniz böyük xidmətlər sizə əsl xalq məhəbbəti və tamaşaçı sevgisi qazandırmışdır. İnanıram ki, zəngin həyat məktəbi sayılan yaradıcılığınız hələ uzun illər sənətkarlar üçün gözəl örnək olacaq və neçə yeni aktyor nəsli bu tükənməz qaynaqdan faydalanacaqdır.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 fevral 2000-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT