Azərbaycan Dövlət İqtisad Universitetinə - Bakı şəhəri, 12 iyun 2002-ci il


Hörmətli müəllimlər!

Əziz tələbələr!

Respublikamızın mötəbər ali təhsil ocaqlarından biri - Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanda ali təhsilin inkişafına sanballı töhfələr vermiş Dövlət İqtisad Universitetinin ölkə qarşısında, onun sosial-iqtisadi problemlərinin həlli sahəsində mühüm xidmətləri vardır. Universitetin professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyəti Azərbaycanda iqtisadiyyatın inkişafına daim xidmət etmişdir. Dövlət İqtisad Universiteti mövcud olduğu bütün bu dövr ərzində şərəfli yol keçmiş, öz elmi-pedaqoji potensialını qoruyub saxlayaraq ölkəmizin ən nüfuzlu ali məktəblərindən birinə çevrilmişdir.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra universitet dərin iqtisadi islahatlar həyata keçirərək iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirən ölkəmizin sənaye, kənd təsərrüfatı, idarəçilik, ticarət kimi mühüm sahələrinin yüksək ixtisaslı kadrlarla təmin olunmasına böyük əmək sərf etmişdir. Universitet ölkəmizin iqtisadi sisteminin yeni münasibətlər əsasında formalaşdırılması və onun hüquqi bazasının yaradılmasında yaxından iştirak edən tanınmış ali təhsil müəssisəsi, nüfuzlu elm mərkəzidir, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində onun məzunlarının mühüm rolu vardır.

Azərbaycan Dövlət İqtisad Universiteti xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərinə yiyələnən gənclər tərbiyə etməklə yanaşı, son zamanlarda iqtisadi təhsil sahəsində apardığı islahatlar, ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında göstərdiyi fəallıq, yeni mütərəqqi tədris texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra dəyişikliklərlə nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da layiqli bir təhsil ocağı kimi tanınmışdır. Əmin olduğumu bildirirəm ki, universitet ölkəmizin iqtisadi inkişafına, bundan sonra da öz töhfəsini verəcəkdir.

Əziz dostlar! Sizi universitetin 70 illik yubileyi münasibətilə bir daha təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, işlərinizdə yeni uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 13 iyun 2002-ci il.