Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatının sədri Toyoşimo Toro ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 24 fevral 1998-ci il


Cənab Toro!

Sizinlə səmimi və mehriban görüşümüzdən məmnun olduğumu bildirirəm. Başçılıq etdiyiniz təşkilat haqqında, təşkilatın yeni müstəqillik qazanmış ölkələrlə, o cümlədən bunların içərisində mühüm yer tutan Azərbaycanla əlaqələr yaradılmasına böyük maraq göstərdiyinizə görə Sizə təşəkkür edirəm. Hesab edirəm ki, Azərbaycanın potensial imkanları, yəni respublikamızın zəngin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları, əlverişli strateji mövqeyi dunyanın bir çox ölkələrinin diqqətini cəlb edir.

Biz dünya iqtisadiyyatına qovuşmaq yolu seçmişik və bunun üçün Azərbaycanın qapılarını geniş açmışıq. Dünyanın ən böyük neft şirkətləri ilə imzalanmış müqavilələr Xəzərin Azərbaycan sektorundakı təbii yanacaq ehtiyatlarından səmərəli istifadə etməyə imkan verəcəkdir. Bu işdə Yaponiya Şirkətləri də iştirak edir. Gələcəkdə onlarla əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğumu bildirirəm. Bazar münasibətlərinə keçidlə əlaqədar respublikamızda aparılan bir sıra tədbirlər, o cümlədən xarici ticarət sərbəstləşdirilmiş, əcnəbi iş adamlarının sərmayələrinin qorunması üçün hüquqi baza yaradılmışdır. Müstəqil Azərbaycan Respublikasının üzləşdiyi problemlər də var. Bunların ən ağırı Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun doğurduğu çətinliklərdir. Lakin biz münaqişəyə ədalətlə, ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında sülh yolu ilə son qoyulmasına. çalışır, ölkəmizin haqq işinə dünya dövlətlərinin, o cümlədən Yaponiyanın dəstək verəcəyinə ümid bəsləyirik. Beynəlxalq ticarətin inkişafı üçün tranzit yolları böyük əhəmiyyət kəsb edir. "Böyük İpək yolu"nun bərpası ilə bağlı Baş nazir cənab Haşimotonun irəli sürdüyü diplomatiyanı yüksək qiymətləndirirəm. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Avropanı Mərkəzi Asiya ilə birləşdirən Transqafqaz dəhlizi artıq fəaliyyət göstərir və öz səmərəsini verir. Əmin olduğumu bildirirəm ki, "İpək yolu" üstündə yerləşən 33 ölkənin nümayəndələrinin iştirakı ilə bu ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans xarici ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verəcəkdir. Fürsətdən istifadə edərək sizi Azərbaycana səfərə dəvət edirəm.