Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniyanın nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 7 oktyabr 1999-cu il


Heydər Əliyev: Cənab səfir, bu yaxınlarda siz məndən xahiş etdiniz ki, Azərbaycana sərmayə qoyan və onu artıracaq iri şirkətinizin nümayəndəsini qəbul edim. Budur, indi mən sizi qəbul edirəm və dinləməyə şadam.

Kristian Zibek (Almaniyanın Azərbaycandakı səfiri): Zati-aliləri cənab prezident, icazə verin, vaxt tapıb bu gün bizi qəbul etdiyinizə görə öz təşəkkürümü bildirim.

Almaniyanın birləşməsinin ildönümü günü ilə əlaqədar oktyabrın 3-də çıxışınızda arzu etdiniz ki, bacardıqca daha çox alman firmaları ölkənizə sərmayə qoysunlar. Düşünürəm ki, doktor Viçoriki Sizə təqdim etməyə lüzum yoxdur. O, iki il əvvəl ölkənizdə olmuşdur. Cənab Viçorik Berlinin "Berliner Vasser Betribe" su şirkəti idarə heyətinin sədridir. Respublikanıza çox böyük məbləğdə sərmayə qoymağı qəti qərara almış alman firmasının nümayəndəsi kimi onun burada olmasına xüsusilə şadam. "Berliner Basser Betribe"nin fəaliyyətinin xüsusiyyəti ondan ibarətdir ki, bu şirkət Bakı şəhəri infrastrukturunun inkişafına kapital qoymağa hazırdır. Beləliklə, digər müəssisələrin də infrastrukturuna gələcək sərmayələr üçün zəmin hazırlanacaqdır.

İcazənizlə deyim ki, mənim hökumətim bu layihəyə böyük diqqət yetirir. Əgər biz bu layihəni birgə səylərlə həyata keçirməyə müvəffəq olsaq, onda bu, yəqin ki, digər alman şirkətlərinə mühüm işarə verəcəkdir. Siz özünüz bilirsiniz ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin potensialı hələ tamamilə tükənməyibdir. Bu gün "Berliner Vasser Betribe" Bakı şəhər kanalizasiya sisteminin yenidən qurulması layihəsinə sərmayə cəlb olunması üçün şirkətin özü tərəfindən aparılmış texniki-iqtisadi əsaslandırmanın nəticələrini təqdim etdi. İcazənizlə, cənab Viçorika söz verərdim. O, Sizə bu iş barədə qısaca danışar.

Bertron Viçorik (Almaniyanın "Berliner Vasser Betribe" su şirkəti idarə heyətinin sədri): - İcazə verin, Sizinlə görüşmək imkanına görə Sizə ürəkdən təşəkkür edim. Bir vaxtlar biz Bakı şəhəri infrastrukturunun daha da inkişaf etdirilməsinə öz töhfəmizi verməyə hazır olduğumuzu bildirmişdik. Bundan əvvəl biz İngiltərə firması ilə birlikdə Bakı şəhər su təchizatı sisteminin yenidən qurulmasının texniki-iqtisadi əsaslandırmasını hazırlamışdıq. Biz Bakının kanalizasiya sisteminin yenidən qurulmasına dair gələcək sərmayə proqramı üçün texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanmasına öz vəsaitimizi qoymuşuq. Zənnimcə, biz işi uğurla başa çatdırmışıq. Bir daha demək istəyirəm ki, texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə məşğul olan komandamıza bir sıra yüksək ixtisaslı yerli mütəxəssisləri daxil etmişik və onların köməyi ilə biz konkret nəticələrə gəlməуə müvəffəq olduq. Həmin nəticələri bu gün təqdim etdik.

Bu layihə üzrə sonrakı addımlarımız necə olacaqdır? Birinci mərhələdə kanalizasiya sisteminin yenidən qurulması sahəsində üstün əhəmiyyətli tədbirlər görülməsi üçün layihəyə 135 milyon dollar sərmayə qoymaq niyyətindəyik. Biz ilk növbədə kanalizasiya şəbəkələrinin təmizlənməsinə və nasos stansıyalarının modernləşdirilməsinə böyük diqqət yetiririk, çünki onlar xüsusən yağışlar dövründə böyük gərginliyə məruz qalır. İkinci mərhələdə "Bakkanalizasiya" müəssisəsinin gəlirini əhəmiyyətli dərəcədə yüksəltmək niyyətindəyik və əlbəttə, onun modernləşdirilməsi üçün mühüm tədbirlər hazırlamalıyıq. Yaxın illərdə ayrı-ayrı rayonları ictimai kanalizasiya sisteminə qoşmaq, iki yeni aerasiya, yəni təmizləmə qurğusu da inşa etmək lazımdır.

Hesab edirik ki, yaxın 10-15 ildə 1,1-1,5 milyard dollar həcmində sərmayə qoyulacaqdır. Bu, olduqca böyük həcmdə işdir və biz onu yerinə yetirəcəyik. Əlbəttə, bununla əlaqədar olaraq tariflər qaldırılmalıdır. Aydındır ki, heç də bütün istehlakçıların yüksək tariflərlə haqq ödəməyə imkanı yoxdur. Buna görə də yeni tariflər müəyyən edilərkən sosial-siyasi cəhətləri də nəzərə almaq lazımdır. Sizin şəhərinizin meri ilə biz səhmdar cəmiyyəti formasında müştərək müəssisə yaratmaq barədə razılığa gəlmişik. Biz müəyyən məbləğdə kapital qoymağa tam hazırıq. Bu barədə hələ danışıqlar aparılmalıdır. Bugünkü danışıqlarımızda mən bir neçə dəfə nəzərə çarpdırdım ki, bu mühüm sərmayələri dövlət təminatı olmadan qoymaq lazımdır. Belə çıxır ki, biz öz səyləri ilə sərmayə qazanmaq iqtidarında olan müştərək müəssisə yaratmaq niyyətindəyik.

Qarşımızda, həqiqətən, olduqca böyük həcmdə iş durur. Мənə elə gəlir ki, dörd illik əməkdaşlığımız ərzində topladığımız təcrübə bu işi görməkdə bizə kömək edəcəkdir. Sizi əmin edə bilərəm ki, təqdimatımızdan, bütün faktlar, rəqəmlər, bütün material, sənədlər dərc olunduqdan sonra banklar bizimlə əməkdaşlığa, bizimlə birlikdə lazımi məbləğdə sərmayə qoymağa hazır olduqlarını bildirdilər.

Heydər Əliyev: Bakı şəhərinin su təchizatı sistemi və kanalizasiya sistemi şəhərin həyatında çox mühüm sahələrdir. Мənə 1969-cu ildən başlayaraq bu məsələ ilə məşğul olmaq lazım gəlmişdir. 1969-cu ildə, mən Azərbaycanın rəhbəri olduğum ildə Bakı şəhəri içməli su sarıdan böyük çətinliklər çəkirdi. İri neft mədənləri sahibi Zeynalabdin Tağıyevin vəsaiti hesabına, mənсə, 1917-ci ildə çəkilmiş şollar su kəməri Azərbaycanın həyatında, əlbəttə, böyük rola malik idi. Lakin həmin vaxtadək şəhər əhalisinin artması, onun sənaye müəssisələrinin çoxalması ilə əlaqədar olaraq bu su kəməri şəhərin tələbatını daha ödəyə bilmirdi. Üstəlik, о vaxtlar vəziyyət elə kəskin idi ki, bu, bizi təcili tədbirlər görmək məcburiyyətində qoydu. Qısa müddətdə biz Kür su kəmərini inşa etdik. Biz Kürdən 135 kilometr uzunluğunda su kəməri çəkdik. Siz bir mütəxəssis kimi bunun nə demək olduğunu bilirsiniz. Bu, sadəcə boru deyildir, bu, çayın sahilində çox böyük təmizləmə qurğularıdır. Çünki Kürdə su bulanlıqdır və müəyyən dərəcədə çirklidir. Bu, su vurmaq üçün iri nasos stansiyalarıdır və təbii olaraq, şəhərdə paylayıcı şəbəkədir. Bu su kəmərini təxminən bir ilə çəkilə, 1970-ci ilin payızında Bakıya su verdiyimiz günü özüm üçün xoşbəxt gün sanıram. Bu, böyük bir bayram idi.

Bilirsiniz, siz mənə ömrümün çox maraqlı bir səhifəsini xatırlatdınız. Мən bunların hamısını unutmuşdum. Lakin indi siz su təchizatından və başqa məsələlərdən danışdıqda mən о vaxtları xatırladım. Мən bu problemlə hər gün məşğul olurdгm. Sizin bilməyiniz üçün deyim ki, Zeynalabdin Tağıyevin 1917-ci ildə çəkdirdiyi şollar su kəmərindən sonra 1970-ci ildə inşa edilmiş Kür su kəməri Bakı şəhərinin su təchizatının təmin olunması üçün ikinci iri su kəməri idi. Sonrakı illərdə biz su kəməri sisteminin gücünü artırdıq, çünki iki-üç ildən sonra bir xətt, bir boru kəməri Bakı üçün az idi. Biz ikinci boru kəmərini, о vaxtlar deyildiyi kimi, ikinci qolu çəkdik, sonra üçüncü su kəmərini inşa etdik. Bunu çəkmək artıq asan idi. Ən başlıcası budur ki, su sarıdan gərginlik 1970-ci ildə aradan qaldırıldı.

О vaxtlar mən daha nə ilə məşğul olurdum? Bakı şəhərində su itkisinə qarşı mübarizə ilə. Siz almanlar, avropalılar bəlkə də bilmirsiniz ki, bizdə, Bakıda kimin nə qədər su işlətdiyini ölçmək üçün nə mənzillərdə, nə də müəssisələrdə sayğaclar yox idi. Bundan əlavə, mənzillərdə sudan istifadənin о vaxtkı sistemi - unitazlar və sair elə idi ki, su hey axırdı. Bu problem daha mürəkkəb oldu. Мən su itkisi ilə onda da mübarizə aparırdım və onlardan bu gün də tələb edirəm ki, su itkisinə yol verməsinlər. Doğrudur, su kəməri sistemi işlənib korlanır və bunun nəticəsində də böyük su itkisi olur. Ona görə də bir neçə il əvvəl biz Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından milyon dollar məbləğində kredit götürdük. Bir sözlə, gördüyünüz kimi, mən mütəxəssis olmasam da, bu problemə yaxşı bələdəm.

О ki qaldı Bakı şəhərinin kanalizasiya sisteminə, bu, daha mürəkkəb məsələdir. Bir çox illər çirkab təmizlənmədən kanalizasiya ilə Xəzər dənizinə axıdılmışdır. Təbii ki, bu, bizi narahat edirdi. 70-ci illərdə mən bu məsələ ilə də məşğul olurdum. Biz Bakı şəhərinin böyük kanalizasiyasının inşasına dair iri bir layihə hazırladıq. Layihədə dəniz sahilində, Zığ qəsəbəsi rayonunda təmizləmə qurğuları yaradılması nəzərdə tutulurdu. Layihədə hətta təmizlənmiş sulardan təsərrüfat ehtiyaclarında istifadə üçün onların qaytarılması da nəzərə alınmışdı. Amma mən bu layihəni axıra çatdıra bilmədim. Sonra Azərbaycandan getdim, müxtəlif hadisələr baş verdi. Siz bu əhvalatı mənə xatırlatdınız. Ona görə də təklifləriniz mənə aydın və anlaşıqlıdır. Odur ki, zəhmət çəkib, onları mənə izah etməyin. Мən təkliflərinizi dərhal bəyənirəm. Lakin sərmayədarlardan həmişə soruşuram, bu gün isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısından soruşdum - Pulu haradan götürəcəksiniz, hansı yolla? Sizin dediyiniz bu sözlər məni sevindirdi ki, siz pul qoyacaqsınız, müştərək müəssisə yaradacaqsınız, maliyyə mənbələrini, yəni bankları özünüz tapacaqsınız, onlar sizə kredit buraxacaq və bizdən hökumət təminatı tələb etmirsiniz. Doğrudurmu?

Bertron Viçorik: Tamamilə doğrudur. Elə məqsədimiz də budur.

Heydər Əliyev: Bir sözlə, mən bu şərtlə razıyam. Əmin ola bilərsiniz ki, bu mühüm layihələrin həyata keçirilməsi üçün siz mənim tam dəstəyimdən, mənim himayədarlığımdan istifadə edəcəksiniz. Beləliklə, sizə uğurlar arzulayıram. Bu gün, sizinlə görüşdən əvvəl mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısından bu barədə məlumat aldım. Görürəm ki, onun və sizin mənə dedikləriniz eyni şeydir. Cənab səfir mənə doğru demişdi ki, o, alman sərmayələrinin Azərbaycana gəlməsi üçün hər şey edəcəkdir. Niyyətlərinizi bəyənirəm və konkret işlər gözləyəcəyəm.

Rəfael Allahverdiyev (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı): Cənab prezident, bu gün təqdimat mərasimində qeyd edildi ki, 70-ci illərdə başladıqlarınızı elə özünüz də başa çatdırmalı olursunuz. Hava limanını, Bakı şəhərinin su təchizatını, habelə 1972-ci ildə tikdirməyə başladığınız kanalizasiya sistemini qeyd etdilər. Biz bu sistemi elə Sizin dövrünüzdəcə başa çatdıracağıq.

Heydər Əliyev: Ümidvaram ki, layihə bu dəfə axıra çatdırılacaqdır.

Bertron Viçorik: Bu, ağır bir yoldur.

Heydər Əliyev: Başa düşürəm.

Bertron Viçorik: Düşünürəm ki, burada tamamilə sərbəst işləyə biləcək müştərək müəssisənin yaradılması yerli əhalinin xeyrinə, respublikanın xeyrinə olacaqdır.

Heydər Əliyev: Bu layihə olduqca böyük sosial əhəmiyyətə malikdir. O, insanlar üçün, vətəndaşlar üçün, Bakı şəhərinin sakinləri üçündür. Azərbaycan prezidenti kimi mənim məqsədim isə öz vətəndaşlarımızın sosial həyat səviyyəsinin, onların rifahının yüksəldilməsinə nail olmaqdır.