Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynada yaşayan azərbaycanlılarla görüşdə söhbətindən - Ukrayna, 20 iyul 2002-ci il


Tələt Əliyev (Azərbaycanın Ukraynadakı səfiri):  Çox hörmətli cənab prezident!

İcazə verin, bu gün Sizinlə görüşə toplaşan Ukraynada yaşayan azərbaycanlılar adından "Ukrayna torpağına xoş gəlmisiniz!" deyim və Sizə ən xoş arzularımızı çatdırım. GÜÖAM təşkilatına daxil olan ölkələr arasında iqtisadi əməkdaşlıq məsələlərinin belə yüksək səviyyədə müzakirə edilməsi üçün göstərdiyiniz səylərə görə Sizə hamımızın təşəkkürünü yetirim, Azərbaycan xalqının rifahı, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi naminə, dünyada özünə layiq yer tutması üçün sərf etdiyiniz tükənməz əməyə görə Sizə öz minnətdarlığımızı bildirim. Allah-təaladan Sizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq.

Ukraynada yaşayan yarım milyon azərbaycanlı, diasporumuz adından bildirmək istəyirəm ki, biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. 2003-cü ildə prezident seçkilərində Sizin qalib gəlməyiniz üçün, - buna heç kəsin şübhəsi yoxdur, - var qüvvəmizlə çalışacağıq. Dünya Azərbaycanlılarının I qurultayında verdiyiniz tövsiyələr əsasında diasporumuzu daha da gücləndirəcək və həmişə Sizə dayaq olacağıq.

Cənab prezident, bu gün burada yığışanların çoxu Sizin 1970-ci illərdə, Azərbaycanın rəhbəri olarkən SSRİ-nin ən məşhur universitetlərinə göndərdiyiniz insanlardır. Bunların hamısı Sizin yetirmələrinizdir, ardıcıllarınızdır. Onlar bununla fəxr edirlər. Çox əlamətdar haldır ki, Ukrayna Azərbaycanlıları Konqresini yaradanlar məhz Sizin yetirmələrinizdir.

Heydər Əliyev: Çox sağ olun. Vaxtımız azdır, ona görə mən sizə bir neçə sual verəcəyəm. Onlara cavab alandan sonra da öz fikirlərimi sizə bildirəcəyəm.

Burada toplaşanlar yalnız Krım vilayətindəndir, yoxsa Ukraynanın başqa vilayətlərindən də var?

Tələt Əliyev:  Bu gün burada Ukraynanın 15-dən çox vilayətindən gəlmiş azərbaycanlılar var. Bunlar Konqresin regional təşkilatlarının fəallarıdır.

Heydər Əliyev: Yaxşı, bu, az deyildir. Krım vilayətində nə qədər azərbaycanlı yaşayır?

Tələt Əliyev: Krım vilayətində 15 minə qədər azərbaycanlı yaşayır.

Heydər Əliyev: Onların neçə nümayəndəsi burada iştirak edir?

Tələt Əliyev: Onların burada 4 nümayəndəsi var.

Heydər Əliyev: Ayağa qalxsınlar. Əyləşin. İndi sənin mənə deyiləcək başqa sözün varmı?

Tələt Əliyev: Mən xahiş edərdim ki, icazə versəydiniz, Konqresin sədri Sizi salamlayardı. Konqresin fəallarından da bir-iki nəfər ürək sözlərini deyərdi.

Heydər Əliyev: Buyursunlar.

Tələt Əliyev: Oqtay Əfəndiyev...

Oqtay Əfəndiyev (Ukrayna Azərbaycanlıları Konqresinin sədri): Möhtərəm cənab prezident, birinci növbədə, bütün 500 minlik diaspor adından Sizi salamlayır və bildirirəm ki, azərbaycanlıların hər biri, Sizin kimi dahi şəxsin bizimlə görüş üçün vaxt ayırmasını böyük şərəf sayır və buna görə Sizə dərin minnətdarlığımızı yetiririk. Siz 1997-ci ildə Ukraynaya səfəriniz zamanı diasporun nümayəndələri ilə görüşmüşdünüz. Bizim Konqres o vaxt verdiyiniz tövsiyələr və məsləhətlər əsasında Azərbaycandan kənarda yaradılmış birinci qurum idi. Bundan əlavə mən fərəh hissi ilə onu da demək istəyirəm ki, Konqres Ukrayna azərbaycanlılarının milli prinsip əsasında qurulmuş yeganə təşkilatıdır, alternativi yoxdur və mərkəzləşdirilmiş prinsiplər əsasında işləyir. Konqres vilayətlərlə çox sıx ünsiyyətdə işləyir və bu, azərbaycanlılar arasında həmrəyliyin təmin olunmasına imkan verir.

Bundan əlavə, Konqres səfirliklə də sıx əlaqədə işləyir. Biz hər gün Tələt müəllimlə görüşürük. Azərbaycan dövlətinin, Sizin tutduğunuz istiqamətdə fəaliyyət göstəririk. Konqresin mətbu orqanları vasitəsilə biz nail oluruq ki, Ukraynada yaşayan hər bir soydaşımız Azərbaycanda baş verən hadisələr barədə həmin gün məlumat alır. Bu, bizim həmrəyliyimiz üçün yaxşı şərait yaradır.

İmkanım olsaydı, mən uzun-uzadı danışardım.

Heydər Əliyev: Uzun-uzadı lazım deyil, sual verəcəyəm. Sən Ukrayna Azərbaycanlıları Konqresinin başçısısan?

Oqtay Əfəndiyev: Bəli.

Heydər Əliyev: Çox gözəl! Özün Kiyevdə yaşayırsan?

Oqtay Əfəndiyev: Bəli, Kiyevdə yaşayıram.

Heydər Əliyev: Nə işdə işləyirsən?

Oqtay Əfəndiyev: Mən Konqresdəki işimdən əlavə, Ukrayna prezidenti yanında milli məsələlər üzrə Şuranın Rəyasət Heyətinin üzvüyəm. Bakıda keçirilmiş qurultayda yaradılmış Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüyəm.

Heydər Əliyev: Çox gözəl. Sən ixtisasın üzrə bir iş görürsənmi?

Oqtay Əfəndiyev: Mən iş adamıyam. İnvestisiya şirkətim var. Amma Konqresdə işim çox olduğuna görə, təəssüf ki, bunun üçün o qədər də vaxt ayıra bilmirəm.

Heydər Əliyev: İş adamı kimi iş görürsən, ya yox?

Oqtay Əfəndiyev: Bəli, çalışıram.

Heydər Əliyev: Şirkətin vəziyyəti necədir? Gəlirin, filanın var? Heç kəs nəyi isə gizlətməsin. Bu, həyatımızın reallığıdır. Mən istərdim ki, burada bizim azərbaycanlılar dövlət strukturunda da vəzifə tutsunlar. Amma ondan daha da yaxşısı, istərdim ki, bacarıqlı biznesmen olsunlar. Çünki biznesmen olsa, həm öz diasporuna daha çox fayda verəcək, həm öz yaşayışı yaxşı olacaq və xalqımıza da faydası çox olacaqdır. Ona görə də sən mənim bu suallarıma utanmadan, sərbəst cavab ver.

Oqtay Əfəndiyev: Cənab prezident, mənim şirkətimin yaxşı gəliri var və yaxşı pul qazanıram. Şirkətimdə çoxlu azərbaycanlı çalışır.

Heydər Əliyev: Aydındır, kasıb deyilsən. Bilirəm ki, Konqres Ukraynanın bütün 25 vilayətində olan azərbaycanlıları birləşdirir. Sən dediyin kimi, alternativ təşkilat yoxdur. Bu, çox gözəl haldır. Ümumiyyətlə, Ukraynada azərbaycanlıların təşkilatlanması, demək olar ki, keçmiş SSRİ-nin başqa yerlərinin hamısından tez və daha da keyfiyyətli keçibdir. Bir sualım da var. Konqresdən yerli seçkili hakimiyyət orqanlarında kimsə var, yoxsa yox?

Oqtay Əfəndiyev: Cənab prezident, bu yaxınlarda Ukraynada yerli seçkilər və Ali Radaya - parlamentə seçkilər keçirildi. Konqresin 9 nümayəndəsi rayon, şəhər və vilayətin deputatı oldu.

Heydər Əliyev: Bəs Ukrayna parlamentinin deputatı var?

Oqtay Əfəndiyev: Təəssüf ki, hazırda Ukrayna parlamentində azərbaycanlı deputat yoxdur. Biz əlimizdən gələni edirik ki, gələn dəfə bir neçə nəfər azərbaycanlı Ukrayna parlamentində təmsil olunsun.

Heydər Əliyev: Diaspor kimi sayına görə siz Ukraynada ruslardan sonra təxminən neçənci yerdəsiniz?

Oqtay Əfəndiyev: Üçüncü yerdəyik. Birinci yerdə rus, ikinci yerdə tatar, üçüncü yerdə Azərbaycan diasporudur.

Heydər Əliyev: Rus diasporu heç, onu kənara qoyaq. Bəs erməni diasporu?

Oqtay Əfəndiyev: Cənab prezident, Ukraynada erməni diasporu çox zəifdir. Mən maraqlanmamışam, bilmirəm onların sayı nə qədərdir. Onların elə bir güclü, milli prinsip əsasında qurulmuş təşkilatı yoxdur.

Heydər Əliyev: Bu, elə sənin səhvindir ki, maraqlanmamısan. Gərək maraqlanaydın.

Oqtay Əfəndiyev: Bildiyimə görə, bu yaxınlara kimi onların tanınmış, milli prinsip əsasında qurulmuş təşkilatı yoxdur.

Heydər Əliyev: Ola bilər, bütün Ukrayna üzrə yoxdur, amma mən burada prezident Kuçma ilə söhbət edirdim, o, mənə dedi ki, ermənilər Yaltada hakimiyyəti əllərinə keçirmək istədilər. Sizin bundan o qədər xəbəriniz yoxdur. Seçkidə hakimiyyəti əllərinə almaq istəyiblər. Kuçma dedi ki, mən prezidentin xüsusi nümayəndəsini Yaltaya göndərdim, bütün bunların qarşısını aldı. İndi sən deyirsən ki, ermənilərin elə bir gücü yoxdur. Əgər gücü yoxdursa, Yalta kimi şəhərdə, - özü də erməni şəhəri deyil, burada çoxlu ruslar, ukraynalılar, qədimdən də çoxlu tatarlar yaşayırlar, - bu yaxın vaxtlarda istəyiblər ki, hakimiyyəti ələ keçirsinlər. Sizin bundan heç xəbəriniz yoxdur. Bu, onu göstərir ki, sizin informasiyanız çox azdır və ermənilərin sayının nə qədər olmasını bilməməyin və bununla maraqlanmamağın da məni razı salmır çünki bilin, bütün ölkələrdə diaspor nöqteyi-nəzərindən Azərbaycanın rəqibi, - mən bunu daha yumşaq deyirəm, əslində düşməni, - ermənilərdir.

Məsələn, Ukraynada gürcü diasporu nə qədərdir?

Oqtay Əfəndiyev: Çox azdır. Amma Ukrayna parlamentində gürcü millətindən olan 5 deputat var.

Tələt Əliyev: Cənab prezident, 5 yox, 2 nəfərdir.

Heydər Əliyev: Beşdir.

Tələt Əliyev: Onların içərisində osetin də, acar da var.

Heydər Əliyev: Xeyr, beşdir. Bunu bu gün mənə Kuçma da deyib, Şevardnadze də deyibdir. Görürsünüzmü, mənim məlumatım sizinkindən çoxdur.

Bilirsiniz, mənim bu kəskin suallarımdan narahat olmayın və bu, sizi incitməsin, məyus olmayın və düşünməyin ki, Heydər Əliyev gəldi, bizi tənqid etməyə başladı. İş ondadır ki, mən istəyirəm siz gördüyünüz işlərlə bərabər, biləsiniz ki, bundan da çox görməlisiniz.

Sizi daha çox dinləməyə vaxt yoxdur. Öz fikirlərimi sizə deyəcəyəm. Bunlar dünya azərbaycanlılarının qurultayında səslənibdir. Ancaq konkret olaraq sizin üçün - Ukraynada yaşayan azərbaycanlılar üçün bunu demək istəyirəm. Qeyd etdim ki, Ukraynada yaşayan azərbaycanlılar, həqiqətən, keçmiş Sovetlər İttifaqının respublikalarında yaşayan azərbaycanlılara nisbətən daha tez təşkilatlanıblar. Bu təşkilatlanma da sağlam gedibdir. İndi də görürəm ki, sizin Konqresiniz sağlamdır. Yəni burada çəkişmə, qrupbazlıq, bir-biri ilə əsassız rəqabət, bir-birinin paxıllığını çəkmək və sair yoxdur. Bəlkə səhv edirəm?

Oqtay Əfəndiyev: Düzdür.

Heydər Əliyev: Amma olsa da, bəlkə o qədər azdır ki, mən bunu görə bilmirəm. Bu xüsusiyyətlər, ümumiyyətlə, hər bir insana xasdır. Azərbaycanlılar üçün olduqca xasdır. Ona görə mən bunları deyirəm. Bir də ona görə deyirəm ki, başqa yerlərdə, məsələn, Rusiyada biz belə hallarla çox rastlaşırıq. Moskvanın özündə hərə özünə bir Azərbaycan cəmiyyəti yaradıbdır. Belə şey olmaz axı. İş adamıdır, pulu var, filanı var, çox yaxşı. Amma bilməlidir ki, gördüyü iş nə məqsəd daşıyır. Əgər artıq başına müəyyən qədər azərbaycanlıları yığıb öz işlərini görmək istəyirsə, onda bu, cəmiyyət deyildir. O, firma yaratsın, filan etsin, öz işini görsün. Həqiqətən öz vətəni, xalqı, milləti üçün, müstəqil Azərbaycan üçün bir iş görmək istəyirsə, onda belə prinsiplə hərəkət etmək olmaz. Yəni bu nöqteyi-nəzərdən sizin vəziyyətiniz müsbətdir. Mən əvvəldən də hiss edirdim, əvvəllər də buraya gələndə söhbətlərdən hiss etmişəm, səfirlə də söhbətdən hiss etmişəm, indi Konqresin başçısı da ilk sözlərindən bunu büruzə verdi ki, burada hər şey yaxşıdır.

Bilirsiniz, qürbətdə yaşamaq asan deyildir. Hər bir insan doğulur, böyüyür, onun kökü var, qohum-əqrəbası var, doğma torpağı var. Hər kəs o yerlərə bağlı olur. Amma bu, yüz il bundan əvvəl olan əhval-ruhiyyədir. Son əsrdə dünya elə dəyişibdir ki, insanlar çox böyük miqrasiya edirlər. Bu, təkcə bizim bölgədə keçmiş Sovetlər məkanında deyil, dünyanın hər yerində belədir. İndi dünyada gedən proseslərdir və bu prosesləri də heç kim idarə etmir. Bunlar obyektiv proseslərdir. Biz azərbaycanlılar da bu proseslərdə istər-istəməz iştirak edirik. Məsələn, mən hesab edirəm ki, bizim azərbaycanlılar üçün belə miqrasiya prosesinin meydana çıxması və azərbaycanlıların öz ərazisindən, öz torpağından çıxaraq dünyanın başqa ölkələrində yaşaması, məskən salması, özü üçün orada iş yaratması, həyat qurması, oradakı cəmiyyətdə özünə yer tutması - bunların hamısı bizim ümumi milli mənafeyimizə xidmət edən hallardır. Ona görə də mən sizə deyəndə ki, qürbətdə yaşamaq çətindir, bunu mən köhnə fikirlərlə deyirdim. Amma indi çətin bir şey yoxdur. İnsan üçün harada xoşdursa, orada da yaşayır. Harada o daha yaxşı yaşayırsa, bunu da edir. Harada ailəsi üçün daha yaxşı şərait əldə edirsə, orada da yaşayır. Bunların hamısı təbii insani keyfiyyətlərdir. Ancaq insan gərək heç vaxt öz milli kökünü, torpağını, vətənini, öz dilini unutmasın. Öz dinini yaddan çıxarmasın. Öz milli-mənəvi ənənələrini unutmasın. Özü də bir var ki, onu unutmuram, mənim xatirimdədir, hafizəmdədir, bəli, bu, mənim millətimin xüsusiyyətidir, millətimin bu adəti var, bir də var ki, onu yaşatsın.

İndi bizim müstəqil Azərbaycanda prinsipimiz belədir. Biz Avropa dövlətiyik. Amma kökünü götürsək, biz müsəlman aləminə mənsubuq. Uzun əsrlər boyu biz müsəlman dini, müsəlman millətinin milli mənəvi dəyərləri ilə yaşayıb böyümüş adamlarıq. Ancaq XIX əsrdə Azərbaycan Rusiyanın tərkibinə daxil olandan sonra və Azərbaycanda, xüsusən də neft sənayesi inkişaf edəndən sonra Bakıya, Azərbaycana Avropadan böyük maraq olubdur. Buraya gələn iş adamlarının sayı artandan sonra Azərbaycanda Avropa mənəvi dəyərləri, ümumbəşəri dəyərlər kök salmağa, inkişaf etməyə başladı. Bizim o vaxtkı mütərəqqi insanlarımız, - onlar məhz ona görə mütərəqqi insan hesab edilirlər ki, keçmişdə - 200, 300, 400 il əvvəl yaşamış ənənələri bərk-bərk saxlayıb, ondan ayrılmamaq hissi ilə yaşayandan sonra fikirləşdilər ki, gərək qollarımı açım, görək burada mənim öz milli dəyərlərimdən savayı başqa nə yerləşər? Avropa dəyərləri, ümumbəşəri dəyərlər... Ona görə də biz get-gedə avropalaşdıq. Biz coğrafi nöqteyi-nəzərdən Avropadayıq. Amma Avropanın başqa millətlərindən fərqimiz ondan ibarətdir ki, bizim min illərdən çox tarixi olan köklərimiz var. Azərbaycan xalqının ən üstün xüsusiyyətlərindən biri də odur ki, bunlara baxmayaraq, tarixi nöqteyi-nəzərdən qısa bir zamanda onun mütərəqqi insanları Avropa dəyərlərini, ümumbəşəri dəyərləri mənimsəyə bildilər, xalqımızı oyatdılar, Avropaya yaxınlaşdırdılar.

XIX əsrin sonunda yaşayan mütəfəkkir insanlarımızın, yazıçılarımızın, şairlərimizin hamısının adını çəkmək istəyirəm. Əgər təkcə Üzeyir Hacıbəyovu götürsək, bütün millətimiz üçün bəsdir. O, bizim üçün nələr yaratdı! Qadınları çadranın altından çıxmağa qoymayan, mövhumat içərisində yaşayan xalqın Üzeyir Hacıbəyov kimi nümayəndəsi 1908-ci ildə özünün məşhur "Leyli və Məcnun" operasını yaratdısa, - opera Avropa dəyərlərinə mənsub olan bir janrdır, - yaxud da ki, "Arşın mal alan" operettasını, "O olmasın, bu olsun" əsərini yaratdısa, başqa əsərlər yaratdısa, ona görə yaratmadı ki, insanları ağlatsın, yaxud güldürsün.

"Leyli və Məcnun", təbiidir ki, qədim Şərq əfsanəsidir. Füzulinin böyük poemasının əsasında o bu əsəri yazıb tamaşaçılara göstərməklə Şərq fəlsəfəsinin, Şərq aləminin dərinliyini, insanın nə qədər sədaqətli məxluq olduğunu nümayiş etdirdi. O vaxtlar "Leyli və Məcnun"u oxuyanları barmaqla saymaq olardı. Amma 1908-ci ildə, hələ mövhumatın hökm sürdüyü dövrdə operanı səhnəyə qoymaqla, insanlara o sevgini, məhəbbəti, saf, ülvi hissiyyatları bildirməklə göstərdi ki, xalqımızın mənəvi kökləri nə qədər sağlamdır.

O, "Arşın mal alan" operettasını gülmək üçün yox, yaxşı mahnılarla insanlara zövq vermək üçün yaratmadı. O göstərdi ki, bəli, bizim o vaxtkı adət-ənənələrimiz imkan vermirdi ki, insan sərbəst olsun. Hətta həyat yoldaşını seçmək üçün də onu görə bilməzdin. Onu gərək ya xalası, bibisi, ya da, nə bilim, kimisə gedib görəydi, seçəydi, gətirəydi oğlanın evinə. İndi siz belə, sevgisiz kiminləsə həyat qura bilərsinizmi? Nəinki həyat qurmaq, hətta bir müddət görüşmək üçün, yəqin ki, hissiyyatınız olmadan, bunu etməzsiniz. Bizim xalqımız "Arşın mal alan", yaxud da ki, "O olmasın, bu olsun" kimi əsərlərin köməyi ilə oyandı, ondan sonra da böyük əsərlər yarandı. Təkcə musiqidə yox, elmdə, ədəbiyyatda, bütün sahələrdə - texnikada, sənayedə biz avropalaşdıq, Avropa ölkəsi olduq. Avropa ölkəsi olduğumuz üçün də istəyirik ki, soydaşlarımız Ukraynada, Rusiyada, Almaniyada, harada istəsələr yaşasınlar, amma milli-mənəvi dəyərlərini qoruyub saxlasınlar. Dinin adət-ənənəsini unutmasınlar, eyni zamanda, yaşadıqları ölkənin də dilini bilsinlər. Həmin ölkənin adət-ənənələrindən də xəbərdar olsunlar. Onu da, bunu da bilsinlər. Bu halda biz daha zəngin oluruq. Əgər burada bir ukraynalı öz dilini və adət-ənənələrini bilirsə, sizin çoxlarınız həm Ukrayna dilini, həm rus dilini, həm də öz dilinizi bilirsiniz. Siz Ukraynanın ərzaq məhsullarının, içkilərinin də dadını bilirsiniz, ətirli Azərbaycanın da. Biri bizim adətimizdir, o biri də onların.

Beləliklə, mən istəyirəm ki, siz burada qaynayıb-qarışasınız. Bu, mənim siyasətimdir. Mən 33 il bundan öncə, 1969-cu il iyul ayının 14-də, belə isti bir gündə Azərbaycanın başçısı təyin olunmuşdum. O vaxtdan indiyə qədər mən istəyirəm ki, öz xalqımı, azərbaycanlıları, Azərbaycan millətini inkişaf etdirim, qaldırım. Bunun yollarından birini də onda görürəm ki, azərbaycanlı təkcə Şamaxıda oturmasın, Naxçıvanda, Kəlbəcərdə, yaxud da ki Maştağada oturmasın. Qoy Maştağada da olsun, amma getsin Zaporojyedə işləsin, nə bilim, filan yerdə olsun, getsin-gəlsin, qohumlarını aparsın-gətirsin. Bizim bu Konqresin başçısı kimi. Yaxşı pul qazanıbdır, gəliri də var, heç bir şeyə ehtiyacı yoxdur. Sabah ehtiyacı olan adama, yəqin ki, əl də tutar. Elədirmi?

Yerdən səs: Tutur da...

Heydər Əliyev: Tutur da. İndi sərbəst iqtisadiyyatdır, bazar iqtisadiyyatıdır. Kim bacarıqlı çıxdı, o, bazar iqtisadiyyatında uğur qazanacaqdır.

Uğur qazanır, deməli, özünə sərvət toplayır. Sonra o sərvəti dövriyyəyə buraxır, gəlir əldə edir, daha da zənginləşir. Ondan sonra millətinə, xalqına yaxşılıq etmək imkanları yaranır. Ona görə də burada yaşayın. Bunun üçün mən sizə xeyir-dua verirəm. Azərbaycana qayıtmağa tələsməyin.

Bilmirəm, Azərbaycandan sizin xəbəriniz varmı? Mən 9 ildir ki, müstəqil Azərbaycanın prezidentiyəm. Bir ildən sonra bizdə seçkilər olacaqdır. Mənim on ilim tamam olubdur. Amma Konstitusiyaya görə mənim 5 il də prezident seçilmək haqqım var. Bu haqqımdan istifadə edəcəyəm və 2003-cü ildə də prezident seçilmək üçün öz namizədliyimi irəli sürəcəyəm. Güman edirəm ki, xalqımız yenə də mənə etimad göstərəcəkdir. Çünki mən onun etimadını, görürsünüz ki, doğrulduram. Azərbaycan inkişaf edəcəkdir. Amma bizdə müxalifət də var. Özü də çox çirkin müxalifətdir. Bilmirəm, müxalifət qəzetləri sizin əlinizə düşür, ya yox. Elə qəzetlər var ki, 24 səhifəsinin bütün səhifələrində Heydər Əliyev haqqında yalanlar, uydurmalar, böhtanlar, nələr yoxdur. Mən bir belə yaşamışam, indiyə qədər insanlarda çox mənfi, çirkin keyfiyyətlər görmüşəm, amma indi meydana çıxmış söz, mətbuat azadlığı şəraitində müxalifət qəzetlərində verilən yazılar kimi çirkin şeyləri hələ tariximdə görməmişəm.

Bəziləri məni qınayırlar, deyirlər ki, "Cənab Heydər Əliyev, siz buna necə dözürsünüz, Siz belə bir insansınız, tarixi şəxsiyyətsiniz". Həqiqətən də, hər yerdə bu sözləri deyirlər. Biri var Azərbaycanın prezidenti, biri də var Heydər Əliyev şəxsiyyəti. Mənim şəxsiyyətimə hər yerdə böyük hörmət var. Çünki bir-iki il deyil siyasətdəyəm. Dünyada elə bir adam yoxdur ki, böyük siyasətdən, Kremldən, onun ən yüksək zirvəsindən uzaqlaşdırsınlar və sonra əzsinlər, sonra isə yenidən gəlib Azərbaycan xalqının, - buna ehtiyac olduğuna görə, - rəhbəri seçilsin, prezident olsun. Mən həm sovet hakimiyyəti dövründə Azərbaycanın başçısı olmuşam, həm də müstəqil Azərbaycanın prezidentiyəm. Mənə hər yerdə hörmət edirlər. Mənə bəziləri deyirlər ki, "Cənab Heydər Əliyev, məsuliyyət tələb edin". Onlara deyirəm ki, nə edim, mən demokratiya, söz azadlığı elan etmişəm. Söz azadlığını kim necə başa düşürsə, o cür hərəkət edir. Mən onlara artıq düzəliş verə bilmərəm. İndi mənim aqibətim elədir ki, gördüyüm bu işlərin naminə, xalqa xidmətimi davam etdirmək naminə bütün böhtanlara dözürəm. Ancaq hər gün öz işimlə, əxlaqımla, öz mənəviyyatımla sübut edirəm ki, bu yalanların, uydurmaların heç biri mənə yapışmaz. Xalq heç vaxt bunlara inanmayıb və inanmır.

Bunları sizə deyərək onu da bildirmək istəyirəm ki, məni tənqid edənlərin ağzına bir şey düşübdür: Azərbaycanın əhalisi ağır vəziyyətdədir, yeməyə çörək tapmır, yaşayış pisdir. Siz Bakıya gəlirsiniz, bizim yaşayışımızı görürsünüz. Buna pis yaşayış demək olarmı?

Üç gün bundan əvvəl Beynəlxalq Valyuta Fondunun yüksək nümayəndəsi Bakıya gəlmişdi. Dedi ki, MDB ölkələri içərisində iqtisadi göstəricilərinə görə Azərbaycan birinci yerdədir. Bu, bizim fikrimiz deyil, Vaşinqtonda oturan, dünya maliyyə sisteminə rəhbərlik edən Beynəlxalq Valyuta Fondunun fikridir. Onlar belə deyir, amma bunlar da deyirlər ki, Azərbaycan xalqı acından ölür, buna görə də 2 milyon azərbaycanlı ölkəmizdən kənarda yaşayır. Onlara deyirəm ki, azərbaycanlıların respublikamızdan kənarda yaşaması barədə siyasətimi mən 30 il bundan öncə başlamışam. O vaxt belə şey yox idi. Amma mən o vaxt istəyirdim ki, azərbaycanlıların bir qismi, kimlərin ki, imkanı var, qoy Azərbaycandan kənarda yaşasınlar. Qoy Ukraynada, Belorusiyada, Almaniyada, harada istəyirlərsə, orada yaşasınlar, Azərbaycanı tanıtsınlar. Başa düşürsünüzmü? Cənubi Qafqazda biz sayca çoxuq. Amma təəssüf ki, bizi qonşu millətlərlə müqayisə edəndə, onları hər yerdə bizdən yaxşı tanıyırlar. İndi mən burada sizə deyirəm ki, bir neçə müddət bundan əvvəl ermənilər Yaltada hakimiyyəti ələ keçirmək istəyirdilər, bu, təsadüfi bir şey deyildir. Amma eyni zamanda, Leonid Kuçma mənə dedi ki, burada ermənilərin bir neçə quldur dəstələri var, bir-biriləri ilə vuruşurlar. O quldur dəstələrindən özünüzü gözləyin, qoruyun.

Gürcülər Ukraynada sizdən qat-qat azdır, amma parlamentdə 5 nəfər gürcü deputat var. Qoy olsun, gürcü xalqı bizim dostumuzdur, mən buna sevinirəm. Amma bir-iki deputat da siz seçin.

Bilirsiniz, bizim azərbaycanlılar hələ öz kəndindən, daxmasından, öz küçəsindən, öz şəhərindən kənarda yaşamağa o qədər də öyrənməyiblər. Çoxları belədir. Yadımdadır, vaxtilə Bakıda işləyəndə, 1970-ci illərdə bir adamı götürdüm, Moskvaya göndərdim, orada bir işə düzəltdirdim, ev verdirdim və sair. Həmin adam bir ildən sonra gəlirdi, söyləyirdi ki, anam deyir ki, mən burada sənsiz tək qala bilmirəm, arvadı deyirdi ki, bacısız yaşaya bilmir. Soruşurdum, nə istəyirsən? Deyirdi ki, məni geri qaytar. Mən bu adamları geri qaytarmadım. Amma mən gedəndən sonra onlar geri qayıtdılar. Yəni bunlar həqiqi azərbaycanlı deyillər. Bax, siz həqiqətən azərbaycanlısınız. Deyirsiniz ki, sizin bir qisminizi mən oxumağa göndərmişəm. Çox gözəl. Bu təbəqəni mən çox sevirəm. Çünki siz o vaxt həmin hadisələrdə iştirak etmisiniz. Bilirsiz, mən o qədər əziyyət çəkmişəm ki, ildə 800 nəfəri demək olar ki, imtahansız oxumağa göndərək. Məsələn, Dnepropetrovsk İnstitutunda müsabiqədən keçmək azərbaycanlı üçün mümkün olan şey deyildi. Burada o institutu bitirənlərdən var?

Yerdən səs: Bəli, var, özü də deputatdır.

Heydər Əliyev: Elədirmi? Bax, səni Bakıda Politexnik İnstitutunda müsabiqədən keçirdik, yadındadırmı və imtahansız oraya göndərdik. Gedib oxudun, sən də o vaxt respublikamızdan kənara göndərilən tələbələrdənsən, çox sağ ol. O vaxt mən sizə nə deyirdim? Deyirdim ki, biz ildə 800 nəfəri oxumağa göndəririk. Mən bilirəm ki, bunun bir qismi, ola bilər, axıra qədər oxumasın. Çünki niyə? İnsandır, xəstələnir, bu, təbii haldır. Ola bilər ki, bir qismi oxuduğu ölkəni sevsin, təhsilini qurtarandan sonra elə orada qalsın. Bu da təbiidir. O vaxt deyirdim ki, bundan narahat olmayın, əgər siz orada qalıb yaxşı işləsəniz, öz vətəninizə qayıtmasanız, bu da mənim üçün xoşdur. Bir qismi, ola bilər 5 illik təhsil müddətində özünə ukraynalı və yaxud rus, moldovan qızı tapsın, evlənsin, onunla yaşasın. Arvad da, axı kişini öz yerinə, yurduna çox cəzb edir. Yəqin ki, sizin içərinizdə də belələri var. İnstitutu qurtaranda arvadı deyəcək ki, bilirsən nə var, gəl hələ bir-iki il burada işləyək, sonra sənin vətəninə gedərik. Bir-iki il işləyəndən sonra xoşuna gələcək, deyəcək ki, bir az da işləyək. Mən o vaxt deyirdim ki, bu da yaxşıdır. Siz o yerlərdə kök salacaqsınız, oralarda qalacaqsınız. Orada təkcə ukraynalılar yox, həm də azərbaycanlılar yaşayacaqlar. Arvadı qoy ukraynalı olsun, amma uşaqlarındakı qan azərbaycanlı qanıdır. Elədirmi?

Mən bunları görə-görə belə edirdim. O vaxt mən gəncləri əziyyətlə oxumağa göndərirdim. Onlara deyirdim ki, kim qayıtmaq istəmirsə, orada qalsın.

İndi kimsə Bakıda özünə yaxşı iş tapa bilmirsə və gedib İrkutskda iş tapırsa, mən ona deməliyəm ki, bu günahdır? Niyə günah olur? Yaxud məni günahlandırırlar ki, Azərbaycanda onlar özlərinə iş tapa bilmirlər, amma gedib kənarda işləyirlər. Yaxşıdır ki, kənarda işləyirlər. Azərbaycanda işləyənlər çoxdur, hamısı da azərbaycanlıdır. Amma, tutaq ki, İrkutskda və yaxud Tümendə və ya Ulyanovskda, o cümlədən sizin yaşadığınız vilayətdə də azərbaycanlı azdır. Qoy azərbaycanlılar çoxalsın. Nə qədər çoxalsanız, sizin hüquqlarınız da bir o qədər artacaqdır. Deputat seçilməyə daha çox imkanınız olacaqdır. Hakimiyyət orqanlarında işləmək üçün imkanlar əldə edəcəksiniz, təcrübə toplayacaqsınız. Təcrübə toplamaq, yaxşı bizneslə məşğul olmaq üçün imkanınız olacaqdır. Bax, mənim sizdən istəyim budur. Xahiş edirəm sözlərimi yadınızda saxlayın.

Azərbaycana gəlməyə tələsməyin. İşləyərsiniz, böyüyərsiniz, uşaqlarınız, nəvələriniz olar, zənginləşərsiniz. Gələrsiniz Azərbaycana, bir yaxşı ev tikərsiniz, özünüzə mülk ucaldarsınız. Deyərsiniz ki, qoy mənim vətənimdə də evim olsun. Mən bununla sizi Azərbaycandan uzaqlaşdırmaq istəmirəm. Mən sadəcə azərbaycanlıların dünyada geniş yayılmasını istəyirəm. Başa düşürsünüzmü? Geniş yayılmasını arzulayıram. Buralarda gərək bizim mahnılarımızı, adətlərimizi də bilsinlər. Sizin hamınızdan xahiş edirəm, azərbaycanlı olduğunuzu unutmayın. Azərbaycanlılarda assimilyasiyaya meyl başqa millətlərdən çoxdur. Bizim azərbaycanlı, tutaq ki, rus dilini daha yaxşı biləndə Azərbaycan dilinə kinayə ilə baxmağa başlayır. Mən belə hallardan çox inciyirəm. Bizim çox gözəl, zəngin dilimiz var. Azərbaycan dili şeriyyət dilidir. İkinci belə dil tapa bilməzsən. Ona görə bu dili yaxşı bilmək lazımdır. Nəinki dilimizi bilmək, ondan istifadə etmək lazımdır, gərək sizin uşaqlarınız, nəvələriniz də bu dili bilsinlər. Evinizdə gərək Azərbaycan adətləri olsun.

Bilirəm, Novruz bayramını, yəqin ki, Qurban bayramını da keçirirsiniz.

Siz deyirsiniz ki, bazar günləri Azərbaycan məktəbləri açırsınız. Çalışın bunları açın. Ansambl yaradın, musiqi çox olsun. Bizim mədəniyyət naziri Polad Bülbüloğlu oturubdur. O hər yerə gedir, Ukraynada da olubdur. Ondan nə istəyirsinizsə, tələb edin. Çünki mədəniyyət və dil qədər insanın millətini ucaldan şey yoxdur. İki şey insanın milliliyini, millətini ucaldır. Onun biri dilidir, ikincisi mədəniyyətidir. Elm, başqa xüsusiyyətlər öz yerində. Tutaq ki, Polad Bülbüloğlu böyük bir kibernetik olardı. Onu kim tanıyacaqdı? Hansısa kibernetika laboratoriyasında qurdalanacaqdı. Amma o, atasının yolu ilə gedir, həm mahnı oxuyur, həm musiqi bəstələyir. Xalqını tanıdır. Polad Bülbüloğlu kibernetik olsaydı, onu heç kim tanımayacaqdı. Ona deyəcəkdilər - Polad Məmmədov. İndi nə üçün o, Polad Bülbüloğlu olubdur? Çünki Bülbülün oğludur, Bülbül də atasının əsl adı deyil, çox yaxşı oxuyan olduğuna görə ona Bülbül deyiblər. Onun əsl adı Murtuzadır. Amma o, vaxtilə Şuşada və bütün Qarabağda, Azərbaycanda o qədər yaxşı oxuyubdur ki, hamı ona Bülbül deyibdir. Adı Bülbül qalıbdır - Bülbül Məmmədov. Ondan sonra o, Murtuza adını yaddan çıxarıbdır. İndi oğlu da adını Polad Bülbüloğlu qoyubdur ki, özünün bülbüllüyü çatmasa, heç olmasa atasının adından da istifadə etsin.

Mən indi tələsirəm, yol üstəyəm, işim çoxdur. Bu sözləri xoş əhval-ruhiyyə ilə sizə deyərək istəyirəm ki, biləsiniz: Sizin arxanızda müstəqil Azərbaycan var. Bu, tarixi bir şeydir. Bu gün mən geniş tost dedim, - Polad orda idi, - xaricdən olanlar, ukraynalılar heyran qaldılar. Tost Ukraynanın müstəqilliyi barədə idi. Ukrayna kimi böyük dövlət, böyük xalq müstəqil deyildi. Müstəqil olmadığına görə Ukrayna milliliyini itirmişdi. Təkcə Ukrayna belə deyildi. Biz də belə idik.

Hələ bizə nisbətən Ukrayna yaxşı idi, onlar slavyan xalqlarındandır, ruslarla bir-birlərinə daha yaxındırlar. Amma biz müsəlman olduğumuza görə daha uzaq idik. İndi Ukrayna müstəqil dövlətdir. Mən Kiyevə gedirəm, Ukraynanın başqa yerlərində oluram, görürəm ki, Ukrayna dili işləyir. Amma əvvəllər buraya gələndə Ukrayna dilində danışıq eşitməzdim. Bir-iki Ukrayna mahnısı eşidərdim. Qalan hamısı rus mahnısı idi. Amma indi hər yerdə Ukrayna mahnıları, musiqisidir.

Dünən axşam biz Ukrayna prezidentinin iqamətgahında kiçik bir konsertə qulaq asdıq. Orada operanın gənc solistləri, ukraynalı qızlar Ukrayna dilində, milli əhval-ruhiyyədə çox gözəl mahnılar ifa etdilər.

Azərbaycan müstəqillikdən bundan da çox qazanıbdır. Çünki bizi hər tərəfdən əzdilər. Bizi əzdilər ki, 1988-ci ildə Dağlıq Qarabağ hadisəsini başımıza gətirdilər və indiyə qədər də bundan qurtara bilmirik. Başa düşürsünüzmü? Bizi əzdilər, dilimizi saymırdılar. Mənim yadımdadır, Mərkəzi Komitənin büro iclasları olurdu. Başqa iclaslarda mən, əlbəttə, həm Azərbaycan, həm də rus dillərində danışırdım. Büro üzvləri 7-8 nəfər idi, hamısı da rus dilini bilirdi. Bəzən Azərbaycan dilində danışmağa başlayırdım. Bizim ikinci katib rus idi. Bir də görürdüm ki, durub kabinetdən çıxır. Adam göndərirdim ki, çağır gəlsin. Sənin nə ixtiyarın var ki, büro iclasından çıxırsan? O, mənim qarşımda cavab verməliydi. Nə olsun ki, ikinci katib idi. Gəlirdi, soruşurdum ki, niyə iclasdan çıxmısan, deyirdi ki, Heydər Əliyeviç, məni bağışlayın, papiros çəkmək istəyirdim. Soruşurdum ki, bəs sən icazə istəməli deyildin? Deməli, onun iclasdan çıxması iclasın Azərbaycan dilində aparılmasına etiraz əlaməti idi. Yəni nə üçün Azərbaycan millətinin başçısı, Azərbaycan Respublikasının rəhbəri burada Azərbaycan dilində danışır. Çünki hamı Azərbaycan dilini bilir, təkcə o bilmir. Dil bilmirsən, yanındakı yoldaşlarından soruş, tərcümə etsin. Bax, hakim millətçilik elə budur.

İndi ölkəmiz müstəqildir. Düzdür, biz "yaralıyıq". Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu məsələni də həll etməyə çalışırıq. Bu gün mən GUÖAM-ın iclasında o barədə çox sərt çıxış etdim. Həm beynəlxalq təşkilatların, həm də böyük dövlətlərin, həm Minsk qrupunun ünvanına çox sərt çıxış etdim. Ola bilər ki, hər adamın bu cür çıxış etməyə hünəri çatmaz. Mən sərt çıxış etdim. Niyə? Çünki mən xalqımın mənafeyini qoruyuram, başqa bir şey istəmirəm, ədalət istəyirəm. Mən tələb edirəm ki, beynəlxalq hüquq normaları yerinə yetirilsin və işğal edilmiş torpaqlarımız azad olunsun.

Əgər böyük dövlətlər bəyanat verirlərsə ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, sonra da Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasını görür və buna göz yumurlarsa və hətta deyirlərsə ki, özünüz dil tapın, danışın, deməli bunlar ikiüzlülük edir, məsələyə ikili standartlarla yanaşırlar.

Bizim neft strategiyamız, neft layihələrimiz Azərbaycana böyük faydalar gətirir, respublikamız inkişaf edir. Bu gün prezidentlərlə söhbətim zamanı mən deyəndə ki, bizdə keçən il ümumi daxili məhsul 10 faiz, ötən yarım ildə 8 faiz artmışdır, onlar məəttəl qaldılar. Ümumi daxili məhsul əvvəlki illərdə 3-4 faiz artırdı, amma keçən il 10 faizə qalxmışdır.

Bayaq mən Beynəlxalq Valyuta Fondunun verdiyi qiymət barədə danışdım. Yəni Azərbaycan gündən-günə möhkəmlənir. Azərbaycan demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə gedir. Biz iş adamlarına şərait yaradırıq, eşitmisiniz, mən bu il Azərbaycanda iş adamları ilə iki dəfə - birinci dəfə yerli iş adamları ilə, ikinci dəfə xarici iş adamları ilə görüş keçirmişəm. İndi biz üçüncü görüşə hazırlaşırıq. Həmin görüş respublikamızın dövlət məmurları ilə olacaq və mən orada çox ciddi tədbirlər görəcəyəm. Həyata keçirdiyimiz bütün bu tədbirlərin hamısı sahibkarlığı inkişaf etdirmək, özəl sektora kömək etmək üçündür. Özəl sektor bizim iqtisadiyyatımızın aparıcı qüvvəsidir və gələcəyidir. Biz bu yolla gedirik və gedəcəyik, bütün çətinliklərin öhdəsindən gələcəyik. 3-4 ildən sonra Azərbaycan iqtisadi-sosial cəhətdən inkişaf etmiş ölkə olacaqdır.

Mən sizə cansağlığı, işlərinizdə uğurlar arzu edirəm. Vaxtınız olanda gəlin, Azərbaycanı görün. Görün, biz orada necə işləyirik. Siz də burada Azərbaycanı yaxşı təmsil edin. Sağ olun.

"Azərbaycan" qəzeti, 24 iyul 2002-ci il.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər