Çox hörmətli İren xanım! Sizi, görkəmli alimi Fransa torpağında salamlamaqdan və bu cür tanınmış soydaşımızın Strasburqda yaşamasından və burada Sizinlə görüşməyimdən şad olduğumu bildirirəm.
Biz bilirik ki, 1917-ci ildə ailənizlə birgə Azərbaycandan mühacirət etmiş, əvvəlcə Finlandiyaya, oradan da Fransaya köçmüsünüz, 1968-ci ildən Strasburq şəhərində yaşayırsınız. O da, məlumdur ki, Siz tanınmış türkoloqsunuz və uzun illər Strasburq universitetində dərs demisiniz. Hazırda pensiyadasınız və həmin universitetin əməkdar professoru, Qərbi Avropada çıxan yeganə türkologiya jurnalının - "Türkika"nin baş redaktoru, həm də Bakı Dövlət Universitetinin fəxri professorusunuz. Türkologiyaya dair dəyərli tədqiqatlarınız var.
İren Məlikova: Çox hörmətli cənab Prezident Əliyev! Çox sevinrəm ki, uzaq Fransada Sizinlə görüşürəm. İnanın ki, mən belə bir görüşü çoxdan arzulayırdım. Mən Bakıya axırıncı səfərimi xatırlayaraq son illərdə Prezident Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda baş vermiş müsbət dəyişiklikləri görməkdən son dərəcə məmnun qaldığımı bildirirəm. Vurğulayıram ki, özümün azərbaycanlı soyköküm ilə fəxr edirəm, respublikanın alimləri ilə əlaqə saxlayıram.
Heydər Əliyev: İren xanım, səmimi söhbətinizə və Azərbaycanla yaxından əlaqə saxladığınıza görə təşəkkür edirəm. Arzu edirəm ki, nəinki Strasburqda, həm də bütün Fransada yaşayan soydaşlarımız Azərbaycanla əlaqəni daim gücləndirsinlər. Bunu mütləq bilməli və dərindən dərk etməliyik ki, haradan gəlməsindən asılı olmayaraq, xaricdə yaşayan hər bir soydaşımız azərbaycanlı olduğunu unutmamalı, hamımızın ümumi vətəni olan müstəqil Azərbaycan Respublikasına öz köməyini göstərməlidir.
İren Məlikova: Cənab Prezident, qiymətli fikirlərinizə görə ürəkdən təşəkkür edirəm və öz əsərlərimi Sizə hədiyyə etməkdən məmnunluq duyduğumu bildirirəm.
Heydər Əliyev: Görüşə gəldiyiniz, səmimi söhbətiniz və hədiyyəniz üçün bir daha təşəkkür edirəm. Sizə möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram.