Azərbaycan Prezidenti Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə respublika qadınlarına təbriki - 7 mart 2003-cü il


Hörmətli qadınlar!

Əziz analar və bacılar!

Sizi - bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm.

Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini vermişlər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə hərflərlə yazılmışdır.

Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər.

Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda qadınlarımız əllərindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqların bir qisminin işğal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə çəkir və bu yolda onun atdığı addımlar təqdirəlayiqdir.

Azərbaycan qadınının bugünkü bayramı bütün xalqımızın, müstəqillik ideyası ətrafında getdikcə daha sıx birləşən cəmiyyətimizin bayramıdır. Ümidvaram ki, cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.

Hamınıza cansağlığı, xoşbəxtlik, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun.

"Azərbaycan" qəzeti, 8 mart 2003-cü il.